83
kateqoriyası əşya
və məkan münasibətlərini, felin şəkilləri
isə modallıq kateqoriyasını ifadə edir” [38, s.461]. Daha
sonra Ə.M.Cavadov Avropa dillərində (yəqin ki, german və
roman dilləri nəzərdə tutulur - F.C.) mövcud olan modal
fellərin Azərbaycan dilində olmadığını göstərərək belə bir
nəticəyə gəlir ki, Azərbaycan dilində, o cümlədən türk
dillərində felin şəkilləri feli xəbərli cümlələrdə modallıq
kateqoriyasını ifadə etmək üçün tamamilə kifayətdir və
beləliklə, Avropa dillərində olan modal fellərə dilimizdə
ehtiyac yoxdur [38, s.462]. Doğrudur,
müəllif özü də etiraf
edir ki, modal sözlərin tam öyrənildiyini söyləmək olmaz,
modal sözlərin əhatə dairəsi haqqında hələ də fikir birliyi
yoxdur və s. Sonra Ə.M.Cavadov həmin deyilənlərin davamı
olaraq yazır: “
Demək, deməli, demək ki, ümumiyyətlə, bir
sözlə, açıq sözlə desək, qısa desək, ümumiyyətlə desək,
müxtəsər, beləliklə, nəhayət, deməli ki, açıq deyilsə, qərəz,
xülasə, əlqıssa, ümumən, demə, sən demə, məsələn,
məncə, səncə, bizcə, deyilənə görə, onun fikrincə, rəyincə,
sizin rəyinizə görə, bəli, yox, xeyr kimi sözlərin və
birləşmələrin modal söz olub-olmaması mübahisəlidir” [38,
s.463].
Elə bu sitatın özü belə müəllifin Azərbaycan dilində modal
fellərin olmaması fikrini təkzib edir və burada mübahisəli
olan məqamlar çoxdur. Ən çox etiraz doğuran isə modallığın
sırf morfoloci kateqoriya kimi səciyyələndirilməsi fikri hesab
oluna bilər.
2.1.2. Modallıq linqvistik kateqoriya kimi.
Əvvəlcə qrammatik kateqoriya anlayışının izahı ilə
əlaqədar mövcud fikirlərə münasibətimizi bildirək. “Müasir
Azərbaycan dili” kitabında qrammatik kateqoriya dedikdə
müəyyən qrammatik mənanın paradiqmatik planda xüsusi
sözdəyişdirici şəkilçilərlə sistem şəklində ifadəsi başa
düşülür. Qrammatik kateqoriyanın əsasında qrammatik
formanın durduğu göstərilir
və elə hesab edilir ki, qrammatik
formasız qrammatik kateqoriya yoxdur. Həmin prinsip
əsasında Azərbaycan dilində qrammatik kateqoriyalar iki
yerə bölünür: 1) xüsusi qrammatik kateqoriyalar; 2) ümumi
qrammatik kateqoriyalar. Bu anlayışları müəyyənləşdirərkən
84
ad və fel qütblərinə əsaslanırlar. Hər iki söz qrupunu, yəni
həm adları, həm də felləri əhatə edən qrammatik
kateqoriyalar ümumi, bunlardan yalnız birinə aid olanlar isə
xüsusi adlanır. Beləliklə, Azərbaycan dilində inkarlıq, sual,
intonasiya ümumi kateqoriyalar, zaman, şəkil, təsirlilik, şəxs
kateqoriyaları fellərə, hal,
mənsubiyyət, xəbərlik adlara aid
olmaqla xüsusi hesab olunur [38, s.9-10].
Yuxarıdakı izahdan göründüyü kimi, modallıq
ümumiyyətlə kateqoriya hesab olunmur. Fikrimizcə,
modallıq nəinki ümumi qrammatik, hətta daha geniş
mənada linqvistik kateqoriya hesab oluna bilər (fəlsəfi,
məntiqi kateqoriyalar anlamında). Çünki, modallığı təkcə
qrammatika ilə məhdudlaşdırmaq düzgün olmazdı. Bu
mənada “İzahlı dilçilik terminləri” lüğətində qrammatik
kateqoriya termininin ikinci mənası daha məqbul hesab
oluna bilər: “Ümumi semantik
və morfoloci-sintaktik
əlamətlər əsasında birləşən ən böyük leksik-qrammatik söz
qrupları. Fel kateqoriyası. İsim kateqoriyası” [7, s.57]. Bu
baxımdan modallığı da “semantik və morfoloci-sintaktik
əlamətlər əsasında” formalaşan leksik-qrammatik söz
qrupunu birləşdirən ümumi linqvistik kateqoriya hesab
etmək olar.
Fikrimizi əsaslandırmaq üçün Ferdinand de Sössürün dilə
verdiyi tərifi bir daha nəzərdən keçirək: “Bizim fikrimizcə, dil
anlayışı nitq fəaliyyəti anlayışı ilə ümumiyyətlə uyğun gəlmir;
dil nitq fəaliyyətinin yalnız müəyyən hissəsi, lakin doğrudur
ki, ən əsas hissəsidir. Kollektiv tərəfindən qəbul edilmiş
zəruri şərtiliklərin məcmusu olan dil elə bir sosial məhsuldur
ki, hər bir dil daşıyıcısında mövcud olmaqla, nitq
fəaliyyətinin reallaşmasını, funksiyadaşıma
qabiliyyətini
təmin edir. Bütövlükdə, nitq fəaliyyəti müxtəlif tərəfli və
rəngarəngdir; ayrı-ayrı sahələrə yayılaraq eyni zamanda
fiziki, fizioloci və psixoloci olmaqla, həm fərdi, həm də sosial
sferaya aiddir” [157, s.65-66). Sössürə görə dil hər bir kəsin
beynindəki izlər məcmusu olaraq bütövlükdə kollektivdə
mövcuddur; lüğət kimi: tamamilə eyni olan nüsxələri müxtəlif
şəxslərin istifadəsində ola bilər. Dil, hamının
malik olduğu,
eyni zamanda hamı üçün ümumi olan, kimlərə
mənsubdursa onların iradəsindən kənar bir şeydir. Nitqdə
85
kollektiv olan heç nə yoxdur: onun təzahürü fərdi və anidir
[157, s.80]. Bütün bu istinadlardan məqsəd ümumi və
kollektiv olan dilin təzahür forması nitqin aparıcı rolunu bir
daha nəzərə çarpdırmaq və onun fonunda modallığı
səciyyələndirməkdir.
Nitq şifahi danışıq əsasında formalaşır. Şifahi danışıq isə
intonasiya, digər prosodik vasitələr olmadan mövcud ola
bilməz. Bu baxımdan modallıq kateqoriyasının
formalaşmasında mühüm rol oynayan prosodik vasitələrin
geniş tədqiqata cəlb edilməsi və hərtərəfli təhlili olduqca
vacibdir. Həmin vasitələrin funksiya və rolunun
müəyyənləşdirilməsi modallığı bir
linqvistik kateqoriya kimi
səciyyələndirməyə imkan verir.
2.1.3. Modallığın formalaşmasında intonasiya və digər
prosodik vasitələrin rolu.
Nitqin anlaşıqlı olması və mənanın qavranılmasında
intonasiyanın rolu olduqca böyükdür. Təəssüf ki,
intonasiyanın sintaktik xüsusiyyətlərinə lazımi dərəcədə
əhəmiyyət verilməmtş, onun linqvistik mahiyyəti
açıqlanmamışdır. Müasir sintaktik nəzəriyyənin və mətn
sintaksisinin ən mühüm vəzifələrindən biri dil sistemində və
nitqin formalaşmasında prosodik vasitələrin rolunun
hərtərəfli araşdırılması hesab olunmalıdır. Modallığın
formalaşmasında intonasiya və digər prosodik vasitələrin
rolunu aydınlaşdırmazdan əvvəl bəzi terminlərin izahını
vermək məqsədəuyğun olardı. Məsələ orasındadır ki, bir
çox ədəbiyyatlarda eyni terminin müxtəlif izahlarına rast
gəlmək mümkündür. Şərti işarələr də bir-birindən fərqlidir.
Göstərilənləri nəzərə alaraq dissertasiya
işində terminlər
birmənalı izah olunur və vahid şərti işarələr istifadə edilir.
Dissertasiyada müxtəlif mənbələrdə verilmiş termin və şərti
işarələrin aşağıdakı variantları əsas götürülmüşdür:
Ton – səs tellərinin gərilməsi nəticəsində səsin ahənginin
yüksəlməsi və alçalması. Yüksələn tonun qeyri-müəyyənlik,
natamamlıq, enən tonun isə qətilik və müəyyənlik bildirdiyi
göstərilir. Yüksələn tonu (<), enən tonu (>), neytral tonu isə
(–) kimi işarə etmək olar.