Chapter 1 (Sura 1)


Haqqə ('Haqq olan') surəsi



Yüklə 1,86 Mb.
səhifə26/28
tarix21.06.2018
ölçüsü1,86 Mb.
#50188
1   ...   20   21   22   23   24   25   26   27   28

69. Haqqə ('Haqq olan') surəsi

1; Haqq olan Qiyamət!

2; Nədir haqq olan Qiyamət?

3; Sən nə biləsən ki, nədir haqq olan Qiyamət?

4; Səmud və Ad tayfaları qəlbləri qorxuya salan Qiyaməti yalan saydılar.

5; Səmud tayfası qorxunc bir səslə məhv edildi.

6; Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi.

7; Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin.

8; Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?

9; Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər.

10; Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı.

11; Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq.

12; Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik.

13; Sur bircə dəfə üfürüləcəyi,

14; yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –

15; həmin gün Vaqiə qopacaq.

16; Göy yarılacaq və həmin gün o, süst olacaqdır.

17; Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaqdır.

18; O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir.

19; Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı!

20; Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”.

21; O, xoşbəxt həyat sürəcəkdir –

22; uca bir Cənnətdə –

23; elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır.

24; Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!” – deyiləcəkdir

25; Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi!

26; Hesabımdan da xəbərim olmayaydı!

27; Kaş ilk ölümüm həmişəlik olaydı!

28; Var-dövlətim məni əzabdan qurtarmadı.

29; Hökmranlığım da məhv olub getdi”.

30; Mələklərə deyiləcək: “Onu yaxalayıb zəncirləyin!

31; Sonra da Cəhənnəmə atın!

32; Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!

33; Çünki o, Böyük Allaha iman gətirmirdi,

34; və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi.

35; Bu gün burada onun üçün bir dost tapılmaz.

36; Qanlı irindən başqa yeməyi də yoxdur.

37; Onu ancaq günahkarlar yeyər”.

38; And içirəm həm gördüklərinizə

39; və həm də görmədiklərinizə!

40; Bu, möhtərəm bir Elçinin sözüdür.

41; O, şair sözü deyildir! Necə də az inanırsınız!

42; O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz!

43; O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir!

44; Əgər Muhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,

45; Biz onu sağ əlindən yaxalayar,

46; sonra da şah damarını kəsərdik.

47; İçərinizdən heç kəs buna mane ola bilməzdi.

48; Həqiqətən, bu Quran müttəqilər üçün bir nəsihətdir.

49; Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik!

50; Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır.

51; Sözsüz ki, bu Quran əsl həqiqətdir.

52; Elə isə Böyük Rəbbinin adına təriflər de!

70. Məaric ('Dərəcələr') surəsi

1; İstəyən kimsə baş verəcək əzabı istədi –

2; bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapılmayacaq.

3; O, dərəcələr sahibi olan Allahdandır.

4; Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.

5; Sən təmkinlə səbir et!

6; Doğrusu, kafirlər o əzabın uzaq olduğunu güman edirlər.

7; Biz isə onun yaxın olduğunu görürük.

8; O gün göy əridilmiş metal kimi olacaqdır.

9; Dağlar da didilmiş yuna bənzəyəcəklər.

10; Dost dostunun halını xəbər almayacaq.

11; Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,

12; həyat yoldaşını və qardaşını,

13; ona sığınacaq vermiş nəslini

14; və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin.

15; Xeyr! Bu, alovu şölələnən Oddur –

16; başın dərisini sıyırıb çıxaran bir od.

17; O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni

18; və mal-dövlət yığıb saxlayanı.

19; Həqiqətən, insan kəmhövsələ yaradılmışdır.

20; Ona bir pislik toxunduqda özündən çıxır,

21; bir xeyir nəsib olduqda isə xəsislik edir.

22; Namaz qılanlar istisnadır.

23; O kəslər ki, namazlarını həmişə qılırlar.

24; O kəslər ki, onların mallarında məlum bir haqq vardır-

25; dilənən və həya edib dilənməyən miskinlər üçün.

26; O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər.

27; O kəslər ki, Rəbbinin əzabından qorxurlar.

28; Axı Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil.

29; O kəslər ki, tənasül üzvlərini zinadan qoruyurlar –

30; zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna görə onlar əsla qınanmazlar.

31; Bundan artığını istəyənlər isə həddi aşanlardır.

32; O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar.

33; O kəslər ki, şahidliklərində mətindirlər.

34; Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar.

35; Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır.

36; Sənə doğru tələsən kafirlərə nə olub belə –

37; sağdan-soldan dəstələrlə ətrafına yığışırlar?

38; Deyəsən onların hamısı Nəim cənnətinə bir təhər girə biləcəklərini düşünürlər?

39; Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq etmişik.

40; And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, elə bir qüdrətə malikik ki, –

41; onları daha yaxşıları ilə əvəz edə bilərik. Bunda qarşımıza çıxa bilən tapılmaz.

42; Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər.

43; O gün, məbudlarına ibadətə can atırmışlar kimi onlar qəbirlərdən çıxacaqlar.

44; O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların xəbərdar edildikləri Gün!

71. Nuh ('Nuh') surəsi

1; Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik və dedik: “Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl xəbərdar et!”

2; O dedi: “Ey qövmüm! Şübhəsiz ki, mən sizi aydın bir tərzdə xəbərdar edənəm!

3; Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin!

4; Belə etsəniz, O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Həqiqətən, Allahın müəyyən etdiyi vaxt gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!”

5; O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim.

6; Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı.

7; Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər.

8; Sonra mən onları aşkarcasına dəvət etdim.

9; Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib

10; dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!

11; O, sizin üzərinizə bol-bol yağış göndərər,

12; var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar.

13; Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz?

14; Axı O sizi mərhələlərlə yaratdı.

15; Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz?

16; Ayı bir nur, günəşi də çıraq etmişdir.

17; Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir.

18; Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır.

19; Allah yeri sizin üçün xalı təki döşədi.

20; Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz”.

21; Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular.

22; Onlar mənə qarşı böyük bir hiylə işlətdilər

23; və özlərinə tabe olanlara dedilər: “Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”

24; Artıq onlar çoxlarını azdırmışlar. Sən də zalımlara azğınlıqdan başqa bir şey artırma”.

25; Onlar öz günahlarına görə suya qərq edildilər və oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar.

26; Nuh dedi: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!

27; Əgər Sən onları sağ qoysan, onlar qullarını azdıracaq və yalnız günahkar, kafir övladlar doğub-törədəcəklər.

28; Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”.

72. Cinn ('Cinlər') surəsi

1; De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra öz tayfalarına qayıdıb dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik!

2; O, doğru yola yönəldir. Biz ona inandıq və bundan sonra əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq.

3; Doğrudan da, Rəbbimizin əzəməti çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır.

4; Bizim səfehimiz İblis Allaha qarşı hədsiz yalanlar danışır.

5; Biz zənnə qapılaraq düşünürdük ki, insanlar da, cinlər də Allaha iftira atmazlar.

6; Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı.

7; Onlar da siz zənn etdiyiniz kimi, elə düşünürdülər ki, Allah ölənləri diriltməyəcəkdir.

8; Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq.

9; Biz əvvəllər gizlicə qulaq asmaq üçün göyün bəzi sahələrində oturardıq. Amma kim bunu indi etmək istəsə, o, pusquda gözləyən yandırıcı alova rast gələr.

10; Biz bilmirik, bununla yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?

11; Əlbəttə, aramızda xeyirxah əməl sahibləri də, onlar kimi olmayanlar da var. Biz ayrı-ayrı yollar tutmuşuq.

12; Biz yəqin etdik ki, yer üzündə Allahdan yaxa qurtara bilmərik. Göyə qaçmalı olsaq da Onun əzabından yayına bilməyəcəyik.

13; Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən, nə savabının azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz.

14; Sözsüz ki, bizlərdən müsəlmanlar da var, doğru yoldan sapanlar da. Müsəlman olan şəxslər doğru yol tutanlardır.

15; Doğru yoldan sapanlar Cəhənnəm üçün odun olacaqlar”.

16; Əgər onlar o yolda sabit qalsaydılar, Biz onlara bol-bol su verərdik.

17; Belə edərdik ki, bununla onları sınayaq. Kim öz Rəbbinin zikrindən üz döndərərsə, O, həmin şəxsi şiddətli bir əzaba məruz qoyar.

18; Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!

19; Allahın qulu qalxıb Allaha dua etdikdə cinlər az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar.

20; De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!”

21; De: “Mən sizə nə ziyan verməyə, nə də sizi doğru yola yönəltməyə qadir deyiləm!”

22; De: “Həqiqətən, məni Allahdan kimsə xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm!

23; Mənim əlimdən gələn ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır”.

24; Onlar özlərinə vəd olunmuş əzabı gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.

25; De: “Mən sizə vəd olunmuş əzabın yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bilmirəm.

26; O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz;

27; razı qaldığı elçidən başqa. Həqiqətən, Allah onların önündə və arxasında gözətçilər qoyur ki,

28; hər kəs onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”.

73. Muzzəmmil ('Bürünmüş') surəsi

1; Ey libasına bürünüb örtünmüş peyğəmbər!

2; Az bir hissəsi istisna olmaqla gecələr namaza dur!

3; Onun yarısını, yaxud ondan bir az əskilt,

4; və ya ona artır. Quranı da aramla oxu!

5; Həqiqətən Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik.

6; Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq daha münasibdir.

7; Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər vardır.

8; Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et!

9; O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa məbud yoxdur. Elə isə Onu özünə Himayəçi götür!

10; Müşriklərin dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş.

11; Məni, ayələrimi yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver.

12; Həqiqətən, Bizdə onlar üçün qandallar və Cəhənnəm hazırlanmışdır,

13; boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da vardır.

14; O gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcəkdir.

15; Həqiqətən, Biz Firona elçi göndərdiyimiz kimi sizə də şahidlik edəcək elçi göndərdik.

16; Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq.

17; Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız?

18; O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə yetəcəkdir.

19; Həqiqətən, bu, bir nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf yönələr.

20; Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi bəzən gecənin üçdə ikisindən az, bəzən yarısını, bəzən də üçdə birini ibadət üçün durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə namaz qılarkən Qurandan sizə asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən ruzi əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə namaz qılarkən Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. Bu dünyada qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!

74. Muddəssir ('Örtünmüş') surəsi

1; Ey libasına bürünüb örtünmüş peyğəmbər!

2; Qalx və insanları xəbərdar et!

3; Təkcə Rəbbini uca tut!

4; Geyimini təmiz saxla!

5; Pis şeyləri tərk et!

6; Yaxşılığı təmənna məqsədilə etmə!

7; Rəbbin üçün səbir et!

8; Sur üfürülərkən –

9; Çətin bir gün olacaq.

10; Həmin gün kafirlərə asan olmayacaqdır.

11; Məni yaratdığım kimsə ilə tək burax;

12; Mən ona bolluca var-dövlət bağışladım,

13; qayğısına qalan oğullar verdim

14; və onu hər cür imkanlarla təmin etdim.

15; Bunlara baxmayaraq, o, yenə də əlavə etməyimi arzulayır.

16; Xeyr! Çünki o, ayələrimizi inadla inkar edir.

17; Mən onu sərt bir yoxuşa sürükləyəcəyəm.

18; Çünki o, fikirləşərək qərara gəldi.

19; Ona ölüm olsun! Necə qərara gəldi?

20; Sonra yenə ona ölüm olsun! Gör nə qərara gəldi?

21; Sonra o nəzər saldı.

22; Üz-gözünü turşudub qaşqabağını tökdü.

23; Sonra da arxasını çevirib təkəbbür göstərdi

24; və dedi: “Bu, sehrbazlardan eşidilib təkrarlanan sehrdən başqa bir şey deyildir!

25; Bu, adi insan kəlamıdır!

26; Mən onu Səqərə salacağam.

27; Sən haradan biləsən ki, Səqər nədir?!

28; O, kimsəni sağ-salamat buraxmaz,

29; dərini yandırıb-yaxar.

30; Onun üzərində on doqquz gözətçi mələk vardır.

31; Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu məsəllə nə demək istəyir?” – desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır.

32; Xeyr! And olsun aya!

33; And olsun dönüb uzaqlaşan gecəyə!

34; And olsun ağarmaqda olan sübh çağına!

35; Doğrudan da o Cəhənnəm ən böyük fəlakətdir,

36; həm bəşəriyyət üçün xəbərdarlıqdır,

37; həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düşmək istəyənlər üçün.

38; Hər bir kəs qazandığının girovuna çevrilir,

39; sağ tərəf sahiblərindən başqa.

40; Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar –

41; günahkarlar barəsində.

42; Sizi Səqərə salan nədir?

43; Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik.

44; Kasıbı da yedizdirməzdik.

45; Batil sözlər danışanlarla birlikdə biz də danışardıq,

46; və Haqq-hesab gününü yalan hesab edərdik –

47; ölüm yəqinliyi bizə gələnə qədər”.

48; Odur ki, şəfaət edənlərin şəfaəti onlara fayda verməz.

49; Onlara nə olub ki, nəsihətdən üz döndərirlər?

50; Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki,

51; ovçulardan (yaxud aslandan) qaçırlar.

52; Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin məhz ona verilməsini istəyir.

53; Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar.

54; Xeyr! Bu Quran bir nəsihətdir.

55; İstəyən onu xatırlayar.

56; Bilin ki, Allah istəmədikcə onlar xatırlaya bilməzlər. Mütləq qüdrətindən qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!

75. Qiyamə ('Qiyamət') surəsi

1; And içirəm Qiyamət gününə!

2; And içirəm peşmançılıq çəkən nəfsə!

3; İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik.

4; Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik.

5; Lakin insan bundan sonra da günah etmək fikrindədir.

6; O: “Qiyamət günü nə vaxt olacaq!” – deyə rişxəndlə soruşur.

7; Gözlər bərələ qalacağı,

8; ay tutulacağı

9; və günəşlə ayın qovuşacağı zaman –

10; o gün insan deyəcəkdir: “Hara qaçaq?”

11; Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq.

12; O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır.

13; O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir.

14; Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir;

15; üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da.

16; Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!

17; Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir.

18; Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə.

19; Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir.

20; Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir,

21; Axirətdən isə uzaqlaşırsınız.

22; O gün neçə-neçə üzlər nurlanacaq

23; və öz Rəbbinə baxacaqdır.

24; O gün neçə-neçə üzlər də tutulub qaralacaq,

25; və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir.

26; Xeyr, o ruh körpücük sümüklərinə yetişəcəyi zaman;

27; “Ovsunu kim oxuyacaq?” – deyiləcəkdir.

28; Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyi,

29; və ayaq ayağa dolaşacağı zaman –

30; o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcəkdir.

31; O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı.

32; Haqqı da yalan saydı və üz döndərdi.

33; Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi.

34; Vay sənin halına, vay!

35; Yenə də vay sənin halına, vay!

36; Bəlkə insan özbaşına qoyulacağını güman edir?

37; Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi?

38; Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı.

39; Ondan da bir cüt kişi və qadın yaratdı.

40; Məgər O, ölüləri diriltməyə qadir deyil?

76. İnsan ('İnsan') surəsi

1; Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?

2; İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.

3; Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.

4; Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq.

