396
İthaflar
da arvadının bu etinasızlığını duydu. Elə bu vaxt Şirin xanım hay-küylə özünü içəri atdı.
– Ay Bəhruz, yenə bu Hürnisə yoxa çıxıb, səhərdən axtarıram, tapa bilmirəm.
Bəhruz yerindən dik qalxdı. Hürnisənin təndirəsərin yanından baxan gözlərini xatırlayıb
həyəcanlandı. Əl-ayağa düşdü, işi yarımçıq qoyub həyətə cumdu -Bəlkə qonşuya gedib?
– Heç yanda yoxdu...
Hürnisə qayıtmadı.
6
Bəhruz çox götür-qoydan sonra Hürnisənin dalınca getmədi, mötəbər qohumlarından birini
göndərdi, Hürnisə qayıtmadı. Bəhruz başa düşürdü ki, sevməsə də Hürnisəsiz qalmaq mümkün
deyil. Bir həftə keçdikdən sonra bunun necə çətin olduğunu bir daha duydu. Bir insan kimi
Hürnisiəyə öyrəşmişdi, odur ki özünə yer tapa bilmirdi. Bu müddətdə Cümsünün portretini çəkib
bitirdi. Axırıncı variant gözəl alınmışdı. Əvvəlkiləri hirslə cırmaq istəyəndə Cümsün irəli atıldı:
– Onları mənə verin!
– Nəyinə gərəkdir?
– Yadigar saxlayacağam.
-Axı... Axı... bekara şəkillərdir...
– Eybi yox... verin...
– Yaxşı – Bəhruz şəkilləri qıza uzatdı – Götür!
Cümsün yaxınlaşıb sulu boya ilə işlənmiş axırıncı şəklini görəndə diksindi:
– Boy... nə qəşəng çəkmisən məni! – dedi.
Cümsünün papağı, yaylığı, saçı, üzü, burnu canlı, gözəl və təbii verilmişdi. Bəhruz karandaşla
onun adını, hansı kənddən gəldiyini, tarixi, imzasını yazıb, şəkili götürüb bir kənara qoydu.
Getməyə yeri olmadığı üçün Cümsün bir ay bu evdə qaldı. Bir aydan sonra Bəhruz inqilab
komitəsində işləyən Həsən Bəktaşinin köməyi ilə ona iş tapa bildi və Cümsün həmişəlik ayrılıb
getdi. Gedərkən özü ilə bir bağlama, bir də səliqələ bükdüyü şəkilləri apardı. Bundan sonra Şirin
xanım da, Şirəlibəy də Bəhruzun üstünə düşüb Hürnisəni geri gətirməsini tələb etdilər. Bəhruz ipə-
sapa yatmır, inadından dönmür, qızın dalınca getməyəcəyini söyləyirdi. Onlar Hürnisəsiz darıxır,
dalbadal soraq göndərir, bunların nəticəsiz qaldığını görüb dərd– qəmə batırdılar. Şirəlibəy həyətdə
o yan, bu yana gəzişir, Şirin xanım allaha yalvarır, iş-güclə başını qatırdı.
Bəhruz indi cavan bir oğlanın portretini çəkirdi. Özünə oxşayan, başıpapaqlı, nazik bığlı,
boğaza qədər düyməli pencək geyən bu oğlanın sanki dili yox idi, dinib-danışmağı sevmirdi.
Şəhərin yaxınlığında olan Eylabad (Əliabad) kəndində yaşayırdı. Bu kənddən çox qaçıb getmişdi.
Bəhruz onunla Eylabad kəndinin darvazasını sulu boya ilə çəkərkən tanış olmuşdu. Hər dəfə səhər
gələndə adı Səttar olan bu gəncin uçulub dağılan darvazanın yanında dayanıb yolunu gözlədiyini
görürdü. Bu işi tamamladıqdan sonra üzünü Səttara tutub danışdı:
– Razı olarsan şəklini çəkim?
Səttar dinməyib, başını tərpətməklə razılığını bildirdi. Bəhruz gülüb, əlini onun çiyninə vura-
vura evini nişan verib vaxtı müəyyənləşdirdi. Səttar vaxtında gəldi. Onun iş otağına, şəkillərə,
kağızlara, maraqla baxa-baxa Bəhruzun göstərdiyi kürsüdə əyləşdi. Beləliklə sulu boya ilə Bəhruz
397
İthaflar
gəncin portretini işləməyə başladı. Bəhruz Səttarı yola salıb şəhərə çıxdı, yenə qaçqınlara rast gəlib,
bu silsiləni davam etdirmək haqqında düşündü. Naxçıvanda təzə hökumətin qurulmasını bilən
qaçqınların axını daha da çoxalmışdı. Məscidin, bazarın qabağı dilənçilərlə yanaşı, qaçqınlarla
dolmuşdu. Bəhruz tələsmədən onların yanından keçirdi.
Bazarın ətrafı həmişəki kimi qaynayırdı, gələn, gedən, satan, alan, qaçan, oyun çıxaran,
oğurlayan, avaralanan, tamaşa edən, dilənən adamlarla. Hər dəfə qarşısına Qədir çıxırdı, indi
gözünə dəymədi, bazardan ötüb qızlar bulağına tərəf getdi. Son vaxtlar Afər də yoxa çıxmışdı.
Bəhruz bulağın yaxınlığında sərinlikdə əyləşməyi çox sevirdi. Bulağın ətrafında çadralı
qızları görüb uzaqda dayandı. Qızlar ona baxa-baxa pıçıldaşır, gülüşürdülər. Onların ağ çadradan
baxan gözlərinin parıltısı gedib ürəyə çatırdı. Birdən Bəhruz diksindi, çünki bulaqdan aralıda dərə
ağzında Hürnisə dayanmışdı. Ona tərəf getmək istədi, özünü saxlayıb gözlədi ki, bulaq başındakı
qızlar dağılışsınlar. Amma bulağa gələnlərin sayı gedənlərdən çox olduğu üçün ətrafı gur və hay-
küylü idi. O tərəfə baxanda ağ çadranın yoxa çıxdığını görən Bəhruzu dəhşət bürüdü. Elə bildi
ki, dərəyə yuvarlanmışdır, sonra onun təpə ilə yuxarı qalxdığını gördükdə sakitləşdi. Arxasınca
gedib səslədi, ağ çadralı qadın isə bircə dəfə çönüb baxdı və sürətini artırıb getdi. Bəhruz yerində
dayandı. Çünki o Hürnisə deyildi.
7
Bir neçə gündən sonra Bəhruz yenə bazara gəldi. Qədiri, yaxud Afəri görmək məqsədilə hər
yeri ələk-vələk etsə də, onların izi-tozu belə görünmədi. Baqqal Həmid də xəstələnmişdi. Bazara
çıxmırdı, buna görə də heç nə öyrənə bilmədi. Onları axtardığı bir vaxtda gözlənilmədən başqa bir
adamla üz-üzə gəldi. Ancaq onu birdən-birə tanıya bilmədi.
Başına güllü yaylıq örtmüş, əyninə yaylığa uyğun gələn don geymiş, gözəl bir gəlin, balaca
bir qızın əlindən tutub Zaviyyə məscidinin yanından Bəhruza doğru addımlayırdı. Bəhruzu görən
kimi gözlərini ona dikib həyəcanlandı, yanaqları qızardı, az qala üstünə yüyürmək istədi. Bəhruz
şaşqın halda döyüküb:
– Xoş gördük sizi! – şən-şən dillənən gəlinə diqqətlə baxsa da, tanıya bilmədi– Mənəm, Ziba!
Zurnaçı Eyvazın qızı! Yenə məni tanımadınız, Bəhruz bəy?!
– Salam, Ziba, salam. Günah məndə deyil, sən çox dəyişmisən. Bu balaca sənin qızındır?
– Yox... yetimdir, anam yanında saxlayır.
Bəhruz indi qıza baxdı, bu balaca qızın qalın qaşları, dəyirmi sifəti vardı, saçlarından çoxlu
nazik hörüklər düzəltmişdi, hamısı da çiyinlərindən sallanırdı. Birdən beynində bir işıq yandı, bu
ki, Qədirin təsvir etdiyi qıza – onun bacısı Reyhana bənzəyirdi. Dərhal aşağı əyilib mehribancasına
soruşdu:
– Sənin adın nədir?
Qız utanıb Zibaya sıxıldı, cavab vermədi, deyəsən bir azca qorxdu, vəziyyəti belə görən Ziba
özü dilləndi:
– Onun adı Reyhandır, əmisi.
– Reyhan! – Bəhruz sevincini gizlədə bilmədi. – Bir ilə yaxındır ki, mən Reyhanı axtarıram.
– Nə münasibətlə?!