“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
89
hövsələsiz ehtirasında boğula-boğula: «Heç vaxt, əzizim, - deyirdi - eşşək əvəzinə hinduları
minib gəzən, ucuzlu şüşə muncuqları qızıl nariqerilərə* və arrekadalara** dəyişən bu
arvadağızların geri qayıtmasına icazə verməkdənsə, ölərəm!» Buna cavab olaraq, Letisiya onun
şəhvətli istəklərini rədd edir, bədəninə toxunmağa icazə vermir, inadla, dövlətin musadirə etdiyi
kilsə məktəblərinin ruhani idarələrinə qaytarılmasını, kilsə mülkiyyətindən sekvestrin
götürülməsini, şəkər zavodlarının, kazarmaya çevrilmiş məbədlərin monastrlara qaytarılmasını
xahiş eləməyinə davam edirdi. Onda o, qətiyyətlə üzünü divara çeviririb: «Bu Allah quldurlarına,
neçə yüzilliklər boyu ölkənin ciyərlərini yeyib sökən bu quzğunlara imkan verməkdənsə, sənin
bu sonsuz məhəbbətinin ləzzətli əzablarından imtina eləsəm yaxşıdı. Heç vaxt! Onların ayağı
buralara dəyməyəcək!»
«Lakin onlar geri qayıtdılar, mənim generalım!»
Onlar ölkəyə sizin gizli əmrinizə əsasən, ən darısqal, gözəgörünməz cığırlarla, gözdən-könüldən
uzaq limanlarda sakitcə, gizlicə dayana-dayana qayıdırdılar. Letisiyanın xahiş elədiyi adamların,
demək olar, hamısı geri qayıdırdı, onlara dəyən zərər artıqlamasıyla ödənilirdi, müsadirə
olunmuş əmlakı – bütün mülkiyyəti kilsəyə qaytaranda, vətəndaş kəbinləri və boşanmaları
haqqında qanunlar ləğv edildi, məktəbin kilsədən ayrılması haqqında qanun ləğv edildi. –
Bendisyon Alvaradonun müqəddəslər sırasına daxil edilməsinə etiraza qarşı cavab olaraq, qəbul
edilmiş bütün qərarlar ləğv edildi, Allah ona rəhmət eləsin! «Sənə daha nə lazımdı?» Letisiya
Nasarenoya isə hələ çox şey lazım idi, odu ki, günlərin bir günü qocaya: «Qulağını qarnıma qoy,
– dedi – onda görərsən ki, qarnımda böyüyən uşaq, səsinə necə səs verir.» Letisiya özü də
içindən, bətnindən, dölətrafı bol suların qoynunda yırğalanan canın səsindən qorxub diksindi.
«Sənin qanındı…» - Letisiya dedi; onda qoca, eşidən qulağını onun qarnına dirəyib dinlədi və
körpənin ürək döyüntülərini eşitdi. «Bizim günahın övladıdı, - Letisiya dedi - günah dolu
sevgimizin övladı, bizim oğlumuz – Emmanuel adlanacaq oğlumuz… bu, müqəddəs addı, onun
alnında, mənsub olduğu əsil-nəcabətin işarəsi parlayacaq, anasından o, fədakarlığı, atasından –
böyüklüyü mənimsəyəcək, o da atası kimi, taleyin hökmüylə, bütün canlı aləmin rəhbəri, aparıcı
qüvvəsi olacaq, lakin əgər atası müqəddəs altarın önündə, bu vaxtacan qadağalı eyş-işrət, kafirlik
sayılan bu əlaqəni qanuniləşdirməsə, o, göylər tərəfindən lənətlənib, bic doğulan uşaqlar
sırasında, öz vətəni tərəfindən gözdən salınacaq!» Onda o, yatağın üstündəki naxışlı örtüyü
kənara atıb ayağa qalxdı, nəfəsi, gəmi sobasının gurultusu kimi uğuldaya-uğuldaya, qəzəblə:
«Heç vaxt! – deyə çığırdı – Ölərəm, evlənmərəm!» - deyib nəhəng ayaqlarını döşəmə boyu
sürütləyib xışıldada-xışıldada, gün-gündən yadlaşan sarayın, Bendisyon Alvaradonun rəsmi dəfn
matəminin son gecəsindən sonra xüsusi ecazkarlıqla şövqlənən zallarından keçərək, gözdən itdi.
Pəncərədən matəm pərdələri açılmışdı deyə, otaqları günəşin gur işığı bürümüşdü, dənizin nəfəsi
içəri dolmuş, eyvanlarda güllər açmışdı, çöldən, hərbi marşların səsi eşidilirdi; bütün bunlar,
onun vermədiyi əmrin şərəfinə idi, bu əmri o verməmişdisə də, şübhəsiz ki, bu, onun üslubunda
olan əmr idi; əmrdə, onun təmkinli qətiyyəti, üslubu hiss olunurdu. Odu ki, o, əmri qəbul elədi. -
«Razıyam!» Sonra yenə onun vermədiyi, lakin mətniylə razılaşdığı ayrı bir əmrlə bağlı
məbədlərin qapıları açıldı, monastrlar və qəbristanlıqlar müqəddəs ataların ixtiyarına verildi,
kilsə bayramları və müqəddəs orucluq bərpa edildi; açıq pəncərələrdən, ona dua edib diz çökən
camaatın xoş səsi eşidilirdi, onlar Allahın yerdəki nümayəndəsinin ölkəyə qədəm qoyması
münasibətiylə şadyanalıq edirdilər. Bu nümayəndə, Letisiyanın göstərişiylə, gəmilərdən birində
gətirilirdi; bu, Letisiyanın yataq otağında birdən-birə ağlına gəlib, özbaşına qəbul elədiyi və
camaatın gözü qarşısında hörmətini itirməmək üçün, rəsmi surətdə təsdiq etməyə məcbur olduğu
qərarlardan biri idi.
Letisiya, onun, pəncərədən gizli təəcüblə müşahidə etdiyi ucsuz-bucaqsız dindarlar izdihamının
təkanverici qüvvəsi idi; bu izdiham, say etibarıyla Bendisyon Alvaradonun külünə sitayiş etmək
üçün, bir vaxt küçələrə çıxan fanatiklər ordusundan qat-qat çox idi. Bendisyon Alvarado xatirəsi
hər cür üsullarla məhv edilirdi; həmin bu möminlər kütləsi Bendisyon Alvaradonun külünü,
quruyub çürümüş gəlinlik fatasının ovuntularını küləyə verirdilər, adı yazılmış qəbirüstü lövhə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
90
tərs üzünə çevrilib sərdabənin üz tərəfinə – divara həkk edildi ki, bu yerlərdə ömrü boyu boz
quşları qu quşuna çevirməkdən ötrü fırçası əlindən düşməyən mərhum quş alverçisini yada sala
bilən bir iz qalmasın. - «Və bütün bunlar sənin əmrinlə, sənin istəyinlə baş verdi ki, ayrı bir
qadının xatirəsi, sənin mənə olan sevginə kölgə sala bilməsin, mənim dərdim, Letisiya Nasareno,
it qızı!» Letisiya onu elə bir yaş həddində dəyişdirmişidi ki, bu yaşda insanı dəyişmək mümkün
deyildi, belə yaşda insanı yalnız ölüm dəyişdirə bilərdi; evlənməkdən yüz bəhanə ilə boyun
qaçırıb, uşaq şıltaqlığıyla dediyi: «Ölərəm - evlənmərəm» söhbətini isə Letisiya yataqdaca, şirin
sevgi dəqiqələri ərzində usta fəndlərlə kökündən kəsmişdi, üstəlik, onu, təzə qurşaq taxmağa
məcbur eləmişdi, «yoxsa, qoca, qara quzunun dərisində azmış zınqırovu kimi yellənə-yellənə
qalmışdı…»; O, onu, bir vaxt gözəllik kraliçalarıyla vals oynadığı laklı uzunboğazları geyməyə,
ölənəcən ali hakimiyyət simvolu kimi taxmağa məhkum olduğu qızıl mahmızı, uzunboğazın sol
tayına keçirməyə, Böyük Admiralın ona şəxsən bağışladığı, qızılı saplarla, baftayla işlənmiş
epoletli ağır kitelini - gün üzünə çıxmadığı uzun illərdən bəri, prezident karetinin pəncərəsində
dərin fikirlərə qərq olmuş profilinin, qəmli baxışının, ipək əlcəkli əlinin hüznlü hərəkəti göz
qırpımında görünən vaxtlardan bəri geymədiyi kitelini geyməyə, kişi ətri vurmağa, döyüş
qılıncını, bütün orden-medallarını, Roma Papasının, müsadirə edilmiş kilsə əmlakının geri
qaytarılmasına görə onu təltif etdiyi Tanrı Dərgahı ordenini, kavaler lentini taxmağa məcbur
elədi. - «Sən məni lap bayram yemişi kimi bəzədin!» Sübh tezdən həmin bu görkəmdə Letisiya
onu, təmtəkcə, müşayiətsiz-şahidsiz, tül fatasının dumanı içində, yeddi aylıq biabırçı qarnını
ikimərtəbəli kətan tumanının – gips təkər kimi kobud, qalın alt və sürüşkən üst tumanın altında
gizlədə-gizlədə, mum şamların və pəncərələr boyu solan portağal budaqlarının qarışığından,
qəlyanaltı iyi verən ala-qaranlıq iclas zalına apardı. Onlar, bədheybət zalın dörd bir tərəfindən,
usanmadan çalxalanıb uğuldayan ucsuz-bucaqsız adam dənizinin sahilində don vurmuş kimi key
vəziyyətdə, tər içində yanaşı dayanmışdılar. Zalın bütün giriş-çıxışları bağlı idi, pəncərələr,
dövlət gerbli qalın pərdələrlə tutulmuşdu; - zal, ölüm qoxusu saçan, anlaşılmaz, ölü bir mərasimə
– onların kəbin mərasiminə hazırlaşırdı; bu mərasim, dövlət sirri kimi gizlin saxlanılmalı,
dünyada bircə adam belə bu haqda bir şey bilməməliydi. Letisiya, havasızlıqdan boğulur,
bətninin qaranlıq sularında üzən körpəsinin səbrsiz təpiklərindən əziyyət çəkirdi. - bu, onun
körpəsi idi, onun oğlu idi. - «Axı sən özün istəyirdin ki, oğlun olsun! Bu da oğlan!»
Təntənəli geyimli arxiyepiskopun, harasından çıxdığı məlum olmayan asta səsiylə Allahın
şərəfinə oxuduğu duaları dəhlizlər boyu mürgüləyən qarovulçulara belə gedib çatmırdı., Zəhmli
qocaya: - «Sən, Letisiya Mersedes Mariya Nasareno ilə evlənməyə razısanmı?» - sualını
verərkən, az qala ürəyi dayanan arxiyepiskopun qorxusu, ana bətninin dərin sularında azmış
dalğıcın qorxusu qədər anlaşılmaz və qaranlıq idi. Bu vaxta qədər heç kimin ona bu sualı
verməyə cəsarəti çatmazdı. Necə yəni, o, kimisə özünə arvad eləməyə razıdırmı?! Heç vaxt heç
kim ona belə bir sual verə bilməzdi! Cavabında o, gözünü yüngülcə qırpıb: «Razıyam!» - dedi və
ürəyinin döyüntüsündən sinəsində tərpənən orden-medalların cingiltisi eşidildi. «Razıyam!» sözü
yenilməz qürurla səsləndi və elə həmin an Letisiya Nasarenonun bətnindəki körpə dölətrafı
sularda öz istiqamətini müəyyənləşdirib işığa sarı yön aldı. Letisiya, ağrıdan üçqat olub təngiyə-
təngiyə: «İlahi, pərvərdigara, sənin müqəddəs qanunlarını, öz şəhvətini doyurmaqla yerinə
yetirən sadiq rahhibəni əhv et! Sənin cəzanı qəbul edirəm, ilahi!» - deyə, çanaq sümüklərinin
cırıltısını gizləmək üçün, naxışlı paltarını cırıb sökdü və ikilaylı tumanının dolaşığından, öz
yarımçıq bicini çəkib çıxartdı. Körpə, təzə doğulmuş buzov ölçüsündə, elə buzov kimi də
köməksiz idi. Letisiya körpəni əlinə alıb yuxarı qaldırdı, onu rəngbərəng altarın zəif işığında
gözdən keçirib oğlan uşağı olduğunu dəqiqləşdirdi. – «Siz necə istəmişdiniz, mənim generalım –
oğlan!» Bu müqəddəs, Emmanuel adı daşımalı olacaq, lakin heç bir əməli ilə Allahın adına şərəf
gətirə bilməyəcək bu körpə, çəlimsiz bir oğlan uşağı idi; atası onu, qurbanlıq daşının üstünə
qoyub göbəyini öz qılıncıyla kəsərək, yeganə qanuni oğlu elan etdi və həmin gündən bəri uşaq,
bütün hüquqları onun ixtiyarına verilmiş diviziya generalı təyin edildi. - «Onu xaç suyuna salın,
müqəddəs ata!»