Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə60/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   56   57   58   59   60   61   62   63   ...   78
Flora-Namazova-Dissertasiya

4.2. Dram dili və diskurs

Diskursun nəzəri məsələləri. Son illər bədii mətnlərin anlam və dərketmə aspektlərinin tədqiqi linqvistikada olduqca aktuallıq kəsb etməkdədir. Çünki bədii sistemi onun öz daxilindəki elementləri ilə tam araşdırıb dərk etmək mümkün deyil. Elə bir mərhələ gəlir ki, bədii dili araşdırmaq üçün başqa yeni səviyyələrə müraciət etmək zərurəti meydana çıxır. Bədii dili tam təfərrüatları ilə izah etmək üçün köhnə metodlardan əlavə, ilk növbədə, diskursiv təhlillərə müraciət etmək lazım gəlir.

Diskursiv təhlilin əsaslarını Amerika dilçiləri (Z.Hərris, C.Qrayms, R.Lokqeykr, T.Givon, U.Çeyf və b.) qoymuşlar. Müasir elmdə diskurs mürəkkəb hadisə kimi başa düşülür: diskurs kommunikasiya iştirakçıları, ümumi situasiya və mətn əsasında qurulur. Diskurs – (fr. Discours) ümumi mənada nitq, dil fəaliyyəti prosesidir. Diskurs çoxmənalı anlayışdır. Diskurs – nitq, fraza, jest, simvolik akt və s. mənalarda da istifadə olunur. Diskurs sözünün terminoloji mənası “danışanın nitqinin qavranılması, dərk edilməsi” deməkdir [171].

“Dilçilik ensiklopediyası”nın I cildində oxuyuruq: “Diskurs – alm. Diskurs (m), ing. Discourse / dısk :s/ , fr. Discurtion, azərb. Diskurs – 1) Amerikan-ingilis dilçiliyində mətnin müxtəlif aspektlərini bildirən əsas anlayış. Diskurs rabitəli danışıq (ing. Connected speech), söylənilən mətndir. Bu mənada diskurs formal qrammatik struktur kimi götürülən mətndən fərqlənir. Diskurs danışanın öz həmsöhbətinə yönələrək qurduğu koherent mətndir. Diskurs sosiomədəni kontekstdə interaktiv prosesin nəticəsidir; 2) Fəlsəfi mənada həqiqəti üzə çıxarmaq məqsədilə aparılan araşdırma. Ötən əsrin 70-ci illərində sosio-, psixo-, etnolinqvistika, koqnitiv elmdə, süni intelligent dil fəlsəfəsində, dil sosiologiyasında, ritorika və üslubiyyatda geniş tətbiq olunur” [37].

Müasir elm diskursa insanın praktik fəaliyyətinin adi, gündəlik həyat, məişət forması kimi baxır və onu mürəkkəb kommunikativ hadisə kimi təyin edir və bir çox ekstralinqvistik amillər (dünya haqqında məlum bilik, fikir, baxış, adresatın məqsədi, istiqaməti) diskursda anlaşılır, mətndə yerləşdirilir, mətnə daxil edilir. Diskursun bir sıra aspektləri var: 1) mətn əlaqəsi; 2) mətnin şifahi-danışıq forması; 3) dialoq; 4) söyləmin qrupları və s. Diskursun iki növü – şifahi və yazılı növləri mövcuddur. Söhbət, mükalimə həm şifahi, həm də yazılı nitqdə baş verir. Dram əsərləri yazılı nitqin örnəyi kimi özünü göstərir.

Mətndə müxtəlif səviyyəli nitq vahidlərinin funksional cəhətlərinin tədqiqi məsələsi dil fəaliyyətinin faktiki olaraq diskurs olmasına istiqamətləndirilmişdir. Bu baxımdan insan düşüncəsi dil bazasında inkişaf edərək nitqdə əks olunur; nitq, bəlli olduğu kimi, həm nitq fəaliyyətidir, həm də ekspressiv cəhətdən müxtəlif çalarlarda olan mətndir ki, bu da dilin diskursiv funksiyalarının təsirinin nəticəsi kimi ortaya çıxır.

T.A.Deyk yazır: “Diskurs – məqsədyönlü sosial fəaliyyət, insanlarla onların şüur mexanizmi arasındakı qarşılıqlı əlaqədə (koqnitiv proseslərdə) iştirak edən komponent kimi nəzərdən keçirilir. Diskurs təcrid edilmiş mətn və ya dialoq strukturu deyil, çünki onun çərçivəsində bir sıra funksiyalar (ritmik, referent, semantik, emosional-qiymətləndirmə və s.) yerinə yetirən nitqin paralinqvistik müşayiəti daha böyük əhəmiyyət qazanır. Diskurs – sosiomədəni qarşılıqlı əlaqənin mühüm tərkib hissəsidir” [182].

Nitq fəaliyyəti nəzəriyyəsi iki aspektə görə fərqlənir – şüur, yaxud diskursun meydana gəlməsi; dinləmə; mətnin qavranılması; analiz (təhlil); interpretasiya (şərh, izah). Bədii mətnlərin köhnə metodlarla təhlili nəticəsində onların ədəbiyyatşünaslıqla, linqvistika ilə bağlı məlum xüsusiyyətləri öyrənilmişdir. Dramatik diskurs problemi Azərbaycan dilçiliyində, dilimizin materialları əsasında, demək olar ki, tədqiq edilməmişdir. Yalnız M.F.Axundovdan sonrakı dövrlərə aid dram əsərləri, əsasən, dil və üslub istiqamətində araşdırılmışdır. Bu tipli araşdırmalarımız çoxdur. Bu gün bədii mətnləri diskursiv dərketmə, anlama ən vacib məsələ kimi qarşıda durur. Diskursiv anlama, dərketmə bədii mətnlərdə, xüsusən də dram əsərlərində interpretasiya (şərh) olunur.

Diskurs və dialoq anlayışları bir-birinə çox yaxındır. Diskurs – hər hansı kommunikativ aktdır. Bu akta iki fundamental sahə aiddir: 1) danışan (müəllif); 2) adresat. Ona görə də müəllif və adresat diskursun iştirakçılarıdır, bu qarşılaşdırma dialoq vasitəsilə gerçəkləşir.

Dialoq mətni və onun diskursları kommunikativ vahid kimi də çıxış edir. Hər bir bədii mətnə məxsus kommunikativ akt və onun komponentləri mövcuddur. Dialoq mətni geniş anlamda bütöv bir nitq məhsuludur. Nitq məhsulu kimi, mətn üçün gerçəklik - məna – ardıcıllıq xarakterikdir. Dialoji mətndə bu xüsusiyyət “gerçəklik – obraz – mətn” kimi seçilir. Bütün bunlar dram əsərlərində obyektiv reallıqlar və fantaziyanın, həqiqət və uydurmanın inikas edilməsindən ibarət birləşməni nümayiş etdirir. “Diskurs situasiyanın bir hissəsidir və bu yöndə bədii əsərlərdə nəzərdən keçirilir. Diskurs eyni zamanda həm dil fəaliyyəti prosesi, həm də onun nəticəsidir, nəticə isə elə mətnin özüdür” [193, s.307]. Diskursun bir sıra tipləri fərqləndirilir: situasiya, məqsəd, konseptlər, fon bilikləri. Diskurs tiplərinin bədii əsərlərdə öyrənilməsi onların çox qüvvətli praqmatik, koqnitiv, ideoloji və s. cəhətdən motivləşə bilməsini sübut edir. Dram əsərlərindəki iki obraz, iki personaj diskurs təşkil edir (iki insan – iki diskurs), onların söhbət və mühakimələri diskursa yol açır. İ.Əfəndiyevin pyeslərinin dili üzərində aparılan müşahidələr də göstərir ki, dramatik mətnlərdə həqiqət mühiti, anlayış mühiti və anlam mühiti kimi başlıca keyfiyyətlər aşkarlanır.

Dram mətnində xüsusi kommunikasiya forması kimi adresant, məlumat, adresat, şifrə, şifrələnmə, şifrələrin açılması və bu kimi elementlərin, həmçinin də mətnin informativləşmə səciyyəsinin, kommunikativlik əlamətinin, yazıçı, dramaturq ilə oxucunun, tamaşaçının qarşılıqlı münasibətinin öyrənilməsinə ciddi ehtiyac yaranır. “Belə mətnlərdə kommunikativ aspektin müxtəlif vasitələri – dramaturqun reallığa münasibəti birbaşa deyil, personajların dərk edilməsi prizmasından təyin olunur, dramaturq və oxucu, tamaşaçı ümumi kommunikantlar sayılır, kommunikativ aktın baş verməsi bədii əsərin mətnindən asılı olmayan bir sıra faktorlardan irəli gəlir” [181, s.85].

Dram əsərinin əsas məzmunu diskursiv təhlil yolu ilə də müəyyənləşir, aydınlaşır. Replikalarda (sual-cavab) dialoji vahidlərin zəngin struktur-semantik cəhətləri diskurs yolu ilə açılır. Dram dilinin təhlili bədii diskursa aiddir. Bədii diskurs insan fəaliyyətinin müxtəlif sferalarında kommunikativ situasiyanın durumu ilə tənzimlənir. Burada insanın, obrazın mental dünyası müxtəlif tip diskursların semantik əsaslarını meydana gətirir. Məs.: bədii diskurs, arqumentli diskurs, lirik diskurs, kişi diskursu, qadın diskursu və s.

Dram dialoqları arasında diskursiv əlaqə, rabitə mövcuddur. Bu əlaqələr müəyyən məlumatlarla yüklənib. Həmin məlumatlar kommunikativ məqsədə xidmət edir. Mətn dinamikləşir. Kommunukantın diskursiv fəaliyyət prosesi dialoq boyu canlanır.

Diskursun sintaktik təhlili “mətnin qrammatikası” da adlanır. Sintaktik təhlil zamanı qrammatik münasibətlər, mətnin daxili strukturu, mətni təşkil edən cümlələrin sintaktik qanunauyğunluqları, qrammatik vasitələr, söz sırasının funksional əlamətləri, deyksis hadisəsi, koheziyanın müxtəlif formaları və s. aşkarlanır.

Diskurs və dialoq mühiti. Diskursun tədqiqat mərkəzi dialoq mühitidir. Bu cür mətnlər adi danışıq və dram əsərləri üçün səciyyəvidir. Yəni diskurs problemini biz canlı danışıq, söhbət mətnləri və eləcə də hər hansı bir dram müəllifinin əsərləri əsasında da öyrənə bilərik. Bizim məqsədimiz İlyas Əfəndiyev dramlarının mətnləri əsasında diskurs problemini nəzərdən keçirməkdir.

Hazırda dram əsərlərinin linqvistik, sosial və ədəbiyyatşünaslıq cəhətdən təhlili artıq köhnəlmiş sayılır, indi həmin əsərlərin dilinə diskursiv təhlil mövqeyindən nəzər yetirilir və bu yöndə araşdırmalar aparılır. Qeyd edək ki, bu mühüm və maraqlı sahə XX əsrin son rübündə meydana çıxmış, bir sıra fundamental tədqiqatlar yaranmışdır. Bunlardan V.Germanın tədqiqatlarını xüsusilə göstərmək olar. V.German öz monoqrafiyasında dram əsərlərini obyekt seçərək həmin əsərləri diskursiv yanaşma ilə öyrənmişdir. Bu yanaşmada alim ilk dəfə olaraq “dramatik dialoq” terminoloji birləşməsini işlətmişdir. Əslində “dramatik dialoq” terminoloji birləşməsi ədəbiyyatşünas alim V.P.Tomaşevskiyə məxsusdur [bax: 213]. Bu o deməkdir ki, dialoqlar müxtəlif ola bilir, tədqiqatçı məhz dram əsərlərindəki dialoqları bu cür adlandıraraq onların linqvistik, sosioloji, psixoloji, koqnitiv və s. məqamlarını ortaya çıxara bilər.

İlyas Əfəndiyevin çoxsaylı dramlarının yeni metodlarla təhlilinə, demək olar ki, diqqət yetirilməmişdir. Dünya təcrübəsi də göstərir ki, indiki dövrdə dram dilinin diskurs təhlili çox vacibdir və bu təcrübəni müasir Azərbaycan dramaturgiya dilinə də tətbiq etmək lazım gəlir.

Dildaxili diskurslar İ.Əfəndiyevin dramlarında güclü assosiasiya yaradır. Dildaxili vahidlərə intralinqvistik vahidlər də deyilir. Assosiasiya eyni personajın nitqindəki müxtəlif fikirləri səsləndirən bir neçə cümlə arasında baş verir. Məsələn, İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” pyesində Hacıqulu adlı bir personajın nitqini bir neçə diskursa ayırmaq olar, həmin parçalar bir-biri ilə güclü əlaqə-assosiasiya yarada bilmişdir:




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə