Азярбайжан милли елмляр академийасы


Dram əsərlərində məcazlar. Söz və ifadələrin metaforikləşməsi prosesi



Yüklə 1,58 Mb.
səhifə55/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   51   52   53   54   55   56   57   58   ...   78
Flora-Namazova-Dissertasiya

3.4. Dram əsərlərində məcazlar. Söz və ifadələrin metaforikləşməsi prosesi

“Məcaz” ədəbiyyatşünaslıq termini olaraq möcüzə sözü ilə bağlı olub, çoxmənalı sözlərin inkişafı prosesində formalaşır. Məntiqi və dil amilləri obyektiv gerçəklikdə məcazlaşma-metaforikləşmə prosesini meydana çıxarır. Bu prosesdə bir sıra terminlər iştirak edir: metafora, metonimiya, sinekdoxa, epitet, müqayisə, təşbeh, mübaliğə və s. Həmin terminlərin ədəbiyyatşünaslıq elmində müəyyən qarşılıqları da mövcuddur: trop, istiarə, bənzətmə, hiperbola, şişirtmə və s.

Metaforikləşmə oxşar əlamətlərin ümumiliyinə görə reallığın bir-biri ilə əlaqədar olan əşyalarından birinin adının başqa oxşar əşyanın adına köçürülməsidir. Məcazi məna əşyalar arasındakı oxşarlığa, assosiasiyaya, bir-birinə yaxınlığa və funksiya ümumiliyinə əsasən yaranır. Məcaz­laşma prosesi ilə bağlı terminoloji vahidlər də məhz həmin mənanın oxşarlığına, funksiya və əlamətinə görə meydana çıxır.

Məcazlar sistemi, əsasən, bədii üslubun materialıdır. Yəni bu sistem daha çox bədii əsərin içərisində “fəaliyyət gös­tərir”. İlyas Əfəndiyev bir yazıçı, dilçi kimi bədii əsərlərdə məcazların rolunu yüksək qiymətləndirmişdir. Məcazlar obraz və personajların nitq xaraktero­logiyasındakı incə məqamları fərdiləşdirir, birini digərindən ayırır. Məcazların fərdiləşdirici keyfiyyəti canlı nitqə daha kəskin subyektiv qiymət verməsindədir. Yazıçı məcazlardan istifadə etmək yolu ilə təsvir etdiyi əşyanı, hadisəni daha dərindən açıqlayır. Məcazlar dram əsər­lərinin iştirakçılarının fikir və arzularının ifadəçisi kimi çıxış edir, dram üslubunu fərdiləşdirir, milli kolorit, təbiilik, əyanilik və s. keyfiyyətləri formalaşdırır. Sözün, ifadənin əlavə məna­ları diqqəti cəlb etməklə yanaşı, hər bir surətin ifadə tərzinin orijinallığını gös­tərir. Məsələn:



Pəri. Mən bilirəm ki, səninlə o mağazaya təzə bir hava gələcək [55, c.2, s.372].

Sözün məna ekvivalentləri məcazlaşmadan yaranır. Məsələn, İlyas Əfəndiyevin personajları “anadan olmaq”, “doğulmaq” əvəzinə, “yumurtadan çıxmaq” ifadəsini işlədir:



Baş (acıqlı.) Yoxsa adamları ləkələmək sizə asan gəlir? Özünüzü düzəldin! Siz dünən yumurtadan çıxmısınız [55, c.2, s.377].

Personajın nitqində “çalışmaq” əvəzinə, “külüng çalmaq” ifadəsi çox gözəl səslənir:

Baş. Amma yoldaş Fərəcov iyirmi beş ildir ticarət işində külüng çalır [55, c.2, s.377].

“Ləkələmək” əvəzinə işlənmiş “palçıq yaxa bilmək” ifadəsi də uğurludur:

Baş. İndi biz durub sizin boş bir sözünüzlə ona palçıq yaxa bilmərik [55, c.2, s.377].

İlyas Əfəndiyev məcazlar vasitəsilə obraz və personaj­ların zahiri və mənəvi dünyasını, onların iş prosesində, ümumən cəmiyyət həyatında oynadığı rolu, mövqeyi səciyyələndirə bilir. Məsələn, “Bahar suları”nda Qulu adlı bir personajın məcazi danışığı heyrət doğurur:



Qulu. Ay yoldaş sədr! İnsafın olsun. Bu saat mənim könlümdə güllər açılır, bülbüllər oxuyur [53, c.2, s.287].

Sözlərin məcazi mənada işlədilməsi çoxmənalılığın genişlənməsi üsullarından biridir. Məcazi məna sözün müstəqim deyil, köçürmə mənasıdır. Bu şərti məna müxtəlif assosiativ əlaqələrin sayəsində meydana gəlir. “İlyas Əfəndiyevin qurduğu dialoqlarda sözün, ifadənin məcazi olaraq işlədilməsi əhəmiyyətli olub, replikaların tərkibindəki sual-cavab hissələrinə yüksək emosiya, obrazların danışıq tərzinə şirinlik gətirir, təsvir olunan hadisəni, əhvalatı, onun bədii təsirini daha da artırır” [119, s.106].

Metafordan istifadə. “Metafor” termini haqqında filoloji ədəbiyyatda kifayət qədər məlumatlar var. Aristotelin təbirincə, “metafor qeyri-adi bir ismi ya cinsindən növə, ya növdən cinsə, ya da növdən növə keçir­mək və ya bənzətmə yolu ilə məcazlaşdırmaqdır” [23, s.96]. Metafor predmet və hadisələrin, xasiyyət və əlamət­lərin müxtəlif cəhətdən oxşarlığına əsaslanır. “Metafor məlum olmayan predmetin hərəkət və keyfiyyətlərinin məlum olan əşyanın bənzər xüsusiyyətləri ilə dərk edilməsidir” [199, s.43].

İ.Əfəndiyev dram əsərlərində obraz və personajların mənəvi aləmini, xarak­terinin bir çox əlamətlərini metaforlar vasitəsilə açıb göstərir. Dramlarda istifadə olunmuş metaforların geniş üslubi imkanları vardır. Bunlardan biri obraz və perso­najların daxili aləminin və xarak­terinin səciyyəsi ilə bağlıdır. “Müqayisə əsasında əmələ gələn metaforalar, həmçinin də ixtisar edilmiş və gizli saxlanmış müqayisələr üslubi mətləbləri yerindəcə həll edir. Yazıçının fərdi-üslubi metaforaları daha çox poetik gücə malikdir. Bu zaman insana aid əlamətlər təbiət predmetləri üzərinə köçürülür, təbiət hadisələri insan kimi canlandırılır, yəni “şəxsləndirilir” [29, s.113].

İ.Əfəndiyevin qurduğu dialoqlarda həmsöhbətlər nitq prosesində gündüz, gecə, səhər, bahar, yaz, yay, Günəş, Ay, ulduz, duman, tufan, külək, ildırım, bulud, boran, fırtına, şimşək, dəniz, tülkü, şir, tərlan, şahin, sığırçın, quş, öküz, Koroğlu, almaz, Reyhan, könül, çəmən, bulaq və s. sözləri metaforik şəraitdə işlədə bilirlər. Məs.:

Qulu. Öküzsən, öküz...götür, bundan bircə qurtum iç ... [53, c.2, s.286];

Qulu. Amma dünyaya öküz gəldin, öküz də gedəcəksən [53, c.2, s.287];

Uğur. Tanış ol, əmim qızıdır. Adı Turacdır. Amma özü sığırçın [53, c.2, s.261].

Yazıçı adyektiv metaforlarla konkret və abstrakt predmetlər arasında keçid əlamətlərini üzə çıxarır:


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə