Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə48/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   44   45   46   47   48   49   50   51   ...   78
Flora-Namazova-Dissertasiya

Yeyinti sözü. Nəcəf. Ağzından çıxmasın, yaxşı deyil, deyirlər, kolxozda böyük yeyinti var. Alı kişi. Elə şey olmaz. Uğur olan yerdə yeyinti? [53, c.2, s.275].

Saray sözü. Alxan. İndi bu daşları bir-birinin üstünə qoyduqca fikir edirəm ki, əlli-altmış il sonra mənim də nəvə-nəticəm bu mədəniyyət sarayına baxa­caq...[53, c.2, s.276].

Mərkəz sözü. Rayon mənasında işlədilib. Məs.: Kolxozçu (gəlir) – Yoldaş sədr, mərkəzdən gələn var, sizi görmək istəyir [53, c.2, s.277].

Material sözü. Ərizə, məlumat mənasında: Uğur. Bir ayrısı material verir ki, “Uğur kolxozu dağıdır” [53, c.2, s.280].

El sözü. Camaaat mənasında: Ballı. Elin ağzını yummaq olmaz, bala. İndi mənim oğluma el oğrusu desinlər? [49, c.2, s.196].

Kağız sözü. Sənəd mənasında. Niyaz. Satdığın yerlərin hamısından bizdə kağız var...[53, c.2, s.298]; məktub mənasında: Rayon soveti sədri. Bədəl kişi, oğlun kağız yazırmı? [53, c.2, s.301].

Təhkimçi sözü. Tarixən işlənən bu söz sovet dövründə mənasını dəyişərək, briqadaya təhkim olunan işçi mənasında işlənmişdir. Məs.:

Uğur. Xanmuradın şəhərdən gətirdiyi çarpayılarda təkcə rayondan gələn təhkimçilər deyil, onun anası Pəri də yatsın [53, c.2, s.253].

İ.Əfəndiyev bədii metaforalarının fərdi xarakteri özünün təkrarolunmaz assosiasiyası ilə fərqlənir. Metafora bəzən valehedici və gözlənilməz olmasa da, ancaq canlı danışıq nitqinin qanunlarına uyğun gəlir. İ.Əfəndiyevin dramlarının danışıq-nitq üslubu onun üçün adi olan obrazlı sözişlətmələrini və ümumxalq adətlərinin bir-birinə sıx bağlanmasını gücləndirir. Surətin fərdi həqiqiliyi təkcə təkrarolunmaz söz çalarlarında deyil, həm də onun əsərlərinin orijinal məzmuna malik olmasındadır.

İlyas Əfəndiyevin dramaturgiyasında fərdi keyfiyyətlər, ilk növbədə, söz yaradıcılığında özünü göstərir. Obraz və personajların nitqində bəzən hirslənmək məqamında sözün ədəbi dildə olmayan loru variantı işlədilir. Yazıçı dilin mövcud morfoloji göstəricisindən işlək olmayan qondarma söz düzəldir. Məsələn, dilimizdə «baz» şəkilçisinin quşbaz, arvadbaz düzəltmə formaları işlədilir. Amma “stolbaz”, “içkibaz” formaları personaj nitqinə yol taparaq bir şeyə həddən artıq aludə olmaq xarakterini göstərir. Məs.:

Dilşad xanım – Mənim yeznəmin heç bir təqsiri yoxdur!.. Bu Cahangir kimi stolbazların özlərini gözə dürtmək üçün düzəltdikləri fitnədir! [49, c.2, s.281].

Fərdiləşdirmə surətin nitqində eyni söz və ifadənin tez-tez işlədilməsi əlaməti də sayıla bilər. Məsələn, Xuduşun nitqində “amanın bir günüdür”, “bir dəli şeytan deyir”, “kişinin qulağını yaman doldurmuş” və s. ifadələrdən istifadə olunur:



Xuduş. Amanın bir günüdür, Dilşad xanım, ölmüşük, bizi yerdən götürün; Amanın bir günüdür, Dilşad xanım, belə fürsət ələ düşməz; Amanın bir günüdür, bu sözü burda dedin, bir də heç yerdə demə! [54, s.28].

Bu ifadə Xuduşun xarakterini, onun yaltaqlığını göstərir, tutduğu haqsız işlərin, cinayət element­lərinin ört-basdır edilməsi vasitəsi kimi diqqəti cəlb edir. İlyas Əfəndiyev hər surəti öz dilində, əqidəsində danışdırır.

Dramlarda nitqi fərdiləşdirən xüsusiyyətlər qabarıq görünür. Personajların ntqində eyni söz və ifadə təkrar olunur. Məsələn, “İntizar” dramında Gülyaz və Tofiq öz nitqində tez-tez “doğrudanmı” modal sözünü işlədir:

Gülyaz (ona diqqətlə baxır, acı-acı gülümsəyir). Doğrudanmı, sən elə düşünürsən?.. Doğru­danmı, şübhə bu qədər asanlıqla yarana bilərmiş... Doğrudanmı, insanın ən müqəddəs hisslərini bu qədər asanlıqla təhqir etmiş olarmış... Doğrudanmı, o məni sevirdi? [49, c.2, s.26];

Tofiq. Doğrudanmı, mən aldan­mışam?.. Doğrudanmı, sən onun xəyalından heç bir zaman ayrıla bilməyə­cəksən? [49, s.29].

Dramlardakı ayrı-ayrı obrazların dili, onların danışıq tərzi ən çox personajların fərdi keyfiyyətlər qazanmasına xidmət edir. Dram qəhrəmanları öz dili, nitqi, danışığı ilə bir-birindən fərqlənir. Fərdi danışıq vasitəsilə personajın mənəviyyatı açılır. Elə tiplər vardır ki, nitqində təhqiramiz sözlər, elələri də vardır ki, onların nitqində professionalizmlər, jarqonlar üstünlük təşkil edir.

Tipin mənəviyyatı öz danışığı ilə meydana çıxır. “Bizim qəribə taleyimiz” dramında Davudun mənəviyyatı onun replikalarındakı emosionallıqla və bədiiliklə seçilir. Onun danışığında həqiqət, həyat hadisələrinə, insanlara münasi­bətdə inam, düzgünlük, ədalət aparıcıdır:

Davud – Xanımlar və ağalar! Əgər biz həyatın ülviyyətini korlayan adamları cəzalandırmasaq, dünya pis günə qalar! [46, s.186].

Dialoqda obrazların nitqi fərdiləşir. Dramaturqun pyeslə­rindəki hər bir obraz özünəməxsus savad dərəcəsi, dünya­görüşü ilə seçilir. Yazıçı hər bir personajın danışıq tərzinə xüsusi diqqət yetirir və hər bir obrazı öz “qabiliyyəti” daxilində danışdırır. Bununla da nitqin tipikləşdirmə və fərdiləşdirmə imkanları genişlənir. “Bədii əsərdəki hadisələr, xarakterlər, obrazlar müxtəlif olduğu kimi, onun dilinin lüğəti də zəngin və tükənməz olur. Çünki hər bir hadisəni, xarakteri və vəziyyəti ifadə etmək üçün ən dəqiq və ifadəli sözləri seçmək lazımdır. Bu zaman dilin tipikləşdirmə, fərdiləş­dirmə imkanları və qüdrəti meydana çıxır” [138, s.15].

Tipikləşdirmə personajların nitqində canlı danışıq elementlərinin özünə yer etməsidir. Tipikləşdirmə və fərdiləşdirmə obrazın danışıq üslubu ilə də meydana çıxır. Məs.:

Zara – Atovun sexini televiziyada tərifləyirdilər… [46, s.213].

Tipikləşdirmə zamanı personajların fərdi nitq xüsusiyyətləri üzə çıxır. Dram əsərlərində personaj­ların nitqi üslubi boyalar yaradır və bir qayda olaraq, iki formada təqdim olunur: sırf ədəbi dil normalarına uyğun formada; danışıq dili elementlərini maksimum dərəcədə inikas etdirən formada. Bu təqdimatda personajın nitqi hərtərəfli üzə çıxır. “İlyas Əfəndiyev dramlarındakı personajlar biri-birini tanıdır, replikalarda müəyyən məlumatlar verilir, personajın müfəssəl ədəbi-bədii portreti yaradılır. Süjetin davamında da personajın xarakterik xüsusiyyətləri açılır. Nitq bu gedişdə başlıca rol oynayır. Personajı təkcə kənardakılar yox, öz nitqi, öz davranış və hərəkəti də təqdim edir. Bu nitqi bədii mətnlərin xüsusiyyətlərindən əsərlər yazmış tədqiqatçılar xarakteroloji məxsusi nitq adlandırırlar” [106, s.3].

İ.Əfəndiyevin dramlarında təsvir olunmuş insanların dili, hər şeydən əvvəl, onların fərdi xarakteri ilə əlaqələndirilir. Xarakter dilə keçir, onun xüsusiyyətlərini müəyyənləşdirir. Dil xarakterin bir hissəsi kimi təqdim olunur.

Personaj nitqi bədii əsərin ən zəngin nitq növü olmaq etibarilə nəqli, sual, nida və əmr cümlələri şəklində qurulur. Bu nitq monoloq, dialoq və poliloqdur, əsərdə personajın və ya personajların daxili və xarici nitqini əks etdirir, onların ətraf mühitə, ətrafda cərəyan edən hadisələrə və bir-birinə münasibətlərini açıb göstərir” [106, s.11].

İ.Əfəndiyevin dramları həyat materialına, real faktlara, insanlara – prototiplərə əsaslanaraq, onları obrazlı şəkildə təcəssüm etdirir, buna görə də dramlarda əksetdirmə, göstərmə, nəzərə çatdırma xüsusiyyətləri və prinsipləri başlıca rol oynayır.

Sözün mətnə inteqrasiyası ondan həm də personajın birbaşa və ya dolayısı ilə səciyyələndirilməsi üçün istifadə etməyə imkan verir. Müəyyən vokabulyarın təhki­yə­sinin toxumasına daxil edilməsi personajın sosial, zaman və məkan məxsusluğu haqqında siqnal verilməsinə səbəb olur. Belə bir mühitdə antroponim də personajın səciyyələn­dirilməsində iştirak etməklə əlavə üslubi nişan kəsb edir” [161, s.5]. Dramlardakı xüsusi adlar obrazları diskretikləşdirir, yəni onları fərqləndirir.

L.Tolstoya görə, “ayrı-ayrı dram əsərlərinin ən naqis cəhəti ondadır ki, burada hər kəs eyni cür uzun danışır və hamı da danışana diqqətlə qulaq asır. Əslində isə danışıq nitqi tamamilə başqa cür qurulur. Gərək hamı danışsın. Müəllifin sənətkarlığı da elə bununla müəyyən edilir. Eyni zamanda, danışanın nitqi canlı danışıq nitqinə maksimum dərəcədə yaxınlaşdırılmalıdır” [187, s.10-11].

Dram əsərlərini üslub baxımından zənginləşdirən amillər rəngarəngdir. “Bədii əsərlərdə yazıçının sözlərdən istifadə etmək imkanı daha genişdir, çünki bədii əsərlərdə müxtəlif xarakterli hadisələr, səciyyəli surətlər və s. vardır. Bədii əsərlərdə surətlərin hamısını eyni qaydada danışdırmaq mümkün deyildir. Hər surətin özünə aid mizanı vardır... Bədii əsərdə sözün üslubi vəzifəsini, sözdən necə, nə məqsədlə yazıçı tərəfindən istifadə edilməsini öyrənmək üçün bu sözləri müəyyən qruplar üzrə sistemləşdirmək zəruridir” [24, s.50-51]. Məsələn, personajların nitqində ümumiləşdirici sözlərdən istifadə olunur:



Sürəyya. Bəli mən onu qısqanıram...Yerin çiçəklərindən, göyün ulduzlarından – hər şeydən, hər şeydən qısqanıram... [49, c.2, s.27].

Beləliklə, tədqiqat göstərir ki, İlyas Əfəndiyevin yaratdığı obraz və personajların dilindəki bədii ümumiləş­dirmə və fərdiləşdirmə onun dram dilinin spesifikliyinin mühüm təzahürlərindən biridir.



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə