Азярбайжан милли елмляр академийасы


III FƏSİL DRAM DİLİNİN SEMANTİK-ÜSLUBİ ÖZƏLLİKLƏRİ



Yüklə 1,58 Mb.
səhifə47/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   43   44   45   46   47   48   49   50   ...   78
Flora-Namazova-Dissertasiya

III FƏSİL

DRAM DİLİNİN SEMANTİK-ÜSLUBİ ÖZƏLLİKLƏRİ
3.1. Leksik vahidlərin semantik təsir gücü və mətnaltı mənaları
İlyas Əfəndiyev dram əsərlərində də sözün məntiqinə və fikrin ifadəliliyinə, hər bir dil vahidinin semantik-üslubi çəkisinə xüsusi önəm vermişdir. Dilin mənalı vahidləri olan leksik vahidlər öz ifadə gücünü dram əsərlərində bütün aydınlığı ilə göstərir. Dramaturqun ayrı-ayrı obraz və personajlarının nitqində işlətdiyi sözlər və ifadələr dialoq mətnlərinin üslubi şəraiti ilə birbaşa əlaqədə işlədilir. Onun istifadə etdiyi leksik və idiomatik vahidlər reallıqlarla bilavasitə əlaqədardır. Təsvir olunan ictimai həyat, xalqın məişət tərzi bu leksika vasitəsilə gerçəkləşir.

Bədii ədəbiyyatın birinci ünsürü, bilavasitə predmeti olan söz dil işarələri sistemində xüsusi yer tutur. Elmi-bədii fikrin təzahürü sözlərdən başlayır. Funksiya dairəsinin genişliyi, universal xarakteri ilə bir çox cəhətdən semasioloji qiymətə malik olan söz adlandırma, məlumat vermə, ümumiləşdirmə, danışanın və dinləyənin münasibətini, hisslərini ifadə etmək qüdrətinə malikdir” [92, s.61].

Biz tədqiqatın bu fəslində İlyas Əfəndiyevin dramlarında işlənmiş söz və ifadələrə leksik-semantik və üslubi planda yanaşırıq. Yazıçının pyeslərində leksik vahidlər semantik və üslubi aspektdən araşdırılır. “Söz gerçəkliyə aiddir, onu əks etdirir, öz mənasını təcrid olunmuş, həmin dilin leksik-semantik sistemindən ayrılmış şəkildə yox, onunla sıx əlaqədə, dilin semantik strukturunu yaradan bütün məna sistemi vasitəsilə ifadə edir. Həmin mənanın ictimai cəhətdən dərk edilməsini ümumiləşdirir və birləşdirir” [77, s.119].

Dram əsərlərinin linqvistik təhlilində diqqət mərkəzində duran əsas məsələlərdən biri də sözün semantikasıdır. Bəllidir ki, hər hansı bir leksik vahid bu və ya digər əşya və hadisə ilə əlaqədar müxtəlif semantik çalarlar ifadə edir.

Dram qəhrəmanları canlı danışıq prosesində sözü hərəkətdə, dinamikada götürür, onun potensial mənalarından maksimum yararlanmağa çalışır, xüsusi semantik yük daşıyan sözlərdən daha çox istifadə edirlər.

T.Hacıyevə görə, “sözün ifadə etdiyi anlayış onun dildəki real, nominativ mənasından çıxa bilər, söz fərdin düşüncə tərzinə müvafiq mənalana bilər. Başqa cür desək, sözün mənasını fərd özü müəyyənləşdirir. “Bu sözü kim necə başa düşür” məsələsi onu maraqlandırmır; başlıca cəhət məfhumu onun özünün necə dərk etməsi, müvafiq anlayışa onun nə münasibət bəsləməsidir. Deməli, ümumxalq dilindəki nominativ mənasından “məhrum” edilərək, fərdin ictimai xasiyyətinə uyğun məzmunla yüklənir” [75, s.45].

