Chapter 1 (Sura 1)


Rahmən ('Mərhəmətli') surəsi



Yüklə 1,86 Mb.
səhifə24/28
tarix21.06.2018
ölçüsü1,86 Mb.
#50188
1   ...   20   21   22   23   24   25   26   27   28

55. Rahmən ('Mərhəmətli') surəsi

1; Mərhəmətli Allah

2; Quranı öyrətdi.

3; İnsanı yaratdı,

4; ona danışmağı öyrətdi.

5; Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir.

6; Otlar da, ağaclar da səcdə edir.

7; Allah göyü ucaltdı və tərəzini qoydu ki,

8; çəkidə həddi aşmayasınız.

9; Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin.

10; O, yeri məxluqat üçün döşədi.

11; Orada meyvələr və salxımlı xurma ağacları vardır.

12; Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır.

13; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

14; O, insanı saxsı kimi quru gildən yaratdı,

15; cinləri də təmiz oddan yaratdı.

16; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

17; Allah iki məşriqin və iki məğribin Rəbbidir.

18; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

19; O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu.

20; Onların arasında maneə vardır, onu keçə bilməzlər.

21; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

22; Onlardan mirvari və mərcan çıxır.

23; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

24; Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur.

25; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

26; Yer üzündə olan hər kəs ölümə məhkumdur.

27; Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir.

28; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

29; Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi Ondan diləyir. O hər gün bir işdədir.

30; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

31; Ey ağır yükü olan insan və cin tayfası! Tezliklə ancaq sizinlə məşğul olacağıq.

32; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

33; Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz.

34; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

35; Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis (və ya tüstü) göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz.

36; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

37; Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır.

38; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

39; O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır.

40; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

41; Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.

42; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

43; Budur günahkarların yalan hesab etdikləri Cəhənnəm!

44; Onlar onunla qaynar su arasında dolanacaqlar.

45; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

46; Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir.

47; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

48; İkisində də növbənöv meyvələrlə dolu budaqlar vardır.

49; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

50; İkisində də iki axar bulaq vardır.

51; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

52; İkisində də hər meyvədən qoşa-qoşa vardır.

53; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

54; Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır.

55; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

56; Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.

57; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

58; Onlar sanki yaqut və mərcandırlar.

59; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

60; Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi?

61; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

62; Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır.

63; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

64; Hər ikisi tünd yaşıldır.

65; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

66; İkisində də fəvvarə vuran iki bulaq vardır.

67; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

68; İkisində də cürbəcür meyvələr, xurma ağacları və nar vardır.

69; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

70; Orada xoş xasiyyətli, gözəl qızlar vardır.

71; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

72; Çadırlarda gözlərini öz ərlərinə dikmiş hurilər vardır.

73; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

74; Onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.

75; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

76; Onlar yaşıl balışlara və gözəl döşəkcələrə dirsəklənəcəklər.

77; Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

78; Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir.

56. Vaqiə ('Vaqiə') surəsi

1; Vaqiə qopacağı zaman

2; onun qopduğunu heç kəs dana bilməz.

3; O, bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır.

4; Yer şiddətlə titrədiyi zaman,

5; Dağlar parça-parça olub ovxalandığı

6; və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman,

7; siz üç dəstəyə ayrılacaqsınız.

8; Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!

9; Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!

10; Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər!

11; Onlar Allaha yaxın olanlar,

12; Nəim bağlarında qalacaq kimsələrdir.

13; Onların çoxu əvvəlki nəsillərdən,

14; az bir qismi də axırıncılardandır.

15; Onlar bəzənmiş taxtlar üstündə

16; qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.

17; Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar;

18; çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –

19; ondan başları ağrımaz və məst olmazlar,

20; bəyənib seçdikləri meyvələr

21; və istədikləri quş əti ilə hərlənəcəklər.

22; Onları iri qaragözlü hurilər gözləyir –

23; sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər.

24; Bu, onların etdikləri əməllərin mükafatı olacaq.

25; Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.

26; Ancaq: “Salam! Salam!” – sözləri eşidəcəklər.

27; Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!

28; Onlar tikansız sidr ağacları arasında,

29; meyvələri salxım-salxım asılmış banan ağacları altında,

30; uzanmış kölgəliklərdə,

31; daim axan sular kənarında,

32; çoxlu meyvələr,

33; tükənməz və qadağan edilməyən meyvələr içində

34; və hündür döşəklər üstündə olacaqlar.

35; Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq.

36; Onları bakirə qızlar edəcəyik –

37; ərlərini sevən, həmyaşıdlar.

38; Bunlar sağ tərəf sahibləri üçündür.

39; Onların çoxu əvvəlki nəsillərdən,

40; bir qismi də axırıncılardandır.

41; Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!

42; Onlar qızmar yel və qaynar su içində,

43; qapqara duman kölgəsində olacaqlar.

44; Bu duman nə sərin, nə də xoşagələndir.

45; Onlar bundan əvvəl cah-calal içində idilər,

46; böyük günah işlətməkdə israr edirdilər

47; və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik?

48; Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?”

49; De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,

50; bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar.

51; Sonra, siz ey doğru yoldan azanlar, haqqı yalan sayanlar!

52; Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,

53; qarınlarınızı onunla dolduracaqsınız,

54; üstündən də qaynar su içəcəksiniz.

55; Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz”.

56; Bu onların Haqq-hesab günündəki ziyafətidir.

57; Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz?

58; Axıtdığınız nütfəni gördünüzmü?

59; Onu siz yaradırsınız, yoxsa Biz?

60; Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.

61; Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz.

62; Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz?

63; Əkdiyinizi gördünüzmü?

64; Onu siz bitirirsiniz, yoxsa Biz?

65; Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz,

66; və deyərdiniz: “Biz ziyana uğradıq.

67; Daha doğrusu nemətlərdən məhrum olduq!”

68; İçdiyiniz suyu gördünüzmü?

69; Onu buluddan siz endirirsiniz, yoxsa Biz?

70; Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?

71; Yandırdığınız odu gördünüzmü?

72; Onun ağacını siz yaradırsınız, yoxsa Biz?

73; Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq.

74; Elə isə Ulu Rəbbinin adına təriflər de!

75; Ulduzların batdığı yerlərə and olsun!

76; Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz.

77; Həqiqətən, bu, ehtirama layiq Qurandır,

78; qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır).

79; Ona yalnız pak olanlar toxunur.

80; O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

81; Siz bu kəlamı yalan sayırsınız?

82; Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz?

83; Can boğaza yetişdiyi zaman –

84; həmin an siz can verən adama baxırsınız.

85; Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz.

86; Madam ki siz iddianıza görə haqq-hesab olunmayacaqsınız

87; və doğru danışanlarsınız, onda, o canı geri qaytarın?

88; Amma əgər o, Allaha yaxın olanlardandırsa,

89; onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər.

90; Əgər o, sağ tərəf sahiblərindəndirsə,

91; ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!” – deyiləcəkdir.

92; Yox əgər o, haqqı yalan sayanlardan və doğru yoldan azanlardandırsa,

93; onun ziyafəti qaynar su olacaq,

94; özü də Cəhənnəmdə yanacaqdır.

95; Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir.

96; Elə isə Ulu Rəbbinin adına təriflər de!

57. Hədid ('Dəmir') surəsi

1; Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.

2; Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir.

3; Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir.

4; Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür.

5; Göylərin və yerin hökmranlığı Ona məxsusdur. Bütün işlər ancaq Allaha qaytarılacaqdır.

6; O, gecəni gündüzə qatır, gündüzü də gecəyə qatır. O, kökslərdə olanları bilir.

7; Allaha və Onun Elçisinə iman gətirin! Sizin ixtiyarınıza verdiyi maldan xeyirxah işlərə sərf edin! Sizdən iman gətirib mallarından xərcləyənləri böyük bir mükafat gözləyir.

8; Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Əgər siz möminsinizsə, bilin ki, artıq O, sizdən əhd almışdır.

9; Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir.

10; Sizə nə olub ki, malınızdan Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası Allahındır. Sizlərdən Məkkənin fəthindən əvvəl xərcləyib döyüşənlər başqaları ilə eyni deyillər. Onların dərəcəsi mallarını fəthdən sonra xərcləyib döyüşənlərdən daha üstündür. Amma Allah onların hamısına ən gözəl olanı vəd etmişdir. Allah sizin nə etdiklərinizdən xəbərdardır.

11; Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin (Allah yolunda malını yaxşı işlərə sərf etsin), O da onun üçün bunu qat-qat artırsın? Onun üçün çox dəyərli bir mükafat da vardır.

12; O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara: “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!” – deyiləcək. Bu, böyük uğurdur.

13; O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “Bir az gözləyin ki, biz də sizin işığınızdan alaq” – deyəcəklər. Onlara deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir.

14; Münafiqlər onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” Möminlər deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı.

15; Bu gün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz. Sığınacağınız yer də oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!”

16; Möminlərin qəlbinin Allahın zikri və haqdan nazil olan ayələr üçün yumşalması, daha öncə özlərinə Kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxusu da fasiq olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı?

17; Bilin ki, Allah torpağı onun ölümündən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə anlayasınız.

18; Şübhəsiz ki, sədəqə verən kişi və sədəqə verən qadınlar və Allaha gözəl borc verənlər üçün əvəzi qat-qat artırılacaqdır. Onlar üçün çox dəyərli bir mükafat da vardır.

19; Allaha və Onun elçilərinə iman gətirənlər – məhz onlar doğru olanlardır. Şəhidlər isə öz Rəbbi yanındadırlar. Onların öz mükafatları və öz nurları vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəlincə, onlar Cəhənnəm sakinləridir.

20; Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.

21; Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir.

22; Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.

23; Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir.

24; O kəsləri ki, özləri xəsislik edir, insanlara da xəsislik etməyi əmr edirlər. Kim haqdan üz çevirsə, bilsin ki, Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir.

25; Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, Onu görmədən Ona və elçilərinə kömək göstərənləri üzə çıxartsın. Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.

26; Biz Nuhu və İbrahimi göndərdik, peyğəmbərliyi və Kitabı onların nəslinə nəsib etdik. Onların bir qismi doğru yoldadır, çoxu isə fasiqlərdir.

27; Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir.

28; Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə düz yolla getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir.

29; Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklər. Şübhəsiz ki, lütf Allahın Əlindədir, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir.



58. Mucadilə ('Mücadilə') surəsi

1; Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir.

2; Sizlərdən öz qadınlarını anaya bənzədərək özlərinə haram edənlərin zövcələri onların anaları deyillər. Anaları ancaq onları doğmuş qadınlardır. Onlar yaramaz və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, Bağışlayandır.

3; Qadınlarını anaya bənzədərək özlərinə haram edib, sonra sözlərini geri götürənlər onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüd-nəsihətdir. Allah nə etdiklərinizdən xəbərdardır.

4; Buna imkan tapa bilməyən kəs, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çatmayan kimsə altmış yoxsulu yedirtməlidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın hüdudlarıdır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir.

5; Allaha və Onun Elçisinə qarşı çıxanlar, özlərindən əvvəlkilərin alçaldıqları kimi alçaldılacaqlar. Biz artıq açıq-aydın ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir.

6; O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları hesaba almış, onlar isə etdiklərini unutmuşlar. Allah hər şeyə şahiddir.

7; Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, onların dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, Allah onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir.

8; Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında xısın-xısın danışanları görmədinmi? Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır və öz-özlərinə: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?” – deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir.

9; Ey iman gətirənlər! Gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə danışmayın. Yaxşı işlər və Allahdan qorxmaq barədə danışın, hüzuruna toplanılacağınız Allahdan qorxun!

10; Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan şeytandandır. Amma Allahın izni olmadıqca o, onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər.

11; Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildikdə yer verin ki, Allah da sizə geniş yer versin. Habelə sizə: “Qalxın!” – deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah nə etdiklərinizdən xəbərdardır.

12; Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən əvvəl sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha pakdır. Əgər bir şey tapmasanız bilin ki, Allah Bağışlayandır, Rəhmlidir.

13; Məgər siz gizli söhbətinizdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Əgər siz bunu etməmisinizsə və Allah da tövbənizi qəbul edibsə, onda namaz qılıb zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır.

14; Məgər sən, Allahın qəzəbləndiyi adamlarla dostluq edənləri görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər.

15; Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onların etdiyi əməllər necə də pisdir.

16; Onlar andlarını özlərinə sipər edib insanları Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir.

17; Allaha qarşı nə malları, nə də övladları onlara heç bir fayda verə bilməyəcək. Onlar Cəhənnəm sakinləridir və orada əbədi qalacaqlar.

18; Allah onların hamısını dirildəcəyi gün onlar sizə and içdikləri kimi, Ona da and içəcək və nə isə əldə etdiklərini güman edəcəklər. Əslində, onlar əsl yalançılardır.

19; Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır.

20; Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar.

21; Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.

22; Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır.

59. Həşr ('Toplanma') surəsi

1; Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.

2; Kitab əhlindən kafir olanları ilk dəfə toplayıb öz diyarından çıxardan Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar isə elə güman edirdilər ki, qalaları onları Allahdan qoruyacaqdır. Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. İbrət götürün, ey ağıl sahibləri!

3; Əgər Allah onlara sürgün hökmünü yazmamış olsaydı, onlara dünyada başqa əzab verərdi. Axirətdə isə onlar üçün od əzabı hazırlanmışdır.

4; Bu onların Allaha və Onun Elçisinə qarşı çıxmalarına görədir. Kim Allaha qarşı çıxsa, bilsin ki, həqiqətən, Allah şiddətli cəza verəndir.

5; Xurma ağaclarını kəsməyiniz yaxud onları kökü üstündə salamat qoymağınız Allahın iznilədir və Onun fasiqləri rəzil etməsi üçündür.

6; Allahın Öz Elçisinə onlardan verdiyi qənimətlərə tərəf siz nə at, nə də dəvə sürdünüz. Lakin Allah Öz elçilərini istədiyi kəslər üzərində hakim edir. Allah hər şeyə qadirdir.

7; Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin var-dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.

8; Qənimət həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun Elçisinə kömək edirlər. Doğru olanlar da məhz onlardır.

9; Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.

10; Səhabələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!”

11; Münafiqlərin, Kitab əhlindən kafir olan qardaşlarına: “Əgər siz yurdunuzdan qovulsanız, biz də sizinlə birlikdə çıxıb gedəcək və sizə qarşı heç vaxt heç kəsə tabe olmayacağıq. Əgər müsəlmanlar sizə qarşı vuruşsalar, mütləq sizə kömək edəcəyik!” – dediklərini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir.

12; Əgər onlar yurdlarından qovulsalar, münafiqlər onlarla birlikdə çıxıb getməz, müsəlmanlar onlara qarşı vuruşsalar, onlara köməklik göstərməzlər. Əgər onlara yardım etmiş olsalar belə, geri dönüb qaçar, sonra da onlara heç bir kömək edilməz.

13; Doğrusu, onlar ürəklərində Allahdan çox sizdən qorxurlar. Çünki onlar anlamayan adamlardır.

14; Onlar hamılıqla sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə və ya divar arxasından vuruşarlar. Onların öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır.

15; Onlar özlərindən bir az əvvəl əməllərinin cəzasını dadmış, özləri üçün də ağrılı-acılı bir əzab hazırlanmış kimsələrə bənzəyirlər.

16; Münafiqlər şeytana bənzəyirlər. Şeytan insana: “Kafir ol!” – deyir. İnsan kafir olan kimi: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!” – deyir.

17; Onların hər ikisinin aqibəti atəş içində əbədi qalmaqdır. Zalımların cəzası budur.

18; Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.

19; Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir.

20; Cəhənnəm əhli ilə Cənnət əhli eyni deyillər. Cənnət əhli uğur qazananlardır.

21; Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr.

22; O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir.

23; O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır.

24; O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.


Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə