Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
1
MƏRUZƏLƏR
I BÖLMƏ
MÜASİR DÖVRDƏ AZƏRBAYCAN RESPUBLİKASI İLƏ TÜRKİYƏ CÜMHURİYYƏTİ ARASINDA SİYASİ VƏ HÜQUQİ
ƏMƏKDAŞLIQ
(2003-2017-Cİ İLLƏR)
POLITICAL AND LEGAL COOPERATION BETWEEN TURKEY AND AZERBAIJAN DURING THE PERIOD OF 2013-2017
Prof. Dr. Cəfər Cəfərov
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin rektoru
Xülasə
Tarix boyu Azərbaycanla Anadolu bölgəsi arasında mütəmadi şəkildə siyasi, iqtisadi və mədəni əlaqələr
mövcud olmuşdur. Bu bölgələrdə yaşayan yerli - aborigen əhalinin dilinin, dininin və etnik-mədəni
dəyərlərinin eyni kökdən gələrək oğuz türklərinə dayanması, Anadolu və Azərbaycanın vahid bir etno-siyasi
və mədəni məkana mənsubiyyətini xarakterizə edən əsas amillərdən biridir.
XX əsrin sonlarında sovet imperiyası işğalına qarşı Azərbaycanda baş verən milli-azadlıq hərəkatı
nəticəsində Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi (1991-ci il /18 oktyabr). Bu dövrdə Azərbaycan
Respublikasının müstəqilliyini tanıyan ilk dövlət qardaş Türkiyə Cümhuriyyəti oldu. Bu dövrdən etibarən
Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında siyasi, iqtisadi və sosial-mədəni müstəvidə
əməkdaşlıq genişlənməkdədir. Bu əlaqələrin əsasında hər iki dövlətin siyasi iradəsi və siyasi-hüquqi
əməkdaşlığı dayanır.
Məqalədə, müasir dövrdə (2003-2017-ci illərdə) Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti
arasında siyasi və hüquqi əməkdaşlığın etnik-mədəni zəminin xüsusiyyətləri göstərilərək, bu əməkdaşlığın
hüquqi və siyasi aspektləri elmi əsaslara söykənərək nəzərdən keçiriləcəkdir.
Açar sözlər: Müasir dövr, Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti, siyasi münasibətlər, hüquqi
əməkdaşlıq
Abstract
Throughout history, there have been regular political, economic and cultural relations between
Azerbaijan and the Anatolia region. One of the main factors characterizing the language, religion, and ethnic
and cultural values of indigenous peoples – Aboriginal living in these regions from the same roots to the
Oghuz Turks is a unique ethno-political and cultural space of Anatolia and Azerbaijan.
Azerbaijan regained its independence as a result of the national-liberation movement in Azerbaijan at
the end of the 20th century, against the occupation of the Soviet Empire (October 18, 1991). During this
period, the first brother state of the Republic of Azerbaijan became the Republic of Turkey. Since then,
cooperation between the Republic of Azerbaijan and the Republic of Turkey is being expanded in political,
economic and socio-cultural dimensions. These relations are based on political will and political-legal
cooperation of both countries.
The article has been reviewed the legal and political aspects of this cooperation on the basis of scientific
principles which reflect ethno-cultural political and legal cooperation between the Republic of Azerbaijan
and the Republic of Turkey in the modern period (2003-2017).
Key words: Modern era, The Republic of Azerbaijan, The Republic of Turkey, political relations, legal
cooperation.
Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
2
Giriş
Azərbaycan 1991-ci il oktyabr ayının 18-də öz müstəqilliyini bərpa edəndən sonra 1991-ci il noyabrın 9-
da onu tanıyan ilk dövlət Türkiyə Cümhuriyyəti oldu. 1992-ci ilin yanvar ayının 14-də Azərbaycan-Türkiyə
diplomatik əlaqələri yaradılmışdır. Həmin vaxtdan Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasında,
1992-ci ilin avqust ayından isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlamışdır. Diplomatik
münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açdı. Artıq
1992-ci ilin fevral ayında Azərbaycan Respublikası və Türkiyə Respublikası Xarici İşlər Nazirlikləri arasında
əməkdaşlıq haqqında və iki dövlət arasında vizasız gediş-gəlişə dair məktub mübadiləsi haqqında sazişlər
imzalandı.
Türkiyə Prezidenti Turqut Özalın Azərbaycana 1992-ci il 1-3 may tarixli səfəri zamanı imzalanmış Birgə
Bəyanat strateji əməkdaşlığın təməl daşını qoydu. İki ölkə rəhbərləri arasında keçirilən görüşlər və Birgə
Bəyanat qarşılıqlı əlaqələrin əsas prinsiplərini və inkişaf perspektivlərini müəyyən etdi. Hər iki dövlət qarşılıqlı
faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başladı. Türkiyə müstəqil dövlət
quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin
inkişafına geniş yardım göstərirdi.
1992-ci ilin noyabr ayında kiçik və orta həcmli sənaye müəssisələrini inkişaf etdirmək sahəsində texniki
əməkdaşlıq barədə, ticarət-iqtisadi əməkdaşlıq, investisiyaların təşviqi və qorunması haqqında
hökumətlərarası sazişlər, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında kredit sazişi və digər
sənədlər imzalandı. Bununla da qarşılıqlı münasibətlərin hüquqi-normativ bazasının yaradılması sahəsində
mühüm addımlar atıldı.
Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və
ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli
əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə
qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etdi. Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə 1994-cü il fevralın 8-dən 11-dək davam edən ilk rəsmi
səfəri ikitərəfli əlaqələrin inkişafına yeni təkan verdi. Ankarada aparılan danışıqlardan sonra fevralın 9-da
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol,
elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın
inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşılıqlı təşviqi və qorunması
haqqında saziş və digər mühüm sənədlər imzalandı.
1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”ni imzalamış xarici neft şirkətləri konsorsiumunda “Türk
petrolları” şirkətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının real
təzahürü idi. Dövlət rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri iki ölkə arasındakı
münasibətlərin daha da inkişafı ilə müşayiət olunurdu. 1995-ci il dekabrın 7- 9 da Türkiyə Prezidenti
Süleyman Dəmirəlin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Birgə Bəyanat və iqtisadi əməkdaşlıq
haqqında memorandum dostluq münasibətlərini müəyyənləşdirən prinsiplərin və əlaqələrin inkişaf
istiqamətlərinin sarsılmaz olduğunu bir daha təsdiq etdi. İkitərəfli əlaqələrin möhkəmlənməsi və dostluq
münasibətlərinin inkişafı Azərbaycan-Türkiyə əməkdaşlığının əhatə çərçivəsini genişləndirdi. 1996-cı ildə iki
ölkə arasında hərbi, texniki və elm sahələrində əməkdaşlığa dair bir sıra sənədlər imzalandı. Beləliklə,
qarşılıqlı münasibətlərin hüquqi-normativ əsaslarının genişlənməsi iki ölkə arasında siyasi-iqtisadi, elmi-
mədəni, hərbi və b. sahələrdə əməkdaşlığın inkişafı üçün yeni perspektivlər açmışdır. İkitərəfli əlaqələrlə
yanaşı regional və beynəlxalq təşkilatlar çərçivəsində də Türkiyə ilə səmərəli işbirliyinin möhkəm təməlini
yaradan Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev 1997-ci il aprelin 30-da İstanbulda keçirilən Qara
Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmiş, bir həftə sonra isə mayın 5-8-də
Türkiyədə rəsmi səfərdə olmuşdur. Keçirilən bütün görüşlərdə Azərbaycan Respublikası Türkiyə ilə
münasibətlərin daha da inkişafına xüsusi əhəmiyyət verdiyini göstərmiş və imzalanmış sənədlərdə qarşılıqlı
faydalı əməkdaşlığın hərtərəfli və dinamik inkişafına maraqlı olduğunu nümayiş etdirmişdir. Belə ki, 1997-ci il
mayın 5-də Ankarada Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında strateji
əməkdaşlığın dərinləşməsi haqqında bəyannamə, kiçik və orta həcmli sənaye müəssisələrinin inkişafına