Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə61/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   57   58   59   60   61   62   63   64   ...   78
Flora-Namazova-Dissertasiya

Hacıqulu. Bacıoğlu, mənim on beş min qoyunum var idi. Yüz dəvəm, beş yüz də atım var idi. Hamısını atalarının malı kimi yığıb apardılar. (I diskurs). Qış keçdi, yazda camaat qoyun-quzu otarmaq üçün Haramı düzünə köçürdü. Əlli il idi ki, hər yaz mən də elə bir yerdə Haramıya köçürdüm. İndi dan yeri qızaranda, oba köçəndə, ürəyim kövrəldi, keçmiş çoban yoldaşım Mustafa oğlunu səsləyib dedim: ə, Haramıya de ki, tay Hacıqulu gəlmədi. O da cavabında dedi ki, ay Hacı, ürəyimi yaman kövrəltdin! Sənsiz tay Haramı nəyə lazımdır? (II diskurs). Qonşumuzda Şirin adlı bir gədəni muzdurkom deyirlər, nə deyirlər, ondan eləyiblər. Gedib enkevedeyə xəbər verib ki, “Hacıqulu kolkozun ziddinədir. Dövlətinin kolxoza qoyulmasına görə hökuməti söyür. Mustafa kimi yoxsulları yoldan çıxarır”. (III diskurs). Əşi, bu dünyada insana yaxşılıq yoxdur! O Şirin özü də, atası da, qohum-əqrəbası da eyzən mənim çörəyimlə, südümlə, ayranımla dolanıblar. Bəs, insan da bu qədər nankor olar? (IV diskurs) [54, c.2, s. 263].

Diskurs və informasiya mübadiləsi. Qeyd edək ki, diskursda iştirak edənlər arasında informasiya mübadiləsi canlı bir prosesi xatırladır. Bu cür nitq aktının beş əsas komponenti fərqləndirilir: adresant, adresat, əlaqə, referent, kod.

S.Məmmədova yazır ki, diskursda informasiya ötürülür və digəri tərəfindən qəbul olunur. İnformasiyanın ötürülməsi birtərəfli səciyyə daşıyır. İnformasiyanı qəbul edən tərəfin bununla bağlı cavab reaksiyası ikinci nitq aktıdır. Diskursu müəyyən məkanda gerçəkləşdirən tərəf adresant adlanır. Ona ünvanlanmış nitq aktını qəbul edən tərəf adresatdır. Kommunikasiya prosesində adresat və adresant nitq aktına görə, yəni mübadilə prosesində əvəzlənir. Adresant adresata və əksinə, adresat adresanta çevrilir. Bu cəhət sual-cavab tipli dioloji nitqlərdə daha çox müşahidə olunur [105, s.8].

Adresantın və adresatın kommunikasiya rolu dialoji mətndə aşağıdakı kimi də xarakterizə olunur: A-adresant – bu, dramaturqun real fiqurudur, V-adresat – potensial oxucudur, burada onun mental fəaliyyəti əks olunur, onun diqqəti adresantın fəaliyyətinə doğru yönəlir.

Hər hansı dramatik mətn müəyyən informasiya ilə əhatə olunub. Bu informasiyalar obyektiv və subyektiv şəkildədir. İnformasiyalar məzmun etibarilə həqiqi və yalan ola bilir. Bunlar insanın nitq fəaliyyətinin məhsulu olaraq meydana çıxır. Diskursda nitq aktları bir-biri ilə əlaqələnir, onlar müəyyən istiqamətdə bir-biri ilə bağlanır.

Diskurs dramatik mətnlərdə də ideya və fikirlərin qarşılaşdırılması, yaxud ideya və düşüncələrə yenisinin əlavə olunmasıdır. Məsələn, İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesinin dördüncü şəklində Mirmöhsün ağa ilə İbrahim xanın ideya və fikirləri qarşılaşdırılır, bu fikirlərə namənin – məktubun əlavəsi «yeni»ni meydana gətirir, beləliklə, diskurs alınır:



Mirmöhsün ağa. Əlahəzrət! Çapar, İran şahənşahı Fətəli şahdan sizə namə gətirib.

İbrahim xan. Maraqlıdır. Mirmöhsün ağa, oxu görək nə məsələdir?

Mirmöhsün ağa (naməni açıb oxumağa başlayır). Əzəmətli, şöhrətli Qarabağ hakimi İbrahim xan həzrətlərinə şahənşah İran – əzəmətli Fətəli şahdan salam. İbrahim xan, hökmdarımız Ağa Məhəmməd şah Qacarın cənazəsini Tehrana göndərməyinizdən xeyli məmnunam. Şöhrətli Qarabağ xanlığı ilə dostluq və himayədarlıq münasibətini daha da möhkəmləndirmək üçün İbrahim xanın gözəl qızı Ağabəyim ağa ilə izdivac arzusunda olduğumu bildirirəm. Ağabəyim ağanın ağlı, fərasəti mənə məlum olduğundan və o, məhz sizin – İbrahim xanın qızı olduğundan, onu özümə baş hərəm etmək fikrindəyəm. Oğlunuz Əbülfət ağanı da öz sarayıma dəvət edirəm.

İbrahim xan. Mirmöhsün ağa necə fikirləşir?

Mirmöhsün ağa. Əlahəzrət! Sizin taxt səltənətinizin İran şahı ilə qohumluğu, əlbəttə ki, Azərbaycan xalqı üçün xeyli xeyirli olar. Bir halda ki, şah özü Azərbaycan türküdür. Ancaq...

İbrahim xan. Ancaq...

Mirmöhsün ağa. Ancaq, əlbəttə ki, əgər, qızınız bu izdivaca razılıq verərsə... Ağabəyim ağa vəzir kimi ağıllı bir qızdır. Onun şah sarayında olması güman edirəm ki, sizin səltənətinizlə İran şahı arasındakı dostluğun daha da rövnəq tapmasına kömək edər [54, с.2, s. 290-291].

İ.Əfəndiyevin dram əsərlərində əlaqəli nitq parçası hesab edilən diskurs təhlilinin məqsədi dialoji mətnlərin semantikasını, onların koheziyasını və anlaşıqlı olmasını təmin edən dil vasitələrinin müəyyənləşdirilməsindən ibarətdir. İ.Əfəndiyevin dramatik mətnlərində koheziya hadisəsi müəyyən məntiqə əsaslanır. Koheziya fasilələrlə, kəsik-kəsik gerçəkləşir və mətnin replikalarının ayrı-ayrı hissələri arasında qrammatik, semantik və leksik əlaqə yolu ilə əmələ gəlir.

Dialoq nitqinin psixoloji tərəfi replikalarda iştirak edən adresant və adresatın gərgin əməyi, fikir mübadiləsi, bir şeylə razılaşıb-razılaşmaması və s. kimi məqamlarla əlaqədardır. Həmin replikaların hər biri bir informasiya mənbəyidir. Dram mətnlərində və diskurslarında isə kommunikasiya aktına görə 3 tip informasiya ilə qarşılaşmaq olur: koqnitiv, dil və kommunikativ. A.Məmmədov, E. Nəcəfov bu 3 informasiyanı belə səciyyələndirirlər: “Koqnitiv informasiya – insanın dünya haqqında bilikləridir ki, psixi fəaliyyət nəticəsində toplanır, ötürənin subyektiv təsirindən azaddır, buna görə də effektiv praktik fəaliyyət üçün istifadə oluna bilər... Dil informasiyası – dil vahidlərində dünya haqqında təsbit olunmuş informasiyadır. Bu, onların referentiv, qrammatik və praqmatik mənalarında yerləşir... Kommunikativ informasiya – təkcə dilxarici gerçəkliyin obyektləri haqqında ötürücünün şüurunda əks olunan məlumat toplusu deyil, həm də ötürücünün hissləri, emosiyaları və s.-dir, yəni kommunikasiya predmeti olması üçün zəruri saydığı hər şeydir” [200, s.106].

Bu üç informasiya tipinin araşdırılması mətn dilçiliyinin tədricən diskurs təhlili ilə əvəz olunmasına gətirib çıxarır. Diskursun strukturu obyekt kimi araşdırılır. Hər bir təbii hadisə kimi diskursun da öz quruluşu mövcuddur. Diskurs sosial həyatda mövcud kontekst ilə mətnin sintezi kimi qəbul edilir. Mətn mənanı kontekstdə əldə edir.

İ.Əfəndiyevin dram əsərlərində diskurs mətn daxilindəki morfoloji və sintaktik hadisələrə təsir edən amillər səviyyəsində tədqiq olunur. Dram əsərlərində də diskursun təşkili mexanizmini araşdırmaq üçün onun tərkib hissələrini bir-birindən ayırıb ardıcıl sıralamaq gərəkdir, bu, diskursu seqmentləşdirir.

Həsənzadə və Nargilənin aşağıda verilən diskursunda “boy çiçəyi” adlı gül mətnin tərkib hissələrində seqmentləşdirilib.



Nargilə. (Həsənzadə evə girir. Nargilə şkafa yaxınlaşaraq, səliqəsiz halda üst-üstə qalaqlanmış kitablardan ilk əlinə keçənin əvvəl üstünü oxuyur, sonra açıb baxmaq istərkən kitabın arasından qurumuş bir çiçək düşür. Qız əyilib çiçəyi yerdən götürür, burnuna tutub qoxlayır, bu zaman Həsənzadə, əlində iri qovluq, içəridən çıxır). Bu nə çiçəkdir? Həsənzadə. Ona “Boy çiçəyi” deyirlər. Yuxarı dağlarda bitir. Nargilə. Nə qəribə çiçəkdir...qupquru quruyub, amma elə gözəl ətri var ki, elə bil, indicə dərilib. Həsənzadə (dərindən nəfəs alaraq). “Boy çiçəyi” elədir...Quruyub xəzan olsa da, ətri həmişəlik qalır [54, c.2, s. 84-85].

Bu mətndəki bir neçə diskursun məzmunu boy çiçəyi ilə bağlı olsa da, gül barədə informasiyalar bir-birini izləyə bilir.

İ.Əfəndiyevin dram diskurslarında inteqrasiya ən çox psixoloji faktorlara əsaslanır. Məsələn, qorxaqlıq, yaltaqlığın bir psixoloji faktor kimi inteqrasiyası Nargilə və Həsənzadənin replikalarında gerçəkləşmişdir, həm də bu dialoq hissələri məzmunun qrammatik-semantik tamlığını qoruyub saxlaya bilmişdir. Məs.: Nargilə (həyəcanla onun sözünü kəsərək). Ah... Bircə bilsəydiniz ki, mən, birinin o birindən qorxmağına, ona yaltaqlanmasına nə qədər nifrət edirəm...

Həsənzadə. Başa düşürəm...Lakin təkcə nifrət etməkdən nə çıxar...(Kəskin şəkildə) Adamları qorxaqlığa, yaltaqlığa öyrədən səbəbləri tapıb məhv etmək lazımdır! (ilhamla) Siz bizim zavodda kimsədən qorxmayan, kimsəyə yaltaqlanmayan, öz namuslu zəhmətləri ilə hər şeyə qalib gələn oğlanlar, qızlar görəcəksiniz və o zaman inanacaqsınız ki, qorxaqlıq heç də həyatın qanunlarından biri deyil! [54, c.2, s. 87].

Diskurs dialoq prosesində iştirak edənlərin nitqlərinə, onların diskurslarına ayrılır. Kommunikasiya prosesində diskurslar bir-birini əvəzləyir. Diskursun vahidləri arasında əlaqə əmələ gəlir. Nitqin kommunikativ funksiyası dialoq nitqində üzə çıxır. Dialoqu təkcə üslubi baxımdan yox, həm də yazıçı dilində də öyrənmək kommunikativlik baxımından əlverişli və faydalıdır. Dialoq qəhrəmanın daxili dünyasını açır, yazıçının bədii-üslubi manevrlərini ortaya çıxarır. Diskurs iştirakçısı adresantdan müəyyən məlumatı, məhz onun arzu etdiyi informasiyanı almaq məqsədilə sual konstruksiyasından istifadə etməli olur. Sual cümləsi diskurs mühitində özünəməxsus təsir gücünə malikdir. Məs.: Cabbar. Xumar, sizin hüzurunuza xoşunuza gəlməyən bir qonaqla gəldiyim üçün üzr istəyirəm...




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə