84
çıxışa doğru elə möhkəm addımladı ki, dabanları bəstəkarın növbəti pauza üçün nəzərdə tutduğu
bütün səkkiz saniyəni əks etdirdi. İyirmi dördüncü akkorddan sonra pauzalar qısalmağa başladı,
iyirmi səkkizincidən otuz ikinci akkorda qədər isə ümumi ideyadan yayınmamaqla matəm marşı
akkordları səsləndi. Bert Trepa ayaqlarını pedallardan çəkərək sol əlini dizinin üstünə qoydu və
ikinci hərəkətə başladı. Bu hərəkət cəmi-cümlətanı dörd taktdan, hər takt da eyni uzunluqda üç
notdan ibarət idi. Üçüncü hərəkət əsas etibarilə klaviaturanın qıraq registrlərindən ortasına doğru
xromatik enmələrdən və qalxmalardan ibarət idi və bütün bunlar trel və triollarla müşayiət
olunurdu. Birdən pianoçu qadın gözlənilmədən passajları yarıda kəsərək dimdik ayağa qalxdı və
bir neçə dəfə, demək olar ki, meydan oxurcasına baş endirdi, lakin bu meydan oxuma Oliveyraya
özünə inamsızlıq və hətta qorxu kimi göründü. Bir cütlük dəli kimi əl çalmağa başladı və
Oliveyra birdən hiss etdi ki, nədənsə, o da əl çalır, odur ki, özünə gəlib dayandı. Bert Trepa bir
göz qırpımında yenidən profilini publikaya tərəf döndərərək zal sakitləşənədək barmaqlarını
etinasızcasına klaviaturanın üzərində gəzdiridi. Sonra isə «General Leklerkin şərəfinə
«Pavana»ya başladı.
Sonrakı iki-üç dəqiqəni Oliveyra özünə əziyyət verərək həm Bert Trepanın var
qüvvəsiylə zala boşaltdığı qeyri-adi həftəbecəri, həm də qocaların və cavanların açıq və ya gizli
şəkildə aradan çıxmalarını izləməyə çalışdı. List və Raxmaninovun qarışığından ibarət
«Pavana»da iki-üç mövzu yorlulmadan, sonsuz variaysiyalarda itərək, yetərincə makiyajlanmış
qadın ifaçıların səs-küylü və gurultulu frazalarında təkrar olunur, təntənəli parçalar lafetdə
aparılan cənazə kimi birdən-birə səs-küylü atəşfəşanlıqları xatırladan passajlarda təzahür edir və
gizli Aliks də xüsusi ləzzət alırdı. İki dəfə Oliveyraya elə gəldi ki, pianoçunun Salambo sayağı
vız durmuş saçı bu dəqiqə dağılacaq, ancaq kim bilir, bu vurhavura və «Pavana»nın qəzəbli
titrəyişlərinə davam gətirmək üçün bu saça nə qədər sancaq və daraq taxılıb. Budur, finalın
yaxınlaşdığını bildirən arpeciodan orgiya çalındı, hər üç mövzu səsləndi, onlardan biri –
Ştrausun «Don Juan»ından bütöv bir parçaydı və Bert Trepa sonradan birinci mövzunun
isterikasını söndürən daha gurultulu akkordlarla tufan qopardı və nəhayət, hər şey aşağı oktavada
iki akkordla həll olundu, bu zaman ikinci akkordda sağ əlin səhv çaldığı bəlli oldu, ancaq belə
şeylər hamıda ola bildiyi üçün Oliveyra ürəkdən əylənərək bərkdən əl çaldı.
Pianoçu həncamaya keçirilmiş kimi üzünü zala döndərib təzim etdi. O, deyəsən, hələ də
tamaşaçıları saymaqdan vaz keçməmişdi, ona görə də zalda uzaqbaşı səkkiz-doqquz adam
qaldığını öz gözləriylə görə bilərdi. Bert Trepa əhvalını pozmayaraq sol kulisin arxasına keçdi və
kapeldiner qadın pərdəni çəkərək oturan dinləyicilərə konfet təklif etməyə başladı.
Əlbəttə, artıq getmək lazım idi, ancaq konsertin baş verdiyi şəraitin özündə Oliveyranı
cəzb edən nəsə vardı. Hər halda, zavallı Trepa öz əsərlərini ilk dinləyicilərə təqdim etmək
istəyirdi və bu öz-özlüyündə bayram polonezi, ay sonatası və alov rəqsi kimi bir şey idi. Bu
85
sifətdə, bu yumşaq tısbağada, burnuqırıq çaydanların, divar kağızlarıyla bəzənmiş və aylıq
dövriyyəsi qırx min frank olan zallara toplaşan incəsənət və poeziya həvəskarları mühitində
Rislerin ifasına dəfələrlə qulaq asan qoca kaftarların üfunətli aləminə düşmüş bu həcmsiz
gicbəsərdə yumşaq başlı gəlincik kimi riqqətdoğuran nəsə vardı, çünki ayın axırında dostlara və
yaxınlara yalvarırdılar ki, Raymond Dunkan Akademiyası üslubunda ə-sil in-cə-sə-nət naminə
ayda heç olmasa bircə dəfə bura gəlsinlər və bu zaman Aliks Aliksin və Roz Bobun sifətindəki
ifadələri təsəvvür etmək çətin deyildi, onlar konsert üçün zalın icarə olunmasının neçəyə başa
gələcəyini hesablayır, şagirdlərdən birinin könüllülük əsasında çap edəcəyi proqramı, dəvət
olunanların ümidləri doğrultmayan siyahısını tərtib edir, zalın boş olduğunu görəndə kulislərin
arxasında hansı ümidsizliyin olacağını nəzərə alırdılar, lakin bütün bunlara baxmayaraq o – qızıl
medallı laureat səhnəyə çıxmalıydı, bütün hallarda çıxmalıydı. Eynilə Selinin əsərlərində olduğu
kimi. Oliveyra hiss etdi ki, artıq hər şeyi əhatə edən iflasdan və bu iflasa uğrayan azsaylı
təbəqəyə hesablanmış çürüməkdə olan və heç kəsə lazım olmayan artistlik fəaliyyətinin
gərəksizliyindən başqa heç bir şey haqqında düşünə bilmir. «Əlbəttə, bu toza batmış yelpik məhz
mənim burnuma tıxanmalıydı, – Oliveyra əsəbiləşdi. – Əvvəlcə maşının altına düşən qoca, indi
də bu Trepa. Bayırdakı axmaq havadan və içimdə baş verənlərdən danışmağa belə dəyməz.
Xüsusən də, mənim içimdəkilərdən».
Zalda cəmisi dörd nəfər qalmışdı və o, ifaçının özünü tənha hiss etməməsi üçün qərara
gəldi ki, keçib birinci cərgədə otursun. Həmrəyliyin bu şəkildə nümayişi, nədənsə, ona gülməli
gəldi, ancaq buna baxmayaraq qabağa keçdi və növbəti ifanın başlamasını gözləyə-gözləyə
siqaret yandırdı. Zalda qalan xanımlardan biri, nədənsə, tam Bert Trepa yenidən səhnəyə çıxdığı
anda getmək qərarı verdi, odur ki, pianoçu demək olar ki boş qalmış parterin qarşısında ağır-ağır
ikiqat olmamışdan öncə pisniyyət qadını əyri-əyri süzdü. Oliveyra gedən qadının arxadan
vurulan yaxşı bir təpiyə layiq olduğunu düşündü. Birdən başa düşdü ki, bütün reaksiyaları, hətta
Roz Bobun «Pavana»sına baxmayaraq, Bert Trepaya qarşı açıq-aşkar rəğbətindən irəli gəlir.
«Çoxdandır ki, belə şeylər hiss etmirdim, – o düşündü, – yəni illər məni yumşaltmağa başlayıb?»
Bu qədər metafizik çayları seyr etdikdən sonra birdən-birə qəribə şəkildə hiss edirsən ki, xəstə
qocanı yoluxmaq, yaxud korsetə sarınmış bu gicbəsər qarıya alqışlarınla ürək-dirək vermək
istəyirsən. Qəribədir. Yəqin, soyuqdandır, ayaqlarım islanıb – ondandır.
Deliblə Sen-Sansın sintezi artıq üç dəqiqəydi ki, davam edirdi, bu zaman yerdə qalan
publikanın aparıcı qüvvəsini təşkil edən cütlük ayağa qalxdı və saymazyana çıxdı. Oliveyraya
yenə də elə gəldi ki, Bert Trepanın zala zillənən baxışlarını tutdu; o, tamamilə royalın üzərinə
əyilərək getdikcə elə gərginliklə çalırdı ki, elə bil, əllərini çəkib bağlayırdılar, arada pauzalardan
istifadə edib Oliveyra və mülayim bir cənabın öz görünüşləriylə intizam və diqqət nümayiş