88
– Heç bir pavana-filan deyil, – Bert Trepa dedi. – Sadəcə, zibildir. Günahın hamısı
Valentindədir, mənə demişdilər ki, Valentin Aliks Alikslə yatır. Siz deyin, cavan oğlan, nəyə
görə mən uşaqbazın birinə görə cavab verməliyəm? Mən qızıl medal laureatıyam, onu sizə
göstərərəm, mənim haqqımda qəzetlərdə tənqidçilər çıxış ediblər, böyük qələbələrim olub,
Qrenoblda, Pu…
Göz yaşları boynuna axdı, krujevalarının arasına doldu, külrəngi dərisinin qatlarında yox
oldu. O, Oliveyranın əlindən yapışdı, onu əsməcə tutmuşdu, az qala ürəkkeçməsi tutacaqdı.
– Bəlkə, paltonuzu götürüb küçəyə çıxaq? – Oliveyra onun paltosunu verməyə tələsdi. –
Havada sizə yaxşı olar, bir yerə girib boğazımızı yaşlarıq, bu mənimçün əsl…
– Boğazımızı yaşlarıq, – Bert Trepa təkrarladı. – Qızıl medal laureatı.
– Necə istəyirsiniz, – Oliveyra ehtiyatsız dedi və ondan xilas olmaq üçün kənara
çəkilmək istədi, ancaq pianoçu onun qolunu sıxaraq daha da yaxınlaşdı. Oliveyra konsertdəki
zəhmət tərinin naftalin və büxurqarışıq qoxusunu, bir də sidik və ucuz losyon iyi hiss etdi.
«Əvvəl Rokamadır, indi də Bert Trepa, ağılasığmazdır». Pianoçu qadın «qızıl medal» deyə-deyə
göz yaşlarını udurdu. Birdən elə hıçqırdı ki, elə bil, havada güclü bir akkord tutdu. «Həmişə belə
olur…» – nəhayət, Oliveyra başa düşdü və əbəs yerə şəxsi duyğulardan qoparaq, söz yox ki,
hansısa metafizik çaya baş vurmaq istədi. Bert Trepa müqavimət göstərmədən Oliveyranın onu
soffitlərin yanına aparmasına icazə verdi, orada onu əlində fənər və lələkli şlyapa tutmuş
kapeldiner qadın gözləyirdi.
– Madam özünü pis hiss edir?
– Həyəcandandır, – Oliveyra dedi. – Artıq yaxşıdır, paltosu hanı?
Onun yaşıl plaşı asılqanın önündəki arfanın yanında sınıq stolların və taxta-tuxtanın
arasındakı stulun üstünə atılmışdı. Oliveyra ona plaşını geyməyə kömək etdi, o daha ağlamırdı,
ancaq başı köksünə düşmüşdü. Ensiz qapıdan qaranlıq dəhlizə çıxdılar, oradan da gecə bulvarına.
Çiskin yağış yağırdı.
– Taksi tapmaq problemdir, – cibində cəmi üç yüz frankı olan Oliveyra dedi. – Siz
uzaqda yaşayırsınız?
– Yox, Panteonun yanında, piyada getsəm yaxşıdır.
– Hə, yəqin ki, belə yaxşıdır.
Bert Trepa asta-asta gedirdi, hər addımını atanda da başı o tərəf-bu tərəfə yırğalanırdı.
Kapüşonlu plaşda o gah partizana, gah da kral Ubyuya bənzəyirdi. Oliveyra gödəkçəsinin
yaxalığını qaldırıb başını gizlətdi. Hava soyuq idi, o, acdığını hiss etdi.
– Siz çox yaxşı oğlansınız, – artist qadın dedi. – Gərək narahat olmayaydınız. Siz mənim
«Sintez»im barədə nə deyə bilərsiniz?
– Madam, mən həvəskaram, vəssalam, mənimçün musiqi, necə deyim…
89
– Xoşunuza gəlməyib, – Bert Trepa dedi.
– Bir dəfə qulaq asmaqla çətindir…
– Biz Valentinlə onun üzərində bir neçə ay işləmişik. İki dahini birləşdirmək üçün gecə-
gündüz axtarışlar aparmışıq.
– Ancaq siz də etiraz eləməzsiniz ki, Delib…
– Dahidir, – Bert Trepa təkrar etdi. – Bir dəfə Erik Sati özü mənim yanımda onu belə
adlandırdı. Doktor Lakur nə qədər desə də ki, Sati, sadəcə, istəyirdi ki, mənə… nə isə
gəlişigözəl söz xətrinə. Siz ki bilirsiniz o necə olub, bu qoca… Ancaq mən kişilərin nə demək
istədiyini başa düşə bilirəm, cavan oğlan, mən bilirəm ki, Sati buna əmin idi, əmin. Siz hansı
ölkədənsiniz, cavan oğlan?
– Argentinadan, madam, yeri gəlmişkən deyim ki, mən artıq çoxdan cavan oğlan
deyiləm.
– Ah, siz Argentinadansınız. Pampa… Necə düşünürsünüz, orada mənim əsərlərimlə
maraqlana bilərlər?
– Mən buna əminəm, madam.
– Bəs siz öz səfirinizin məni qəbul etməsini təşkil edə bilərsiniz? Əgər Tibo Argentinaya,
hətta Montevideoya gedibsə, niyə öz əsərlərini ifa edən sənətkar – mən də getməyim? Siz, yəqin,
diqqət etdiniz, bu mühümdür: mən öz bəstələdiyim musiqiləri ifa edirəm. Demək olar ki, həmişə
ilk olaraq.
– Siz çox bəstələyirsiniz? – Oliveyra soruşdu və ona elə gəldi ki, bu dəqiqə ürəyi
bulanacaq.
– Bu, mənim səksən üçüncü opusumdur… yox… hə də… elə o qədər… Yaxşı yadıma
düşdü, gərək çıxmazdan qabaq madam Nole ilə danışaydım… Maliyyə məsələlərini qaydasına
salaydım. İki yüz nəfər, bu demək… – O dodağının altında nəsə mızıldandı və Oliveyra düşündü
ki, ona əsl həqiqəti, hər şeyi olduğu kimi demək daha doğru olardı, ancaq o özü də bunu, bu
həqiqəti bilirdi, təbii ki, bilirdi. – Bu biabırçılıqdır, – Bert Trepa dedi. – Mən burada iki il bundan
qabaq da çalmışam, Pulenk də gəlməyə söz vermişdi… Təsəvvür edirsiniz? Pulenk özü. O gecə
mən elə ilhama gəlmişdim ki, ancaq təəssüf ki, son anda hansısa işlər ona mane oldu… siz ki
onların necə olduğunu bilirsiniz, bu dəbdə olan musiqiçilərin… Bu günsə Nole iki dəfə az
tamaşaçı yığmışdı, – o, qəzəblə əlavə etdi. – Düz iki dəfə. Mən iki yüz adam saydım, deməli, iki
dəfə…
– Madam, – Oliveyra Sen küçəsinə çıxmaq üçün ehmalca onun dirsəyindən tutdu. – Zal
qaranlıq idi, ola bilər ki, səhv saymısınız.
– Ola bilməz, – Bert Trepa dedi. – Əminəm ki, səhv etməmişəm, ancaq siz məni
çaşdırdınız. Bir dəqiqə, nə qədər oldu… – Və o, yenə ciddi-cəhdlə dodaqlarını tərpədərək və
90
barmaqlarını qatlaya-qatlaya nəsə pıçıldadı – Oliveyranın onu hara apardığını, bəlkə də, onun
özünü belə tamamilə unutmuşdu. Hərdən o bərkdən nəsə desə də, öz-özünə danışdığı bəlliydi,
Parisdə öz-özünə bərkdən danışan nə qədər desən adam var, Oliveyranın özünün də belə etdiyi
olmuşdu, yəni bu onunçün qəribə bir şey deyildi, qəribə olan oydu ki, o, axmaq kimi bu qoca
qarının, bu yoluq kuklanın, içərisində gicbəsərliklə ağılsızlığın əsl gecə pavanasının rəqs etdiyi
bu bədbəxt üfürülmüş şarın yanına düşüb küçəylə gedir.
«
Elə iyrəncdi ki, adam onu pilləkəndən
itələyib yıxmaq, sonra isə ayağının altıyla murdar sifətini əzişdirmək istəyir, qoy onuncu
mərtəbədən düşən royal kimi partlayıb-dağılsın. Əsl mərhəmət onu bu miskin vəziyyətdən xilas
etməkdir, qoy öz-özünü dolaşdırdığı və inanmadığı illüziyalardan it kimi əzab çəkməsin. Bunlar
ona ayaqqabısının içindəki suyu, boş evini və çalsaç əxlaqsız qocanı görüb-hiss etməmək üçün
lazımdır. Ondan iyrənirəm, tinə çatan kimi aradan çıxacağam, heç bir şey də hiss etməyəcək.
Belə də gün olar, ilahi, əcəb gündür».
Bəlkə, köpək sürüsündən qaçırmış kimi özünü Lobino küçəsinə atsın, qarı evə yolu özü
də tapar. Oliveyra boylandı və qolunu azca tərpətdi, deyəsən, qolu yorulmuşdu, yavaş-yavaş ona
yapışan və ondan asılan şey onu narahat edirdi. Bu şey Bert Trepanın qoluydu və o dərhal bütün
gövdəsini Lobina küçəsinə sarı çəpəki baxa-baxa yolayrıcını keçməsinə və Turnon küçəsiylə
addımlamasına kömək edən Oliveyranın qolu üstünə yıxaraq özünü qətiyyətlə yada saldı.
– Əminəm ki, o, sobanı qalayıb, – Bert Trepa dedi. – Bu gün hava o qədər də soyuq deyil,
ancaq isti artistin dostudur, razısınız? Ümid edirəm ki, bizə gedib Valentinlə və mənimlə bir
qədəh içməkdən imtina etməzsiniz?
– Üzr istəyirəm, madam, – Oliveyra dedi. – Gərək bağışlayasınız, mənimçün sizi evinizə
ötürməyin özü böyük şərəfdir. Bundan başqa…
– Siz çox təvazökarsınız, cavan oğlan. Bu, cavanlığınızdan irəli gəlir, deyilmi? Gənc
olduğunuz hər halınızdan bəllidir, hətta əliniz də… – Barmaqlarıyla gödəkçədən yapışdı. –
Mənsə yaşlı görünürəm, bilirsiz də, artistin həyatı…
– Elə deyil, – Oliveyra dedi. – Mənim yaşım qırxı keçib, mənə təsəlli verməyin.
Sözlər ağzından öz-özünə çıxırdı, nə edə bilərdi ki, geriyə yol yox idi. Bert Trepa onun
qolundan asılaraq, köhnə əyyamları eşib-tökür, arabir dayanaraq, deyəsən, haqq-hesab aparırdı.
Hərdənbir Oliveyraya çəpəki baxaraq barmağıyla burnunu qurdalayırdı, ancaq əvvəlcə özünü elə
göstərirdi ki, guya, ovcu qaşınır. Öncə əlcəyini çıxarır, əlini Oliveyranın əlindən nəzakətlə
çəkərək ovcunu qaşıyır, sonra peşəkar pianoçu hərəkətiylə əlini üzünə qaldırır və barmağını bir
saniyəlik burnuna soxurdu. Oliveyra özünü elə göstərirdi ki, guya, başqa səmtə baxır, başını
döndərəndə isə artıq Bert Trepa yenidən əlcəklərini geyərək onun qolundan asılmış olurdu. Və
onlar yağışın altında ağıllarına gələni danışa-danışa gedirdilər. Lüksemburq bağının yanından
keçəndə onlar Parisdə həyatın günü-gündən çətinləşməsi, rəqabətin amansızlığı məsələsinə
Dostları ilə paylaş: |