Bədii ədəbiyyat dil sahəsində geniş novatorluq meydanıdır. Burada mövcud sözlərə yeni məna vermək, sözə emosional çalarlıq gətirmək və bunları müxtəlif formalarda, məqam və vəziyyətdə işlətmək mümkündür. Sözün təsir qüvvəsi personajların nitqində, danışığında daha güclü olur. İlyas Əfəndiyev dramlarında miqyasından və çəkisindən asılı olaraq hər bir personajın xasiyyətinə, hadisələrin inkişafına uyğun nitq vahidlərindən – canlı danışıq dilindən geniş dairədə istifadə etmişdir. Ümumiyyətlə, İlyas Əfəndiyevin əsərlərində sözə tarixi-mədəni, emosional-ekspressiv kateqoriya kimi yanaşılır, mümkün semantik məna çalarlarına diqqət verilir. Dramaturqun istedadı sözün gücü ilə obraz yaratmasındadır. Bu mənada İ.Əfəndiyevin yaratdığı qəhrəmanlar sözlərinin gücü ilə yadda qalır. “Bədii əsərin dil vasitələri ilə əks etdirilən məzmunu özlüyündə linqvistik tədqiqatın predmeti deyildir. Dil tədqiqatçısını daha çox bu məzmunu ifadə etmək üsulları və ya ifadə vasitələrinin ifadə olunan məzmuna münasibəti maraqlandırır” [177, s.91].

Görkəmli söz ustaları doğma dili dərindən sevmiş və onun mükəmməl ədəbi dil istiqamətində formalaşıb daha da inkişaf etməsinə çalışmışlar. İ.Əfəndiyev dram­larının dil və üslubunun tədqiqi ədəbi dilin inkişaf qanunauyğunluqlarını açmaqla yanaşı, dilimizin qeyri-adi zənginliyinin, bədii ifadə və təsvir vasitələrinin müəyyənləşməsinə kömək edir. Dramaturgiyanın təbiəti elədir ki, o, bu janrın dil-üslub spesifikasını dialoqların manevrində müəyyənləşdirə bilir. Dramda dil təsiredici gücə malikdir. Bu güc replikalardakı stimulları gözəlləşdirir, cəlbedici edir. Bu baxımdan bədii dilimizdə xüsusi mövqeyi olan sənətkarların dili mühüm estetik sərvət kimi hərtərəfli öyrənilməlidir. Novatorluq İ.Əfəndiyevin yaradıcılığının ən mühüm xüsusiyyətlərindəndir. Yenilik hissi onun dram əsərlərində güclüdür. O, daim axtarışlarda olan, yeni məzmun, mövzu və bədii formalar, üsullarla müasir ədəbiyyatımızı zənginləşdirən dramaturqlardandır.

Dramatik janrda obrazlı sözişlətmə fəndi yazıçı üçün zərurətlərin sistemləşməsi baxımından vacibdir. İ.Əfəndiyev istedadı onun obraz və personajlarının nitqinin qeyri-adi ciddiliyi və aydınlığı ilə qurulmasında görünür, bu isə öncə həmin nitqin yığcamlığından irəli gəlir.

Ənənəvi metodların yenilənməsi fəal semantik prosesdir və burada İ.Əfən­diyevin sözişlətməsi ümumi ədəbiyyat ənənəsinə yaxınlaşır, pyeslərdə personajların nitqi özünün şəffaflığı ilə seçilir. Yazıçının obrazın nitqini formalaşdıran sözləri əsas və vacib amillərə çevrilir, pyeslərin lirik-psixoloji motivlərinin inkişafında əsas yer tutur və müxtəlif məna daşıyır. Sosial-mənəvi anlayışa görə hadisələrin gedişində bəzi sözlərin mənası dəyişir. Ümumi məcazi mənaların çalarları insanların emosional xarakterlərini və sosial davranışlarını göstərir.


Sözün mətnaltı mənaları. Bu anlayış müxtəlif alimlər tərəfindən eyni şəkildə izah olunmur. Əlbəttə, ilk növbədə, mətnaltı anlayış bədii ədəbiyyata aiddir. V.Vinoqradov yazır: “Mətnaltı mənanın yaranması dünya ədəbiyyatında bir problemə çevrilib. Bu, bir tərəfdən, mətnaltı sözün təbiəti ilə bağlıdır. Buna görə də öz təbiətinə görə dilçiliyə yaxınlaşır. Digər bir tərəfdən, mətnaltı anlayış özündə iki cəhəti ehtiva edir. Biri ümumi mənanı, ikinci isə daha dərin və fərdi mənanı” [176, s.44].

