“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
121
Bütün bunlarla yanaşı,
cənablar, Akademiyanın mənə ünvanladığı suala böyük
məmnuniyyətlə və qismən cavab verə bilərəm. İlk öyrəndiyim hərəkət – əl görüşmək
olub və o, səmimiyyətin simvolu sayılır. Vaxtilə öyrəndiyim əl görüşmə jestinə mən indi,
şöhrətimin zirvəsində ikən öz səmimi etirafımı da əlavə etmək istərdim. Akademiya üçün
bu, sözün həqiqi mənasında və çox yəqin ki, yeni bir şey sayılmaz, çünki, cənablar,
verəcəyim açıqlamalar məndən umduğunuzdan xeyli dərəcədə fərqlənəcək və mən hətta
istəsəm də, hər şeyi olduğu kimi sizlərə açıb deyə bilmərəm. Ancaq yenə də bu hesabatım
sayəsində siz hansısa meymunun insan toplumunun bir üzvünə çevrilməsinin və orada
özünü təsdiqləməsinin əsas mahiyyətini sezə biləcəksiniz. Bəlkə də özümdən əmin
olmasaydım və mədəni dünyanın bütün iri varyete səhnələrində böyük şöhrət
qazanmasaydım, bəzi əhəmiyyətsiz etiraflara gərək də duymazdım.
Mən əslən Qızıl sahıldənəm. Necə ovlandığım barədə isə sonralar ondan-bundan
öyrənmişəm. Bir axşam «Qagenbek» firmasının xüsusi ekspedisiyası sahildəki kolluqda
pusquya yatıbmış. (Onu da deyim ki, bu firmanın rəhbəriylə sonralar mən bir neçə şüşə
əla növ qırmızı şərab gillətmişəm). Bu vaxt bir dəstə meymun su içmək üçün sahilə enir
və mən də onların arasındaymışam. Açılan atəşlərdən ikisi təsadüfən mənə tuş gəlir.
Yanağıma dəyən güllənin yarası xəfif idi, xeyli iri və qırmızı rəngdə olduğu üçün aşkar
sezilən bu yara izinə görə mənə heç nəylə səsləşməyən və buna görə də zəndi-zəhləmi
tökən «Qırmızı Peter» ayaması taxdılar ki, əslində bu da bir meymun uydurmasından
başqa bir şey sayılmaz. Belə çıxır ki, bu yaxınlarda gəbərən, özünə kifayət qədər
pərəstişkar qazanan «Peter» ləqəbli, əhliləşmiş meymun ilə mənim aramdakı yeganə fərq
yanağımdakı bu qırmızı çapıq imiş. Əlbəttə, bütün bunları sizə sözarası çatdırıram.
İkinci güllə isə budumun aşağı qisminə dəymişdi. Bu yara nisbətən ağır olduğundan hələ
də yüngülvarı axsayıram. Barəmdə hər cür hap-gop yayan yüzlərlə qəzet cızma-
qaraçısından birinin bu yaxınlarda çap olunan məqaləsində aşağıdakıları oxudum: guya
mənim meymun xislətim hələ də özünü nələrdəsə büruzə verirmiş, bunun bariz sübutu isə
dərimdəki yara izini göstərməkdən ötrü başıma toplaşan seyrçilərin qabağında heç bir
xəcalət hissi duymadan şalvarımı soyunmağım imiş. Mən də: «Bu sətirləri yazan kəsin
bütün barmaqları birbəbir qurusun!» - deyirəm.
Bəli, mən istənilən adamın qabağında şalvarımı utanıb-çəkinmədən soyuna bilərəm,
ancaq bu zaman oradakılar vaxtilə mənə həyasızcasına – bu halda mən «həyasızcasına»
sözünü işlətməyi özümə rəva görsəm də, bunun başqa yerə yozulmasını istəməzdim - hə,
hə, məhz həyasızcasına atılan güllənin yerində baxımlı meymun xəzindən və yara izindən
başqa heç nə görə bilmirlər. Mənim hər şeyim ortadadır, gizlədiləsi heç nəyim yoxdur.
Bir də həqiqəti araşdırmaq istəyən, geniş dünyagörüşünə malik hər düşünən varlıq bütün
hallarda əxlaq qaydalarından əsla kənara çıxmamalıdır. Əlbəttə, əgər bu sözügedən yazı
sahibi başqalarının yanında özü şalvarını çıxartsaydı, o halda tamamilə fərqli vəziyyət
yaranardı. Bunu etməməyini isə şəxsən mən onun sağlam düşüncəsiylə izah edirəm. Ona
görə də qoy o, ən azından durub başqalarına ədəb-ərkan dərsi verməsin!
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
122
Yaralanandan sonra huşum başıma gələndə «Qagenbek» şirkətinə məxsus gəminin orta
göyərtəsindəki qəfəsdə olduğumu öyrəndim və şəxsi xatirələrim də məhz elə ondan
sonrakı dövrdən üzü bəri formalaşıb. İçində bulunduğum qəfəs adi sayılmazdı, çünki
onun üç tərəfi barmaqlıqlardan ibarət olsa da, dördüncü tərəf taxta bir sandığın divarını
xatırladırdı və taxta lövhələrlə kip döşənmişdi. Qəfəs o dərəcədə alçaq idi ki, orada
qəddimi dikəldə bilmirdim, dar olması isə oturmağıma imkan vermirdi. Ona görə də
ayaqlarımı altıma yığıb, dizlərim və dirsəklərim üstə dayanmağa məcbur idim. Dizlərimi
elə hey titrəmə tuturdu. Görünür, həmin günlər mən o qaranlıq guşədə oturmağı kiminsə
üzünü görməkdən daha üstün bilirmişəm: üzümü qəfəsin taxta divarına söykəyib
oturduğumdan yan divarların dəmir çubuqları belimi yağır eləmişdi. Ovlanan vəhşi
heyvanların yuxarıda təsvir olunan biçimdə saxlanılması ən uyğun üsul sayılır. Başıma
gələnləri saf-çürük edərkən mən insanların məhz belə düşündüyündən tam əmin oluram.
Ancaq o vaxt mən bu barədə heç nə düşünmürdüm. Həyatımda ilk dəfəydi ki, düşdüyüm
durumdan çıxış yolu, həm də birbaşa çıxış yolu tapmaqda acizlik çəkirdim: qarşımda
taxta sandığın divarı vardı və onun taxtaları bir-birinə nəyi var sıxılmışdı. Düzdür, az
sonra mən bu divarda bir dəlik tapdım, hətta bu tapıntı anında ağlımın o vaxtkı dayazlığı
gərəyi sevinc qıyyası da çəkdim. Ancaq o dəlik elə dar idi ki, oradan heç quyruğum da
keçməzdi və onu genişlətmək üçün mənim gücüm-qüvvətim heç bir işə yaramazdı.
Sonralar öyrəndiyimə görə, o vaxt mən özümü xeyli sakit aparırmışam. Belə qənaətə
gəliblərmiş ki, bu gedişlə ya mən tezliklə canımı tapşıracağam, ya da – əgər bu sıxıntılı
dönəmi başa vura bilsəm – asanlıqla əhliləşəcəyəm. İndi məlum olur ki, mən o dövrü
mətanətlə başa vurubmuşam…
Həyatımın sonrakı və yeni mərhələsində qaşqabaqla dişlərimi qıcayıb, üz-gözümü
qırışdırırmışam, elə hey birə axtarır, çarəsizlik içində qarşımdakı kokosları yalayırmışam.
Birisinin yanıma yanaşdığını görcək, başımı taxta divara çırparaq, ona dişlərimi
qıcayırmışam. Nə ilə baş qatıramsa-qatım, o vaxt varlığıma yalnız bir niyyət hakim
kəsilmişdi: çıxış yolum yoxdur!
Aydın məsələdir ki, mən o zaman, yəni hələ bir meymun ikən, yaşadıqlarımı yalnız indi
insan dilində ifadə etməyə qadirəm. Bu isə o deməkdir ki, indiki açıqlamalarım çox da
dəqiq sayılmaz, çünki vaxtilə sahib olduğum meymun məntiqiylə üzülüşdüyüm üçün
təkrar ona yiyələnməm çətinləşibdir, ancaq bütün hallarda əvvəlki səviyyəmdən sən
deyən uzaqlaşmamışam və buna zərrəcə şübhə bəslənə bilməz. Əgər o vaxta kimi
qarşımda istənilən qədər çıxış yolu vardısa, o durumda bunların sayı sıfıra enmişdi.
Girdiyim qaranlıq dalanın bir küncünə elə sıxılmışdım ki, hətta durub məni orada divara
mismarlasaydılar belə, vəziyyətim daha betər olan deyildi. Amma niyə? Hətta ayaq
barmaqlarım qanayana qədər divarı döyəcləsəydim də, heç nəyə nail olmayacaqdım.
Kürəyimi var gücümlə, yəni bədənimi iki hissəyə böləcək şəkildə, qəfəsin çubuqlarına
dirəyib, gücənsəydim də, bütün səylərim boşa çıxacaqdı.