69
haqqı verir. Bundan əlavə, hər kəs hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət edə bilər.
Ölkəmizdə aparılmış məhkəmə islahatı, eləcə də yeni qəbul edilmiş prosessual qanunvericilik
vətəndaşlarımızın bu hüquqdan istifadə etmək imkanlarını xeyli genişləndirdi.
İnsan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün İnsan hüquqları
müvəkkili (ombudsman) təsisatı yaradılır. Bu haqda Konstitusiya qanunu 2001-ci ilin sonunda qəbul
ediləcək. Həmin təsisat parlamentlə vətəndaşlar arasında müəyyən vasitəçi rolunu oynayaraq, ikincilərin
demokratik sistemin formalaşmasında əhəmiyyətini artıracaq.
Heç bir demokratiya yalnız mərkəzdə bərqərar ola bilmir. Bununla əlaqədar olaraq, Azərbaycanda
1999-cu il dekabrın 12-də uğurla bələdiyyə seçkiləri keçirildi. Bələdiyyələr vətəndaşların
yerli özünüidarə
təsisatı olmaqla, dövlətdən ayrı, müstəqil şəkildə fəaliyyət göstərirlər.
İnsan hüquqları və demokratiya sahəsində elmi araşdırmalar, analitik tədqiqatlar aparmaq məqsədi
ilə Milli Elmlər Akademiyasında İnsan Hüquqları İnstitutu yaradılmışdır. İnstitut fəaliyyət göstərdiyi iki
il ərzində demokratik ideyaların təbliği baxımından çox faydalı işlər görmüşdür. Onların sırasında
müvafiq məzmunlu kitab və məqalələrin nəşri, seminar və konfransların keçirilməsi, eləcə də qanun
layihələrinin hazırlanmasını qeyd etmək olar.
Azərbaycanda demokratikləşmə və insan hüquqlarına riayət istiqamətində aparılan məqsədyönlü
siyasətin məntiqi nəticəsi olaraq, ölkəmiz 2001-ci il yanvarın 25-də Avropa Şurasına tamhüquqlu üzv
qəbul edilmişdir. Şübhəsiz ki, bu, dövlətimizin üzərinə əlavə öhdəliklər qoyur. Bununla yanaşı,
vətəndaşlarımız əlavə müdafiə mexanizminin imkanlarından istifadə edə biləcəklər.