66
§ 3. Demokratik təsisatlar,
insan hüquqları və azadlıqları
Azərbaycanda demokratik cəmiyyət qurmaq məqsədi hələ 1991-ci i oktyabrın 18-də qəbul edilmiş,
dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında bəyan olunmuşdur. Onda bu çoxlarına asan və tez bir
zamanda nail olunacaq bir hədəf kimi görünürdü. Müstəqillik eyforiyasının oyatdığı romantik
demokratizm insanları əsassız intizarda qoydu. Vətəndaşlara elə gəlirdi ki, demokratiya onların rifahını
təmin edəcək, hər kəsin işi, yüksək maaşı, xoş güzəranı olacaq. Üstəlik, bütün bunlara nail olmaq üçün
çox az zəhmət tələb olunacaq.
Belə ümidlərlə hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü səriştəsiz siyasət apararaq, faktiki
müharibə vəziyyətində olan və cinayətkarlığın baş alıb getdiyi bir şəraitdə yaşayan cəmiyyətdə, guya
demokratik dövlət quruculuğu ilə məşğul idi.
Lakin yalnız Ermənistanın işğalı nəticəsində deyil, həmçinin daxili separatizmin təsiri altında
ərazilərinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycan cəmiyyəti, getdikcə dərinləşən iqtisadi böhranın
məngənəsi altında sıxılaraq, demokratik gələcək haqqında sadəlövh vədlərdən usanmışdı. Belə şəraitdə
çoxları anlamağa başladı ki, demokratik dövləti qurmaqdan əvvəl dövlətin özünü qurmaq lazımdır.
Dövlət isə sabitlik tələb edir.
Yaxşı məlumdur ki, dağıtmaq qurmaqdan asandır. Sovet rejiminin çökməsi nə qədər zəruri olsa da,
bütün təsisatları düşünmədən ləğv etmək, əlaqələri kəsmək və münasibətləri pozmaq öz mənfi təsirini
göstərməyə bilməzdi.
Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş ərazilərdən zorla çıxarılmış vətəndaşlar,
maddi sərvətlərin yaradıcısı olan və iqtisadi böhran nəticəsində iş yerlərini itirmiş insanlar, sovet
ideallarının iflasa uğraması nəticəsində məyus olmuş yaşlı nəsil, mənəvi boşluq şəraitində böyüyən
gənclər təbii ki, demokratiyanı dəyərləndirmək durumunda deyildilər. Belə olan halda demokratik
mühitin yaradılmasından öncə insanlara həyata inamı qaytarmaq lazım idi. Odur ki, 1993-cü ildə xalqın
tələbi ilə hakimiyyətə qayıtmış Heydər Əliyev uzaqgörənliklə düşünülmüş siyasətini ardıcıl olaraq həyata
keçirməyə başladı. O, cəmiyyətin inkişaf qanunlarına uyğun olaraq, öncə sabitliyi bərpa etdi, az qala
dağılmaqda olan dövləti qorudu və gücləndirdi.
Müstəqilliyimizin on ilinə ötəri nəzər saldıqda, çox əhəmiyyətli bir inkişaf dialektikası aşkar olur:
öncə dövlət, sonra möhlət, sonra sərvət. Yəni, əvvəl dövləti yaratmaq, sonra onun müəyyən keçid
dövrünü yaşamaq, daha sonra isə dövlətin sərvətlərindən xalqın yararlanması. Heydər Əliyevin
hakimiyyətə yenidən gəldiyi gündən gördüyü işlərdə qeyd edilən ardıcıllıq həyata keçirilir.
Demokratiyanı dövlətdən öncə tələb edənlər bir onu anlamırlar ki, demokratiyanı quran da, onu
inkişaf etdirən də, qoruyan da dövlətin özüdür. Dövlətsiz demokratiya isə yalnız üç halda mümkündür:
ibtidai icma quruluşunda, anarxistlərin təfəkküründə və utopik nəzəriyyələrdə. Müasir dünyada birinciyə
qayıdış, ikinci və üçüncü ehtimalların isə gerçəkləşməsi mümkün olmadığından, hər bir xalq
demokratiyaya nail olmaq üçün ilk növbədə öz dövlətini qurmalıdır. Azərbaycan xalqı da öz dövlətini
qurmaqdadır.
Dövlət quruculuğu çox uzun və ağrılı bir prosesdir. Bu yolda heç kəs itkilərdən və səhvlərdən
sığortalana bilməz. Heç kəs zəmanət verə bilməz ki, müəyyən bir müddətdən sonra hər hansı ölkədə
demokratiya bərqərar olunacaq. Unutmaq olmaz ki, Azərbaycanın demokratik və inkişaf etmiş bir
cəmiyyət olmasını istəməyənlərin də sayı az deyil. Onlar, istər xaricdən, istərsə daxildən ölkəmizdə gedən
mühüm islahatlara mane olmaq, azərbaycanlıları demokratiyaya layiq və qadir olmayan bir xalq kimi
tanıtmaq istəyirlər. Bu istəyə nail olmağın yolları isə Azərbaycanda sabitliyi pozmaq, etnik qarşıdurma
yaratmaq, dini zəmində toqquşmalar təşkil etmək, hakimiyyəti zorla devirmək və sair bu qəbildən olan
tədbirləri həyata keçirməkdən ibarətdir.
Azərbaycanı keçmiş SSRİ-nin digər respublikaları, Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisə
edənlər də bəzən bir şeyi nəzərdən qaçırırlar. Bizdən fərqli olaraq, həmin dövlətlərin ərazisinin 1/5-i işğal
olunmayıb, onların 1 milyona yaxın qaçqın və məcburi köçkünü yoxdur. Onlar qanunsuz silahlı
birləşmələri tərksilah etmək, dövlət çevrilişlərinin qarşısını almaq zərurəti ilə üzləşməmişlər. Lakin bütün
bunlara
baxmayaraq, demokratik islahatları ən ardıcıl həyata keçirən ölkələrdən biri məhz Azərbaycandır.
Azərbaycanda baş verən demokratikləşmənin iki vacib xüsusiyyəti vardır. Birinci xüsusiyyət ondan
ibarətdir ki, Qərb ölkələrindən fərqli olaraq, Azərbaycanda demokratikləşmə aşağıdan-yuxarıya deyil, əks
istiqamətdə gedir. Yəni, əgər Qərbi Avropa dövlətlərində demokratikləşmə xalqın tələbkarlığı nəticəsində
baş verirdisə, Azərbaycanda bu proses dövlət təşəbbüskarlığının nəticəsidir. Dövlət idarəetmə üsullarını
islah edərək, yeni davranış qaydalarını müəyyən edir və beləliklə, özünün vətəndaşlarla münasibətlərini