“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
97
bazar günü isə Letisiya Nasareno, ərindən ağlasığmaz bir şey xahiş elədi: «İstəyirəm, biz bu
axşam Milli teatra, poeziya gecəsinə gedək!» O, Letisiya ilə bu poeziya gecəsinə getməyə razılıq
verdi. Həmin axşam biz prezidenti, düz üç saat ayaqüstə dayana-dayana, havasız zalın istisindən
tər tökə-tökə, gecədən bir neçə dəqiqə əvvəl məcburən əynimizə geydirilən parad
kostyumlarında boğula-boğula gözlədik. Və nəhayət, budur, milli himn səsləndi və biz əl çala-
çala, tafta paltarın üstündən boynuna qara tülkü dərisi taxmış, buruq lələkli şlyapalı, dolubədənli
rahibənin göründüyü dövlət lojasına sarı çöndük; qadın, alqışlara məhəl qoymadan, general
mundiri geymiş oğlan uşağını yanında oturtdu, oğlan isə, zanbaq rənginə çalan əlcəyini çıxarıb
camaata əl elədi; anasına görə, qədim vaxtların şahzadələri camaatı bu cür salamlayırmış;
hökumət lojasında daha heç kim gözə dəymirdi, lakin, o, ordadı, biz onun gözəgörünməz
iştirakını – dinc qəlbimizin sakitliyini poeziyanın üsyankar havasından qoruyan insanın iştirakını
hiss edirdik… axı bizim sevgi hissimizin ölçüsünü, ümumiyyətlə, hisslərimizin ölçüsünü, az qala
ölüm vaxtımızı belə o müəyyənləşdirirdi. Bəli, o, ordaydı, lojanın, bizlərə görünməyən, qaranlıq
küncündə, şairin görə bilmədiyi yerdə oturmuşdu, şair, əzəmətli səsiylə onun gözünə möhtəşəm
minotavr kimi görünürdü; bu səsin ahəngi, sanki darısqal zaldan yox, açıq dənizdən gəlirdi; bu
səs, qeyri-ixtiyari əla həzrətlərini, oturduğu lojadan da, bu zaldan da bütün bu yer ölçülərindən
yuxarıya – qızıl şeypurların çalındığı yerlərə qaldırdı, şeypurların bu gümüşü sədaları altında
Marsın və Minervanın triumfal girişləri – şöhrət səltənətinin triumfal girişi göründü. - «Sizin
şöhrətinizin yox, mənim generalım!» O, pəhləvan-cəngavərləri, adamı ölümcül qapan qara itləri,
dəmir nallı döyüş altarını, kobud lələkli şlyapalı, əlinizəli, cüssəli bayraqdarları, bu cəngavərlərin
qəribə, yad bayrağı zəbt etdiyini gördü. - «Sizin silahınızın hesabına zəbt etmədilər, mənim
generalım!» O, vətəndaş müharibəsində ayaqyalın əsgər kimi döyüşdüyü vaxtlar, qızdırmalı
sayıqlamalarda duyub hiss etdiklərinə - vətənin şərəfi və əbədiliyi naminə qızmar yay günəşinə,
soyuq qışın qarına və küləyinə, gecəyə, şaxtaya, ölümə meydan oxuyan bütöv bir qəzəbli gənclər
ordusunu gördü, gurultulu alqış partlayışı içində özünü xırda və miskin hiss etdisə də, öz
qaranlıq küncündən camaata qoşulub əl çala-çala, öz - özünə: «Anam mənim, Bendisyon
Alvarado, zəfər, buna deyərlər! Buna baxanda, camaatın mənim üçün elədikləri heç nədi!»
O, özünü tənha və atılmış, bürkünün və uzunayaqlı ağcaqanadların dumanı altında əzilmiş hiss
edir, fəxri lojasının qızıl naxışlı sütunlarına, rəngi itmiş məxmərinə görə xəcalət çəkirdi. - «Lənət
şeytana, axı bu, necə ola bilər ki, bu hindu dalını yuyan əl belə bir gözəl əsər yazsın?» Qoca, ona
tam aydın olmayan bu poetik dildən, qəlbinin dərinliklərinəcən riqqətə gələrək, özünə yer tapa
bilmir, yekə ayaqlarını möhtəşəm sətirlərin təntənəli ritminə uyğunlaşdırmağa çalışaraq, qəzəbli
fil kimi o baş-bu başa var-gəl edir, arada bir Letisiya Nesarenonun, pationun nəhəng ağaclarının
budaqlarından yığılmış triumfal girişində təşkil etdiyi ehtiraslı, zil səsli xorun ritmi altında
yuxuya gedirdi; o, qəlbini riqqətə gətirən bu şeirləri tualetlərin divarlarında yazır, poemanın
yadında qalan parçalarını süd fermasında, isti təzək dağının üstünə çıxıb birnəfəsə əzbərdən
oxumağa hazırlaşırdı ki, bu məqam, karet sarayında dayanan prezident limuzininin arxasında
qoyulmuş dinamit, nəzərdə tutulan vaxtdan əvvəl partladı… - «Bu, dəhşət idi, mənim generalım,
elə möhkəm partlayış olmuşdu ki, biz maşının dəmir-dümürünü hələ bir neçə aydan sonra
şəhərin müxtəlif kvartallarından tapırdıq. Məhz bu maşında, Letisiya Nasareno hər çərşənbə
elədiyi kimi, bazarı çapıb-talamağa yollanacaqdı. «Odu ki, sui-qəsd onun üçün hazırlanmışdı,
mənim generalım, ayrı bir kəs üçün yox!» Burda o, alnına vurub: «Lənət şeytana, necə olub ki,
mən bunu hiss eləməmişəm?» Həqiqətən də, onun əfsanəvi duyumu hara yoxa çıxmışdı?! Axı,
son bir neçə ayı tualet divarlarındakı yazılar da, həmişə olduğu kimi ona qarşı, yaxud nazirlərdən
hansınasa qarşı yox, məhz, dişlərini, generalitetin mənafeyinə, kilsə knyazlarına qıcıyan
həyasızlaşmış Nasarenolara qarşı yönəlmişdi. Düzdü, o, belə hesab eləyirdi ki, bir vaxtlar bu
divarlarda anasının müqəddəsliyi əleyhinə yazılan təhqiramiz yazılar kimi, bu yazıların da elə bir
təhlükəsi yoxdu, bütün bunlar, tədricən adi söyüşə çevrilən tutuquşu kəkələməsindən savayı, bir
şey deyil, tualetin isti havasından yaranan acığın nəticəsidir; o, bu acığın böyüyüb şişərək, bir
gün belə bir hay-küyə səbəb olmasına əslində o özü şərait yaradırdı ki, camaat, içindəki acığı
beləcə çıxarıb soyusun, amma daha belə yox ki. bir dinamitin əvəzinə ikisini bir qoysun?!.. İşə
bir bax ki, dinamit gör bir gəlib hara çıxmışdı?!.. Hakimiyyətin göbəyinə! Bu, necə ola bilərdi
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
98
axı, necə ola bilərdi?!.. Poeziyanın qanadlı sətirlərinə bu dərəcədə uyaraq, öz incə pələng
duyumunu necə itirə bilərdi? Necə olmuşdu ki, o, bu köhnə tanış qoxunu – təhlükə hissinin
qoxusunu vaxtında duymamışdı? Bu nə biabırçılıq idi?.. O, təcili surətdə bütün generaliteti –
təşviş içində ağaran on dörd zabiti yanına çağırdı; uzun illərin məcburi xidmətindən sonra onlar
yenidən iki addım yaxınlıqlarında, adi insan bədəninə malik olması daim heyrət doğuran qocanı
gördülər. - «O, bizi iclas zalında sıravi əsgər formasında öz taxtında, prezident kreslosunda
oturduğu yerdə qəbul elədi; ondan skunsdan gələn sidik iyi gəlirdi; gözündə nazik, qızıl çərçivəli
eynək vardı; son günələrin portretlərində onün üzündə bu eynək təsvir edilməmişdi; o hədsiz
dərəcədə qoca və bizdən ağlasığmaz dərəcədə uzaqdaydı; ipək əlcəklərini soyunanda, biz gördük
ki, onun əlləri heç də qoca hərbçi əllərinə oxşamır, bu əllər qadın əlləri kimi incə idi və bu
adamdan qat-qat cavan, incəqəlbli adamın əllərinə oxşayırdı; qalan hər bir şey isə perqament
kağızı kimi süni və bədheybət idi; biz diqqətlə baxdıqca gördük ki, həyatının son nəfəsi onun
etibarsız müvəqqəti bədənində dolaşmaqdadır, bu nəfəs – inadkar hakimiyyətpərəstlik,
bölünməz, mütləq hökmranlıq həvəsi idi; içində qara tüstü kimi dolaşan bu xəbis iblisi saxlamaq,
vəhşi atın cilovunu çəkib saxlamaq qədər çətin idi; bizim hər birimiz onunla, baş komandanla
rəsmi görüş qaydasıyla görüşürdük; o isə bircə kəlmə belə olsun, danışmır, başını belə
tərpətmirdi; sonra hamılıqla onun əhatəsinə yarımdairəvi şəkildə düzülən kresloda əyləşdikdə isə
o, eynəyini çıxarıb sınayıcı nəzərlərlə bir-bir bizim hər birimizi gözdən keçirməyə başladı; o,
bizim gizli fikirlərimizin xəlvət döngələrini, bu gizli fikirlərin aramla öz xəlvət yuvalarına
sürünmələrini görür, onları dinməz-söyləməz, bir-birinin ardınca qəddarcasına ifşa edirdi; bu
prosesə onun, bir dumanlı axşam barmağının işarəsiylə bizlərə hərbi rütbələr təyin etdiyi gündən
bu yana, kimin nə qədər dəyişildiyini müəyyənləşdirməsinə sərf etdiyi vaxt qədər vaxt lazım
oldu.
