97
ödəməyə yönəlir. Bundan başqa, başlanğıcda istehsalın istehlakçıya yaxın yerdə həyata
keçirilməsi lazımdır. Çünki əmtəənin hansı istiqamətdə inkişaf etdirilməsi məhz
istehlakçılardan asılıdır. Burada yalnız yerli firmalar yeni texnologiyaya sahib
olduqlarından, istehsal yeniliyi icad edən firmanın ölkəsində həyata keçirilir. Bütün bunlar
istehsalın ilk mərhələsinin xüsusiyyətləridir.
Ikinci mərhələdə istehsal demək olar ki, tam surətdə təkmilləşdirilir. Bu mərhələdə
istehsal sürətləndirilir, satışlar ilk öncə daxili bazara istiqamətlənir, daha sonra isə əmtəənin
ixracına başlanır. Beləcə, əmtəənin daxili istehsalı və istehlakı artır, xaricdə inkişaf edən bir
tələb mövcud olduğu üçün istehsalın artım tempi daha da yüksəlir. Istehsalçı firma hələ də
yeni texnologiyanı özündə saxlayır.
Getdikcə istehsal sınaq mərhələsindən çıxır və istehsal texnologiyası standartlaşır,
bununla da, üçüncü mərhələyə keçilir. Artıq yenilikçi firma daxildə və xaricdə texnoloji
lisenziya verməyi mənfəətli hesab edir. Standart istehsalın dəyərini aşağı salmaq üçün
istehsal məsələn, əmək haqlarının səviyyəsinin aşağı olduğu digər ölkələrə ötürülür.
Əmtəəni icad edən ölkədə iş gücü yüksək dərəcəd ixtisaslı olduğundan istehsal dəyərləri də
yüksək olur. Qısacası yüksək ixtisaslı əməyə ehtiyac olmayan bu mərhələdə istehsalın digər
ölkələrə ötürülməsi daha məqsədəuyğun olur. Yenilikçi ölkədə hələ bir qədər əmtəə istehsal
edilir. Lakin əmtəənin lisenziyasını əldə edən yeni istehsalçıların aşağı xərclərə malik
olmaları səbəbindən ixrac bazarlarını ələ keçirmələri ilə yenilikçi ölkənin ixrac tempi azalır.
Yenilikçi ölkənin daxili bazarının ehtiyacının idxalla təmin edilməsi başlayınca
dördüncü mərhələyə qədəm qoyulur. Artıq texnologiya bütün dünya dövlətlərinə yayılmış
və istehsalı məhdudlaşdıəran lisenziyaların müddəti qurtarmış, yəni texnologiya bir sərbəst
mal vəziyyətinə gəlmişdir. Yerli sənaye xarici və daxili bazarları əldən buraxdıqca daxili
istehsal sürətlə aşağı düşür.
Nəhayət, yenilikçi ölkə özünün daxili bazarını da tamamilə itirdikdən sonra
məhsulun həyat dövrləri tamamlanmış olur. Ölkədə daxili istehlak var, lakin bu istehlak
tamamilə idxal hesabına təmin edilir. Növbə artıq yeni texnologiyalarındır. əslində, bir
tərəfdən bu dövrlər bir-birini əvəz etdikcə, digər tərəfdən yeni texnologiyalar axtarışı davam
edir. Yəni, yeniliklərin ortaya çıxması kəsilməz bir prosesdir.
Əmtəənin həyat dövrlərini tipik olaraq keçən bir çox əmtəə nümunələri vardır.
Bunlar arasında məsələn, tekstil, radio, ağ-qara və rəngli televiziya, yarımkeçirici
mikroçiplər və xüsusilə də elektron məhsullar yer alır.
Bu nəzəriyyənin klassik bir nümunəsi İkinci Dünya Müharibəsindən sonra ABŞ və
Yaponiyanın radio istehsalçıları arasında baş vermişdir. ABŞ istehsalçıları müharibədən
sonrakı dövrdə radio bazarında hökmran mövqedə idilər. Bu üstünlük ABŞ-ın malik olduğu
havasız radio texnologiyasına əsaslanırdı. Bir neçə ildən sonra Yaponiya ABŞ-ın
texnologiyasını təqlid edərək və ucuz iş qüvvəsindən istifadə edərək bazarın əhəmiyyətli bir
hissəsini ələ keçirdi. ABŞ tranzistor texnologiyasını inkişaf etdirməklə yenidən üstünlüyü
əldə etdi. Lakin Yaponiya yenə texnologiyanı təqlid edərək ABŞ-ı qabaqladı. Daha sonra
ABŞ yeni texnologiya əldə edərək Yaponiya ilə bərabər vəziyyətə gəlmişdir.
Son illərdə texnologiyanın yenilikçidən təqlidçiyə keçmə müddəti, yəni əmtəənin
həyat dövrlərinin zaman müddəti olduqca qısalmışdır. Bu da ABŞ kimi yenilikçi ölkələri
daim rəqabət qabiliyyətli qala bilmələri üçün texnoloji kəşfləri sürətləndirməyə sövq edir.
Beləliklə, bu modelə görə, ticarət ilk olaraq sənayeləşmiş ölkələrdə müqayisəli
baxımdan bol olan amil tərəfindən (əsasən də ixtisaslı işçi qüvvəsi) inkişaf etdirilən
texnologiyaya əsaslanır. Daha sonra isə daha az inkişaf etmiş ölkələr təqlid və istehsal
standartlaşması vasitəsilə nisbətən ucuz əməyə əsaslanan bir müqayisəli üstünlük əldə
edirlər.
98
Beynəlxalq ticarət nəzəriyyələrinin inkişafında XX əsrin 80-ci illərində amerikan
iqtisadçısı Maykl Porterin işlədiyi ölkələrin rəqabət üstünlükləri nəzəriyyəsi mühüm
əhəmiyyət kəsb etmişdir. O özünün bu nəzəriyyəsində klassik və neoklassik iqtisadçıların
baxışları ilə neotexnoloji məktəbin təmsilşilərinin baxışlarını bir araya gətirə bilmişdir.
Alim dünya ticarətinin ikidə bir hissəsini özündə cəmləşdirən 10 ən iri sənaye ölkələrinin
şirkətlərinin praktiki fəaliyyəti üzrə tədqiqat apararaq belə bir nəticəyə gəlmişdir ki, dünya
bazarında ölkənin rəqabət qabiliyyətinin bir-biri ilə qarşılıqlı fəaliyyətdə və əlaqədə olan
dörd başlıca parametri mövcuddur:
1.
Amillərin şəraiti. Bu zaman müəyyən sahədə müvəffəqiyyətlə rəqabət aparmaq üçün
lazım olan konkret istehsal faktorları nəzərdə tutulur. M.Porter klassik amillər
nəzəriyyəsini də qəbul etməklə onların sırasına yenilərini də əlavə edir.
2.
Əmtəə və xidmətlərə tələb şəraiti. Bu, sahə tərəfindən təklif edilən məhsul və
xidmətlərə daxili bazarda olan tələbi nəzərdə tutur. Tələb müəssisənin inkişafını
müəyyən edən əsas parametrdir. Bu zaman daxili tələbin vəziyyəti xarici bazarın
potensial imkanları ilə birlikdə situasiyaya əhəmiyyətli dərəcədə təsir edir. Burada
müəssisənin xarici bazarlara çıxışına təsir edən milli xüsusiyyətləri (iqtisadi, mədəni,
təhsil, etnik, adət və ənənələr) də nəzərə almaq lazımdır. M.Porterin yanaşması ayrı-
ayrı şirkətlərin fəaliyyəti üçün daxili bazarın əsas əhəmiyyət kəsb etdiyini qəbul edir.
3.
Ölkələrin firmalarının strategiyası, onların strukturu və rəqabəti. Bu, ölkədə
firmaların yaradılması və idarəedilməsini müəyyən edən şəraiti və daxili baxarda
rəqabətin xarakterini nəzərdə tutur. Firma tərəfindən seçilən bazar strategiyası və
lazımi çevikliyi təmin edən təşkilati struktur beynəlxalq ticarətə müvəffəqiyyətlə
qoşulmanın əsas şərtlərindən biridir.
4.
Ölkədə mövcud olan qohum və yaxın sahələrin xarakteri. Bu zaman ölkədə dünya
bazarında rəqabət qabiliyyətli olan qohum və ya yaxın sahələrin mövcudluğu və ya
qeyri-mövcudluğu nəzərdə tutulur. Müvafiq avadanlıqla təminat, nəqliyyat,
komersiya və maliyyə strukturları ilə sıx əlaqələr rəqabət baxımından mühüm
əhəmiyyət kəsb edir.
Sayılan parametrlər özlüyündə milli ―romb‖ əmələ gətirirlər ki, onun da
komponentləri bir-birlərini qarşılıqlı surətdə gücləndirir (Sxem 4.2).
Sxem 4.2
M.Porterin “rəqabət rombu”nun sxemi
Firmaların strategiyası,
onların strukturu və rəqabəti
Qohum və yaxın sahələr
Amillər şəraiti
Tələb şəraiti
Təsadüf
Hökumət