Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə57/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   53   54   55   56   57   58   59   60   ...   78
Flora-Namazova-Dissertasiya

Alxan. ...bu binada, bu qızıl naxışlarda mənim də ruhumdan bir parça yaşayır [53, c.2, s.276];

Niyaz. Sən bu sirli kitabı bir dəfə də olsun açıb baxsaydın, onun qızıl sətirləri arasında hələ də gizlənib qalmış bəzi qara ləkələr görərdin və bu ləkələr səni hər şeydən çox narahat edərdi [53, c.2, s.282];

Nəcəf. İndi də deyirsən “get “Qızıl qaya”da qaya partlat [53, c.2, s.283];

Uğur. Mən dövlət ona deyirəm ki, qızıl zəmilər dərya kimi dalğa vurub həyatı öz ağuşuna alsın! [53, c.2, s.253];

Aynur – Biz yalançı ağalara zövq vermək üçün qızıl qəfəslərə salınmış quşlar kimiyik [46, s.100];

Şahsuvarov. Yox, əzizim. Mən səadəti sənin qızıl saçlarında axtaran axmaqlardan deyiləm! [53, c.2, s.344].

Qızıl sözü xasiyyət mənasında istifadə olunur. Məs.:

Mədəd. Siz öləsiniz, bizim o dəli inək bizi lap yığıb bura...

Narıngül. A kişi, dəli niyə olur? Qızıl kimi heyvandır...[53, c.2, s.302];

Uğur. Bax bu zaman həyətyanı təsərrüfat da, qızıl inək də Ballı arvad üçün artıq yükdən başqa bir şey olmasın! [53, c.2, s.253].

Yaralı sözü, adətən, hər hansı bir canlıya (insana, heyvana, quşa və s.) aid edilir. Amma dramaturq “Şeyx Xiyabani” dramında bu sözün məcazilik imkanlarından istifadə edərək Azərbaycanın üzərinə köçürmüşdür:

Şeyx Xiyabani – Şah generalları bu yaralı Azərbaycan torpağı üzərində dar ağacı qurdurub, igid azadlıq fədailərini boğazından asanda, siz Müctəhid Ağayi Əbdürrəhim ağa həmin generalların məclislərinin yuxarı başında əyləşərdiz [46, s.124].

Metaforların bir qismi dramaturqun özü tərəfindən, yaxud onun obrazı tərəfindən işlədilir. Belələri fərdi-üslubi və ya müəllif metaforaları adlanır. Üslubi metaforalar dialoji nitqin replikalarını daha da əlvanlaşdırır, perso­najların nitqini zənginləşdirir, bədii mətni, dialoji nitqi gözəlləşdirir.

Epitetdən istifadə. Yazıçı epitetlərdən ayrı-ayrı pesonaj­lara xas olan mənfi və ya müsbət keyfiyyətləri açmaq üçün istifadə edir. “Soyuq” sifəti epitet yaradıcılığında fəal iştirak edən sözlərdəndir. Məs.: soyuq təbəssüm, soyuq qarşılama, soyuq zarafat, soyuq əzəmət (“Bahar suları”nda). Bunların bəziləri mötərizə içərisində verilən müəllif təhkiyəsində işlədilmişdir. Məs.:

Ballı (soyuq bir əzəmətlə), Şofer (Çıxır. Ananın onu soyuq qarşılamasından hələ də özünə gəlməyən Şəfəq fikirli halda saçlarını düzəldir).

Epitet bənzətmə xarakterlidir: Reyhan. İndisə daş-qaşa tutulmuş buz heykələ bənzəyir [53, c.2, s.310].

Bənzətmə və müqayisələrdən istifadə. Məcazlaşmanın bu növləri də qeyd edilən funksiyanı fəal yerinə yetirir. Məs.: Ziyad Şahsuvarovun xarakterinin açılma­sında “gözlərində daim şüşə parıltısı kimi soyuq bir ifadə” bənzətməsi işlədilir (AA, s.18).

Surət və tiplərin nitqində gödək, yoğun, hiyləgər, donqar, qorxaq sözlərindən və “sifəti qırmızı bu kişi”, “əzgil qurusu kimi arıq”, “ovurdları batıq”, “ayıq qaz kimi, qulağı həmişə səsdə”, “uzun yekəpər”, “üzündə davakar bir ifadə” və s. bənzətmələr “Atayevlər ailəsi” dramında Sadıq Sadıqova, Xuduş və Ağasəlimə aiddir. Xarakterlərin açılmasında adi bir söz də kifayət edir. Həmin söz perso­najın nitqində tez-tez işlədilir. Məsələn, “Atayevlər ailəsi” dramında Ağasəlim “canım” sözünü hər kəlməbaşı işlədir; cümlə bu sözlə başlanır:



Canım, ispalkom deyirsən bura­da, ministr deyirsən burada, müstəntiq deyirsən burada… (AA, s.27).

Dramaturq “Bahar suları” dramında kolxoz sədri Alxanın nitqində məqsə­dəuyğun şəkildə müqayisədən istifadə etmişdir. Bu da təsadüfi deyil. Kolxozun sədri əməkçilərlə dil tapmaq üçün müsbət və mənfi mənada onları bir-biri ilə müqayisə edir, haqqı nahaqdan fərqləndirir. Məs.:



Alxan. Sən haqlısan. Yoxdur, yox! Qartal kimi yüksəlmək, göylərə cövlan eləmək, fələyə qədər qalxmaq istəyirsən! Ancaq nə edəsən ki, qanadı qırıq quş kimi çırpınıb yerində qalırsan! [53, c.2, s.254].

Obrazların nitqində işlənmiş bənzətmələr orijinaldır:



Mila – Sənə “ürək çalan Canik” deyirlər. Əsrimizin don­juanı­san.

Canik – Neyçün heylə deyirsən? İnsafın olsun, zalım qızının gözləri elə bir okeandır! [46, s.171].

İ.Əfən­diyev məcazların özünəməxsus növlərindən dramatur­giyasında ustalıqla istifadə etmişdir.

Bir surətin o biri ilə münasibətində müqayisədən isti­fadə:

Qulu. Doğru deyirəm də! Sən porsuq kimi səhər­dən axşamacan özünü ora-bura soxursan [53, c.2, s.271].

Nəcəf. Sən qatır kimi bir şeysən [53, c.2, s.271].

Mədəd. Sədr, sən o başın, mənim sahəm bir bəzəkli gəlinə oxşayır, ya yox?

Uğur (gülümsəyir). Bəzəkli gəlinə oxşasa alağı çox olar, Mədəd kişi...Sən çalış, sadə gəlinə oxşasın [53, c.2, s.294].

Müqayisələrlə dramaturq hadisəni daha bədii şəkildə izah edir, onun başqa hadisələrdən fərqli cəhətini göstərir. Bununla da həmin hadisədəki əsas əlaməti diqqətə çatdırmaq istəyir. Müqayisə zamanı bənzətmə obyektinin xarakter keyfiyyəti, əlaməti daha qabarıq şəkildə açılır. Çox zaman müqayisədə bənzədilən obyektlər vasitəsilə personajın daxili aləmi daha çox yadda qalır.

İ.Əfəndiyevin yaratdığı obraz və personajlar nitq şəraitində müqayisələrdən çox istifadə edirlər. Məsələn, “İntizar” pyesinin personajı Alxas bəy “Sizə dünya bəzəkli bir gəlin kimi görünür... [53, c.2, s.15], Gülyaz “suda boğulan bir adam saman çöpünə əl atan kimi” və s. müqayisələr edir. Dramlardakı xarakterlərin açılmasında bənzətmə və müqayisələrin rolu çox böyükdür:

Gövhər. Elə, qızım?.. Cavanlıq da bizim yaylaqların yazı kimidi... Bir də görürsən hava qaraldı, göy kişnədi... Sonra da görürsən dağların başında bulud parçalandı, günəş güldü...[49, c.2, s.9];

Gövhər. Eh...Ay Alxas...keçmə sənin bu xüsusiy­yətindən. Bir söz qoparınca, dağ-daş dilə gəlir... [49, c.2, s.10];

Qambay. Dağlar yoruldu, daşlar yoruldu...İnsanlar yorulmadı [49, c.2, s.21];

Şahsuvarov – Danışığın tonu buz kimi soyuqdur! Atayev kimi güclü bir arxa! [49, c.2, s.268-269];

Nargilə. Elə zülm var ki, döymək onun yanında muştuluqdur. Bir cüt ağarmış göz buz kimi soyuq, iyrənc baxışları ilə məni gündə yüz dəfə təhqir edirdi [49, c.2, s.316];

Şəfəq – Bayırda külək ac canavar kimi ulayır [49, c.2, s.190];

Musik – Doğrusu Davud müəllim elə bil aydan gəlib [46, s.174].

Dialoqların dili remarkalardan fərqli olaraq, bədii ifadə vasitələri ilə çox zəngindir. Ziddiyyət və konfliktlər inkişaf etdikcə, yazıçı troplardan geniş şəkildə bəhrələnir. Məs.:



Dilşad xanım. Zaman yavaş-yavaş axan güclü bir çay kimi hər şeyi yuyub aparır [53, c.2, s.311].

Sinekdoxadan istifadə. Dramaturq əsərlərində sinekdoxanın da bir sıra formalarından istifadə etmişdir. Məs:



Kamran – Alış sənin otuz ildən bəri şişirdilmiş rəqəmlərlə xalqı, dövləti aldatdığını həmişə gözünün içinə deyib. Həmişə də Bakıdakı vəzifəli adam­la­rın səni müdafiə eləyib. Alışların şikayətinə isə bir qəpiklik əhəmiyyət verilməyib [46, s.190].

Sinekdoxanın bir növü şəxs adlarına cəm şəkilçisinin artırılması ilə əmələ gəlir. Yazıçı bu vasitə ilə tipik şəraiti ümumiləşdirir. Məs.:



Nargilə. Elə bil ki, mən onların hamısına – bütün o fərəclərə, dodiklərə ulduzların yanından baxırdım!; Mənim əsəblərimi siz fərəclər çeynəyib əldən salmısınız [49, c.2, s.321].

Mübaliğədən istifadə. Mübaligə hər hansı bir hadisənin və ya predmetin şişirdilmiş şəkildə təqdimidir. Məs.:



Xanmurad. Əminəvəsi, sən də yadında saxla ki, Xanmurad sənin bir kəlmə sözün üçün öz canından min dəfə keçməyə hazırdır! [53, c.2, s.274].

Alxan. Adə, on yeddi ildir biz Fərhad kimi külüng vurmuşuq! Bu çiyinlərimizdə dağlar qaldırmışıq [53, c.2, s.269].

Dramaturq obraz və personajların nitqini məqsəduyğun şəkildə şişirdə bilir. Bunun üçün mübaliğədən daha çox istifadə edir. Məs.:

Lətafət – Sənə yüz dəfə demişəm ki, şlyapanı elə qoyma [53, c.2, s.261];

Nəcəf – Dörd qızın dörd min də dərdi var [53, c.2, s.193];

Gülyaz. Səni hər görəndə mən min dəfə ölüb dirilirəm [53, c.2, s.41];

Alxas bəy. Hər dəqiqə bir il kimi keçir... [55, c.2, s.41];

Zeniş əmi (öz-özünə). Ax, gidi dünya, dağ da yerindən tərpənərmiş [55, c.2, s.42].

Surətlərin nitqində tez-tez “bu boyda iş” ifadəsi işlənir ki, bu da görülən işin daha çox olduğunu bildirir. Əslində bu ifadədə mübaliğə var. Məsələn, kolxoza yenicə sədr təyin edilmiş Uğur haqqında (“Bahar suları”nda) haqsız danışdıqları üçün Alı kişi Nəcəfə deyir: “Camaat deyir, sən niyə inanırsan? Görmürsən ki, Uğurun sədr olduğu heç altı ay deyil, amma kəndə girəndə adam məəttəl qalır. Bir yanda bu boyda iş görülür, o yanda hamam tikilir “[53, c.2, s.275].

Beləliklə, dramaturq bu və ya digər sözün metaforikləşmiş mənalarından obrazların xarakterinin açılmasında – mənəvi dünyasının, dünyabaxışının, fiziki vəziyyətinin təsvirində, ictimai mövqeyinin dəqiqləşdirilməsində və başqa məsələlərin izahında kifayət qədər yararlana bilir.

İ.Əfəndiyevin obrazlarının nitqində işlənən metaforikləşmiş vahidlər əsasında dialoji şəraitdə əlvan və poetik mənzərələr yaranır. Bu yolla dramaturqun əsas məqsədi meydana çıxır. Metaforalarsız dialoji mühitin ifadəliliyini duymaq çətindir, dram əsərinin məzmun və ideyasını şüurlu mənimsəmək şansı da bu yolla yaranır.




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə