“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
75
Romaya göndərərərək, Roma Papasının nunsisini öz hüzuruna - bir fincan şokoladla peçeniye
içməyə dəvət elədi. O, onu çox sadə şəkildə – diri güllərdən yığılan talvarın altındakı tor
yelləncəyində köynəksiz-filansız oturan yerdə, üzünü şlyapasıyla yelləyə-yelləyə qəbul elədi;
nunsi onunla üzbəüz, təklif olunan yelləncək kresloda əyləşdi. – «Bu kresloda əyləşməyi mən
yalnız sizə təklif edirəm, müqəddəs ata!» - deyə o, isti şokaladla dolu fincanı əlinə götürüb xırda
qurtumlarla içə-içə söhbətə başladı. Nunsi, təzəcə ütülənmiş sutanada* idi, ondan sütül lavanda
iyi gəlirdi; bu yerlərə məxsus tropik sıxıntıya, bürküyə, tozanağa və rəhmətlik Bendisyonun
quşlarının, ara-sıra talvarın işıqlı məsamələrindən aşağı damızdırdıqları nəcisə məhəl qoymadan,
laqeyd üzüylə ona qulaq asırdı. O, şokoladı qız utancaqlığıyla içir, peçenyeni qəsdən aramla
çeynəyirdi ki, şokaladın son qurtumunu udub söhbətə başlayacağı anı bir qədər uzatsın. Nunsi,
uzun illər bundan əvvəl, əməköməcinin çiçəkləməyə başladığı gözəl günlərin birində başqa bir
nunsinin – sadəlövh qocanın oturduğu həmin kresloda əyləşmişdi və öz həmsöhbətinin diqqətini
xristian dininə cəlb edərək, Foma Akvinskinin fitri vergilərini təhlil etməklə məşğul idi. - «İndi
isə mən sizi bir məsələdən agah eləməliyəm, müqəddəs ata. Sən saydağını say, gör fələk nə
sayır! - deyirlər. İş elə gətirdi ki, daha mən də dindar oldum... Daha mən də dindar olmuşam». –
O, gözlərini belə qırpmadan, əvvəlki kimi nə Allaha, nə İblisə, ümumiyyətlə, bu işıqlı dünyada
heç nəyə inanmasa da, tək bircə şeyə inanırdı: - anası Bendisyon Alvaradonun, bütün həyatı
boyu nümayiş etdirdiyi fanatikliyinə və bu nümunəvi həyat fəaliyyətinə görə müqəddəs simalar
sırasına daxil edilə biləcəyinə. Anasının müqəddəsliyni sübut etmək üçün o, nə camaatın
uydurduğu şişirdilmiş əfsanələrə – məsələn, guya mərhumənin meyiti aparılarkən, qütb
ulduzunun, matəm izdihamının səmtinə yönələrək, onunla bir hərəkət eləməsinə, nə də, guya
ayrı-ayrı yerlərdə musiqi alətlərinin özü-özlərinə çalmasına əsaslanmadı. Onun arxalandığı əsas
dəlil - Bendisyon Alvaradonun can üstə olarkən bədəninin izi qaldığı ağ döşəkağı idi, həmin bu
nazik, çit döşəkağı, qəribəydi ki, qadının yara-xoralı qoca vaxtının yox, gözəl cavanlıq illərinin
bədən izlərini - qadının, sağlığındakı kimi, əli sinəsində, böyrü üstə uzanmış vəziyyətini olduğu
şəkildə qoruyub saxlamışdı; oğlu, onun, incə güllərin ətirli qoxusunu andıran canlı tər qoxusunu
duya-duya, bu möcüzənin sehrindən həyəcanlanıb cuşa gələrək, civildəşən quşların səsini
dinləyə-dinləyə, döşəkağıda qalan möcüzəli izi barmağıyla sığallayır, «Bir baxın, müqəddəs ata!
Möcüzədi! Quşlar da onu tanıyır!..» – deyərək, nunsiyə, qadının. döşəkağının həm üzündə, həm
astarında qalan əksini göstərirdi; lakin nunsi diqqətcil və sayıq idi, odu ki, döşəkağıda ustad
rəssamların əl işlərini – vulkan külündən düzəldilmiş təsvirləri, şəkillərdə süni çatlar yaratmaq
ustası olan ara rəssamların sənətkarlığını asanca seçdi və bu tapıntısına ürəyində bircə gilə belə
olsun tərəddüd eləmirdi; bütün bunlar, rənglərin oynaq çalarlarından bəlli olurdu; nunsi,
dünyanın harmoniyasını və gözəlliyini, vaxtın getmək əvəzinə, həzin-həzin üzdüyü bir yerdə –
təbiət muzeyində, Yer kürəsinin dairəvi cizgilərini ləzzətlə müşahidə etdikcə anlamışdı; odu ki,
nəhayət, gözünü döşəkağıdan çəkməyi qərara alıb mülayim, həm də konkret şəkildə bildirdi ki,
çitin üzərinə həkk olunmuş qadın bədəni heç də Allahın gizli niyyətinin məhsulu deyil:
«Qətiyyən elə deyil, əla həzrətləri! Bu, öz peşəsində olduğu kimi, fırıldaqçılıq sənətində də əli
gətirən hansısa çevik rəssamın əl işidi. Rəssam sizin sadəlövhlüyünüzdən istifadə edərək, yağlı
boyaların yerinə, divar rənglənən keyfiyyətsiz rənglərlə işləyib, əla həzrətləri! Bu rəngləri adi
skipidardan düzəldirlər, sonra ona təbii kauçuk, gips əlavə edirlər... bu da onun qurumuş qabığı...
kətanın həmişənəmiş vəziyyəti isə, sizə deyildiyi kimi, ananızın təri yox, rənglərin tünd düşdüyü
yerlərin zeytun yağından islanmasıdır. Odur ki, mən ürəkdən təəssüf edirəm, əla həzrətləri!»
Sidq-ürəkdən kədərlənmiş nunsi, tor yelləncəyində otura-otura gözünü qırpmadan, bircə dəfə
belə olsun, sözünü kəsmədən, ona qəribə, asiyasayağı tərkidünyalıq vəziyyətində, dinməz-
söyləməz baxan, qulaq asdıqca, donub daşlaşan qocaya bundan artıq daha heç nə deyə bilmədi.
O, döşəküzünün möcüzəli çevrilmələrini öz gözləriylə, öz iki gözüylə gördüyünə baxmayaraq,
nunsinin bircə sözünə belə etiraz eləmədi, ağzını açmaq üçün dodaqlarını belə tərpətmədi: -
«Axı, səni o döşəkağıya mən özüm bükmüşdüm, anam mənim, bax, bu əllərimlə bükümüşdüm,
həmin o sübh çağı yuxudan oyananda, dünyanı alt-üçt edib sanki dənizin dibinə çökdürən
ölümünün sakitliyində həmin o möcüzənin şahidi mən olmuşdum axı, lənət şeytana!..»
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
76
Bütün bunların heç birini o, nunsiyə demədi, iquana kipriklərini çalmadan, gözünü ikicə dəfə
qırpdı, zəif-zəif gülümsədi, sonra içini çəkib yavaşca: «Yaxşı, atacan, qoy siz deyən kimi olsun.
Amma, sizi xəbərdar edirəm ki, dediyiniz bu sözlərin məsuliyyətini ömrünüzün son gününəcən
daşımalı olacaqsız. Sözbəsöz təkrar edirəm: bir daha heç vaxt, heç yerdə, qəbir evinəcən,
dediklərimi unutmayın: siz, bütün ömrünüz boyu dediyiniz bu sözlərin məsuliyyətini daşımalı
olacaqsız. Mən, daha sizə cavabdeh deyiləm, müqəddəs ata!» - dedi. Həmin o bəd həftə elə bil
dünya nəfəsini içinə çəkib dondu, o isə bütün həftəni dilinə çörək vurmadan, tor yelləncəkdə
uzanıb yellənə-yellənə, çiynində oturmağa adət edən quşları yelpiklə qova-qova, arada bir
talvarın məsamələrindən düşən gün şüalarını da quş bilib onları da yelpiklə hürküdə-hürküdə
keçirdi. O həftə ərzində nə bir adam qəbul edildi, nə bir əmr verildi; ictimai asayişi qoruyan
idarələrin fəaliyyətsizliyi üzündən isə bir dəstə fanatiklər ordusu Apostolik nunsiaturaya basqın
etdi, nunsiaturanın muzeylərindəki tarixi sərvətlər darmadağın edildi, siestanın bu saatlarında
adəti üzrə içəri həyətin hovuzunda dincələn nunsiyə hücum edildi, onu yaxalayıb, lümlüt
soyundurdular, küçəyə çıxarıb orda, camaatın gözü qarşısında başına min bir oyun açdılar. –
«Təsəvvürünüzə gətirirsiz, mənim generalım?» O, bu xəbərlərə, yenə öz tor yelləncəyində
oturduğu yerdə, yerindən tərpənmədən, qaşının ucunu belə tərpətmədən, qulaq asdı, nunsinin,
eşşəyə mindirilib, küçələr boyu gəzdirilə-gəzdirilə pəncərələrdən başına çirkab suları tökülə-
tökülə, camaatın dörd bir yandan ona: «Ey, Vatikan xanımı, bəlkə bir uşaq doğasan, ay
yekəqarın!» - deyib çığırması xəbərini də beləcə, sakit üzlə qarşıladı və nəhayət, xəbər gələndə
ki, nunsiyi yarımcan vəziyyətdə sürütləyib bazarın zibil yığnağına atıblar və indi o, orda min bir
üfunətli zir-zibilin içində ölümcül vəziyyətdə qalıb, o, nəhayət tor yelləncəyindən qalxıb çiyninə
qonan quşları milçək kimi üstündən qova-qova iclas zalına yollandı. O, ora, qolundakı qara,
matəm lentini açmadan, üzündəki hüzür örtüyünü sanki əlləriylə soyub daxil oldu.
Yuxusuzluqdan altı tuluqlanmış gözləriylə dörd bir yanına baxıb, nunsi üçün xüsusi sal
qayırılmasını və onun, üçgünlük ərzaq ehtiyatıyla həmin sala mindirilərək, Avrop sarıdan gələn
gəmilərin yolu üstündə açıq dənizin ortasına buraxılmasını əmr etdi ki, vətənin qüdrətinə
toxunan yadelli gəlmələrin axırının nə ilə qurtardığını hamı öz gözləriylə görsün. «Qoy Papa
birdəfəlik sırğa eləyib assın qulağından ki, o, öz Romasında, qızıl taxtında Papadı, daha burda
yox, lənət şeytana!» Bu kəskin tədbirin əməlli-başlı nəticəsi oldu və o biri ilin axırına yaxın
Bendisyon Alvaradonun müqəddəs simalar sırasına düşməsi – kanonizasiyası məsələsinə
yenidən baxıldı. Ölməz bədənin ziyarətinə icazə verildi və tabut, kafedral kilsənin baş
kürsüsündə qoyuldu, xor həmd-səna oxudu, Vatikana elan edilmiş müharibə vəziyyətinə son
qoyuldu, Armas meydanına toplaşan camaat Allaha şükür edir, əldə edilmiş sülh münasibətiylə
şüarlar səsləndirirdilər; təcili surətdə ritual konqreqasiya auditoru Müqəddəslər Müqəddəsindən,
prokurordan və Bendisyon Alvaradonun müqəddəsliyinə şübhə qalmasın deyə, onun həyatını
bütün incəliyinəcən öyrənmək üçün gələn eritreyalıların* postulatoru, monsenyor Demetrio
Aldousdan müsahibələr alındı. «Siz burda istədiyniz qədər qala bilərsiz,» - deyə prezident
eritreyalının əlini əlinin içində saxlaya-saxlaya, qəhvəyi dərili bu afrikalının qəlbinə yol axtara-
axtara danışırdı; işin yaxşı tərəfi o idi ki, həmin bu eritreyalı, həyatı çox sevirdi, iquana
yumurtası yeyir, xoruz döyüşü üçün, mulat qadınlarının ehtiraslı rəqsləri üçün, bir sözlə,
hamımızın həzz aldığımız şeylər üçün, mənim generalım, o da sino gedirdi. Odu ki, bu
ilahiyyatçının üzünə bağlı qalan qapı olmadı, üstəlik, belə bir sərəncam da verildi ki, ona heç
kim mane olmasın, qoy o, öz gözləriylə görsün ki, bu sonsuz qəm dəryasına qərq olan vilayətdə
insan gözündən kənarda qala biləcək bir şey yoxdu, Bendisyon Alvaradonun, yuxarı qüvvələr
tərəfindən bəxş edilmiş müqəddəsliyini şübhə altında saxlaya biləcək bir şey yoxdur. – «Bütün
ölkə sizin ixtiyarınızdadır, müqəddəs ata – buyurun, baxın!»
Əsgərlər qarşısında, öz cavan, təmiz dərilərini nümayiş etdirməyə gələn cüzamlılıarla dolu
Apostolik nunsiaturada səliqə-səhman işləri aparırdılar; müqəddəs Vitta rəqsindən şəfa tapanlar,
bu möcüzəyə inanmayanlara, iynələri göz qırpımında saplamaqlarını nümayiş etdirirdilər; ruletka
oyunundan dövlətlənənlər öz uduşlarının səbəbini, yuxularına girib onlara uduş nömrələrini
qabaqcadan söyləyən Bendisyon Alvaradonun köməyi ilə izah edirdilər; nunsiaturanın həyətinə,
xəbərsiz itənlərini axtaranlar, suda boğulanların meyitlərini tapanlar, əvvəllər acından günorta