74
Büdcədənkənar dövlət fondları – Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq dövlət tərəfindən hüquqi şəxs qismində təsis
edilmiş və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət
maliyyə fondlarıdır.
Büdcədənkənar dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikası
büdcəsindən kənar əməliyyatlar – müvafiq icra hakimiyyəti orqanlarının və
büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada büdcədən kənarda
əldə etdikləri gəlirlər və həyata keçirdikləri xərclər üzrə maliyyə əməliyyatlarıdır.
İcmal büdcə – dövlət büdcəsinin (büdcə təşkilatlarının büdcədənkənar
əməliyyatları da olmaqla) Naxçıvan Muxtar Respublikası büdcəsinin və
büdcədənkənar dövlət fondlarının gəlir və xərclərinin büdcə təsnifatına uyğun
paraqraflar səviyyəsində əks etdirilən maliyyə sənədidir.
Büdcə kəsiri (defisit) – büdcə xərclərinin gəlirlə təmin olunmayan
məbləğidir.
Büdcə artıqlığı (profisit) – büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan
məbləğidir.
Dövlət büdcəsinin kassa icrası – büdcə gəlirlərinin büdcəyə daxil olmasını
və xərclərin büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsilə ünvanlı
istifadəsini təmin edən icra mexanizmidir.
Uçot siyasəti – maliyyə hesabatlarının tərtib və təqdim edilməsi üçün
təşkilat tərəfindən qəbul edilmiş onun iş xüsusiyyətlərinə uyğun olan prinsiplərin,
əsasların, şərtlərin, qaydaların və təcrübələrin məcmusudur.
Maliyyə hesabatları – istifadəçinin konkret məlumat ehtiyaclarına cavab
verən hesabat tələb etmək hüququ olmadıqda, onun bu tələbatını ödəmək məqsədi
ilə dövlət büdcəsindən maliyyələşən təşkilatın maliyyə vəziyyəti və maliyyə
fəaliyyətinin nəticələrinin strukturlaşdırılmış təqdimatıdır.
75
Maliyyə hesablarında qeydlər – dövlət büdcəsindən maliyyələşən
təşkilatın maliyyə vəziyyəti haqqında hesabatında, maliyyə fəaliyyətinin nəticələri
haqqında hesabatında, xalis aktivlərdə (kapital) dəyişikliklər haqqında hesabatda
və pul vəsaitlərinin hərəkəti haqqında hesabatında təqdim edilmiş maddələrin
açıqlanmasını və ya təhlilini və bu hesabatlarda yer almayan maddələr haqqında
əlavə informasiyanın təqdimatını təmin edir.
Aktivlər – keçmiş hadisələrin nəticəsi olaraq dövlət büdcəsindən
maliyyələşən təşkilatın nəzarətində olan və gələcəkdə bu təşkilat üçün iqtisadi
fayda və xidmət potensialı vəd edən resurslardır.
Öhdəliklər – dövlət büdcəsindən maliyyələşən təşkilatın keçmiş hadisələr
nəticəsində yaranan cari öhdəlikləridir və onların həll edilməsi iqtisadi fayda və ya
xidmət potensialını təcəssüm etdirən resursların bu təşkilatdan kənara çıxması ilə
nəticələnir.
Xalis aktivlər (kapital) – bütün öhdəliklər çıxıldıqdan sonra təsərrüfat
subyektinin aktivləri üzrə qalan dəyəridir
Gəlir – mülkiyyətçilər tərəfindən ayırmalarda artım istisna olmaqla xalis
aktivlərdə kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində dövlət
büdcəsindən maliyyələşən təşkilata daxil olan (olacaq) iqtisadi fayda və ya xidmət
potensialıdır.
Xərclər – aktivlərin xaric olması və ya istehlak edilməsi iqtisadi mənfəətin,
mülkiyyətçilər üçün bölüşdürülmələrə aid olmayan xalis aktivlərin (kapitalın)
azalması ilə nəticələnən və ya öhdəliklərin yaranması ilə müşahidə edilən
məsrəflərdir.
Qiymətləndirmə – maliyyə vəziyyəti haqqında hesabatda və ya maliyyə
fəaliyyətinin nəticələri haqqında hesabatda təqdim edilən obyektin pul ifadəsinin
müəyyənləşdirilməsidir.
76
Likvidlik – dövlət büdcəsindən maliyyələşən təşkilatın aktivinin nominal
dəyəri dəyişilməz saxlanılmaqla, onların qısa müddət ərzində nağd pul vəsaitlərinə
çevrilməsi yolu ilə yaranmış öhdəliklərinin yerinə yetirilməsi qabiliyyətidir.
Büdcə gəlirləri – Azərbaycan Respublikasının, Naxçıvan Muxtar
Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik
aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar
Respublikası büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər
ödənişlər və daxilolmalardır.
Büdcə xərcləri – büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən,
Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən
qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsaitdir.
Mərkəzləşdirilmiş gəlir – dövlət büdcəsində müəyyən edilən normativlərə
uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra
formalaşan gəlirdir.
Mərkəzləşdirilmiş xərc – büdcə təsnifatına uyğun olaraq, dövlət
büdcəsində nəzərdə tutulan müvafiq orqanların fəaliyyətinin və tədbirlərin
maliyyələşdirilməsi ilə bağlı xərclərdir.
Yerli gəlir – dövlət büdcəsində müəyyən edilən normativlər əsasında
formalaşan ayrı-ayrı şəhər və rayonlar üzrə gəlirdir.
Yerli xərc – büdcə təsnifatına uyğun olaraq, maliyyələşdirilməsi yerli
gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən
xərclərdir.
Büdcə ssudaları – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının
büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə
təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə
vəsaitidir.