83
gedirdi. Atların kişnərtisindən, yaralıların iniltisindən qulaq
batırdı. Savaş neçə gün, neçə gecə davam etdi. Düşmən güc
gəldi, elin varı yağmalandı, növbə qızlara çatdı. Qızlarla
düşmən arasında bircə addım qalmışdı. Qırx qız əlini göyə
qaldırıb tanrıdan mərhəmət diləyərək dedi:
– Ey ulu tanrı, bizi düşmənə qismət edincə ya daşa, ya
da quşa döndər.
Dua qurtaran kimi qırx incəbel qız kəkliyə çevrilir.
Ancaq uçmaq cəhdi uğursuz olur. Qırx yağı əlini uzadıb
onların ayaqlarından yapışıb pərvazlanmağa qoymur. Qırx
xınalı kəklik tanrıya yalvarır:
– Ey tanrı, sən bizi quşa çevirdin, bəs niyə düşmən
əlində əsir – yesir etdin?
Elə bu zaman kəkliklərin ayağından yapışmış yağılar
kərtənkəliyə çevrilirlər. Onların əl izləri isə kəkliklərin
ayağında qalır.
Deyirlər ki, o vaxtdan həmin yer qırxlar adlanır.
Iki dağ **
84
Deyirlər ki, qədim zamanlarda yer üzündə iki dev
varmış. Bu devlərin biri Məğribdə, o birisi Məşriqdə
yaşayırmış. Bunlar qolda – qüvvətdə bir – birindən geri
qalmazmış. Hər ikisi öz igidliyindən dəm vurub "mənəm –
mənəm" deyərmiş.
Onlar bir – birinin haqqında çox eşidibmiş, amma heç
vaxt görüşməyiblərmiş. "Iki qoçun başı bir qazanda
qaynamaz!" – deyib, Naxçıvanda görüşmək qərarına gəlirlər.
Uzun səfərdən sonra onlar Naxçıvanda üz – üzə durub
vuruşmağa başlayırlar. Vuruşları çox çəkir. Heç biri üstün
gələmmir. Bu minvalnan xeyli vuruşurlar, di gəl bir şey çıxmır.
Devlər qurşaq tuturlar, genə bir – birini yıxammırlar.
Axırda toppuz vuruşuna keçirlər. Sən demə, bu devlərdən biri
qadınmış, o biri kişi. Amma bu məsələdən kişi devin xəbəri
yoxuymuş. Toppuz vuruşu da çox bərk gedir. Birinci, ikinci
vuruşda toppuzlar göydə toqquşur. Üçüncü vuruşda toppuzu bir
– birinin başına endirə bilirlər. Qadın devin toppuzu kişi devin
başın haçalayır, kişi devi toppuzu da nə təhər bərk dəyirsə,
qadın dev uşaq salmalı olur. Həm də zərbələrini bərk
vurduqlarından bir – birindən aralı düşürlər. Kişi dev öz
əməlindən peşman olur, yaralı – yaralı başını qaldırır ki, qadın
devi görsün, amma qadın dev çox aralı düşmüşmüş.
Devlərin vuruşu göylərə xoş getmir. Hər iki devi tanrı
daşa döndərir. Üstündən xeyli keçəndən sonra devlər iki dağa
dönüb aralıdan bir – birinə baxırlar.
O vaxtdan kişi dev "Haça dağ", qadın dev isə "Ağrı
dağ" adıyla tanınır. Ağrı dağın yanında balası da var.
Oğlan – qız məqbərəsi **
Qədim zamanlarda Araz çayının qırağında iki qonşu
kəndin adamları bir – biriynən yaxından dostluq edərmiş.
Kəndlilər bir – birinin evinə gedər, hər dərdinə, sevincinə şərik
85
olarmışlar. Bu kəndlərdən biri indiki Aza kəndi, o biri də
Arazın o tayındakı kəndlərdən biri imiş.
Belə rəvayət edirlər ki, Aza kəndində bir kişinin
gözünün ağı – qarası bircə oğlu varmış. Kişi bütün var –
dövlətini oğluna qurban deyib onu böyüdürmüş. Aylar, illər
keçir, bu oğlan böyüyüb boya – başa çatır. Eşq sevdası onun da
başına dolur. O, Arazın o tayındakı kənddə bir qıza aşiq olur.
Elə bil ki, oğlanın göbəyini həmin kənddə kəsiblərmiş, oğlan
ordan əl çəkmir, qıznan tez – tez görüşürmüş.
Sən demə, qızı həmin kənddə çox varlı bir kişinin oğlu
da istəyirmiş. Di gəl ki, qız varlı oğlana getmək istəmirmiş.
Məsələ çox müşkülləşir. Qız da ki, açılışıb ürəyini heç kimə
deyə bilmir. Xəlvətcə qonşu kənddə istədiyi oğlana xəbər
göndərir. Özü də Araz çayının qırağına gəlir ki, qoşulub qaçsın.
Bu vaxt qızı güdən varlı bunları görür. Qan vurur onun
beyninə. O, qızı istəyən oğlanı ağır yaralayıb atır Araza. Sonra
da qızı qaçırmaq istəyir. Qız duyuq düşüb başlayır Arazın
qırağıynan qaçmağa. Görür ki, çayın suları al qana boyanıb.
Qızı qəhər boğur. Varlı oğlan da onun dalınca gəlir. Qız onun
əlindən qurtarmaq üçün özünü çaya atır. Çayın burulğanı qızı
da qoynuna alır. Hay – küyə gələnlər neyləyirlərsə onları
qurtara bilmirlər. Çay hər ikisini aparır.
Hamı varlı oğlana nifrət yağdırır. Kasıb oğlanın atası
var – yoxunu töküb hər iki gəncin nakam məhəbbətinə Aza
kəndində qoşa məqbərə tikdirir. O vaxtdan da həmin qoşa
məqbərəyə "Oğlan – qız məqəbrəsi" deyirlər.
Gəlin qayası **
86
Qədim zamanlarda Şahbuzun çox ucqar kəndlərindən
birində gözəlliyi aləmə yayılan sərv boylu bir gəlin varmış. Əri
düşmənlə vuruşmada həlak olubmuş.
Gəlinin qumral gözləri, ilan kimi qıvrılan qoşa hörüyü
cavanların canına od salarmış. Gəlin isə öz gözəlliyinə baxıb
qüssələnərmiş. Yaxından, uzaqdan gələn elçilər həmişə kor –
peşman geri qayıdarmış.
Günlərin bir günü gəlini tanımadığı bir oğlan qaçırır.
Oğlan qorxusundan gəlini dağlara aparır. Onlar başı göylərə
dəyən Toğlu qayayla Salvartı dağının arasından keçəndə gəlin
çırpınıb oğlanın əlindən çıxmaq istəyir, ancaq bacarmır.
Əlacsız qalan gəlin uca qaya başında üzünü göylərə tutub aman
istəyir...
Daşa dönmüş gəlinin abidəsi o vaxtdan el arasında
"Gəlin qayası" adıyla tanınır. . .
Oğlan – qız dağı
Dostları ilə paylaş: |