O öz baxışlarıyla nə qədər bu zabitlərin beyinlərini oyurdusa, sui-qəsdin məhz bu on dörd gizli
düşmənin arasında təşkil olunduğuna bir o qədər əmin olurdu; sonra nə oldusa o, birdən-birə
özünü bu adamların arasında o qədər tənha və köməksiz hiss elədi ki, kirpiklərini iquana kimi
qırpıb başını qaldırdı və onları birliyə səslədi. - «Bu gün birlik qədər bizə lazım olan ayrı bir şey
yoxdu, çünki söhbət, vətənin taleyindən və hərbi qüvvələrin qeyrətindən gedir!» O, onlara
təmkinli olmağı, üzərlərinə düşən fəxri vəzifələri layiqincə yerinə yetirməyi tövsiyyə etdi; sui-
qəsdin təşkilatçıları təcili surətdə tapılıb, hərbi ədliyyəyə təhvil verilməliydi. «Bu qədər,
cənablar.» - deyə o, sui-qəsdin təşkilatçılarının bu adamlardan biri, yaxud hamısının birlikdə
olduğuna qəti əmin olaraq, sözünü yekunlaşdırdı.
Letisiya Nasarenonun həyatının, Allahın yox, məhz onun əlində olduğunu, onu, əvvəl-axır, lənət
şeytana, mütləq baş verəcək təhlükədən yalnız müdrikliyi qoruya biləcəyini anladıqca, qəlbinin
qanla dolub tikə-tikə söküldyünü hiss edirdi. O, Letisiyanı, ictimai tədbirlərdə iştirak etməkdən
imtina etməyə, ən tamahkar qohumlarını, hərbi generallığın mənafe dairəsindən rədd olmağa
məcbur edirdi; az-çox qananları konsul təyin edir, ən lütləri isə, bazarın yabanı kolları arasından
axıb gedən çirkab suların içində görünürdülər; bir gün o, uzun illər iştirak etmədiyi nazirlər
kabinetinin iclasında yenidən peyda oldu, öz kreslosuna əyləşərək, ruhani idarələrin dövlət
işlərinə qarışmasını qəti qadağan etdi. - «Səni düşmənlərdən qorumaq üçün, Letisiya!» Sonra öz
generalitetini bir daha dişinə vurub bu qənaətə gəldi ki, o görüşdən sonra yeddi hərbi rəis ona
ortabab münasibətdədi; o ki, qaldı müdafiə nazirinə, o, onun köhnə tanışı idi; beləliklə, onun bel
bağlamadığı altı nəfər hərbi rəis qalırdı, onun gecələrini uzun-uzadı uzadan, Letisiya
Nasarenonun ölüm məhkumluğuna möhür vuraraq, yuxularına zəhər qatan altı tapmaca qalırdı;
bəzən ona elə gəlirdi ki, onun tələb etdiyi bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, ələlxüsus
çörəyin içindən balıq tıxı çıxandan sonra bütün yeməklərin dadına baxdırmağı məcbur etməsinə
baxmayaraq, Letisiya Nasarenonu onun gözləri qarşısında öldürürlər; Letisiyanın yaşadığı
otaqların havası hər gün yoxlanırdı, çünki o qorxurdu ki, zəhər, cücüləri qırmaq üçün işlədilən
aerozol şüşəsinə də doldurula bilər; nahar vaxtı Letisiyanın rənginin saralmasından diksinirdi,
yataqda sevişdiyikləri yerdə səsinin xırıldamasından titrəyib əsirdi, ona elə gəlirdi ki, Letisiyanın
içdiyi suya, sarı titrəmə mikrobları, gözünə tökdüyü damcılara isə kuporos qata bilərlər; müxtəlif