“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
454
- Başqa şey yox idi, boş-boşuna nahaqdan bir saat özümü həlak elədim.
- Hayıf ki, səni öldürmədilər.
- Dilin qurusun sənin! – Damaso taxta çarpayının qırağını tıqqıldadıb əsəbi tərzdə
mızıldandı, torpaq döşəməyə əl gəzdirib kibritini, siqaretini axtardı.
- Daha sənə sözüm yoxdu, xalis uzunqulaqsan! Heç olmasa məni düşünəydin.
Fikirləşəydin ki, gözümə yuxu getmir, oturub səni gözləyirəm. Küçədən hər xışıltı
gələndə, hər dəfə bir hənirti eşidiləndə elə bilirdim sənin meyitini gətirirlər.
Anna köks ötürüb davam elədi:
- Özü də nədən-nədən, üç dənə qotur şardan ötrü!
- Daxılda cəmi-cümlətanı iyirmi beş sentavo vardı.
- Onda heç nəyə əl vurmayaydın.
- İçəri zorla girmişdim, daha əliboş qayıtmayacaqdım ki.
- Başqa şey götürəydin də.
- Dedim ki, başqa heç nə yox idi.
- Bəsdi görək, bilyardxanada şey azlığıdı?
- Adama elə gəlir, amma içəri keçib yaxşı-yaxşı göz yeti-rəndə görürsən ki, bir fərli şey
yoxmuş.
Anna susdu. Damaso özlüyündə arvadının bilyardxananı xəyalən göz önünə gətirib ac
gözləri ilə qaranlıqda nəsə qiymətli bir şey aradığını təsəvvür elədi.
- Nə bilim, bəlkə də elə sən deyən kimidir, – deyə arvad handan-hana dilləndi.
Damaso təzədən siqaret alışdırdı. Kefliliyi keçib getdikcə yavaş-yavaş bədəninin keyi
açılır, o da öz varlığına yiyəlik etmək iqtidarında olduğunu artıq duymağa başlayırdı.
- İçəridə yekə bir pişik vardı. Yekə, ağappaq bir pişik.
Anna bu biri böyrü üstə çevrilib, top kimi şişmiş qarnını ərinin qarnına sıxdı, ayağını da
onun paçasının arasına soxdu; ondan soğan iyi gəlirdi.
- Bərk qorxurdun?
- Kim, mən?
- Əlbəttə, sən. Deyirlər, hərdən kişilər də qorxurlar.
Arvadının gülümsədiyini hiss etdiyindən Damasonun da kefi əməlli-başlı duruldu və
gülümsünüb dedi:
- Qorxurdun da sözdü? Az qala şalvarı islatmışdım.
Annanın öpməsinə mane olmasa da, özündən cavab öpüşü gəlmədi. Bir az ara verib,
sonra səfər təəssüratlarını bölüşürmüş kimi hamısını yerli-yataqlı danışmağa başladı;
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
455
necə bir təhlükəyə qol qoyduğunu yaxşıca dərk etsə də, əməlindən peşmançılıq çəkməsi
zərrəcə hiss olunmurdu. Anna bir xeyli müddət dinmədi.
- Səfeh iş tutmusan.
- Çətini başlamaqdır. – Damaso cavab verdi, – Siftə üçün sən deyən o qədər də pis deyil.
Damaso yuxudan ayılanda günortanın istisi tüğyan eləyirdi. Anna çoxdan qalxmışdı;
Damaso da tənbəl-tənbəl dikəldi, fəvvarəyə sarı yeriyib başını suyun altına tutdu, yuxusu
dağılanacan beləcə qaldı. Onların kirayə yaşadıqları mənzil ortaqlı patiosu olan adi,
saysız otaqlardan biri idi. Qapının girəcəyənidə biş-düş hazırlamaqdan və ütünü
qızdırmaqdan ötrü soba, bir də yemək stolu vardı; yemək masasından həmçinin paltar
ütüləmək üçün istifadə olunurdu. Ərinin qalxdığını görən Anna ütülənmiş ağları masanın
üzərindən yığışdırdı və qəhvə hazırlamaq üçün ütünü sobanın qırağına çəkdi; dərisi
ağappaq olan qadın ərindən gövdəliydi və ömrü boyu qorxu-hürkünün nə olduğunu
bilməyən adamlara məxsus ötkəm yerişi vardı.
Damaso baş ağrısının qatı dumanı içindən arvadını süzüb onun sözlü adama oxşadığını,
eyhamlı baxışlarla ona nəsə demək istədiyini hiss etdi və patiodan gələn səslərə qulaq
kəsildi. Anna qəhvəni onun qabağına qoyub astadan pıçıldadı:
- Səhərin gözü yırtılandan hamı bundan danışır. Kişilər çoxdan ora yollanıblar.
Damaso pəncərədən çölə boylandı; paltar sərən arvadlardan başqa həyətdə heç kəs gözə
dəymirdi: nə kişilər, nə uşaqlar. O, qəhvəsini içə-içə bayırdan eşidilən qarışıq səslərə,
hənirtilərə qulaq verdi. Sonra siqaret alşdırıb qapıya çıxdı.
- Teresa!
İslaq donu bədəninə yapışmış yeniyetmə qız əlüstü ona sarı döndükdə Anna pıçıldadı:
- Ehtiyatlı ol.
Qız yaxınlaşanda Damaso laqeyd səslə soruşdu:
- Nolub ki?
- Bilyardxananı yarıb hər şeyi aparıblar, – deyə qız elə o saat üdüləməyə başladı; özü də
elə yerli-yataqlı danışırdı, elə bil hər şeyi öz gözüylə görmüşdü. Qızın üdüləməsindən
belə çıxırdı ki, guya bilyardxanada nə vardısa, bilyard stolu qarışıq hamısını yığıb-
yığışdırmış, çırpışdırıb aparmışdılar. Qızı dinləyə-dinləyə Damaso bir anlığa özünü
unudub, az qala bütün bunların gerçəkdən belə olduğuna inandı. Yalnız otağa qayıdarkən
«lənət sənə, kor şeytan!» deyib dodaqaltı mızıldandı.
Anna pəsdən oxuyurdu. Damaso həyəcanını boğmaq üçün stulu çəkib lap divara dirədi.
Üç ay əvvəl onun iyirmi yaşı tamam olmuşdu. Gizli ciddi-cəhdlə və nəvazişlə uzatdığı
nazikcə bığları çopur sifətinə bir ötkəmlik verirdi; Damasonun özünə inamı da elə o
vaxtdan artmışdı. Ancaq indi bir yandan kəskin baş ağrısı, bir yandan da dünənki gecənin
xoşagəlməz düşüncələri içində qovrula-qovrula bundan sonra neyləyəcəyini, necə
yaşayacağını heç cürə dərk edə bilmirdi.
Anna ütülənmiş ağları iki topaya ayırıb getməyə hazırlaşdı, Damaso onun arxasınca otağa
keçdi.