Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar kitabxanalar qarşısında duran vəzifələr



Yüklə 15,62 Kb.
tarix08.09.2018
ölçüsü15,62 Kb.



Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar kitabxanalar qarşısında duran vəzifələr

Azərbaycan şairi, mütəfəkkir. İmadəddin Nəsiminin həyatı haqqında geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. O,  1369-cu ildə anadan olmuşdur. Bir çox tədqiqatçılar onun  Şamaxıda, başqaları isə Bursada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər. Nəsimi İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir.



10-cu əsrdə Bağdadda dara çəkilmiş Həllac Mənsur Huseyninin sufi görüşlərini təbliğ edən Nəsimi ilk şerlərini "Hüseyni" təxəllüsü ilə yazmışdır. 14-cü əsrin sonlarında Azərbaycanda geniş yayılmış hürufi təşkilatları ilə əlaqə saxlamışdır. Hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini mənimsəyərək, bu təriqətin fikirlərini təbliğ edən şerlər yazmağa başlamış və bu vaxtdan etibarən Nəiminin təxəllüsü ilə həmahəng səslənən "Nəsimi" təxəllüsünü qəbul etmişdir. 1394-cü ildə Nəimi edam edildikdən sonra onun "Vəsiyyətnamə"sinə əsasən Nəsimi Təbrizə, oradan da Anadoluya (Türkiyə) getmiş, hürufilik fikirlərini yaydığı üçün dəfələrlə zindana salınmışdır. Ömrünün son illərini Hələbdə (Suriya) yaşamış, orada həbs olunmuş, "kafir", "dinsiz" elan edilərək Misir sultanının əmri və ruhanilərin fitvası ilə diri-diri dərisi soyulmuşdur. Nəsimi mürəkkəb yaradıcılıq yolu keçmişdir. Nəsimi lirik şairdir. Yaradıcılığa aşiqanə şerlərlə başlayan Nəsimi sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olmuşdur. O, həyat, cəmiyyət haqqında açıq deyilməsi qorxulu olan tənqidi fikirlərini aşiqanə misralar və ya təbiət təsvirləri içərisində söyləmişdir. Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələdir. Nəsiminin yaradıcılığı dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından da müstəsna əhəmiyyətə malikdir. Nəsimi Azərbaycan şerinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol oynamış, əruz vəzninin bəhrlərini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışmışdır. O, 3 dildə gözəl müləmmələr yazmışdır. Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazmışdır. Onun rübailəri, tüyuğları bədii quruluş və məzmunca oricinal və qiymətlidir. Rübailərində hürufiliyin müddəaları, şairin fəlsəfi görüşləri, Həyat və Kainat haqqında düşüncələri yığcam və məntiqi bir dildə ifadə olunmuşdur. Nəsiminin əsərləri hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada və uyğurlar içərisində geniş şöhrət tapmışdı. Nəsiminin ana dilində yazdığı əsərlər Azərbaycan şerinin inkişafına, o cümlədən Şah İsmayıl Xətai, Füzuli, Vaqif kimi böyük sənətkarların yaradıcılığına qüvvətli təsir göstərmişdir. Nəsimi yaradıcılığı 15-ci əsrdən etibarən bütün türk ədəbiyyatına (türk, türkmən, özbək və s.) qüvvətli təsir göstərmişdir. Şairin əsərləri əlyazma şəklində geniş yayılmışdır. Həmin əlyazma nüsxələri dünyanın bir sıra mötəbər kitabxanalarında saxlanılır. Şairin əsərlərin dönə-dönə çap edilmiş, haqqında tədqiqat əsərləri yazılmışdır. YUNESKO-nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi dünya miqyasında qeyd olunmuş (1973), Azərbaycanda və Moskvada keçirilən yubiley təntənələrində dünyanın bir çox ölkəsindən gəlmiş nümayəndələr iştirak etmişdir. Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev bildirib ki, Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib. İ.Nəsiminin adı Azərbaycanda əbədiləşdirilib, elm və təhsil ocaqlarına, rayon, küçə, meydanlara onun adı verilib, abidəsi ucaldılıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüs və səyləri ilə hələ SSRİ dövründə Bakının mərkəzində şairin abidəsi ucaldılıb, onun adının əbədiləşdirilməsi üçün çox işlər görülüb. Şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümünün qeyd edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncamın verilməsi bu gün ölkəmizdə şairə verilən yüksək dəyərin göstəricisidir. Bu gün UNESCO səviyyəsində görkəmli şairə həsr olunmuş tədbirin keçirilməsi də onun bəşəriyyət üçün görkəmli şəxsiyyət olmasından xəbər verir. Nəsiminin ölümündən 600 il sonra UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmiş Hələb şəhərinin qədim mərkəzi terrorçu və ekstremist qüvvələr tərəfindən xarabazara çevrilib, şairin sərdabəsi dağıntılara məruz qalıb. Simvolik səslənsə də, sanki ekstremistlər 600 il sonra Nəsimini ikinci dəfə qətlə yetiriblər. Lakin bununla belə Nəsiminin yaddaşlarda yaşayan ideyaları və poeziyası, onun tolerantlıq və sülh naminə çağırışları heç zaman məhv edilə bilməz. Bu münasibətlə klassik Azərbaycan şairi İmaməddin Nəsiminin vəfatının 600 illiyi ilə əlaqədar bütün kitabxanalarda “Nəsimi poeziyası”, “Poeziyamızın fatehi “ “Qəlblərdə yaşayan şair”, “Həq mənəm”, “Ağla və qəlbə işıq saçan şair”, “Əbədi şəxsiyyət-Nəsimi”, “Haqq şairi-Nəsimi”, “Günəşə bənzəyən şair”, “Məndə sığar iki cahan”, “Bəşər şairi”, və s. başlıqlarda sərgi yaratmaq, Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş oxucu konfransı, zəngin irsinin təbliğinin gücləndirmək məqsədilə kitablarının müzakirəsi, “Nəsimi poeziyası” adlı şeir müsabiqəsi, “Nəsimini yetirən ədəbi dil zəmini”, “Azərbaycan şeirinin ilkin dahisi”, “Həq mənəm, həq məndədir, həq söylərəm”, “Elmdə, ürfanda ümman olan şair” və s. başlıqlarda məruzə və mühazirələr təşkil olunmalı, söhbətlər aparılmalı.
Metodika və biblioqrafiya şöbəsi


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə