344
İthaflar
– Xoş gördük, Hürnisə, maşallah daha böyük qız olmusan!
Hürnisə tezliklə Bəhuzun ən yaxın köməkçisi oldu. Şəkillərini onun və Adilin köməyilə
çərçivəyə saldıqdan sonra onları özü otaqdan asırdı. Hazırlıq başa çatdıqdan sonra Bəhruz sərgi
otağına heç kəsi buraxmırdı. Sonuncu gün Adil dözə bilməyib gizlicə içəri girdi. Bəhruzu içəridə
görüb ürəkləndi. Gözü dörd oldu. Otağın hər tərəində naxışlı çərçivələrin içində bir-birindən gözəl,
əlvan, rəngarəng şəkillərin düzümünü görüb uşaq heyrəti ilə:
– Oy... – deyə səsləndi, gözləri böyüdü, işıqlandı – nə qəşəngdir!
Adil onun ilk sərgisini görən ilk adam oldu. Bəhruz elə sevindi ki, oğlanı bağrına basdı.
O gün gözləməkdən Bəhruzun gözünün kökü saraldı, heç kəs gəlmədi. İkinci, üçüncü gün də
heç kəs gəlmədi.
Həyəcan içində otağa girən Hürnisə:
– Gəldilər! – deyə sevinclə qışqırdı. Mütəkkəyə söykənib Haça dağı çəkən Bəhruz albomu
xalçanın üstünə atıb, ildırım kimi sıçradı, həyətə çıxmağı ilə sərgi otağına girməyi bir oldu. İçəridə
iki nəfər vardı; ikisi də cır-cındır içində. Bəhruz başa düşdü ki, onlar ya bazarın, ya da məscidin
dilənçiləridir. Bir kənara çəkilib başını aşağı dikdi. Bu vaxt küçə qapısına kölgə düşdü.Kölgə
böyüdü, yaxınlaşdı, Bəhruz başını qaldıranda qarşısında o gün axtardığı qoca dilənçini gördü. Nə
kökə düşmüşdü: ovurdları batmış, yanaqlarının sümükləri çıxmış, dağınıq, ağappaq gur saçları
çiyinlərinə qədər tökülmüş və əcayib bir görkəm almışdı. Qupquru, damar-damar, qabıq-qabıq
uzun əlləri budaq kimi sallanmışdı. Bəhruz onu dərhal tanısa da, birdən birə dillənə bilmədi, susub
baxdı. Qoca dəli bir qəhqəhə çəkdi:
– Oğul, məni tanımadın?!
– Tanımışam.
– Görürsən, hələ Naxçıvanın tozu olmaq istəmirəm.
– Nə bildin ki, sərgim açılıb?!
– Bazarda eşitdim.
– Xoş gəlmisən, buyur, tamaşa elə.
Qoca dilənçi dörd gözlə sərgiyə baxmağa başladı. Birdən Narbənd ağacını təsvir edən rəsmi
yoldaşına göstərib:
– O ağac budur! – deyə qollarını göyə qaldırdı – Budur! Gözümün qabağında çəkib!
– İlahi...– deyə o biri dilənçi başqa lövhənin önündə dayanıb əllərini göyə qaldırdı – kərəminə
min şükür! Sənin qüdrətindir, iradəndir bunlar!
İki gün sonra sərgiyə Əliqulu Nəcəfov gələndə, Bəhruz sevinib onun üstünə cumdu.
– Əliqulu dayı! – deyə qışqırdı – Xoş gəlmisən! – Qollarını açdı, Əliqulu Nəcəfov Bəhruzu
qucaqladı.
– Qiyamət iş görübsən, mərhəba! – dedi.
Şirəlibəy onun gəldiyini görən kimi qapıda göründü, bağrına basıb, əl-ayağa düşdü.
– Canım – gözüm...– Əliqulu Nəcəfov yarı ciddi, yarı zarafat dilləndi – Mən sizə yox...
sərgiyə baxmağa gəlmişəm.
– Sərgi öz yerində, dostluq da öz yerində!
Şirəlibəy onu tərk etsə də, Bəhruz Əliquludan ayrıla bilmədi. Böyründə dayanıb bəzi suallarına
cavab verirdi. Bir portretin önündən keçəndə, Əliqulu Nəcəfov ayaq saxladı:
345
İthaflar
– Məhəmməd peyğəmbərin də şəklini çəkmisən?!
– Çəkmişəm. Hələ yenə çəkəcəyəm.
– Dinə belə inanırsan?!
– Bilmirəm. Amma hamı allaha, peyğəmbərə inanır.
– Düzdü, hamı inanır. Camaat bilsə ki, sən peyğəmbərin şəklini çəkmisən,bu sərgini müqəddəs
pirə çevirər. Mənim üçün onsuz da pirdir!
Gülə-gülə əllərini Bəhruzun kürəyinə vurdu. Şirəlibəyin həyətdən tez-tez boylandığını görüb:
– Atan yaman narahatdır! – pıçıldadı -Yəqin plov sifariş verib!
– Bəs onsuz olar, Əliqulu dayı?!
– Ay şeytan, sən də atan kimisən, qonaq-qara sevən olacaqsan.
Şirəlibəy dözə bilməyib həyətdən səsləndi:
– A balam, harda qaldınız, gəlin görək! Şirin xanımın çayı soyuyur...
7
Bəhruz sərgidən doğan kədərini unutdu, çünki gələnlərin sayı çoxalmışdı, onların arasında
xurcunlu kəndlilər də, ayaqyalın dilənçilər də, bəylər də, bazar satıcıları da, tacirlər də, uşaqlar da,
hətta ara-sıra qadınlar da, qızlar da olurdu. Bir gün isə, mötəbər bir şəxsin gələcəyini Bəhruza xəbər
verdilər. Bu xəbəri gətirən gödək boylu, daz başlı, səliqəli geyinmiş, bir bəyzadə irişə-irişə:
– Gəda-güdanı yığıb eləmə! – dedi – Bil ki, sən böyük şərəfə nail olursan! Eşitdin?!
– Eşitdim, bəy!
İki saat keçdikdən sonra həmin bəyzadə daz başının tərini silə-silə həyəcanla qapıdan içəri
girdi:
– Hazır olun! – deyə-deyə otağı dörd gözlə süzdü, Bəhruza sarı döndü– Qonağın pişvazına
çıx, tez elə!
Bəhruz küçəyə çıxanda, o başdan asta-asta gələn faytonu gördü.
Bəyzadə yaylığını cibinə soxub irəliyə çıxdı. Od rəngli atlar tanıyırmış kimi, onun qarşısında
dayandı. Fayton elə təzə idi ki, işıq saçırdı. Yanları naxışlı idi. Oturacaqlarına ağ, tüklü, yumşaq
qoyun dərisi, söykənəcəklərinə xalılar döşənmişdi. Faytonun qarmon kimi açılan, bükülən üst qatı
havanın isti olmasına baxmayaraq örtülmüşdü. Daz başlı bəyzadə yüyürüb faytondan düşən ağ ipək
köynək geymiş, qotazlı göy qurşaq bağlamış, yekəpər saqqallı bir adamın qarşısında əyildi:
– Buyur, xan! – dedi, əli ilə sərgi otağını göstərdi. Şəkilləri çəkən oğlan da burdadır.
Faytondan ağappaq paltarda bir qız da düşdü. Güllü kələğayısı olsa da, başını, üzünü örtməmiş,
çiyinlərinə, qollarına salmışdı. Səliqə ilə daranmış qapqara saçlarının hörükləri bir yerə yığılmışdı.
İlk gəncliyin təravəti ilə dolu dəyirmi, qəşəng sifətində bapbalaca təzəcə bir xal dərhal gözə dəyirdi.
Xırda gözləri sifətinə yaraşırdı. Əlində yelpazə tutmuşdu.
Xan asta yerişlə Bəhruza yaxınlaşıb, hörmətlə və ehtiramla baş əydi. “Bu ki, Cəfərqulu xandır”
deyə Bəhruz ikrindən keçirdi, dərhal da:
– Xoş gəlmisiniz, xan! – deyə onu otağın açıq qapısına dəvət etdi, həm də üzünü qıza tərəf
çevirdi:
– Buyurun, xanım!