174
daha böyük fəallıq göstərmişdilər. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri
olmuş və Fətəli xan Xoyskidən sonra hökumətə başçılıq etmiş Nəsibbəy Usubbəyovun xanımı Eynülhəyat
ilk milli qız gimnaziyasında dərs demiş, Maarif Nazirliyində inspektor işləmişdir; Sankt-Peterburqda
təhsil almış ilk azərbaycanlı qızı Səlimə xanım Yaqubova Bakıda I Ünas Milli Gimnaziyasının müdiri
təyin edilmiş, Azərbaycanın milli dirçəlişinin fəal qadın qurucularından
biri olmuşdur; 1918-ci ildə Qazax
qəzası xalq məktəblərinin inspektoru təyin olunmuş görkəmli maarif xadimi Mədinə xanım Qiyasbəyli bir
il sonra Bakıda öz mənzilində pedaqoji kurs açmış, Azərbaycanın ilk maarifpərvər qadınları - Şəfiqə
xanım Əfəndizadəni, Xədicə xanım Ağayevanı bu nəcib işə cəlb etmişdi.
Azərbaycan maarifpərvəri, həm də 1881-1917-ci illərdə Zaqafqaziyanın müftisi olmuş Hüseyn
Əfəndi Qayıbovun qızı Gövhər xanımın Bakıda öz mənzilində təşkil etdiyi 80 nəfərlik pedaqoji kursda o
dövrün tanınmış pedaqoqları - Hüseyn Cavid, Abdulla Şaiq, Camo Cəbrayılbəyli, Xudaverdi Kələntərli,
Səriyyə xanım Əhmədova, Nəimə xanım Qazıyeva dərs demişdilər.
İlk azərbaycanlı pianoçu qadınlardan biri, 1901-1911-ci illərdə Tiflisdə "Müqəddəs Nina" məktəbində
təhsil almış, sonra isə fortepiano üzrə xüsusi kurs keçmiş Xədicə Osman qızı Qayıbova 1919-cu ildə Bakıya
köçərək Azərbaycanda musiqi təhsili sisteminin yaradılmasında iştirak etmiş, onun təşəbbüsü və rəhbərliyi
ilə 1920-ci ildə Bakıda "Qısa müddətli Şərq musiqisi kursları" açılmışdı.
Gəncədə ziyalı qadınlar xeyriyyə cəmiyyəti yaradaraq şəhərin mədəni həyatında fəal iştirak
edirdilər. Bu işdə Xədicə xanım Ağayeva, Cavahir xanım Rəfibəyova, Həcər xanım Şeyxzamanova və
başqaları böyük səy göstərir, istedadlı qızların təhsil almasına kömək edir, qadınlar üçün teatr tamaşaları
verir, daşnak fitnəkarlarının törətdikləri qırğınlar nəticəsində kimsəsiz, yetim qalmış uşaqları himayəyə
götürürdülər.
Gövhər xanım Qacar, Həmidə xanım Cavanşir, Nigar xanım Şıxlinskaya, Məsmə xanım
Talışinskaya, Səltənət xanım Əhmədova, Nabat xanım Aşurbəyli-Rzayeva və bir çox başqa qeyrətli
qadınlarımızın yaratdıqları qadın xeyriyyə cəmiyyətləri də deyilən sahədə çox böyük işlər görmüş və
beləliklə öz adlarını Azərbaycanın xeyriyyəçilik hərəkatı tarixinə qızıl hərflərlə əbədi həkk etdirmişdilər.
1918-1920-ci illərdə Azərbaycanın tərəqqipərvər qadın ziyalıları
- Məryəm xanım
Bayraməlibəyova Lənkəranda, Gövhər Şövqiyyə Şamaxıda, Bülbül Kazımova Gədəbəydə, Firuzə
Ağayeva, Yaqut Ağayeva, Fərəmuş Paşayeva Gəncədə, Səidə Şeyxzadə, Rəhilə Hacıbabayeva, Sara
Vəzirova, Hənifə xanım Məlikova, Zərri Şahtaxtinskaya və başqaları Bakıda xalq maarifinin inkişafına
böyük kömək göstərmişdilər.
RSFSR-in XI ordusunun təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan
sonra elan edilmiş sovet hakimiyyəti illərində də milli siyasətimizdə baş vermiş ziyanlı dəyişikliklərə, çox
vaxt isə proletar beynəlmiləlçiliyinin tələblərindən irəli gələn amansız məhrumiyyətlərə və əyintilərə
baxmayaraq, Azərbaycan qadını mürəkkəb və şərəfli inkişaf yolunu davam etdirmişdi. Ədalət naminə
qeyd etmək lazımdır ki, sovet hökumətinin bütövlükdə qadın əməyinə, hüququna, təhsilinə, bir sözlə
qadının cəmiyyətdə layiq olduğu yeri tutmasına verdiyi böyük əhəmiyyət də bu işdə az rol oynamamışdı.
Beləliklə, Sovet hakimiyyəti illərində Azərbaycanda qadın hərəkatı nəinki yerində donub qalmadı, bəlkə
də əksinə, əhatə dairəsinə görə xeyli genişləndi. Qısa bir müddətdə qadınlar arasında savadsızlığın ləğvi,
qadınların ən müxtəlif peşələrə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olması, öz
istedad və bacarığını gerçəkləşdirə bilməsi sovet dövrünün başlıca nailiyyətləri sayıla bilər.
1921-ci il fevralın 8-11-də Bakıda Azərbaycan qadınlarının I qurultayının keçirilməsi yeni şəraitdə
respublikada qadın hərəkatının mühüm göstəricisi sayıla bilər. Qurultayda Azərbaycan İnqilab
Komitəsinin və hökumətinin sədri Nəriman Nərimanovun əsas məruzə ilə çıxış etməsi, digər partiya və
hökumət rəhbərləri - R.Axundov, S.Ağamalıoğlu, M.B.Qasımov, D.Bünyadzadə və başqalarının
qurultayın işində fəal iştirakı və çıxışları yeni ictimai quruluşun formalaşdırılmasında qadınların roluna
verilən böyük əhəmiyyətdən xəbər verirdi və bütün bunlar qurultayda qəbul olunan qərarların əsas ruhunu
təşkil etmişdi.
Qurultaydan sonra Azərbaycanda qadın hərəkatının mütəşəkkilliyi xeyli artdı. Elə həmin ildə qızlar
üçün təşkil olunmuş məktəbəqədər tərbiyə institutu bir il sonra - 1922-ci ildə ali qadın pedoqoji
institutuna çevrildi, ilk qadın klubu yaradıldı. 1923-cü ilin noyabrında təkcə Azərbaycanda deyil, eləcə də
Şərqdə qadın azadlığı uğrunda mübarizə aparan ilk jurnalın - "Şərq qadını"nın (1938-ci ilin fevralından
"Azərbaycan qadını") nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu.
30-cu illərdə ölkədə aparılan quruculuq işləri, 1941-1945-ci illərdə isə SSRİ-nin cəlb edildiyi İkinci
dünya müharibəsi Azərbaycan qadınının əməyə daha geniş cəlb edilməsinə təkan verdi. Dinc quruculuq
işlərində kişilərlə çiyin-çiyinə çalışan qadınlarımız müharibə dövründə də bir çox istehsalat sahələrində
cəbhəyə gedən kişiləri layiqincə əvəz etdilər. Onlar həmçinin müharibə meydanlarında misilsiz
qəhrəmanlıq nümunələri və rəşadət göstərdilər. Müharibə Leyla Məmmədbəyova, Züleyxa
175
Seyidməmmədova, Sona Nuriyeva kimi cəsur təyyarəçilər, Şövkət Səlimova kimi qadın gəmi kapitanı
yetişdirdi.
Sovet hakimiyyəti illərində Azərbaycan qadınlarının Bakıda daha üç - II, III və IV qurultayları (28-
29 mart 1957-ci il; 20-22 oktyabr 1967-ci il; 15- 16 iyun 1972-ci il) keçirilmişdi. Bu qurultaylar
Azərbaycan qadın hərəkatının inkişafında və daha mütəşəkkil forma almasında mühüm rol oynamışdı.
Qadınların içərisindən partiya, dövlət, komsomol, təsərrüfat işində fəal çalışan bir çox qadınlarla yanaşı,
respublikanın ictimai və mədəni həyatında fəal iştirak edən minlərlə qadın yetişdi. Qadınlarımızın
sırasında çox sayda görkəmli həkim, müəllim, mühəndis, ictimai xadim, deputat, əmək qəhrəmanı, alim,
müğənni, şair, artist və s. var idi ki, onlar doğma respublikanı təkcə keçmiş SSRİ məkanında deyil, həm
də bütün dünyada ləyaqətlə təmsil edirdilər.
Bununla belə, sovet dövründə qadın hərəkatında əldə edilmiş şəksiz nailiyyətləri inkar etmədən
qeyd olunmalıdır ki, bu dövrdə formalaşan stereotiplər milli və ənənəvi xüsusiyyətləri, sırf Azərbaycan
qadınına məxsus cəhətləri bəzən nəzərə almır, məşğulluğun forması, göstəricilər daha çox qabardılır,
qadının daxili tələbatı ilə bu əməyin uyğunluğu isə çox vaxt unudulurdu.
Azərbaycan qadınları müstəqillik uğrunda başlanmış ümumxalq hərəkatının da ön sıralarında
olmuş, 1988-ci ildən etibarən SSRİ rəhbərliyinin razılığı və himayəsi ilə Ermənistanın respublikamızın
suveren hüquqlarını və ərazi bütövlüyünü pozan təcavüzkar niyyətlərinə qarşı mübarizədə fəal iştirak
etmişlər.
1990-cı il yanvarın 19-20-də sovet qoşunlarının Bakıda və respublikanın digər şəhər və
rayonlarında törətdikləri qanlı faciələrin qurbanları arasında qadınlarımız da var idi. Azərbaycanın milli
qəhrəmanları – Qarabağ cəbhəsində həlak olmuş jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova
ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizənin fədakarlıq rəmzinə çevrildilər. Erməni
təcavüzkarların Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində doğma yerlərindən didərgin
düşmüş bir milyondan artıq Azərbaycan vətəndaşının arasında qadınların da sayı olduqca çoxdur.
1991-ci il oktyabrın 18-də "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul
edilməsi ilə respublikamızda qadın hərəkatının yeni mərhələsinin başlanğıcı qoyuldu. Lakin 1991-1993-
cü illərdə ölkədə hakimiyyət uğrunda gedən mübarizə müstəqillik şəraitində digər sahələrdə olduğu kimi,
qadın hərəkatının da inkişaf etdirilməsində real addımlar atmağa imkan vermədi. Yalnız 1993-cü il
iyunun 15-də, indi "Milli Qurtuluş Günü" bayramı kimi qeyd etdiyimiz gündə dövrümüzün görkəmli
siyasətçisi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ölkədə siyasi sabitlik yaratdı, həqiqətən
müstəqil, hüquqi, demokratik dövlət quruculuğunu genişləndirmək yolunda uğurlu addımlar atılması üçün
əlverişli şəraiti təmin etdi. Qadın hərəkatına dövlət qayğısı gücləndi.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə
qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət
quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı. Konstitusiyanın "Əsas hüquqlar,
azadlıqlar və vəzifələr" adlanan ikinci bölməsinin üçüncü fəslində ("Əsas insan və vətəndaş hüquqları və
azadlıqları") 25-ci maddədə oxuyuruq: "Kişi ilə qadının eyni hüquq və azadlıqları vardır".
Azərbaycan qadınları Konstitusiyamız və digər qanunvericilik aktları ilə müəyyən olunmuş geniş
hüquqlardan, cəmiyyətimizdə gedən demokratikləşmə proseslərindən istifadə edərək qısa bir müddətdə
sayı 41-ə çatan qadın təşkilatları yaratdılar. Bu təşkilatlar arasında "Sevil" Qadınlar Məclisi, Neftçi
Qadınlar Cəmiyyəti, Bakı Qadınlar Assosiasiyası, "Qadın və İnkişaf' Mərkəzi, D. Əliyeva adına Qadın
Hüquqlarını Müdafiə Cəmiyyəti, "Əsgər anaları", "Şəhid anaları" cəmiyyətləri və başqaları öz
fəaliyyətlərini genişləndirərək Azərbaycanda qadının vəziyyətinin yaxşılaşdırılması, onun sosial-iqtisadi
problemlərinin həlli, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və digər məsələləri nizama salmaq
sahəsində dövlətin fəaliyyətini gücləndirmək üçün yollar arayıb axtardılar. Ölkəmizdə qadın hərəkatı
müstəqillik şəraitində öz inkişafının
yeni mərhələsinə qədəm qoydu, onun beynəlxalq əlaqələri genişləndi.
1995-ci ilin iyulunda Pekində keçirilən IV Ümumdünya Qadınlar Konfransına istər hazırlıq
dövründə, istərsə də onun işində Azərbaycan qadın təşkilatlarının fəaliyyəti bu baxımdan xüsusilə
əlamətdar oldu. Konfransda iştirak edən Azərbaycan qadınlarının nümayəndə heyəti ümummilli məruzə
hazırlayaraq respublikamızdakı demokratik proseslər, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində
yaranmış ağır vəziyyət, ərazimizin 20 faizinin erməni qəsbkarları tərəfindən işğal edilməsi, bir milyon
nəfərdən çox vətəndaşımızın, o cümlədən qadınların, uşaqların, qocaların çadırlarda qaçqın və köçkün
vəziyyətində yaşaması və sair barədə həqiqətləri dünya qadınlarının nümayəndələrinə layiqincə çatdıra
bildilər. Konfransdan sonra qadın təşkilatlarında aparılan geniş müzakirə respublikamızda qadın
hərəkatının ümummilli fəaliyyət platformasının işlənib hazırlanmasında mühüm rol oynadı.
1995-ci ildə Azərbaycanda qadın hərəkatının mütəşəkkilliyinin artmasında Birləşmiş Millətlər
Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" 30 iyun