“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
79
yetirin!» Bu cür qərar verməklə o anlayırdı ki, riskə gedir, anası haqqında yaranmış əfsanəvi mifi
– Bendisyon Alvarado mifini təhlükə altına salır, eritreyalının səyi ilə uzaq keçmişin damğalı
xatirələrini – bir vaxtlar həyat eşqi ilə, lakin cır-cındır içində, ayaqyalın yaşayan, öz bədənin
hesabına dolanan, xoruz quyruğunu rəngləyib tutuquşuların dalına calaya-calaya quakamaya*
quşu əvəzinə satan, tükü tökülmüş xəstə toyuqları, hinduşkanın yelpincvari quyruqlarıyla
bəzəyib camaata, cənnət quşu adıyla sırıyan, bu yaraşıqlı və avam qadını biabır olmaq
təhlükəsində qoyur.
Məlum məsələydi ki, heç kim bu qadına inanmırdı; dumanlı istirahət günləri bazarda tək-tənha
dolaşan, bir quşa yüzcə peso verənə, qalan quşları az qala, havayı bağışlamağa hazır olan bu
tənha quş alverçisinin avam bicliyinə kim uyardı axı?!.. Yaylaq yerlərində də bu sərsəm dilənçi
qadını demək olar ki, hamı yaxşı tanıyırdı, lakin onun şəxsiyyətini heç cür dəqiq
müəyyənləşdirmək mümkün olmurdu, çünki xaç suyuna salındığı monastrlarda onun doğum
günü barədə heç bir sənəd tapılmamış, kilsə şəhadətnaməsi belə ortaya çıxmamışdı; bunun
əvəzinə, oğlunun birdən-birə nə az, nə çox, üç şəhadətnaməsi tapılmışdı: doğum gününü təsdiq
edən üç fakt birdən; belə çıxırdı ki, onun oğlunun üç müxtəlif adı vardı, əsası üç dəfə müxtəlif
şəraitlərdə qoyulmuşdu, üç dəfə üç tarixdə vaxtından əvvəl doğulmuşdu. Bütün bunlar, bizim
ölkənin tarixçilərinin – bizim tarixi yaradanların, onun yaranma tarixinin ört-basdır edilməsi
üçün həqiqəti yalanla qarışdıranların əməlləri idi; lakin bütün bunlara baxmayaraq, eritreyalı
demək olar, məsələnin kökünü axtarıb tapmışdı, bütün o yalan dumanlarını yarıb, axır ki,
aydınlığa çıxmışdı; «Bu sirri aşkar eləmək bir o qədər də çətin olmadı, mənim generalım; boz
Kordelyer dərələrində, düzlərində əks-səda verən atəş səsi eşidiləndə və buzlaqların önündən,
əbədi qarlar içində uyuyan yüksəkliklərdən, axar çayların nəhəng sularının kükrədiyi yerlərdən,
botanik ekspedisiyanın alim-həkimlərinin, hinduların belində otura-otura, öz sirrli otlarını
topladıqları ucuiti qayaların önündən, vəhşi maqnoliya güllərinin bitdiyi, bol yemək və isti
geyim verən uzuntüklü cins qoyunların otladığı dağ mənzərələrindən, ucsuz-bucaqsız qəhvə
sahələrindən, kimsəsiz eyvanları kağız güllərlə bəzədilmiş əyalətlərdən, bürkülü səhrayla dağ
çaylarının gurultusu arasındakı sərhəddə yaşayan xəstələr yığnağından, dənlərindən şokolad
düzəldilən, qırmızı giləmeyvəsi və gülləri olan qalın yarpaqlı kakao ağacıyla xaincəsinə
kürəyindən vurulub öldürülən qocanın ölü bədəninin iyini axşam küləkləri gətirən yerlərdən,
günəşin tərpənmədiyi, yandırıcı tozun, qarpız-yemişin, iki yüz millik ərazinin yeganə orkestrinin,
yeganə məktəbin yerləşdiyi Atlantiko departamentinin, arıq, qəmli inək sürüsünün yanından
uçurumun sonsuzluğuna yuvarlanan atın ətürpədən kişnərtisi eşidiləndə, yazıq heyvan, sulu
qvanabano kimi dığırlanıb düz uçurumun dibinə – qvineo kollarının arasında yerə dəyib
şappıldayaraq, qırqovulları hürkütdü, sonra dərindən bir ah çəkdi. - «Onu vurdular, mənim
generalım, pələng ovu tüfəngindən atdılar, Anima-Sola* dərəsində!» «Mənim mühafizə
təcrübəmə, qəti məzmunlu teleqramlarıma məhəl qoymadan, köpək uşağı?.. Lənət şeytana, indi
görərlər mən kiməm!» - deyə o, hirsindən sarala-sarala hədələyirdi; əslinə qalsa, o, hansısa
agentlərin, onun sözündən çıxmasından çox, nə isə vacib, əhəmiyyətli bir şeyin ondan
gizlədilməsi ilə əlaqədar əsəbiləşmişdi; Onun şimşək saçan bu qəzəbini tez bir zamanda
sakitləşdirməyə ürək eləyənlər tapıldı. O, hadisə barədə məlumat verənlərin nəfəsinə belə
diqqətlə qulaq asır, yaxşı bilirdi ki, yalnız əsl həqiqəti bilənlər yalan danışmağa cəsarət edərlər.
O, kimin satqın olub-olmadığını dəqiqləşdirmək üçün ilk növbədə zabitlərin qarınlarının
altındakıları anlamağa çalışırdı. - «Sən o adam deyilsən ki, heç nə olduğun halda, səni həmin o
heç nədən yapıb düzəltmişəm? Sən o adam deyilsən ki, gecələri qupquru döşəmədə ağnayırdın,
indi mənim hesabıma qızıl cıqqalı çarpayıda yatırsan? Sizi hansı ana doğub?» O, kiminsə, onun
şəxsən imzaladığı, üzüyünün möhürüylə qətranladığı teleqramını qulaqardına vurduğunu yaxşı
başa düşürdü; bu səbəbdən də təhlükəsizlik tədbirləri ilə şəxsən özü məşğul olmaq qərarına gəldi
və belə bir əmr verdi: «Əmr edirəm: qırx səkkiz saat ərzində Demetrio Aldous tapılıb diri
vəziyyətdə yanıma gətirilsin, ölüsü tapılsa belə, mənim yanıma diri vəziyyətdə gətirilməlidir və
işdi, əgər o, ümumiyyətlə, tapılmasa, onun, mənim hüzürüma gətirilməsi mütləqdir». Əmr o
qədər aydın və qorxulu idi ki, elan olunmuş vaxt başa çatmamış, bir-birinin ardınca xəbərlər
gəldi: «Onu dərənin dibindən tapdılar, mənim generalım! Onun bütün yaraları, hansı
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
80
möcüzəyləsə, orda bitən qızılı çiçəklərin məlhəmindən sağalıb. O, bizlərdən diridi, mənim
generalım, sapsağlam və zədəsizdi və bütün bunlar, xatirəsini murdarlamağa cəhd edən adama
bir daha öz xeyirxahlığını və insanpərvərliyini sübut edən ananızın, həmin bu güllərə şəfa
qabiliyyəti verən sehrli qüvvəsinin nəticəsidir». Bu adamı iplə qarğıya sarıyıb qrendyorlar
dəstəsinin müşayiəti ilə gizli hindu cığırlarıyla dağlardan üzü aşağı endiriblər; qabaqda atlı çapır,
kilsə zəngləri cingildəyə-cingildəyə dörd bir yana xəbər yayırdı ki, əla həzrətlərin istəyi yerinə
yetirildi, Demetrio Aldous tutulub diri gətirildi. Onu prezident sarayına gətirib, səhiyyə nazirinin
şəxsi nəzarəti altında, hörmətli qonaqlar üçün ayrılmış yataq otağında yerləşdirdilər ki, orda öz
missiyasını başa çatdıra bilsin, hər biri, üç yüz əlli səhifə olacaq yeddi qorxulu cildi hazırlayıb
qurtara bilsin: «Mən, Demetrio Aldous, Allahın əmri ilə, Müqəddəs ritual konqreqatının
auditoru, prokuror və postulator, bu ilin aprel ayının on dördüncü günü, yer üzündə ədalətin
bərpası naminə, Allahın bərqərar olması naminə imza atıram və imzamı öz möhrümlə təsdiq
edərək, bildirirəm ki, burda yazılanların hamısı həqiqətdir, həqiqət və yalnız həqiqət». – «Budur,
baxın, əla həzrətləri!» Və həqiqətən, hər biri qətran möhürlə möhürlənmiş həmin bu Bibliyaya
bənzər yeddi nəhəng cildlərdə yazılanların hamısı həqiqət idi; bu aydın və qəddar həqiqətləri,
həsir kreslosunda oturub üzünü şlyapası ilə yelləyə-yelləyə gözünü qırpmadan oxunanlara qulaq
asan və hər öldürücü həqiqətdən sonra güclə seçiləcək səsiylə «aha» deyən daşsifətli, donuq
qocaya, yalnız əsəbləri tam sakit adam oxuya bilərdi. «Aha» - deyə o, şlyapasıyla naharın
qalıqlarına yığışan aprel milçəklərini qovaraq, bəzən kösöv kimi yandırcı həqiqəti həqiqət
dalınca udmalı olurdu. «Bütün bunlar uydurmadı, əla həzrətləri, gülməli bir məzhəkədir…» - o,
qulaq asır və yenə sakitcə «aha» - deyirdi, çünki əslinə baxsan, bütün bu yazılanlar həqiqətən elə
məzhəkə idi və bu tamaşanın müəllifi, özü də bilmədən, o, özü olmuşdu; anasının meyitinin
ümumxalq tamaşasına çıxarılmasından tutmuş, Bendisyon Alvaradonun diri-diri çürüməsi barədə
yayaılan söz-söhbətlərə birdəfəlik son qoyulmasınacan; yaxud tabutun buz qırıqlarıyla
doldurulub, oba-oba gəzdirilməsi tamaşa, sirk deyildimi?!.. – Yaxud, anasının ölüiündən sonra,
yaratdığı möcüzələrindən xəbər tutanda, meyiti təntənəli izdihamın müşayiəti ilə ölkənin,
dindən-imandan uzaq, ucqar yerlərinə göndərilməsi… Ona bircə şey lazım idi: hamı başa düşsün
ki, anasına, bütün bu uzun-uzadı təhqiramiz illərdən sonra müqəddəslik verilib və bu
müqəddəslik ona, əzablı gənclik illərinin – əzab-əziyyətlə, min bir zəhmətlə quş quyruqları
rənglədiyi illərinin, o fani günlərinin əvəzinə verilib. – «Mənim ağlıma belə gəlməzdi ki, həmin
bu matəm izdihamından, camaatı aldatmaq üçün istifadə edəcəklər!» Sən demə, elə birinci
gündən izdihamı yalan müşayiət edirmiş… - hər şey ondan başladı ki, suçiçəyi çıxaranların
yaraları camaatın gözü qarşısında, birdən-birə yoxa çıxıb təmizləndi; məlum məsələydi ki, pulun
hesabına; sonra iki yüz pesoya bir adam qəbirdən xortladı – ağzı torpaqla dolu, vahiməli cır-
cındır içində izdihamın qarşısında yerin içindən çıxdı; sonra bütün bu möcüzələrin, dövlət
dairələrinin fırıldağı olduğunu deyən qaraçı qadına səkkiz yüz peso verdilər ki, o, camaatın gözü
qarşısında, dediyi o qələtə görə cəza əlaməti kimi ikibaşlı uşaq doğsun.
Bir nəfər belə olsun, pul almayan möcüzə şahidi tapılmadı; ən başlıcası isə o idi ki, bütün
bunların, mərhumənin oğluna yaltaqlıqdan savayı ayrı bir şey olmadığını Demetrio Aldous, hələ
istintaqın əvvəlində yəqin etmişdi. – «Xeyr, əla həzrətləri, bütün bunlar, sizin əyanlarınızın
murdar fırıldaqlarıdı!» Bu, onun hakimiyyəti dövründə baş verən ən əxlaqsız, ən dinsiz-imansız,
ən gözəçarpan fırıldaq idi. - «Çünki, bütün bu möcüzələri düzüb-qoşanlar, pullu şahidlər
yığanlar, sizin rejimin ən sədaqətli ardıcılları idi, əla həzrətləri!» - «Aha!» - «İzdihamı aparanlar
da onlar idi, ananız Bendisyon Alvaradonun paltarının tikələrini camaata, müqəddəs təbərrik
kimi satanlar da onlar idi…» «Aha!» - «Ananızın üzü təsvir olunmuş ikonaların, profili həkk
olunan medalların istehsalını da onlar açmışdı» - «Aha!» - «Onun saçlarını satıb dövlətlənənlər
də onlar idi…» - «Aha!» - «…tabutunun suyunu satanlar da…» - «Aha!» - «Kələ-kötür rənglərlə
məhrumənin bədəninin yeri həkk edilən döşəkağıları satanlar da… - bu döşəkağıları bir əldən,
yüz-yüz hindu bazarlarında altdan satırdılar…» - «Aha!» - «Tabut, kilsənin baş nefesində
qoyulduğu zaman mərhumənin cənazəsi önündən keçən sonsuz adam axını dəhşətli surətdə
aldadılmışdı; mərhumənin cəsədi ona görə dəyişilməz qalmamışdı ki, bu bədən, camaata izah
olunduğu kimi, müqəddəs idi, yaxud ona görə yox ki, oğlunun şəninə, meyitin dərisi mum və