“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
123
Anlayırdım ki, çıxış yolum yoxdur, ancaq hər vəchlə onu tapmalıydım, əks halda,
yaşamamın bir mənası qalmayacaqdı. Bütün qalan ömrümü o taxta divarın önündə bu
cür, məlul-məğmun otursaydım, tezliklə bağrım çatlayardı, vallah. Qagenbek isə əmin idi
ki, meymun məhz üzü taxta divara oturmalıdır… Elə buna görə də mən meymun
olmaqdan vaz keçdim! Meymunlar adətən qarınlarıyla düşünürlər, mən də öz qarnım
sayəsində bu dəqiq və məntiqi nəticəyə gəlməyi başardım.
«Çıxış yolu» deyərkən, düzü, məni yanlış anlamanızdan da bir az ehtiyatlanıram. Bu
ifadəni mən onun birbaşa və ilkin mənasında işlədirəm. Həm də bilərəkdən azadlıqdan
söz etmirəm. Sərhədsiz azadlıq duyğusunu və hər xüsusda azadlıq duyğusunu bir kənara
qoyuram. Çox yəqin ki, o duyğunu mən hələ meymun ikən dadmışdım. Sonralar mən
azadlığa can atan insanlara da rast gəldim. Halbuki mən nə onda özüm üçün azadlıq tələb
edirdim, nə də indi. Yeri gəlmişkən, çox vaxt insanlar bu sözlə özlərini aldatmağa
çalışırlar. Azadlığı ən əlyetməz duyğulardan biri saydıqlarından onunla bağlı yalan da
insanlara əlçatmaz görünür.
Varyete səhnəsindəki çıxışlarımdan öncə adətən mən sirk günbəzinin altında asılan
trapesiyalarda cürbəcür hoqqalar çıxaran cütlüklərə göz qoyurdum. Onlar gah havada
ora-bura yellənir, gah yuxarılara sıçrayır, gah bir-birinin ağuşuna atılırdılar. Gah da biri
saçlarıyla digərinin dişlərindən sallanıb qalırdı. Öz-özlüyümdə düşünürdüm: «İnsanlar,
bax, bunu da azadlıq adlandırırlar, həm də hərəkət azadlığı!» Bəyəm ana təbiətə qarşı da
belə sayğısızlıq olar?! Əgər insanlar özlərinin bu «azadlıqlarını» meymunlar qarşısında
sərgiləməyə qalxsaydılar, hər halda onların dəli qəhqəhələrindən bu sirkin divarları uçub-
dağılardı.
Yox, mən azadlıq-filan ummurdum. Sadəcə, çıxış yolu axtarırdım və bunun heç fərqi yox
idi - sağa, sola, yoxsa istənilən yönə. Başqa heç bir tələb irəli sürmürdüm. Hətta
tapacağım çıxış yolu da qoy lap başaldadan olsun – qəbulum idi. Bu arzu bütün varlığıma
necə hakim kəsilmişdisə, ağ yalana da göz yummağa hazır idim. Mən yalnız və yalnız
irəliyə getməliydim! Yetər ki, pəncələrim göydə qalmasın, yetər ki, özümü taxta divara
qısnanmış saymayım. İndi mən aşkar anlayıram ki, içimdə sarsılmaz tarazlıq duyğusu
olmasaydı, mən o qəfəsdən heç vaxt qurtula bilməyəcəkdim!
Həqiqətən də, o gəmidə keçirdiyim bir neçə gün ərzində özümə aşıladığım tarazlıq
hissinə mən, yəqin ki, sonralar nail olduğum hər şeyi borcluyam. Bu duyğunu isə mənə
ətrafımdakı insanlar aşılamışdılar. Hər şeyə rəğmən, onlar yaxşı insanlar idilər. Onların
çəkmələrinin taqqıltısının mürgüləməyə çalışan beynimdə necə əks-səda verdiyini, mənə
necə ehtiyatla yanaşmalarını elə indinin özündə də yerli-yataqlı xatırlayıram. Gördükləri
hər işdə onlar xeyli ləng tərpənirdilər. Bəzən birisi gözlərini eşmək üçün əlini elə ağır-
ağır qaldırırdı ki, deyərdin qolundan neçə pud daş asılıb.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
124
Zarafatları qaba görünsə də, onların səmimi olduqlarına şübhə yox idi. Bəzən gülüşləri
öskürəklə əvəz olunurdu, hərçənd bu, hər hansı mənaya gəlmirdi. Vaxtaşırı tüpürməyə
ehtiyac duyurdular və hara gəldi tüpürürdülər. Mənim ucbatımdan taxtabitilərdən əziyyət
çəkirdilər və elə hey bundan şikayətlənirdilər. Düzdür, buna görə heç vaxt mənə
qəzəbləri tutmazdı. Meymunların xəzində taxtabiti olduğunu və bu həşəratların daim ora-
bura hoppandıqlarını bu adamlar yaxşıca qavramışdılar. İstəsələr də, istəməsələr də,
bununla hesablaşmalıydılar. Boş vaxtlarında onlardan bir neçəsi qəfəsimin qabağında
yarımdairə boyu və adətən lal-dinməz oturardı. Hərdənbir dodaqaltı nə isə mızıldanar,
bəzən isə yeşiklərin üzərində yayxanıb, qəlyanlarını tüstülədərdilər. Elə ki yerimdə azca
qurcalanırdım, onlar tez öz baldırlarına şapalaq ilişdirirdilər. Bəzən isə aralarından birisi
əlinə bir çubuq alıb, ən həssas yerimi qıdıqlayardı. Əgər günü bu gün mənə gəmidə
səyahət təklif olunsaydı, mən heç şübhəsiz, bundan imtina edərdim. Ancaq onu da etiraf
etməyi özümə borc bilirəm ki, həmin o gəmi ilə bağlı könlümdə sadəcə naxoş xatirələr
qalmayıb.
Gəmi heyətinin mənə aşıladığı etimad hissi sayəsində qaçmağa hər hansı cəhd
göstərmədim. Keçmişə nəzər saldıqca bir məqamı da etiraf etməyə məcburam: hələ onda
mən hiss edirdim ki, bəli, sadəcə hiss edirdim ki, - əgər mən diri qalmağı umuramsa,
mütləq bir çıxış yolu tapmalıyam və bu çıxış əsla qəfəsdən qaçışla bağlı olmamalıdır.
Qaçmamın nə dərəcədə baş tutub-tutmayacağını onda bilmirdim, ancaq istəsəydim, bunu
da bacarardım. Belə məsələlərdə meymunun əlindən gəlməyəcək iş yoxdur.
İndi dişlərim o dərəcədə zəifləyib ki, adicə qozu qıranda da ehtiyatlanıram. Onda isə mən
gec-tez qəfəsin qapısındakı kilidi gəmirib sındırmaq iqtidarındaydım. Ancaq bunu
etmədim. Bununla nəyə nail olacaqdım, axı?! Elə başımı bayıra çıxaran kimi məni tutub,
başqa və əvvəlkindən də betər qəfəsə salacaqdılar da. Əgər diqqəti çəkmədən digər
əsirlərin – məsələn, nəhəng ilanların saxlandığı bir qəfəsə soxulsaydım, o halda da
onların əlində öləcəkdim! Deyək ki, gözdən-nəzərdən yayınmaqla, lap elə üst göyərtəyə
çıxdım və özümü dalğaların qoynuna atdım: bir müddət okeanın üzündə qalmağı
bacarsam belə, gec-tez sularda qərq olacaqdım. Bütün bu cəhdlər bəri başdan
uğursuzluğa düçar idi! Əlbəttə, o zaman mən insan kimi mühakimə yürütməyi
bacarmırdım. Bununla belə, ətrafımdakıların təsiri altında elə davranırdım ki, guya buna
qadirəm.
Hə-ə, mən mühakimə yürütməsəm də, qəribə soyuqqanlılıqla hər şeyə göz qoyurdum.
Böyrümdən keçib, ora-bura gedən insanları süzürdüm. Onların üzləri də,
hərəkətləri də
eyni idi. Çox vaxt onların eyni adam olduğunu da sanırdım. Həmin o adamın – və ya
adamların – hərəkətinə hər hansı maneə yox idi. Beləcə, qarşımda böyük bir hədəf zühur
elədi. Onlar kimi olacağım təqdirdə bu qəfəsdən buraxılacağımı hələlik heç kəs mənə vəd
eləməmişdi. İcrası bəri başdan imkansız görünən vədlər vermənin nə mənası vardı, axı?!
Yetər ki, sən məqsədinə çat, o halda vədləri sənə köhnə tarixlə də verərlər, hərçənd
belədə sən öz ümidlərini onlara bağlaya bilməzsən…