Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə51/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   47   48   49   50   51   52   53   54   ...   78
Flora-Namazova-Dissertasiya

Komik-bədii vasitələr. Dram əsərlərində dil situasiyalarla yanaşı, komikliyin də ifadə vastitəsinə xidmət edir. Q.Kazımovun fikrincə, dilin potensial imkanları çox zəngindir və ona görə də hər bir yazıçı dili dərindən duymalı, yaxşı bilməli və bədii dilin xüsusiyyətlərini maksimum nəzərə almalıdır [92, s.21]

A.Salahova İlyas Əfəndiyev gülüşünü belə xarakterizə edir: “Yazıçının əsərlərində satira nə qədər güclü olsa da, o, lirik ifadə tərzini, lirik fonu üstələyə bilmir, liriklik həmişə satira xəttindən yüksəkdə dayanır. Bu da müəllifin həyat həqiqətlərini, bu günümüzün, quruluşumuzun üstünlü­yünü, insanpərvərliyini açıb göstərmək istəyindən doğurur, lirik xətt də məhz bu mənada satirikliyi üstələyir” [138, s.99].

Lirik-psixoloji dramda, əsasən, yumor üstün yer tutur. İ.Əfəndiyevin dram əsərlərində komizmin müxtəlif ifadə vasitələri ilə qarşılaşmaq olur. O, gülüşdən istifadə edən zaman ilk öncə lirik-psixoloji dram yaradıcısı kimi çıxış edir. Ə.Məm­mədxanlının fikrincə, İ.Əfəndiyev dram və digər əsərlərində lirik-psixoloji sənətkarlıq üslubuna daim sadiq qalmışdır. O, dram­larında gülüş, yumor vasitəsilə lirik-psixoloji ovqat yarada bilmişdir.

İlyas Əfəndiyev “Bahar suları” dramında yumorun, kinayənin ən gözəl nümunəsini yaratmışdır. Bu əlamətlər obraz və personajların nitqində, danışıq etikasında, bir-birinə münasibətlərində meydana çıxır. Burada nitqi təşkil edən hər bir dil vahidi, demək olar ki, komizm əhvali-ruhiyyəsini doğurur. Məs.:



Turac. Eşitdim, eşitdim. Afərin, Xan­murad, vallah, sağsağan kimi həmişə xeyir xəbər gətirir!

Xanmurad. Yenə başladın sağsağan?

Turac. Nə var, bəyəm, sağsağan pis quşdur?

Xanmurad – (hövsələdən çıxaraq). Bir də məni sağsağana oxşatsan, səni məhkəməyə verəcəyəm!

Sədəf. Ay Turac, sən əmi nəvəsini qartala oxşat, sağsağan nədir?

Turac. Oxşadı oxşatmadıq? [53, c.2, s.273].

Yazıçı “Bizim qəribə taleyimiz” pyesində satirik gülüşdən, incə, şirin yumordan, həmçinin ironiyadan da bəhrələnmişdir. Bu gülüş dramaturqun lirik-psixoloji təmayülünü yarada bilmişdir. Məs.: “Mələk” adı “Milaya” çevrilməklə əvvəlki ciddiyyət gülüşə çevrilir. Davudun münasibət və hərəkətləri dramda sarkazm yaradır. Meşşan gənclər onu lağa qoyur, ələ salırlar. Cəmiyyətdə professorla kababçı qarşılaşdırılır, kababçəkənin qazancı professorun maaşından çox olur. Bu epizod əsərdə gülüş doğurur.

Gülüş İ.Əfəndiyevin dramlarında ictimai səviyyəyə yüksəlir, yumor müəyyən mənada psixoloji durumda çıxış edir. Kamranın həbs olunan uşaqlarının istintaqı vaxtı o, öz xislətindəki mənfi emosiyaları gizlədə bilmir. Ataxanlar var-dövlət qazanmaq, eyş-işrət içində yaşamaq istəklərindən keçməyə nə psixoloji, nə də insani baxımdan hələ hazır deyillər. Onunla bağlı gülüş bədii-estetik prinsiplərə uyğun gəlir.

İ.Əfəndiyevin dramlarındakı yumorun ən tipik əlaməti islahedici səciyyə daşımasıdır. “Qəribə oğlan” dramında cəsarətsiz bir oğlan cürət edib öz məhəbbətini Kəmaləyə deyə bilmir və qız onu kinayə ilə danışdırır. Kəmalə “sizin məni sevməyiniz nədən ibarət­dir?” – deyə soruşanda oğlan cavab verir ki, gözüm görməyəndə qollarım boşalır, beynim işləmir.



Kəmalə. Demək, sizin xoda düşməyiniz üçün mən bir növ, akkumulyatoram [49, c.2, s.137].

Yumor (təbii ki, həm də gülüş) yalnız onun sahibinin deyil, eyni zamanda ünvanlandığı obyektin – başqa obraz­ların da psixologiyası, hiss və həyəcanı, emosiyaları, ağrı-acısı, kədəri və s. haqqında təsəvvür yaratmağa qadirdir. Bütün hallarda yumor görkəmli nasir və drama­turq İ.Əfəndiyevin yaradıcılığında mühüm bədii-estetik tutum­da çıxış edir, o cümlədən obrazların mənəvi-əxlaqi dünya­sını, psixoloji portret cizgilərini səciyyələndirən əsas vasitələrdən birinə çevrilir” [80, s.129].

Valehin nitqində tez-tez “kosmos əsri” ifadəsi işlənərək gülüş yaradır. O, bu ifadəni hər şeylə qarışdırır. Gülüşün formaları müxtəlif vəzifələri yerinə yetirir. Başlıca vəzifələrdən biri problemlər haqqında güldürə-güldürə düşündür­məkdir. Yumor dram əsərlərində obraz və personajın ovqatını inikas etdirir. “İlyas Əfəndiyevin dramaturgiyasında gülüş, satira, yumor hamıya və hər şeyə qarşı yönəlibdir. Onun pyeslərində “tənqid olunanla tənqid edənin, mənfi və müsbətin, pislə yaxşının bir-birinə qaynayıb qarışması və vahid bir dünya təşkil etməsi xalq gülüşünün çoxmənalı mahiyyət”i [88, s.28] ilə birbaşa bağlıdır.

İlyas Əfəndiyevin iki komediyasında –”Qəribə oğlan” və “Ağıllılar və dəlilər” komediyasında kinayə və istehza yüksək zirvəyə qalxır. “Ağıllılar və dəlillər”də gülüş yaradan surətlər – Azadə, Nazilə, Ağamusa, Ağadadaş, Camu və başqaları riyakar, ikiüzlü, simasız hərəkətləri ilə seçilirlər. “Qəribə oğlan” da Valeh təmizliyinə görə qəribə sayılırsa, bu əsərdə çirkin əməllərlə məşğul olanları ağıllı, təmiz niyyətli insanları isə dəli adlandırırlar.

Komik effekt yaratmaq üçün kalamburlardan – söz oyunundan bir bədii üsul kimi istifadə edilir. Kalamburlar dilin lüğət tərkibində olan sözlərdən istifadə nəticəsində yaranır. Bir-birinə mənaca yaxın sözlərin bu və ya digər mənada işlədilməsi, fonetik tərkibcə eyni olan, eyni səslənən sözlərin qarşılaşdırılması və s. kalamburların meydana çıxmasına səbəb olur.

Kalamburlar müxtəlif üsullarla yaranır. Bunların bir qismi sözün mənasına əsaslanır, sözün mənasının izahı ilə bağlıdır, başqa bir qrupu isə təxminən eyni səslənən sözlərin bir-birinin yerində işlədilməsi nəticəsində meydana çıxır. Digər növ kalamburlar sözün, leksik vahidin bir neçə anlayış ifadə etməsi və ya eyni sözlə, eyni terminlə verilən izah nəticəsində yaranır. Sözün və ya söz birləşməsinin daşıdığı istər müstəqim, istərsə də məcazi mənalar əsas rol oynayır. Bu qrupa daxil olan kalamburların müəyyən növləri özünü göstərir:

a) müəyyən elm sahəinə aid terminin izahı ilə komik effekt yaranır;

b) sözün məcazi mənası ilə müstəqim mənası qarşılaşdırılır, surət öz məqsədindən asılı olaraq bu mənaların birinə üstünlük verir;

c) kalamburların müəyyən qismi sözün omonim mənalarının qarşı­laş­dı­rıl­ması ilə yaranır [24, s.40-42].

Kalambur İ.Əfəndiyevin dramlarının dilində üslubi pri­yom kimi özünü göstərir:



Alı kişi – Klub öz işini görüb qurtarıb, indi mədəniyyət sarayı lazımdır! Başa düş!

Mədəd – Yaxşı, indi aşağı düşərəm [49, c.2, s.295];

Sədəf – İndi də divar qəzetinin növbəti nömrəsini çıxarırıq.

Alxan – Bu dəfə kimə çəkirsiniz? Sədəf. Nə çəkək, nəyi çəkək [49, c.2, s.180].

Mətndə “çəkmək” feili Alxanın dilində kötəkləmək mənasında işlənmiş, komik situasiya əmələ gəlmişdir.

Beləliklə, ki, İ.Əfəndiyevin dram dilində personajlara aid özəlliklər, fərdi və tipik nitq üslubunun üzə çıxarılması üçün xüsusi üslubi yöndə araşdırmalar aparılmalıdır. Əsas problemlərdən biri dram dilinin inkişafında yeni faza ilə əlaqədardır. Bu da yazıçının bədii ustalığı, onun Azərbaycan ədəbi-bədii dilinin inkişafındakı rolu, bu inkişafda dramaturqun gördüyü işlərdir. Mətnaltı məna özündə dərin və fərdi mənanı birləşdirir. Bu mənalar İ.Əfəndiyevin dram dili üçün xarakterik cəhətlərdəndir. Onun qurduğu dialoqlar təkcə həyatı təsvir etmək üçün deyil, həm də mətnaltının gizli-potensial, emosional fikirlərini açıb ortaya çıxarır.

Tədqiqat konkret bir yazıçının sözdən istifadənin sistem xarakterini açıb göstərir. Bədii vasitələrin janr spesifikliyi, dramaturqun üslub təkamülü, semantik-üslubi qanunauyğunluqlar, ümumi semantik prinsiplər, dialoqların quruluşu və onların qanunauyğunluqları, sözün mənaca dəyişmə istiqamətləri və s. pyeslərin nitq materialına əsasən öyrənilir.



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə