176
1995-ci il tarixli Konvensiyasına Azərbaycan Respublikasının qoşulmasının və bununla əlaqədar öz
üzərinə müvafiq öhdəliklər götürməsinin də mühüm rolu oldu.
Azərbaycan Prezidenti Heydər Əliyevin respublikada qadın hərəkatına daim diqqət və qayğı
göstərməsi bu hərəkata dair dövlət siyasətinin işlənib hazırlanması üçün əsaslı zəmin yaratdı. Bunun
uğurlu nəticəsi isə 1998-ci ilin lap əvvəlində özünü göstərdi, yəni qadın hərəkatına dair məsələ dövlət
səviyyəsində həllini tapdı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 14 yanvar 1998-ci il
tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı və ona böyük səlahiyyətlər verildi.
Bu fərmanla həmçinin respublika Nazirlər Kabinetinə tapşırıldı ki, ölkənin siyasi, sosial, iqtisadi-mədəni
həyatında qadınların rolunu artırmaq məqsədi ilə müvafiq tədbirlər planı işləyib hazırlasın.
Fərmanın yerinə yetirilməsi ilə əlaqədar əldə edilmiş statistik material göstərdi ki, qadınların dövlət
idarəçiliyi sistemində təmsil olunması ilə bağlı vəziyyəti heç də qənaətbəxş deyildir. Məsələn, aydın oldu
ki, respublikanın 80-dən çox şəhər və rayon icra başçısından yalnız 5-i qadındır; hətta əksər işçiləri
qadınlardan ibarət olan dövlət qurumlarında və müxtəlif peşə sahələrində qadınlar rəhbər mövqelərdə zəif
təmsil olunurlar. Şəhər və rayonlarda işçilərin böyük əksəriyyətini qadınların təşkil etdiyi təhsil
şöbələrinin yalnız 5-nə, səhiyyə şöbələrinin isə 8-nə qadınlar rəhbərlik edir. Belə vəziyyət bir qədər sonra
bələdiyyə seçkilərində də özünü göstərmişdi. 1999-cu il bələdiyyə seçkilərindən sonra aydın oldu ki,
seçilmiş 20454 nəfər bələdiyyə üzvündən yalnız 416 nəfəri qadındır.
Göründüyü kimi, qadın hərəkatına dövlət tərəfindən himayədarlığın xeyli artdığını əks etdirən bu
fərmanın özü də hələ respublikada müxtəlif səviyyələrdə qəbul olunan qanunvericilik aktlarının, qərar və
qətnamələrin heç də həmişə Cender siyasətinin (qadın və kişilərin cəmiyyətin bütün sahələrində geniş və
əhatəli iştirakını, onların arasındakı bərabərsizlik stereotiplərinin ləğv edilməsini nəzərdə tutan siyasət)
tələblərinə cavab vermədiyini göstərirdi. Halbuki Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən
sonrakı dövr qadınlarımızın qarşısında tamamilə yeni vəzifələr qoyurdu. Belə ki, bazar iqtisadiyyatının
təşəkkül tapması, ölkəmizin müxtəlif sahələrində aparılan islahatlar, vətəndaş cəmiyyətinin
formalaşmasında vətəndaşların fəaliyyətinin artırılması yolunda görülən işlər qadınların cəmiyətdəki
rolunu artırmağı tələb edirdi və bu problemlər demokratik cəmiyyətdə tez bir zamanda öz həllini
gözləyirdi.
Azərbaycan qadınları bu kimi problemlərin həll edilməsi üçün yollar arayıb axtarmaq məqsədilə
1998-ci il sentyabrın 25-də müstəqillik şəraitində özlərinin ilk qurultaylarını keçirdilər. Qurultay göstərdi
ki, cəmiyyətdə gedən demokratikləşmə prosesində yaranmış qadın təşkilatlarının bir qismi respublika
miqyasında fəaliyyət göstərir, digər qismi xeyriyyə cəmiyyəti olduğundan yardımlar edir, daha bir qismi
isə müəyyən peşənin nümayəndəsi olan qadınların sosial müdafiəsini özünün əsas məqsədləri kimi irəli
sürür. Buna baxmayaraq ümummilli bütün məsələlərdə Azərbaycan qadınları daim milli dövlətçilik
mövqeyindən çıxış edirlər ki, bunu qurultayın gedişi bir daha nümayiş etdirdi. Qurultayın qərarlarında
qeyd
olundu ki, cəmiyyətdə qadınların rolunun artırılması yolunda hələ çox iş görülməlidir.
Qurultayın qərarları respublikada qadın hərəkatına dövlət qayğısını daha da artırmaq zərurətinin
yarandığını, dövlət qadın siyasətinin həyata keçirilməsi vaxtının yetişdiyini göstərdi.
Azərbaycan həyatının bütün sahələrində gedən prosesləri daim diqqətlə izləyən ölkə başçısı Heydər
Əliyev bu dəfə də məsələyə həssaslıq, diqqət və qayğı ilə yanaşdı. 2000-ci il martın 6-da "Azərbaycan
Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin fərmanı elan edildi. Əsrin son ili və qadınlar bayramı günü ərəfəsində elan olunmuş bu
fərman respublika qadınlarına göstərilən böyük qayğının təzahürü oldu. Fərmanda son 100 ildə
Azərbaycanda qadın hərəkatının keçmiş olduğu böyük və mənalı yola bir daha nəzər salınır, onun uğurları
da, nöqsanları da ətraflı şərh edilir, yaşadığımız günlərdə bu hərəkatın qarşısında duran vəzifələrin
konkret şərhi və icrası məsələləri daha qətiyyətlə irəli sürülürdü. Burada oxuyuruq: "Qadınların kişilərlə
hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını
əməli surətdə təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla
qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilsin.
2. Dövlət Statistika Komitəsi Qadın Problemləri üzrə Qadın Komitəsi ilə birlikdə respublikada
qadınların vəziyyətinə dair beynəlxalq standartlara cavab verən statistik məlumat hazırlasın.
3. Nazirlər Kabinetinə tapşırılsın ki,
- Ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə Cender siyasəti tələblərini
rəhbər tutmaqla qadınlar üçün kişilərlə bərabər imkan yaradılmasını təmin etsin;
- Qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə onların münasib
işlə təmin edilməsi proqramı hazırlayıb
həyata keçirsin;