“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
95
bu şəkillər o qədər qədim idi ki, çoxunda o, özü-özünə oxşamırdı, elə bil nə vaxtsa, lap
çoxdannan onun əvəzinə ölmüş əkiz tayı idi; kometanın gəlişindən bu yana, bircə iclasın
keçirilmədiyi, keçən çərşənbə isə nazirlər şurasının iclasında sədrlik etdiyi zaman çəkilən şəklinə
baxır, burnunu az qala, sətirlərə dirəyə-dirəyə, yüksək rütbəli nazirlərin, onun adından yazdıqları
aforizmlərlə, tarixi fikirləriylə tanış olur, sonra tutqun avqust gününün istisindən üzülə-üzülə:
«Bu nə zay qəzetdi, lənət şeytana! Bu yazıq camaat bunu necə oxuyur?!» - deyə-deyə, siestanın
boğanaq havasında yuxuya gedir, hər belə duzsuz qiraətdən beynində azca da olsa, nə isə qalırdı
və həmin o cüzi olan nə isə, onun beynində yeni ideyaların yaranmasına təkan verirdi, onda o,
qısa, dayaz yuxusundan ayılıb Letisiya Nasareno vasitəsi ilə öz nazirlərinə müxtəlif tapşırıqlar
göndərirdi; nazirlər də öz növbələrində, onun fikirlərini, bu xanımın dedikləri əsasında
müəyyənləşdirməyə cəhd edərək, cavablarını elə Letisiya vasitəsi ilə verirdilər. «Çünki mənim
rəmmalım sən idin, bircə sən mənim fikirlərimi oxuya bilirdin, demək istədiyimi deyə bilirdin,
mənim ən qəliz fikirlərimi yalnız sən nizamlaya bilirdin, sən, mənim səsim idin, mənim şüurum
və qüvvəm idin, sən - mənim, dünyanın dörd bir yandan daim üstümə odlu axınla yeriyən sonsuz
uğultu içində lazım olanları eşidən ən iti qulağım idin.» O, belə deyirdi, əslinə qalanda isə,
bəhrələnib istiqamətləndiyi ən etibarlı xəbərlər mənbəyi ümumi saray tualetlərinin divarlarında
yazılan anonim xəbərlər idi; bu informasiyalardan o, heç kimin, «Hətta Letisiya, sənin özünün
belə», deməyə cürət eləmədiyi həqiqətləri öyrənirdi; o bu informasiyaları sübh tezdən, inəklərin
səhər sağımından sonra, gündüz növbətçiləri onları divarlardan yuyanacan oxuyur və tualetlərin
divarlarını hər gün ağartdırmağı əmr edirdi ki, heç kim öz qəlbinin çirkabını, içinin acığını bəyaz
divarlara tökməyə heyfslənməsin; həmin bu imzasız məktublardan o, öz zabitlərinin dərdlərini
öyrənir, onun köməyi ilə yüksək rütbəyə çatıb üzü dönənləri, ürəyində ona nifrət edənləri bircə-
bircə tanımağa başlayır və məhz beləcə, insan qəlblərinin gizli guşələrinə baş vurduqca, özünü
tam qüvvətli hiss edirdi; bu qəlblərə o, çox asanca, ifşa güzgülərinə – tualetlərin divarına –
boylandıqca, baş vururdu.
O dövrlər o, uzun-uzadı illər bundan əvvəl tərgitdiyi mahnılarını yenidən oxumağa başladı; yenə
miçətkənin dumanı içində Letisiya Nasarenonun, ləpənin vurub dayaza atdığı balina cəmdəyinə
bənzər bədənini nəzərdən keçirə-keçmrə: «Di oyan, Letisiya, mənim qəlbimdə artıq səhərdir!
Həyat davam edir! Dəniz sahilini sığallayır!» - oxuyurdu. Həyat beləcə davam edir, Letisiya
Nasarenonun – bircə boş bir şeydən savayı – səhərlər onunla bir yataqda oyanmaqdan savayı,
istədiyi hər bir şeyi ondan ala bilən yeganə qadının qəribə əhvalatları davam edirdi. Hər axşam o,
sevgi nəşələrindən doyandan sonra öz otağına gedir, öz subay yataq otağının qapısından, işdi,
birdən qovhaqov düşərsə, ona mütləq lazım olacaq yanar lampasını asır, kilidi üç dəfə açarlayıb,
üç zənciri, üç cəftəni bağlayır, Letisiya Nasarenoya qədər olduğu kimi və Letisiyadan sonra,
ömrünün son gecəsinədək olacağı kimi, geyimli-keçimli, üzü üstə döşəməyə düşüb, suda
boğulan tənha adamın yuxusunu görürdü. Lakin hər səhər o, inəklərin sağılmasına nəzarət
eləyəndən sonra Letisiyanın digər, yeni arzularını həyata keçirməkdən ötrü - onun tamahkar
gözünü, rəhmətlik anası Bendisyon Alvaradonun hüdudsuz vərəsəliyi müqayisəyə belə gəlməyən
bahalı hədiyyələrlə doldurmaqdan ötrü yenidən Letisiyanın yataq otağına – hələ də vəhşi heyvan
iyi qoxuyan otağa qayıdırdı. Lakin məsələ, tək Letisiya ilə qurtarmırdı, Letisiyanın hansısa antil
adalarından tökülüşüb gələn qohumlarının da tamahkar gözünü doyurmaq lazım gəlirdi; bu, bir
sürü, heç nəyi olmayan, bircə Nasareno nəslinə aidiyyatı olan yoğun səsli, ac-yalavac şogöz
dəstəsi idi. Letisiyanın qohum-əqrabası, bütün duz, tütün, içməli su satışını ələ keçirdilər, ordu
rəhbərlərinin arasında bölüşdürülmüş ticarət sahələrinə də soxuldular. Demək, məsələ beləydi ki,
ac-yalavac Nasareno sülaləsi onun-bunun tikəsini əlindən qamarlaya-qamarlaya camaatın
hesabına dövlətlənməyə başladılar və guya bütün bunlar prezidentin razılığıyla həyata keçirilirdi;
əslində isə qərarı Letisiya verir, prezident də bu qərarla razılaşmalı olurdu. Həmin o dövr o,
Letisiyanın təkidiylə, vəhşi edamları – adamları dörd atın arasında şaqqalamaq cəzasını ləğv etdi
və bu dəhşətli cəza növünü, yadelli desantın ölkədə olduğu illər, desantın komandanının şəxsən
ona bağışladığı elektrik stulu ilə əvəz etməyə cəhd etdi; yəni ki, bizdə də ölüm cəzasının ən
müasir növündən istifadə edirlər.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
96
Bu məqsədlə o, liman qalasının dustaqxanalarına – ən cansız siyasi dustaqların təcrübə dovşanı
kimi saxlanıldığı dəhşətli laboratoriyalara baş çəkdi: işə salınanda bütün şəhərin elektrik
enerjisini udan ölüm taxtının idarə sistemi bu adamların bədənində sınaqdan keçirilməliydi; biz
bu eksperimentlərin vaxtını dəqiq bilirdik; bunu təyin eləmək bir o qədər də çətin deyildi, işıqlar
qəfil sönürdü və biz, dəhşətdən itən nəfəsimizlə qaranlıqda donub qala-qala, liman
qəlyanaltıxanalarında ölənlərin ruhunu, badə qaldıraraq, bir dəqiqəlik sükutla yad edirdik və
bilirdik ki, bu adamlar, bir dəfə yox, bir neçə dəfə ölürlər; biz bilirdik ki, dustaqların çoxu birinci
dəfədən ölmürdü, yarımcan vəziyyətdə kabab kimi tüstülənə-tüstülənə qayışdan asılıb qalır,
cəlladlardan hansısa əməliyyatı iki-üç dəfə təkrar edəndən sonra, bu yazıqları gülləylə vurub
öldürməyincə, dəhşətli ağrılardan xır-xır xırıldayırdılar. - «Hər şey sənin istəyin naminə idi,
Letisiya! Türmə kameraları sənin istəyin naminə boşaldılmışdı, sənin naminə mən düşmənlərimi
əfv edib vətənə qayıtmalarına icazə verdim!»
Pasxa qabağı o, vicdan azadlığını bərqərar edən, zidd fikirliliyə görə cəzaları qadağan edən
qərarı rəsmiləşdirdi, çünki ömrünün payızının yetkin çağı o, səmimi qəlbdən anladı ki, ən qatı
düşmənlərinin belə, əfsanəvi yanvar gecələri Letisiya Nasareno ilə onu göyərtədə, bircə alt
tumanında oturan vəziyyətdə, ayın işıldatdığı nəhəng qarnını görmək şərəfinə nail olan yeganə
qadınla keçirdiyi xoşbəxtliyin ən xırdaca payına da olsa hüquqları çatır; onda o, Letisiya ilə
birlikdə Vavilon hökmdarlarının göndərdiyi, Yağışlar Bağında əkilən gümüşü söyüdləri, leysan
yağışın, günəşin büllur şüalarıyla kəsilməsini, yaşıl cəngəlliklər içində itib-batan Qütb ulduzunu
seyr edir, radioların, dünyanın bütün pataxtylarının adı və meqagerts rəqəmləriylə dolu olan
şkalasını gözdən keçirir, Letisiya ilə birlikdə dünyanın qarmaqarışıq səsləri və öz orbitləri
ətrafında ətürpədən uğultu yaradan planetlərin səsi içində hər axşam Santyaqo de Kubadan
verilən, hər fəsli ürək kövrəldən – «Təki sabaha sağ çıxaydıq» sözləri ilə bitən radioromanın
növbəti fəslinə qulaq asırdı. Gecələr, yatmamışdan əvvəl isə o, uşaqla məşğul olur, ona silahlar
barədə, hansı silahın harda işlədilməsi barədə danışırdı; axı bu, onun xırdalıqlarına qədər bələd
olduğu yeganə sahə idi?!.. Siyasi müdriklik dərslərinə gəldikdə isə o, hər dəfə uşağa eyni şeyi
təkrar deyirdi: «Əgər sözünün yerə düşəcəyindən şübhələnirsənsə, heç vaxt əmr vermə!» hər
dəfə də uşağı, bu kəlamı onunla birlikdə təkrar eləməyə məcbur edirdi ki, o birdəfəlik başa
düşsün ki, yüksək vəzifəyə malik olan şəxsin yeganə səhvi – yerinə yetiriləcəyinə dəqiq əmin
olmadığı vəziyyətdə əmr verməyidi; məlum məsələydi ki, bu, yetkin dövlət xadimindən, həyat
təcrübəsi görmüş müdrik atadan çox, nəfəsindən artıq süd iyi gələn heysiz qocanın məsləhətiydi
və işdi, əgər Allah-tala uşağa da bu qədər ömür bəxş etməli olsaydı, o, bu məsləhəti qəbir
evinəcən yadından çıxarmayacaqdı, çünki bu düsturu ilk dəfə altı yaşında - atasının rəhbərliyi
altında ağır qurğudan atəş açdığı gün eşitmişdi, odu ki, yaddaşına, həmin bu dəhşətli gurultuyla
bir həkk olunmuşdu; biz isə o dəqiqə başa düşdük ki, həmin bu ağır qurğudan açılan atəş, yaxın
tezlikdə baş verəcək təhlükəli təbii fəlakətin xəbərdarlıq əlamətidi, çünki atəşdən sonra dəhşətli
bir qasırğa – yağışsız, lakin şimşəkli, gurultulu bir qasırğa başladı; bir gurultu qopdu, elə bil
yeraltı vulkanların hamısı birdən oyandı, Komodoro Rivadavia tərəfindən isə vahiməli qütb
küləyi əsməyə başladı; külək dənizi alt-üst edib, bütün sularını çalxaladı, köhnə ticarət limanı
meydanında məskən salan köçəri sirki, saman çöpü kimi hərləyib özüylə apardı və biz, bir qədər
sonra su boyu trapessiyalarda üzən filləri, suda boğulmuş klounları və zürafələri torla tutmağa
başladıq; onlar buralara, qasırğanın ilk həmləsindən düşmüşdülər, külək onları ordan,
trapessiyaqarışıq, dənizə salmışdı; həmin bu dəlisov qasırğa az qala, lövbərində, sonradan Ruben
Dario adı ilə məşhurlaşan gənc şair Feliks Ruben Qarsia Sarmento gələn banandaşıyan gəmini də
batıracaqdı; gəmi yalnız qasırğa qutarandan, düz bir saat sonra bizim limana daxil ola bildi.
Günorta saat dörd olardı, qasırğanın təzələdiyi hava, cücülərin şən vızıltısıyla dolmuşdu, dəniz
sakitləşmişdi; əla həzrətləri, öz yataq otağının pəncərəsindən boylanaraq, qasırğanın çalxalayıb
sağ böyrü üstə yıxdığı və indi heysiz-heysiz limanın, qızılı, hamar sularıyla üzən ağ gəmiciyi
gördü; sükanın arxasında kapitan dayanmışdı və gəminin geriyə yan almasına, şəxsən özü
rəhbərlik edirdi, kapitanın yanında isə, əynində tünd mahud gödəkcə və ikibortlu jilet olan
sərnişin dayanmışdı; general bu adam haqqında, növbəti bazar gününədək heç nə eşitməmişdi,