11
alınmışdır. Əsərlərindən birində o, totem və digər ovsun ayinlərinin əlamətlərini
əks etdirən bu rəsmlərin mənası haqqında öz ehtimallarını irəli sürmüşdür [14, 104-
108].
1992-ci ildə Gəmiqayada yeni aşkar olunmuş qayaüstü təsvirlər haqqında
məlumat verilmişdir. Rəsmlər orijinal və sxematik yerinə yetirilmişdir. Qayalar
üzərində insan, keçi, öküz, marallar təsvir olunmuşdur. Naxçıvan qayaüstü
rəsmlərinin bəziləri təxminən tunc, eneolit və neolit dövrlərinə aid edilmişdir.
V.Əliyevin qeyd etdiyi kimi - «Çox güman ki, təsvirlərin bir hissəsi daş dövrünə
aiddir» [236, 33-36]. Naxçıvan qayaüstü təsvirlərinin tam təhlilini o, «Gəmiqaya
abidələri» kitabında verir. V.Əliyev etnoqrafik materiallara istinad edərək quş,
keçi, öküz, maral, ilan qayaüstü təsvirləri üçün totem əlamətlərinin xas olduğu
fikrini irəli sürmüşdür [237, 3-77; 15, 175-176; 246, 247]. «Azərbaycanın orta tunc
dövrü mədəniyyəti» kitabında müəllif tərəfindən qayaüstü təsvirlərin saxsı
məmulatlar üzərindəki təsvirlərlə müqayisəli təhlili verilir.
2001-2003-cü illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu
tərəfindən Naxçıvan petroqliflərinin daha geniş tədqiqi məqsədilə ekspedisiyalar
təşkil olunmuşdur. Aparılmış tədqiqatlar nəticəsində 1500-dən artıq qayaüstü rəsm
siyahıya alınmış və qeydiyyata götürülmüşdür. Son ekspedisiyaların materialları
əsasında 2004-cü ildə N.Müseyiblinin «Gəmiqaya» kitabı nəşr olunmuşdur [254,
4-316].
1970-ci ildə arxeoloq Q.İsmayılzadə Kəlbəcər yaylalarını tədqiq etmiş və
Alagöl, Zalxagöl və Qaragöl sahillərində, həmçinin Pəriçınqıl, Ayıçınqıl, Lülpər,
Gəlinqaya, Yazyurdu, Taxta, Sarımsaqdağ sahələrində qayaüstü rəsmlər aşkar
etmişdir. Qayaüstü təsvirlərin ümumi sayı 4000-dən artıqdır [86,96]. 1976-cı ildən
başlayaraq Kəlbəcərdə arxeoloji tədqiqatlar aparılmış və qayaüstü rəsmlərin
mövzusunu, yerinə yetirilmə texnikasını açmağa kömək edən eyni mərasim
səhnələri, solyar nişanlarının təsvirləri qeydə alınmışdır [87, 491-492; 86, 550-551;
89, 460-461].
Arxeoloqlar Qobustan və Gəmiqaya qayaüstü təsvirlərini, mifoloji dəlilləri
və etnoqrafik materialları tutuşduraraq yuxarıda adları çəkilən yerlərin dini-ovsun
yerlərinin olması qənaətinə gəlmişlər [263,90], bu da arxeoloq İ.Cəfərzadənin
fikirlərinə uyğundur [68, 15-18; 231, 99-114]. Dəlillər keçi, maral, öküz
təsvirlərinin totem əlamətləri daşıması ilə sübut olunur. Lakin Qobustan qayaüstü
rəsmlərinin, xüsusilə gəmi təsvirlərinin animistik əlamətlərə malik olması şübhə
doğurur.
Tədqiqatın əsasını bir çox alimlərin əsərləri, həmçinin 1995-ci ildən
başlayaraq Qobustan petroqlifləri üzrə aparılmış şəxsi tədqiqatlar təşkil edir.
Qayaüstü incəsənətin işlənilmə texnikasının, süjetlərin mövzu və səbəblərinin
tədqiqi zamanı yeni qayaüstü təsvirlər aşkar olunmuş, Azərbaycan rayonlarının
coğrafi mühiti, tarixi və arxeoloji dövrləşdirilməsinin xronoloji müqayisəsi tətbiq
edilmişdir. Azərbaycanın coğrafi sərhədləri çərçivəsində qayaüstü rəsmlərdə öz
12
əksini tapmış və paleolit (mezolit, neolit və s.) dövrünün əsas ov obyekti olan
heyvanların yayılma dərəcəsi müəyyən olunmuşdur. Üst pleystosen dövrünün
mənzərəsini - geoloji mühiti, Xəzər dənizinin transqressiyasını və reqressiyasını,
üst pleystosen dövrünün flora və faunasını təsvir etməyə cəhd edilmişdir [192, 292
294]. Dünya qayaüstü təsvirləri ilə müqayisə əsasında bəzi qayaüstü təsvirlərin
tarixlərinə dair yeni fərziyyələr irəli sürülmüşdür [193, 194, 190, 25, 196, 62, 266,
18].
Azərbaycan xalqının qədim incəsənətində rəsmlərin stilistik cəhətdən
çəkilməsinə görə 2 xüsusi rayonu qeyd etmək olar. Bunlar insan, məişət və ayin
səhnələrinin mövzu cəhətdən zənginliyi ilə seçilən Abşeron və Qobustan ərazisi və
qayaüstü incəsənəti üçün yarımköçəri heyvandarlıq (yayla) və mərasim - ovsun
mövzusu xas olan Kiçik Qafqaz (Naxçıvan, Kəlbəcər, Sünik, Göyəm) ərazisidir.
Heyvan təsvirləri əksəriyyət təşkil edir. Qobustan və Naxçıvan petroqlifləri
ədəbiyyatda geniş təqdim olunsa da, Abşeron və Kəlbəcər təsvirlərinin taleyi
başqadır. Mövcud olan nəşrlər bu petroqliflər haqqında qismən təəssürat yaradır və
onların daha geniş tədqiq olunması zərurəti meydana çıxır. Digər tərəfdən
İ.Cəfərzadənin Qobustan qayaüstü təsvirləri barədə (6 qrupa bölünməsi) təsnifatı
artıq köhnəlmişdir. C.Rüstəmovun arxeoloji tədqiqatlarından sonra təsvirlərin
tarixində dəyişikliklər edilmiş, bunun nəticəsində isə qayaüstü təsvirlərin
xronologiyasına yenidən baxılması zərurəti meydana çıxmışdır. Hazırda qayaüstü
təsvirlərin tədqiqi davam etdirilir və iş prosesində Qobustan və Gəmiqayada yeni
kəşflər meydana çıxır. Bütün bunlar qayaüstü incəsənətin bu qiymətli abidələrinə
yeni baxışla nəzər salmağa imkan yaradır.
1.2. AZƏRBAYCAN PETROQLİFLƏRİNİN COĞRAFİ İCMALI
İbtidai incəsənətin öyrənilməsi prosesində xarakter və təyinatına görə bir-
birindən fərqlənən müxtəlif göstəricilərə rast gəlmək olar. Bu səbəbdən daş
üzərində təsviri sənətin erkən formalarının öyrənilməsinə başlamazdan əvvəl,
qayaüstü təsvirləri olan Azərbaycan rayonlarının coğrafi mühitinin, tarixi və
arxeoloji dövrlərə bölünməsinin xronoloji əlaqəsini təyin etmək vacibdir.
Azərbaycanın coğrafi sərhədləri çərçivəsində üst paleolit (mezolit, neolit və s.)
dövrünün əsas ov obyekti olan heyvanların yayılma dərəcəsini müəyyən etmək və
geoloji dəlilləri (məsələn, qədim buzlaşma dövrünün tədqiq olunmuş materiallarını,
daşın geoloji quruluşu, dağəmələgəlmə, dənizin transqressiyası və reqressiyası)
təyin etmək zəruridir.
Müasir dövrdə Azərbaycan ərazisində qayaüstü təsvirlər olan 4 ocaq qeydə
alınmışdır (ill. 1):
1. Böyük Qobustan zonası. Bu zona Böyükdaş, Kiçikdaş, Cingirdağ,
Şıxqaya və Şonqardağ dağlarının ərazilərini əhatə edir (ill. 2; 3; 4; 5; 6; 7; 8);
Dostları ilə paylaş: |