İkinci tendensiya mətnaltını dialoqa yaxınlaşdırır. Bu dialoqlar təkcə həyatı təsvir etmək üçün deyil, həm də mətnaltının gizli emosional fikrini açır. Mətnaltı personajların əhvali-ruhiyyəsinin kontrastından yaranır. Məsələn, müxtəlif obrazların replikaları sanki onları yenidən həyatın real axarına qaytarır. Subyektiv olaraq bu replikalarda məna tamlığı yoxdur. Obyektiv baxımdan o qədər də böyük olmayan formalar dərin iz buraxa bilir. Paralel dialoqlar bəzi obrazların hərəkət və münasibətlərinin real olmamasına işarə verir.

İ.Əfəndiyevin qurduğu dialoqların, elə bil, iki səviyyəli mətnaltı mənası var: biri süjetin hərəkəti ilə, o biri isə fəlsəfi, mənəvi, sosial hadisələrlə bağlıdır. Mətnaltı mənalı dialoqlar vacib memar rolu oynayır. Bu çərçivədə İ.Əfəndiyevin dramlarında sözün üslubi manerasının öyrənilməsi bir tərəfdən də bizə dramatik janrı doğru təhlil etməkdə köməklik göstərir.

Bədii sözün təsir gücünün İ.Əfəndiyev dramlarında “hərəkəti”, “çevikliyi” aşağıdakı cəhətlərlə səciyyələnə bilər:

1. Dram dilində sözə yanaşma replika ilə bağlıdır.

2. Dramatik əsərlərdə bədii söz iki aspektdən öyrənilə bilər: personajın danışıq strukturunun elementi və bir də pyes ətrafında bütöv semantik sistem kimi. Birincisi xarakterin açılmasına kömək edir. İkinci aspektdə də dialoqun məzmun-ideya istiqaməti və dil-sənətkarlıq əlamətləri tədqiq olunur. Belə təhlillər yazıçının qayəsini, sözdən necə istifadə ustalığını meydana çıxarır.

3. İ.Əfəndiyev sözünün realist dramda fəaliyyəti obraz nitqinin qanunları ilə bağlıdır. Məsələn, yazıçının dramlarında situativ sözlərin, ya da frazeologiyanın mənaca və strukturca dəyişməsi bu qanunların atributu kimi səslənir.

4.Sözün çoxfəaliyyətliliyi və mətnaltı mənanın mürəkkəbliyi. Elə buna əsasən İ.Əfəndiyevin dramları sənətkarlıq baxımdan yüksək səviyyəli əsərlərdən seçilir. Çünki burada yalnız sadə, aydın, məzmunlu, dolğun dialoqlar öz inkişafını tapır.

5.Sözün funksiyasına əsasən leytmotiv-sözlər yaranır. Leytmotivin (pyesin başlığı) mənaca açılması yazıçıların dil və üslubunda müxtəlif cür təzahür edir. Bizcə, bu həmişə sözün və replikanın mürəkkəb əlaqəsindən yaranır. Leytmotiv-sözün ideya məzmununun və lirik-psixoloji məqamlarının təhlili belə bir nəticəyə gətirir: leytmotiv-söz müxtəlif anlayışdan ibarətdir. Bu, personajın həyat təcrübəsindən, onun dünyaya baxışından və fikrindən asılıdır. Müəllif anlayışında leytmotiv-söz bütün dediklərinin nəticəsində yarana bilər. Müxtəlif ideoloji və lirik-psixoloji məzmun fikrin diffuziyasına gətib çıxara bilər. Leytmotiv-sözün semantik təhlili sözdə fəlsəfi konfliktin əksini, yazıçının mübarizəsini göstərir.

Dramaturq sözün ideoloji-siyasi, lirik-psixoloji məzmununu açmaq üçün bəzi estetik üsullardan da istifadə edir. İ.Əfəndiyevin dramaturgiyasında müqayisə və əks- müqayisə bir sistem şəklindədir.

6. Dramaturqun fərdi üslubu mətnaltı mənanın xarakterindən asılıdır. Bu kateqoriyanın müxtəlif formaları iki kateqoriyada birləşə bilər: 1) mətnaltı məna nitqin psixologiyası ilə bağlıdır; 2) müəllifin şərtini büruzə verir. Bu tiplərin uyğunluğu yazıçının üslubunu təyin edir.

7.Yazıçının üslubunu müəyyənləşdirmək üçün əsərdə olan sözlərin ideoloji-siyasi mənasını başa düşmək lazımdır. Sözlərin ideoloji məqamları qəhrəmanların psixologiyasını, dünya­görüşünü müəyyənləşdirir. İ.Əfəndiyevin dramlarının semantik-üslubi sistemi onun əsərlərinin xarakterindən, dünyabaxışından və ədəbi dil məktəbindən asılıdır. Bura aşağıdakıları aid etmək olar: surətlərin daimi assosiativ özəyi; dil metaforasının canlanması; sözün bütöv və böyük kon­tekstlə sıx əlaqəsi; sözün inkişafı; sözün kontekstdə aktivləşməsi; nitq frazeolo­giyasının müxtəlif formada dəyişməsi; nitqin aforizm dolğunluğu; sözün müxtəlif əlavə-ideoloji mənaları: etik anlayış, sosial anlayış, psixioloji durum (həqiqət, xeyirxah, güc, qəhrəman); üslubun aktiv elementi olan üslubi kontrast; dramatik nitqin canlı dialoqa yaxınlığı və s.

İ.Əfəndiyevin sözdən istifadə ustalığı dilin qanunlarına ciddi əməl etməyi və danışıq normalarını dramlarında aktuallaşdırmağı ilə seçilir. Onun dramlarında danışıq üslubunun əsas görüntüləri sərbəstlik və genişlik amilləri ilə səciyyələnir. Bununla belə, dramaturqun əsərlərində söz mənaca aktivləşir, dialoqun replikaları semantik cəhətdən mürək­kəbləşir və yerində, məqamında işlənmiş metafora tipləri bir-biri ilə uyğunlaşır. Replikalar arasında struktur-semantik vəhdətin aydınlığı duyulur, aforizmlər quruluşca ekspressiv sintaksisin qanunlarına tabe edilir.

Pyeslərinin dilində olan bəzi semantik prinsiplər İ.Əfəndiyevin məntiqi-fəlsəfi və ideoloji istedadı ilə bağlı olmuşdur. Bu bağlılıq mənalı sözlərin intentiv effek­tivliyi, dialoqda olan sözlərin dərk edilməsi, bu prinsiplər əsasında aforizmlərin yaranması, pyeslərdə olan leytmotiv-sözlərin çoxplanlı və çoxmənalı olması, sinonimlik və antonimlik sisteminin, müxtəlif dialoq-mübahisənin köməyi ilə sözün müxtəlif ideoloji mənasının açılması, subyektiv-psixoloji və kompozisiyalı quruluşun bir-biri ilə işlənməsi, kontekstdə yeganə müəllif ideyasının ortaya çıxması və s. ilə birbaşa əlaqədardır.

Sadaladığımız xüsusiyyətlər İ.Əfəndiyevin bütün yaradıcılığında öz əksini tapıb. Bununla bərabər, həmin xüsusiyyətlər müəllifin dram yaradıcılığındakı üslubunun lirik-psixoloji təkamülündə görünür, get-gedə onun yaradıcılığında dolğun, bitkin xarakterli obrazlar, metaforalar, simvollar ixtisaslaşır. Getdikcə daha mürəkkəb obrazlar yaranır.

Onun bütün yaradıcılığında vətəndaşlıq, sosial pafos mühüm yer tutur. İ.Əfəndiyevi əvvəlki yazıçılarla müqayisə edəndə mühüm bir ənənə irəli çıxır: C.Cabbarlı – İ.Əfəndiyev ənənəsi. Bu ənənədə perso­najların səciyyəsində nitq effektlərinin rolu, ardıcıllığı özünü göstərir. Bu ənənəyə söykənən pyesdə söz daha gizli, daha yığcam formada işlənir. Sözün mürəkkəbləşməsində, siyasi məna daşımasında subyektiv-psixioloji mətnaltı mənalar böyük rol oynayır. Bizə görə, İ.Əfəndiyev üslubunun əsas özəlliyi ondadır ki, bu ənənə onun özünəməxsus üslubu ilə çulğalaşaraq, olduqca çətin və zəngin semantik mənalar əmələ gəlir.

İ.Əfəndiyevin dramlarında söz böyük və dərin mənaya malikdir. Sözün sirli mənası yazıçının səhnə əsərlərinə yenilməz enerji, aydınlıq və dramatizm verir. İ.Əfəndiyevin ustalıqla söz texnikasına yiyələnməsi, dilin qanunlarının dərinliyinə varması imkan vermişdi ki, o, belə pyeslər yaratsın və həmin əsərlər daxilən harmoniya ilə zəngin olsun.

Personajların nitqində sözlərin mənaları ictimai funksiyasını dəyişir. Məs.:


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə