Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə59/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   55   56   57   58   59   60   61   62   ...   78
Flora-Namazova-Dissertasiya

Cəmil – Özün bilirsən ki, bu, mənim çoxdankı arzumdur. Ancaq Samir başqasını sevir. Zara – Kimi? Davakar Qədirin qızı Nərgizi? [46, s.177]; Rəhmanzadə – Bəs səni kim böyütdü? Kamran – Camaat. Yaxşı insanlar [46, s.181].

Personaj verdiyi suala özü cavab verir: Qambay. Demək istəyirsən ki, tapançanı alıb özümü vurmazdımmı? Yox, vurmazdım [55, c.2, s.43].

Replikalarda paralinqvistik vasitələrdən istifadə olunur. Mimika və jestlər belə vasitələrdəndir. Məsələn, dialoqun cavabları baş hərəkəti ilə icra olunur və mötərizə içərisində verilir. Midhət. Təzə götürdüyünüz tuflilər yaxşı satılırmı? Rahilə (başı ilə təsdiq edir) [55, c.2, s.376].

İlyas Əfəndiyevin qurduğu dialoqların struktur-məzmun tutumu çox əhatəlidir.

1. Dialoqun cavab replikası məzmunca yəqinlik ifadə edir: Mehrican – İldırım Atayev onu çoxmu sevirdi? Reyhan – Yəqin ki, çox sevirdi (AA, s.16)

2. Dialoq səbəb məzmunu üzərində qurulur: Mehrican – İbrahim Atayevin ardınca baxaraq, həyəcanla: Nə üçün onun səadətinə mane olurlar? Reyhan – Çünki analığına belə lazım idi (AA, s.16).

3. Dialoqun cütlükləri razılıq mənasını ifadə edir: Reyhan – Biz üçümüz də həmişə bir yerdə olacağıq. Cahangir. Həmişə! (AA, s.17).

4. Dialoqun replikalarında arzu, istək mənası ifadə olunur: Reyhan (pianinonun qabağında duraraq). Nə çalım? Şahsuvarov – Ürəyin nə istəyirsə (AA, s.19).

5. Dialoqun cavabında soruşulan məlumatların səbəbi müəmmalı, gizli qalır: Məs.: İldırım Atayev (gəlir). İndi buradan çıxanlar tikinti təchizatı idarəsinin işçiləri deyildilərmi? Dilşad – Bəli, onlar idi. İldırım Atayev - Niyə gəlmişdilər? Dilşad - Heç…elə-belə… (AA, s.29).

6. Dialoqda suala sualla cavab verilir: İldırım Atayev – Onların buraya gəlib-gəlməmələrindən Xosrovun xəbəri varmı? Dilşad – Kimlərin? İldırım Atayev – Sadıqovun… Xuduşun… Ağasəlimin… (AA, s.29).

7. Dialoqun sual hissəsindəki xəbər cavab hissəsində ya təsdiq, ya da inkar edilir: İldırım Atayev – Bəlkə onların böyük bir cinayətdə ittiham edildiklərini bilmirsiniz? Dilşad – Bilirəm (AA, s.29).

8. Dialoqun cavabında sualdakı üzvün bir hissəsi işlənir: Xosrov Atayev - Bu gün tikinti işləri ilə tanış ola bildinmi? İldırım Atayev - Oldum (AA, s.30).

9. Dialoqda sual sual ardınca verilir: Cahangir – Bəlkə o, özü sizi bura göndərib? Bəlkə siz onu doğru yola qaytarmaq, öz həyatınızı yenidən qurmaq istəyirsiniz? Bəlkə siz ona acıyırsınız? (AA, s.49).

10. Dialoqun cavab replikası zaman məzmunludur. Məs.: İldırım Atayev – Ümid edirəm ki, məni pislikdə xatırlamayacaqsınız? Mehrican – Heç bir zaman (AA, s.65).

11. Sual dialoqun əvvəlki replikasındakı fikirdən doğur. Məs.: Şahsuvarov (Sadıqova) Sən də qəribə adamsan. Nə olar adam adamın evinə gələr də. Sadıqov –Nə münasibətlə? Mən ona demişdim? (AA, s.5).

12. Sual cümləsi dialoji nitqdə intonasiyanın köməyi ilə düzəlir. Məs.: Lətafət. Siz Sadıqova kömək etmək istəyirsiniz? (AA, s.50).

13. Dialoqun sual replikasında “yoxsa” sözü çox işlənir: Reyhan – Yoxsa mən sizin xətrinizə dəydim? Cavabda təkrarlanır: Şahsuvarov. Xətrinə dəyəndə nə olar? (AA, s.18).

14. Dialoqun ayrı-ayrı replikalarındakı modal sözlər modal mənaların, münasibətlərin ifadəsinə xidmət göstərir. Məs.: Mehrican. Yəqin ki, burada hər şey sizə keçmişləri xatırladacaq. İldırım Atayev. Demək, Mehrican xanımın çəkdiyi layihələri Reyhan həyata keçirir. İldırım Atayev. Ümumiyyətlə, üslubunuzdakı genişlik, sərbəstlik, sadə, lakin gözəl olmaq cəhdi mənə xüsusi xoş gəldi (AA, s.16).

15. Dialoqun sual replikasında “ki” ədatının da tez-tez işləndiyinin şahidi oluruq. Məs.: Şahsuvarov. Salamlar… Mən söhbətinizə mane olmadım ki? Reyhan. Xeyr (AA, s.18).

16. Dialoq korrelyativ elementlərdən qurulur: 1) hara­dan-buradan qarşılığı: Mehrican. Yaxşı, bəs, məsələnin kökü haradan qalxmışdı? Reyhan. Buradan. Bizim bu evimizdən! (AA, s.15)

17. Dialoqun cavabı yarımçıq cümlələrdən ibarət olur. Məs.: Reyhan. Əmi, bu qədər işlədin, yorulmadın? İldırım Atayev (gülümsəyir). Yorulana nə lazımdır? Reyhan (eyni zarafatla). Bir stəkan ətirli çay (AA, s.16); Mehrican. İndi ərdədir? Reyhan. Deyirlər ərdədir (AA, s.15). Bu dialoqun cavab cümləsi qeyri-müəyyən təktərkibli cümlə tipindədir.

18. Dialoqda elliptik cümlələr müxtəlif ekspressiyaları təmin edir. Məs.: Alqış ekspressiyası: İldırım Atayev. Afərin! Reyhan. Bu dəqiqə (o biri otağa qaçır) (AA, s.16); Xosrov Atayev. Deyirlər, İldırım gəlib, bəs hanı? Reyhan. Bu saat, ata… (AA, s.22); Xosrov Atayev. Gərək məni bağışlayasan, İldırımın gəldiyini eşidib evə tələsdiyi üçün sənə hədiyyə ala bilmədim. Sabah mütləq! (AA, s.24). Alqış və qarğış ekspressiyalı elliptik cümlələr geniş yayılıb: Ağasəlim. Yaxşı oğlanlara can qurban! Ağasəlim. Mərdimazara lənət! Xuduş. Min lənət! (AA, s.36).

19. Dialoji şəraitdə cümlələr təkrarlana bilir: Reyhan. İldırım əmim gəlir!…İldırım əmim gəlir! (Sevinmək məqamında) (AA, s.14).

20. Dialoqlarda kəsilən cümlələr çoxluq təşkil edir. Mehrican (fikirli). İndi mən sizə gələndə İldırım Atayev bağçasındakı böyük yasəmən ağacının dibini boşaldırdı. Özü də elə qəmgin idi ki… (AA, s.14); Mehrican. Evinizdə nə qalmır ki? Mədəni bir ailə üçün nə lazımdırsa, hamısı varınızdır. Dilşad. Var, əlbəttə, var. Ancaq…(qısa pauza) (AA, s.9); İldırım Atayev. Ancaq mənə elə gəlir ki, naxışların ümumi ahəngi bir az da ciddi olsaydı…(AA, s.17); Şahsuvarov. Atayevin bu işə qarışması mütləq vacibdir. Əgər Sadıqov dolaşsa… (AA, s.20).

Dialoqun cavab replikalarını əhatə edən söz və fikir tutumu, onların strukturu, növləri, silsiləsi və s. cəhətlərdən İlyas Əfəndiyevin dram dilinin zənginliyi araşdırma üçün material verir. Ümumən, yazıçının dram dilinin ifadə imkanları dialoqlar vasitəsilə çox zənginləşmişdir. Dialoqların həm sual, həm cavab hissələri xüsusi cəhətdən formalaşmış cümlə sisteminə malikdir. Bu sistemdə danışıq dilinin təzahürü bütövlükdə görünür. Bu dilin imkanlarını genişləndirən hər cür cümlə tipi obraz və personaj nitqinin əsasında dayanır, insanlar, ilk növbədə, məhz həmsöhbət olmaqla bir-birinə fikirlərini ifadə edir, ünsiyyət saxlaya bilirlər.

Dram əsərlərində müəllif remarkaları da əsas yer tutur. “Bütöv dram əsərlərinin linqvistik təhlili başqa janrlara nisbətən çoxsahəlidir. Çünki burada bir-birindən fərqlənən müxtəlif təhlil obyektləri mövcuddur. Həmin obyektləri belə təsəv­vür etmək olar: 1) remarkalar; 2) dialoqlar; 3) monoloqlar; 4) ad və familiyalar” [99, s.102]. Bu anlayışlar səhnə əsərlərində dramaturqun öz nitqini də əks etdirir. Remarkalar dramatik əsərlərdə iştirak edən şəxslərin zahiri görkəmi, yaşı, səhnəyə gəlməsi və getməsi, davranışı, hissləri, hərəkətləri, tələffüzü, səhnədəki vəziyyət və s. haqqında müəllifin verdiyi izahatdır. İ.Əfəndiyevin hər bir dram əsərində remarkaların özünəməxsus xüsusiyyətləri vardır. Xüsusən də leksik və sintaktik xüsusiyyətlər diqqəti daha çox cəlb edir.

Remarkalarda surətin zahiri görkəmi və digər xarakterik əlamətləri (yaşı, xasiyyəti və s.) təsvir olunur: Dilşad xanım daxil olur. Bu, qırx yaşında, ucaboylu, moda ilə geyinmiş gözəl bir qadındır[53, c.2, s.311]; Lətafət daxil olur. Bu, iyirmi dörd yaşında gözəl bir qadındır. Barmaqlarında brilyant üzüklər parlayır. Üzündə əsəbi, soyuq bir ifadə var. Qızları görərkən qaşlarını çatıb daha məğrur bir körkəm alır [53, c.2, s.310]; Ağasəlim isə otuz beş yaşında, uzun, yekəpər bir adamdır. Üzündə nadan və davakar bir ifadə var. Sözü gec başa düşəndir [53, c.2, s.313].

Remarkaların sintaktik xüsusiyyətlərindən biri “baxmayaraq” xüsusləş­məsinə geniş yer ayrılmasıdır: Ziyad Şahsuvarov gəlir. Özünü çox sadə və nəzakətli aparmağa çalışmamasına baxmayaraq, gözlərində daima şüşə parıltısı kimi soyuq ifadə var [53, c.2, s.320].

Qeyd olunduğu kimi, dramaturgiya dilini fərqləndirən başlıca əlamətlərdən biri də müəllifin remarka nitqidir. Dramaturq remarkalar vasitəsilə pyesin və orada qoyulan məsələlərin bir sıra tələblərini həyata keçirir. O, remarka ilə dramdakı pərdələrin mənzərəsini təsvir edir. Remarkalar müəllifin öz təhkiyəsini, öz nitqini əks etdirir. “Atayevlər ailəsi” dramının müəllif remarkası belə başlayır: Atayevin evi. Reyhan piano çalır. Mehrican daxil olur. Dayanıb dinləyir. Reyhan çevrilib ona baxaraq gülümsəyir... Nəhayət son akkordu vuraraq dərin nəfəs alır. Üzündə xoşbəxt bir ifadə duyulur”.

Bu, müəllifin qısa haşiyəsidir. Bu remarka, həm də dinamikasına görə fərqlənir. Obraz və personajların bundan sonra başlanan nitqi həmin remarkanın məzmunu ilə səsləşir: Mehrican. Qəribədir, həmişə mənim ürəyim dolu olanda gəlib görürəm sən bu mahnını çalırsan. Reyhan. Biz bu mahnıya ilk dəfə Cahangirlə birlikdə qulaq asmışıq. O gecə institutumuzda konsert vardı. O da bacısı ilə konsertə gəlmişdi. Biz birinci dəfə idi ki, bir-birimizi görürdük. Bacısı məni onunla tanış etdi... (AA, s.309).

Müəllif remarkaları dram əsəri mətninin spesifik komponentidir və virtual element kimi səhnə mətninin komponentləri funksiyasını yerinə yetirir, mətni tamamlayır. Dram əsərinin dilini öyrənərkən müəllif remarkalarını nəzərdən qaçırmaq düzgün olmaz.

Tədqiqat əsərlərində müəllif remarkaları funksional cəhətdən bu cür xarakterizə olunur: 1.Müəllif remarkası yazılı dram mətnində işlədilən spesifik müəllif nitqidir; 2. Müəllif remarkası dram əsərinin səhnədə səsləndirilməyən dispozitiv parçasıdır və bu baxımdan imperativ personaj nitqinə dixotomiya təşkil edir; 3. Müəllif remarkası tamaşaçıya münasibətdə dispozitiv olsa da, yaradıcı qrupa münasibətdə imperativ normadır; 4. Müəllif remarkası müəllifin yaradıcılıq “laboratoriyasını”, onun səhnə qurmaq bacarığını əks etdirir [34].

İ.Əfəndiyevin dramlarında remarkalar bir sıra funksiyaları yerinə yetirir. Remarkalar vasitəsilə yazıçı obrazların hərəkətinə, davranışına, nitqin formasına, sürətinə, tərzinə və s. dair göstərişlər verir.

Remarkalar leksik və sintaktik xüsusiyyətlərə malikdir. Dramaturq yarımçıq cümlələrdən istifadə etməklə remarkaların dilinin ağırlaşmasına imkan verməməlidir. Yarımçıq cümlələr əsərin məzmunu və ideyasının dərk edilməsində əsas rola malikdir. Məsələn: Sədəf (gülərək). Burada müəllif remarkasından sonra demək feili xəbəri buraxılmışdır. Həmin yarımçıq cümlə həm də emosional səslənir. Turac (səhnə arxasından), Turac (əlində kağız), Uğur (fikirli), Uğur (gülümsəyərək) və s. mötərizə içərisindəki remarkalarda feili xəbər buraxılmışdır.

Remarkalarda feili xəbərlər indiki zamanla ifadə olunur. Məs.: Ballı (daxil olub təəccüblə adamlara baxır). Nə olub, niyə boy-boya veribsiniz? (Uğur həyəcan içində gülümsəyir. Ballı gözünü adamlara gəzdirərək birdən Uğuru görür) [53, c.2, s.250].

Dialoq nitqində söz sırası. Söz sırası cümlədə daha tam kommunikativlik və informativliyə xidmət göstərən amildir. “Cümlə quruluşunda özünə müəyyən mövqe tutan yeni məlumat kommunikativ aktın psixologiyasına uyğun olaraq şüurlu surətdə cümlənin sonuna doğru yerləşdirilir. Belə olarakən təbii ki, cümlədə söz sırasının subyektiv təzahürü meydana çıxır və söz sırasının cümlədə təbii, obyektiv axarı pozulur” [8, s.99]. Bu zaman hər hansı üzv daha qabarıq nəzərə çarpdırılır.

Adətən, xəbər cümlənin əvvəlinə gəlir: Şahsuvarov. Görmürsünüz qanmazın biridir? [53, c.2, s.341]. Sadıqov. Yanasan, dünya! [53, c.2, s.342].

Məlumdur ki, nitq prosesində inversiya hadisəsinin müxtəlifliyi hər bir dilin daxili quruluşu ilə müəyyənləş­dirilir. Azərbaycan dilində frazeoloji ifadələri təşkil edən komponentlərin bir-birindən maksimum kənarlaşdırılması mümkün olan haldır. İ.Əfəndiyevin personajları danışan zaman fikrin ən vacib komponentlərini ayırıb fərqləndir­məyə çalışır. Bu zaman inversiya hadisəsi yaranır. Məs.: Ağasəlim – Ölmüşdü Ağasəlim! [53, c.2, s.272]; Haradadır Şahsuvarov! [53, c.2, s.265]; Şəfəq. Sevirəm sizin kəndin bu coşqun çeşmələrini [53, c.2, s.289].

Adətən, xitablar cümlənin əvvəlində işlənir: Turac (əlində kağız gəlir). Sədəf, bu şeiri də buraxırıq? [53, c.2, s.250]; Alxan (daxil olur). Hə, qızlar, nə var, yenə su cüllütü kimi bir-birinizdən ayrılmırsınız? [53, c.2, s.251]. Xitablar cümlənin sonunda da işlənir: Sədəf. O günləri yadıma salma, Uğur [53, c.2, s.25]. Uğur. Siz heç bir şeydən narahat olmayın, yoldaş katib [53, c.2, s.257].


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə