Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə33/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   29   30   31   32   33   34   35   36   37

 
 
148 
 
Cəmiyyət  haqda  yazdıqların  tələbə  vaxtı 
institutda  bizə  göstərilən  bir  filmi  yadıma  saldı. 
Dərsdə  italyan  rejissoru  Ettore  Skolanın  “İyrənc, 
kirli,  acıqlı  adamlar”  filminə  baxıb  müzakirə 
edirdik.  Tapıb  linkini  ataram  baxarsan.  Roma 
ətrafında indi orada gördüyün favelaya bənzər bir 
məhəllədə taxta-tuxtadan, dəmir-dümürdən düzəl-
dilən evdə ata, ana, oğul, qız, nəvələr və bir sürü 
başqa  qohum-əqrəbadan  ibarət  ailə  bir  dam 
altında  yaşayır.  Gəlin  qaynıyla  yatır,  bunu  görən 
qayınata  gəlinə  tamah  salır,  onu  şantaj  edir,  ailə 
üzvləri pulunu onlardan gizlədən atanı zəhərləyir. 
Oğru, fahişə, xəyanətkar, “mavi”, cahil adamların 
hər  cür  mənəviyyatdan,  əxlaqdan  uzaq  bir 
mühitindən bəhs edir. Filmdə yadımda qalan belə 
bir  iyrənc  yerdə ailə  başçısının  çarpayısı üstündə 
divara yazılan şüar idi: “Sevgi və sədaqət”. İndiki 
mətbuatda  oxuduqlarımız,  yolda-küçədə  görüb 
eşitdiklərimiz  adamı  dəhşətə  gətirir,  elə  bil  o 
filmdəki mühitə düşürsən. 
...Amma əzizim,  indi elə  istərdim ki,  yanında 
olam.  Nolardı,  məni  də  aparaydın  o  ala-bəzək 
şəhərə. Ağappaq qumlarla örtərdim üstünü çimər-
likdə, qumlu dodaqlarımla öpərdim  yanmış kürə-
yindən.  Sonra  da  qoşulardıq  faveladan  gələn 
uşaqlara.  Jorj  Amadunun  “Qum  dəryasının  kapi-
tanları”nı  xatırlayırsanmı?  Gündəlik  yeyəcək-
lərini oğurluqla, dilənməklə qazanan bu uşaqların 


 
 
149 
azadlıq eşqi dünyaya ağalıq edən böyüklərdə belə 
yoxdu.  O  uşaqlar  səni  əhatə  eləyən  o  snob 
elitadan  qat-qat  insanpərvərdir.  Çünki  həyat  əsl 
simasını onların yaşantılarında göstərir.  
Onlara  qoşulub  şəhərin  küçələrini,  çimərlik 
qumluqlarını  azad  küləklər  kimi  dolaşarıq.  Sən 
bandamızın  başçısı  Pedro  olarsan,  mən  də  Dora. 
Gecələr  alarsan  məni  qucağına,  apararsan  sahilin 
ləpədöyəninə. Uzadarsan məni qumluğa. Nəfəsini 
boynumda,  boğazımda  duyaram,  bədənini  bədə-
nimdə.  Sonra  sən  yerdə  qumu  sayarsan,  mənsə 
göydə  ulduzları.  Topladığımız  qum,  ulduz 
kisələrinə  öpüşlərimizlə  möhür  vurarıq.  Lap 
utandım  yazdığımdan...  Sonra  bizi  polis  aparar. 
Sən  həbsxanadan  qaçarsan,  gəlib  məni  də  yetim-
xanadan  çıxararsan.  Burdan  sonrasını  özümüz 
yazarıq.  Kitabdakı  kimi  ölmək  istəmirəm.  Məni 
ölməyə  qoymazsan,  yaxşımı?  Qaçıb  dünyanın  o 
başına  gedərik,  öz  dünyamıza  köçərik,  bizdən 
başqa  heç  kimin  olmadığı  bir  dünyaya.  Orada 
sənə pıçıldayacaqlarım var. 
Amma  yox,  biz  səninlə  Eliziuma  gedəcəyik. 
Bizim  dildə  Yeliseydi,  deyəsən.  Özü  də  antik 
yunan  mifoloqlar  yaradan  seçilmiş  ruhların 
mükafatlandırıldığı,  kədərdən  və  qayğıdan  uzaq, 
həmişəbahar  bir  dünyaya  yox,  öz  Yeliseyimizə. 
Sakini  yalnız  özümüz  olan  dünyaya.  Orda  daha 
sənin  yazdığın  “Allah  düsturu”ndan,  Big  Bang-
dan  danışmayacağıq.  Qoy  dinlə  elm  qırsın  bir-


 
 
150 
birini  dünya  necə  yaranıb  deyə.  Bizə  nə?!  O 
dünya da, bu dünya da onlarındır. Bizsə elmin, ya 
dinin  qurduğu  dünyada  yox,  sevginin  yaratdığı 
dünyada yaşayacağıq. 
Rəsmini  isə  həvəslə  gözləyirəm.  Bildiyim 
odur ki, məni yox, öz təsəvvüründəkini çəkmisən. 
Sənin təsəvvüründəki “özümü” görmək istəyirəm. 
Tez  gəl!  Bilirəm,  adamlar  getməkdən  çox  qayıt-
maq  barədə  düşünürlər.  Amma  futbola  bax, 
dostun  düz  deyir,  “Marakana”da  futbola  baxmaq 
tarix  yaşamaq  kimidi.  İki  gün  gec  gəlməyinə 
səbrim çatar. Qal futbola. Hələlik. Öpürəm! 
 
 
Mənimsə  Yeliseyim  Şuşadı.  Yelisey  kimi 
həmişə yazdı, yaydı orda. Qəribədi, Şuşa yadımda 
qar-qışı  ilə  yox,  yayı  ilə  qalıb.  Vətən  həsrəti 
insanın  tanıdığı  ən  ağır  nisgildi.  Birdən  elə 
qapılıram  bu  duyğuya  ki.  Yurduna  istədiyi  vaxt 
gedə  bilənlər  bəlkə  də  duymazlar  məni... 
Xəyalımdan kino lenti kimi keçir oralar. Döşəmə 
küçələr,  əyri  döngələr,  enən,  qalxan  yollar, 
reşotkalı  pəncərələr,  şüşəbəndlər,  balkonlar, 
zəhmli  qədim  evlər,  dəmir  toxmaqlı  ağırtaxta 
darvazalar,  məhləbaşı  bulaqlar.  Adamın  siniri 
sıyrılır, elə bilirsən nəfəsin boğazında düyünlənir. 
Heç  hava  da  düyün  düşərmi!?  Olur,  inan  mənə! 
Ürəyində qanın köpüklənib daşdığını, damarların 
qanı  axıtmağa  gücü  çatmayanda  çıxartdığı 


 
 
151 
uğultunu  eşitmisənmi?  Bəs  beyin  qırışlarının 
xırçıltısını necə?! Sonra elə bil boşluğa düşürsən. 
Komanın  vegetativ  halı  olur  ey,  bax,  elə  bir  halı 
deyirəm. Gedə bilmədiyin vətən xəyal şüşəsindən 
görünən  mənzərə  kimidi.  Görürsən,  amma  keçib 
gedə  bilmirsən,  eləcə  ...Nəysə,  səhər-səhər  gör 
fikrimi  haralara  apardın!  Səni  öz  Yeliseyimə 
aparacam. İndisə çıxmalıyam. 
 
*** 
 
Bu  gün  yolumu  qəsdən  faveladan  saldım. 
Taksi  sürücüsü  məni  könülsüz  apardı  ora. 
Adamlara,  illah  da  uşaqlara  baxırdım.  Dediyin 
kitabdakı  o  uşaqları  axtarırdım  elə  bil.  Çoxdan 
oxumuşam, amma Pedro da  yadımdadı, Dora da, 
hələ desən Axsaq da. Bir yanda onu səfalət girda-
bından çıxarıb oğul əvəzi qəbul edən varlı ailə, o 
biri  yanda  ən  ağır  günündə  ona  qucaq  açan  oğru 
küçə  uşaqlarının  səfil  ailəsi.  Vicdanı  əleyhinə 
qərar  vermək  sınağı  insanın  üzləşdiyi  ən  çətin 
imtahandı.  Elədiyi  əmələ  görə  çəkdiyi  vicdan 
əzabı balaca Axsağı dünyanın ən əzəmətli adamı-
na  çevirmişdi  gözümdə.  Vicdan  əzabı  işgəncələ-
rin ən  ağrılısıdı. Yazıçı  qüdrəti  budu elə,  həyatın 
dibindəki  səfalət  sakinlərini  belə  oxucusuna 
sevdirə bilir. Hüqo səfillərini sevdirən kimi...  
Düz  deyirsən,  burda  Sənlə  birlikdə  olmaq 
cənnətdə mələklərin qoynuna girmək kimi olardı. 
Bizim  sevgimizə  Dora  paxıllıq  edər,  Pedro  da 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə