“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
87
nəzər salır, «Bax belə!» - deyərək, şəhadət barmağını ağzına soxub damağına dirəyə-dirəyə fikrə
gedirdi. Sonra danışırdı ki, bir dəfə - bir qaynar cümə gününün axşamı o, əvvəl küləyin
uğultusunu eşidərək, sonradan onun qəribə qoxusunu – köz iyini hiss edibmiş və baxıb görübmüş
ki, sən demə bu, külək yox, günün günorta çağı göyün üzünü tutub, qabağına çıxanları dağıdıb
sökən, özündən sonra çımçılpaq mənzərələr, aara-sıra göy işığı qoya-qoya, yaxınlaşan çəyirtkə
bulududu; çəyirtkələrdən sonra Yer üzü, yarandığı günün mənzərəsini xatırladırdı; o, bu fəlakəti
yaxşı xatırlayırdı, xoruzların kəsik boğazlarından damcı-damcı yerə süzülən qanı xatırlayırdı; o
gün həmin o böyük, qədim kənddə bir qadın vəfat eləmişdi; o, dəfn mərasimində iştirakını da
yaxşı xatırlayırdı – anasının əlindən tutaraq, cırcındırla bəzədilmiş meyit uzadılan xərəyin
ardınca ayağıyalın yeriyirdi, çəyirtkələr isə, elə hey külək kimi uğuldaya-uğuldaya bir ucdan
uçub gəlir, meyitin üstünə, saysız-hesabsız güllər kimi səpilirdilər; - Bizim ölkə o vaxt bu
vəziyyətdə idi! Adamlar, ölülərini tabutsuz basdırırdılar, çünki heç nələri yox idi. O, bir dəfə
kiminsə artıq istifadə edib özünü asdığı iplə, başqa birisinin özünün asdığının da şahidi olmuşdu.
Bu ip, kənd meydanının tən ortasında bitən ağacın budağından asılı vəziyyətdə qalmışdı, ancaq o
biri adam özünü asandan sonra qırılıb ona görə yerə düşmüşdü ki, ip artıq çürümüşdü, özünü
asan bədbəxt isə yerə yıxılıb kilsəyə yollanan qadınların gözü qarşısında çənə ata-ata çırpınmağa,
qadınları qorxutmağa başlamışdı. O, ölməmişdi. Onu, özünü nə üçün asması ilə maraqlanmadan,
döyənəklə döyə-döyə ayağa qalxmağa məcbur eləmişdilər. Bu, kim idisə, qərib bir adam idi;
qərib də o adam sayılırdı ki, onu yerli kilsəyə gələnlər tanımasınlar. Hə, demək, onu döyənəklə
döyə-döyə ayağa qaldırmışdılar, ayaqlarına çin qandalları vurub, qızmar günəşin altına - yeddi
küləyin qovşağına, özü kimi bədbəxtlərin arasına atmışdılar. – «Həmin o illər vəziyyət belə idi,
Allahın qüdrəti dövlətdən üstün olan o dövrlər hal-qəzyə bu cür idi!» Hakimiyyətə gələn kimi, o,
bütün kənd meydanlarındakı ağacları kökündən kəsmək əmrini verdi ki, dar ağacları bazar
günləri camaatı qorxutmasın, çin qandallarıyla aparılan ictimai işgəncələri ləğv elədi, tabutsuz
dəfnləri qadağan elədi, onun bərqərar olacağından xəbər verən o dövrləri xatırladan hər bir şeyi
qadağan elədi. Dağlara dəmir yolu çəkdirdi ki, heyvərə qatırların ucbatından baş verən qəzaların
qabağı birdəfəlik alınsın, qəhvə plantasiyalarında bal-maskaradlar keçirmək üçün sahələrə, otuz
qatırın belində otuz royal göndəriləndə baş verən bədbəxt hadisə bir də təkrarlanmasın. Bu qəza
haqqında hətta xaricdə də çox yazırdılar və danışırdılar, amma hadisənin əsl mahiyyətini ondan
savayı heç kim bilmirdi; o da ona görə ki, hadisə baş verən zaman bircə o, təsadüfən pəncərədən
boylanmış və qarlı zirvənin kənarında büdrəyib bir-birinin ardınca uçurumun dibinə yuvarlanan
qatır karvanını görmüşdü. Bunu bircə o görmüşdü, uçurumun dibinə uçan qatırların dəhşətli
kişnərtisini, royalın, karvanın süqutunu müşaiyət edən, göy gurultusuna bənzər akkordlarını bircə
o eşitmişdi; ölkənin yerdə qalan hay-küy həvəskarları isə gecə-gündüz, hələ də daş-kəsəyin üstə
ağ toz dumanı dayanan uçurumun ətrafında vurnuxur, Avstriyadan gətirilən bu royalların, hansı
möcüzəylə tikə-parça olub uçurumun dibinə dağılmasının səbəblərini araşdırırdılar. Bu qəzanın
acı mənzərəsi, dillə deyə bilmədiyi ayrı vaqiyələr də dönə-dönə onun gözələri qarşısında
canlanırdı - kövrək xatirələri, bəzi həyat lövhələri, yaxud qızdırmalı vaxtlarında eşitdiyi
hadisələr…. Bəlkə də, ola bilsin, bütün bunları o nə vaxtsa, siyasi və ictimai durğunluq
dövrlərində həzz ala-ala, səyahət haqqında oxuduğu kitabların səhifələrində oxumuş, bu
kitablarda təsvir olunan qravürləri saatlarla beyninə həkk eləmişdi?! «Bir də ki, indi daha bunun
nə əhəmiyyəti vardı ki? Bütün bunlar həqiqət idi, ya uydurma idi – fərqi nə idi ki? Onsuz da
zaman keçdikcə, hər şey həqiqətə çevriləcək, hər əhəmiyyətsiz şey çönüb ciddi həqiqət olacaq!»
- deyirdi və həqiqətən də, elə bilirdi ki, onun əsl uşaqlığı, uşaqlıq çağları heç də göründüyü qədər
uzaqda - kövrək xatirələr bataqlığında, inək təzəklərinin tüstüsündən yaranan və həmin dəqiqə də
orda yoxa çıxan hansısa adda-budda, qırıq-qırıq assosiasiyalarda yox, elə burdaca - onu hər gün
saat ikidən dördəcən gül-çiçəkli talvarın altındakı məktəbli partasının arxasında oturdub oxumağı
öyrədən yeganə qanuni arvadı Letisiya Nasarenonun yanında keçirmişdi. Bu, qadının böyük
şücaəti idi; o, bu dərslərə bütün rahibəlik qabiliyyətini, son gücünü sərf edirdi, qoca da onun bu
səylərinə, öz nəhəng iradəsinin gücüylə, bütün qəldini və qabiliyyətini tədrisə həsr etməklə,
tükənməz qocalıq hövsələsiylə cavab verirdi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
88
Dünyada hər şeyi unudub: «Pəncərənin önündəki şam ağacı yu-xu-lu şehin için-də-dir» - deyə,
höccələyə-höccələyə özü öz səsini eşitmədən, oxuyurdu; anasının narahat quşlarının səs-
küyündən, onu ümumiyyətlə, heç kim eşitmirdi, o da elə hey ucadan oxuyurdu: «Hin-du ma-zı
ban-ka-ya qoyur… A-ta qəl-ya-nı tən-bə-ki i-lə dol-du-rur… Se-si-li-ya pen-dir, ka-hı, çu-ğun-
dur, xa-ma, do-nuz pi-yi, si-yənək, şə-kər sa-tır… Sesiliya hər şey satır.» - deyirdi və gülürdü,
rahibənin ona, ibrətamiz səslə, uşaqlara dərs verən müəllimə ədasıyla söylədiyi mətnin sözlərini,
mığmığaların vızıltısına uyğun ritmlə oxuyur, sonra bütün dünya, bütün Yer üzü bu səsə
bürünürdü və bu hüdudsuz, kədərli ölkədə məlum həqiqətlərdən savayı, heç bir şey qalmırdı;
gözə dəyən, ələ gələn cəmi bir neçə şey – göydəki ay, qoyun və banan, don Viktorun öküzü, bir
də Otiliyanın gözəl paltarı qalırdı… Onun bu qiraət dərsləri, səhər-axşam hər yerdə, hər adamın
qulağının dibində səslənməyə başlayırdı, portretləri kimi, hamını qarabaqara izləyirdi.
Hollandiyanın maliyyə naziri, prezidentin rəsmi qəbulunda baş tutan söhbətin işgüzar
havasından, özü də bilmədən, ona görə azıb çıxdı ki, qaraqabaq qoca, ipək əlcəkli əlinin
hərəkətiylə nazirin sözünü kəsərək, onu da özüylə bərabər: «Mən ana-mı se-virəm… İs-ma-yıl a-
da-nı ax-ta-rır-dı… Xanım po-mi-dor ye-yir-di…» - deyə oxumağa məcbur elədi. Beləcə oxuya-
oxuya, o, barmağını metronom kimi tərpədə-tərpədə, pauzaların müddətini ölçür, bu çərşənbə
axşamına verilən ev tapşırıqlarını səylə təkrarlaya-təkrarlaya, istəyinə nail olur - Hollandiyanın
təqdim elədiyi sənədlərin ödəniş vaxtı uzadılırdı. - «Bu barədə bir gün vaxt tapıb söhbət edərik,
cənab nazir!» Sübh tezdən qızılgül kollarının altında oyanan korlar, cüzamlı, iflic xəstələr, ibadət
mərasimlərindəki kimi oxuya-oxuya, onları xaçın altından keçirən acıqlı qocanı görəndə, mat-
məəttəl qalırdılar: - «Göylər sultanıyam mən – qanunu sevirəm mən, bəsirətli adamlar tənha
səhrada ulayar! Mayak – hündür qaladır, işığıyla gəmiləri gecəyə yollayan qaladır!» O, Letisiya
Nasarenonun ona bəxş etdiyi bu gecikmiş xoşbəxtlikdən nəşələnə-nəşələnə, cümlələrin hər birini
üç dəfə oxudu. Zamanın özü Letisiya Nasareno idi, - «Mənim həyatım Letisiya Nasareno!»
Siestanın bürkülü xərçəng iyi hopmuş ağır havasında Letisiya Nasareno ilə böyür-böyürə, tərdən
nəmlənmiş döşəkağının üstündə, elektrik ventilyatorlarının, yarasa qanadına oxşar pərləri altında
uzanmaqdan savayı ayrı ləzzətli bir şey yox idi; «Sənin yançaqlarının işığından savayı ayrı işıq
yox idi, Letisiya, sənin, totemik idolların döşünə bənzər döşlərinndən, yastıdaban ayaqlarından,
şəfqətli sədəfotu budağı qoxuyan iyindən, bir də, bir vaxtlar, tənha bir sübh çağı dünyaya gəlib,
bataqlıq çürüntüsünün iyini ciyərlərinə çəkdiyin uzaq Antiqua adasının canüzən yanvar
istisindən savayı heç nə yox idi!» Onlar, xüsusi fəxri qonaqlar üçün ayrılmış yataq otağına
çəkilir, belə vaxtlar heç kim onlara mane olmağa, otağın qapısına beşcə metr yaxına getməyə
belə ürək eləmirdi. – «Çünki mən çox məşğulam – mən oxumağı və yazmağı öyrənirəm!» Onu
hətta, kənd camaatının, Sarı titrətmədən qırılıb tökülməsi xəbəriylə də, narahat eləməyə ürək
eləmirdilər; – o öyrənirdi, ürəyinin döyüntüləri Letisiyanın vəhşi heyvan iyindən həssaslaşıb
metronomun zərbələrinin ritmini ötüb keçirdi, o öyrənir və təkrar edirdi: «Cırtdan bir aya-ğı üstə
rəqs e-dir! Eş-şək də-yir-ma-na ge-dir! O-ti-li-ya yay-lı-ğı-nı ya-xa-la-yır! Yay-lıq «a» hərfi ilə
yazılır!»
Letisiya isə bir qulağı onda, sevgi məşğələləri zamanı bulanmış döşəkağıları yığışdırır, onu ilıq
vannaya salır, ətirli sabunla sabunlayıb lifləyir, sonra şəfqətli otlardan dəmlənmiş suya çəkir və
onunla bir təkrarlayırdı: «x» hərfi «xor», «xaç», «xırman» və sair bu kimi sözlərdə əvvəldə
yazılır!» Sonra o, onun ayaqlarının quruyub qaxaclaşmış qatlarını, qaşınmadan qızaran dərisini
kakao dənələrinin yağıyla yağlayır, balaca körpələri pudralayan kimi, sısqa yançaqlarını ağ tozla
pudralaya-pudralaya, nəvazişlə şillələyir və: «Bax, bu, Hollandiya maliyyə nazirinə görə! Al!
Al!» - deyirdi. Sonra Letisiya onu, günahlarını yudurtmaq üçün, bir vaxt ölkədən qovdurduğu
kilsə əyanlarını geri qaytarmağa məcbur elədi; – axı xəstəxanalarla, yetimxanalarla, digər Allaha
yaxın yerlərlə kimsə məşğul olmalıydı?!.. İş bu yerə çatanda, bir müddət heç bir şey alınmadı,
qoca ona kinli üzünü göstərib: «Heç vaxt!» -dedi. İctimaiyyətin gözü qarşısında bir dəfə qəbul
olunmuş qərarı dəyişməyə heç kimin gücü çatmaz; lakin Letisiya, inadından dönmədi, onu sevgi
anlarının ən təngnəfəs döngələrində yaxaladı, dilə tutub: «Bircə bunu xahiş eləyirəm sənnən,
həyatım mənim, bircə bunu! Qoy bu zavallı dindarlar öz yerlərinə qayıtsınlar, axı, onlar heç vaxt
sənin bir işinə qarışmayıblar, heç vaxt heç bir işinə burun soxmayıblar!» - dedi. O isə həmişəki