91
Beynəlxalq ticarətin bütün nəzəriyyələri üçün (mütləq və müqayisəli üstünlüklərdən
başqa) ticarət nəticəsində ələd olunan gəlirlərin bölgüsü və yenidən bölgüsü məsələsinin
tədqiqi mühüm əhəmiyyət kəsb edir. Istehsal amillərinin nisbəti nəzəriyyəsi göstərirdi ki,
nisbətən daha artıq istehsal amillərinə sahib olanlar ticarətdən udur, daha az istehsal
amillərinə sahib olanlar isə ticarətdən uduzurlar. Buradan belə bir praktiki nəticə çıxır ki,
birincilər azad ticarətin tərəfdarı, ikincilər isə onun əleyhdarı olacaqlar.
İstehsal amillərinin qiymətlərinin bərabərləşdirilməsi teoreminə görə isə, ticarət
nəticəsində əmtəələrin nisbi qiymətlərinin istehsal amillərinin nisbi qiymətlərinin
bərabərləşməsinə gətirib çıxarması son nəticədə istehsal amillərinin sahiblərinin gəlirlərini
bərabərləşdirir.
Lakin bu nəzəriyyələr, həmçinin spesifik istehsal amilləri nəzəriyyəsi aşağıdakı iki
suala cavab vermirdi:
1.
Əgər əmtəələrin qiymətləri dəyişərsə, onda bu əmtəələrin istehsalında nisbətən daha
intensiv istifadə olunan amillərin qiymətləri özlərini necə aparacaq və nəticədə
onların sahiblərinin gəlirləri necə dəyişəcək?
2.
Amillərdən birinin təklifinin artması istehsalın həcminə və gəlirlərə necə təsir
göstərəcək?
Bu suallara beynəlxalq ticarətin ən yeni nəzəriyyələrinə aid edilən Stolper-
Samuelsonun əmtəələrin qiymətinin dəyişməsinin istehsal amillərinin qiymətinə təsiri
nəzəriyyəsi və Rıbçinskinin amillərin artımının istehsalın artımına təsiri nəzəriyyəsi cavab
vermişdir.
Klassiklərə görə, azad ticarət ölkə əhalisinin rifahını yüksəldir. Onlara görə, sərbəst
ticarət ölkəyə bütünlüklə xeyir, müdafiə (proteksionizm) siyasəti isə bütünlüklə ziyandır.
Lakin Pol Samuelson digər amerikan iqtisadçısı Volfqanq F.Stolperlə 1941-ci ildə
işlədiyi nəzəriyyə ilə buna qarşı çıxdılar. Çox zaman Stolper-Samuelson teoremi
adlandırılan bu nəzəriyyəyə görə, beynəlxalq ticarət nəticəsində qiyməti artan əmtəənin
istehsalında nisbətən adah intensiv istifadə olunan amillərin qiyməti artır və əksinə, qiyməti
azalan əmtənin istehsalında nisbətən daha intensiv istifadə olunan amillərin qiyməti azalır.
Başqa sözlə, müdafisə siyasətindən ölkə iqtisadiyyatı bir vahid olaraq ziyan çəksə də, o,
idxaləvəzedici sektor üçün bu siyasət mənfəətlidir.
Yuxarıda deyilənlərin açıqlanmasına keçməzdən əvvəl qeyd edilməlidir ki, bu
modelin qurulması zamanı müəlliflər bir sıra ilkin ehtimallara əsaslanmışlar: ölkə iki
istehsal amilinin köməyi ilə iki əmtəə istehsal edir; hər iki əmtəə və istehsal amilləri
bazarında azad rəqabət mövcuddur; istehsal amilləri təklifi daimidir; əmtəələrin biri
əməktutumludur, digərinin istehsalında isə daha çox torpaqdan istifadə olunur; istehsal
amilləri mütləq daxili mobilliyə malik olsalar da, xaricvi mobillik yoxdur; əmtəələrin
qiyməti onların istehsal qiymətlərinə bərabərdir; ticarətin inkişafı əmtəələrdən birinin nisbi
qiymətinin artımına gətirib çıxarır.
Ölkənin proteksionizm siyasəti yeritməsi onun idxaləvəzedici sektorunun rela
gəlirlərinin artımına səbəb olur. Bunu açıqlamaq üçün, kapital amilindən zəngin olan, yəni
kapitaltutumlu mallar ixrac edən və əməktutumlu mallar idxal edən bir ölkəni nümunə kimi
götürək. Bu ölkə əməktutumlu idxal mallarına tarif tətbiq etsə həm daxili istehlakçıların,
həm də daxili istehsalçıların nöqteyi-nəzərindən əməktutumlu əmtəələrin daxili qiymətləri
kapitaltutumlu əmtəələrin daxili qiymətlərinə nisbətən yüksələcək. Dolayı olaraq isə real
əmək haqqı gəlirləri artacaq.
Bu, tamamilə təbii bir nəticədir. Çünki, əməktutumlu idxal əmtəələrinə tarif tətbiq
edildikdə bu əmtəələrin daxili əvəzedicilərinin istehsalı genişlənir, kapitaltutumlu ixrac
əmtəələrinin daxili istehsalı isə azalır. Bu isə əməyin dəyəri olan əmək haqlarının kapitalın
92
dəyəri olan faizlərə nisbətən daha sürətlə artmasına gətirib çıxarır. Beləliklə də, hər iki
sektorda ucuzlaşan kapital bahalaşan əməyin yerinə istifadə edilir. Hər əmək vahidi daha
artıq kapital ilə birləşdirildiyi üçün son nəticədə əməyin məhsuldarlığı yüksəlir və dolayı
olaraq real əmək haqlarında artım təmin edilir.
Hər iki mal istehsalında əməkdən istifadə artdığından tarif tətbiq edən ölkədə əmək
haqları yüksəlir. Ölkədə iş qüvvəsindən tam istifadə edildiyi bir vəziyyətdə həm məcmu
əmək gəlirləri, həm də ölkənin gəlir strukturunda əməyin payı artır.
Beləliklə, modelə görə, gömrük tarifləri beynəlxalq inkişafdan əldə edilən səmərəni
azaldır və ölkənin məcmu gəlirini aşağı salır. Məcmu gəlirin strukturunda əmək haqqının
payı artdığı halda, kapitalın payı azalır. Yəni, ölkə bir vahid olaraq tariflərdən zərər çəksə
də, qıt faktor bol faktor əleyhinə bundan mənfəət əldə edir.
Polyak mənşəli ingilis iqtisadçısı T.M.Rıbçinski hələ 1955-ci ildə, tələbə olarkən belə
bir fakta diqqət yetirmişdi ki, sənayenin hər hansı sahələrinin sürətli inkişafı çox zaman
digərlərinə mənfi təsir göstərir. O özünün teoremində göstərirdi ki, istehsal amillərinin
birinin artan təklifi bu amilin nisbətən daha intensiv istifadə edildiyi sahədə istehsalın və
gəlirlərin artımına və bu amilin nisbətən az intensiv istifadə edildiyi sahədə isə istehsalın və
gəlirlərin azalmasına gətirib çıxarır. Alim özünün nəzəriyyəsi ilə sübut etmişdir ki,
sahələrinin birində istehsalın artımı ilə digərlərində depressiya və hətta tənəzzül arasında
birbaşa əlaqə var.
T.M.Rıbçinski də öz nəzəriyyəsini sübut edəkən bir sıra ilkin ehtimallara əsaslanıb
ki, onlar da Stolper-Samuelson teoreminin ilkin şərtləri ilə demək olar ki eynidir
(qiymətlərin dəyişməsi ehtimalından başqa, hansını ki, T.M.Rıbçınski daimi sayırdı).
T.M.Rıbçınskinin teoreminin beynəlxalq ticarət üçün nəticələrini aşağıdakı kimi
formalaşdırmaq olar. Hekşer-Olinin istehsal amillərinin nisbəti nəzəriyyəsinə görə, ölkə
daha yaxşı təmin olunduğu amillərin istifadə edilməsi ilə istehsal olunmuş əmtəələri ixrac
edir. Rıbçinski teoremi isə göstərir ki, nisbətən daha bol olan amilin köməyi ilə ixrac
istehsalının genişlənməsi digər sahələrdə istehsalın düşməsinə səbəb olacaq və bu sahələrdə
idxal əmtəələrinə ehtiyac artacaq. Əksinə, nisbətən daha qıt olan amildən istifadənin
genişləndirilməsi idxaləvəzedici sahələrdə istehsalın artımına və idxala ehtiyacın azalmasına
gətirib çıxaracaq.
Bu teoremi əyani surətdə aşağıdakı kimi açıqlamaq olar. Məsələn, Azərbaycan
əməkdən bol olan ölkə, parça əməktutumlu, mühərrik də kapitaltutumlu əmtəə olsun. Həm
əmək, həm də kapitaldan tam istifadə edildiyini şərt kimi qəbul edək. Bu şərtlər nəzərə
alınmaqla, kapital tələbi sabit qalarkən əmək axını artsın. Təbii ki, artan əmək əməktutumlu
parça sənayesində istifadə olunmağa başlanacaq və bu sektorda sitehsal artacaq.
Amma parça istehsalı üçün az da olsa kapitala ehtiyac var. Bu amil üzrə artım
olmadığından zəruri olan kapitala ehtiyacın təmin olunması məsələsi ortaya çıxır. Bu məsələ
isə təbii ki, kapitaltutumlu mühərrik sənayesinin hesabına həll ediləcək. Beləcə, parça
istehsalı genişlənərkən mühərrik istehsalı azalacaq. Kapitalın mühərrik sənayesindən parça
sənayesinə axını bazar mexanizminin işə düşməsi nəticəsində öz-özünə baş verəcək. Yəni
ki, parça sənayesində tələb artdıqca bu sənayedə kapital mənfəəti yüksələcək, bu da həmin
faktoru bir sektordan digər sektora yönəldəcəkdir.
1960-cı illərin əvvəllərində inkişaf etmiş ölkələrin bir-biri ilə hər hansı bir sahənin
differensiallaşmış əmtəələrlə ticarət etdikləri daha aydın görünməyə başladı. Bu cür
ticarətin izahı heç bir nəzəriyyədə özünü tapmırdı. Ilk olaraq bu halı macar mənşəli iqitsadçı
Bella Balassa izah etmişdir.
Əmtəə çeşidinin differensiasiyası nöqteyi-nəzərindən beynəlxalq ticarət iki axından –
sahədaxili ticarət və sahələrarası ticarətdən ibarətdir. Sahədaxili ticarət ölkələr arasında bir