54
əlaltıları iqtidarın fərasətsizliyindən məharətlə istifadə edir ölkəni parçalamağa, vətəndaş müharibəsi
törətməyə çalışırdılar. Bununla yanaşı xalqın sağlam qüvvələrinə arxalanan Qurtuluş hərəkatı meydana
gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı.
Xalqın nümayəndələri, qabaqcıl ziyalılar dəfələrlə Naxçıvana gedib onun yenidən böyük siyasətə
qayıtmasını xahiş etmişdilər. 1992-ci il oktyabrın 16- da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı - alimlər,
müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər, əmək adamları, siyasətçilər "Səs" qəzeti vasitəsilə
Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan
uğrunda siyasi hərəkat genişlənirdi.
Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21 -də Naxçıvanda Yeni Azərbaycan Partiyası
(YAP) təşkil edildi. Yeni Azərbaycan Partiyasının bəyanatında (21 noyabr 1992-ci il) qeyd olunurdu ki,
bu partiyanın başlıca proqram məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü,
sivilizasiyalı demokratik hüquqi dövlət, əmin-amanlıq və ictimai həmrəylik, sabit və sosial yönümlü
iqtisadiyyat yaratmaqdan, geniş demokratik islahatlar uğrunda mübarizə aparmaqdan ibarətdir.
Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmaq təkliflərini qəbul etməsə də,
müdrik məsləhətləri ilə xalqı yaxınlaşan böyük fəlakətdən qurtarmaq üçün iqtidara, siyasətçilərə düzgün
yol göstərməyə çalışırdı.
AXC-Müsavat iqtidarı uzun müddət bu məsləhətlərə məhəl qoymayıb öz yarıtmaz fəaliyyəti ilə
ölkəni parçalanmaq həddinə çatdırdı. Vətəndaş müharibəsi üçün zəmin yarandı. Başlanmış bu təhlükəli
proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət
etdi.
Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz,
kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun
9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı.
Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırmaq üçün siyasi manevrlər etdi.
Gəncədə danışıqlar aparmaqla hərbi müxalifəti neytrallaşdırdı.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu
gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda
bu günü bayram elan etdi.
Öz siyasi bacarıqsızlığı ilə ölkəni vətəndaş müharibəsi, ictimai-siyasi pərakəndəlik vəziyyətinə
gətirib çıxarmış AXC-Müsavat komandası Heydər Əliyevə bu mürəkkəb problemləri aradan qaldırmaqda
köməkçi olmaqdansa, müxalifətə keçdi: bəziləri qaçıb gizləndi, bəziləri fəaliyyətini "dondurdu".
İyunun 17-dən 18-ə keçən gecə Prezident Əbülfəz Elçibəy Bakını gizlicə tərk edib Naxçıvan MR-ə,
doğulduğu Kələki kəndinə getdi. Ona dəfələrlə geri qayıdıb ölkəyə rəhbərlik etmək təklif olunsa da, hər
dəfə, faktiki olaraq rədd cavabı alındı. Milli Məclis iyunun 23-də prezident səlahiyyətlərini Ali Sovetin
sədri Heydər Əliyevə həvalə etdi.
VətəndaĢ müharibəsinin və ölkəni parçalamaq cəhdlərinin dəf olunması. Başlanmış vətəndaş
müharibəsini dayandırmaq, müxalif tərəflər arasında anlaşma yaratmaq məqsədilə siyasi idarəçilik
bacarığı olmayan, xarici dövlətin xüsusi orqanlarının və revanş almaq istəyən qüvvələrin əlində oyuncağa
çevrilmiş, lakin real silahlı gücə malik olan Surət Hüseynovu öz sayıq nəzarəti altında saxlamaq
məqsədilə Heydər Əliyev onu baş nazir vəzifəsinə təyin etdi. Güc nazirliklərinə rəhbərlik də ona
tapşırıldı. Belə yüksək vəzifələr tutsa da, Heydər Əliyev iqtidarında öz məqsədinə nail ola bilməyəcəyini
dərk edən Surət Hüseynov qərargahı Gəncədə yerləşən Səhra-Cəbhə İdarəsi yaratdı,
burada sabiq müdafiə
naziri Rəhim Qazıyev, iyunun 15-də Lənkəranda hərbi hissələrin köməyi ilə hakimiyyəti devirmiş
Əlikram Hümbətovla birlikdə cəbhədə vəziyyəti daha da ağırlaşdırmaq, cəmiyyətdə siyasi çaxnaşma
yaratmaq, dövlət başçısını hakimiyyətdən əl çəkməyə məcbur etmək və Ayaz Mütəllibovu yenidən
hakimiyyətə qaytarmaq planları hazırladı və həyata keçirməyə başladı. S.Hüseynov Gəncədə bəyanat
verib bildirdi ki, o, "xalqın və dövlətin taleyinin həll edilməsi məsələsini" öz üzərinə götürür.
Ə.Hümbətov bu bəyanatı alqışladı. Vəziyyəti sivil qaydada nizama salmaq istəyən Heydər Əliyevlə
görüşündə öz imkanlarını düzgün qiymətləndirməyib şişirdən, səlahiyyəti xalqdan deyil, bir dəstə silahlı
quldurdan almış, "səlahiyyətim avtomatımdır" deyən Ə.Hümbətov davakar-ultimativ iddialar irəli sürdü.
Avqustun 7-də cənub bölgəsində üzdəniraq "Talış Muğan Respublikası" ("TMR") yaradıldığı elan
olundu. "Hökumət" təşkil edildi. Rusiya, İran və Belarus dövlətlərinə, BMT-yə müraciət edib bu
qondarma qurumu tanımağı xahiş etdilər. Təbii ki, cavab alınmadı.
Yerlərdə baş vermiş kortəbii mitinqlərdə əhali Hümbətovun quldur dəstəsinin ləğv edilməsini,
qondarma "TMR"-i tanımadıqlarını bəyan edirdi. Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq, problemin
dinc vasitəiərlə həllinə üstünlük verdi. Avqustun 13-də o, həmin bölgədən olan xalq deputatları, ziyalılar,
ağsaqqallarla görüşdü. Onlar hümbətovçuluğa qarşı qəti tədbirlər görülməsini tələb etdilər. Avqustun 17-