5; Sözsüz ki, itaətkarlar kafur qatılmış şərabla dolu badələrdən nuş edəcəklər.

6; Bu elə bir bulaqdır ki, Allahın qulları ondan doyunca içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər.

7; Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar.

8; Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər

9; və deyərlər: “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik!

10; Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!”

11; Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər;

12; onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və orada geyəcəkləri ipəklə mükafatlandırar.

13; Onlar orada taxtlar üzərində mütəkkələrə dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər.

14; Cənnət ağaclarının kölgələri özləri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək.

15; Onların ətrafına təamlarla dolu gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq.

16; Gümüşdən olan elə büllur qədəhlər ki, xidmətçilər onları cənnətdəkilərin içmək istədikləri həcmdə hazırlamışlar.

17; Orada onlara zəncəfil qatılmış şərab badəsi içirdiləcək.

18; Bu elə bir bulaqdandır ki, o, Cənnətdə Səlsəbil adlanır.

19; Onların ətrafında həmişə gənc olan xidmətçi cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan.

20; Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən.

21; Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların qoluna gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir.

22; Onlara deyiləcəkdir: “Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir”.

23; Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.

24; Belə ki, Rəbbinin qərar verəcəyinə qədər səbir et və onlardan heç bir günahkara və ya nankora itaət etmə!

25; Səhər-axşam Rəbbinin adını zikr et!

26; Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de!

27; Əsl həqiqətdə, bunlar ötəri dünyanı üstün tutaraq qarşılarındakı ağır günü görməməzliyə vururlar.

28; Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, onları özlərinə bənzərləri ilə dəyişdirərik.

29; Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar.

30; Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!

31; O, istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır.



77. Mursəlat ('Göndərilənlər') surəsi

1; And olsun xeyirlə göndərilənlərə

2; və şiddətlə əsənlərə!

3; And olsun Allahın əmrini yaydıqca yayanlara,

4; haqqı nahaqdan ayırdıqca ayıranlara

5; və zikri çatdıranlara –

6; üzr diləmək və ya qorxutmaq üçün çatdıranlara!

7; Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaqdır.

8; Ulduzlar sönəcəyi zaman;

9; Göy yarılacağı zaman;

10; Dağlar dağılacağı zaman;

11; Elçilərə vaxt təyin olunacağı zaman –

12; deyiləcəkdir: “Bunlara verilmiş möhlət hansı günə qədərdir?”

13; Deyiləcəkdir: “Ayırd etmə gününədək!”

14; Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi?

15; Qiyaməti yalan sayanların o Gün vay halına!

16; Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi?!

17; Sonrakıları da onlara qatacağıq.

18; Biz günah sahibləri ilə belə davranırıq.

19; Qiyaməti yalan sayanların o gün vay halına!

20; Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?

21; Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi –

22; məlum bir vaxta kimi?

23; Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!

24; Qiyaməti yalan sayanların o gün vay halına!

25; Məgər Biz yeri məskən etmədikmi –

26; dirilər və ölülərə?

27; Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi?

28; Qiyaməti yalan sayanların o gün vay halına!

29; Onlara belə deyiləcək: “Gedin yalan hesab etdiyiniz Cəhənnəmə!

30; Üç qola ayrılan kölgəliyə gedin!”

31; Ora nə kölgə salır, nə də alovdan qoruyur.

32; Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püskürür.

33; Onlar sanki sarı dəvələrdir.

34; Qiyaməti yalan sayanların o gün vay halına!

35; Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür.

36; Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.

37; Qiyaməti yalan sayanların o gün vay halına!

38; Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafirlər! Biz həm sizi, həm də əvvəlkiləri bir yerə cəm etdik!

39; Əgər hiyləniz varsa, Mənə qarşı işlədin!

40; Qiyaməti yalan sayanların o gün vay halına!

41; Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında

42; və istədikləri meyvələr içində olacaqlar.

43; Onlara deyiləcək: “Xeyirxah əməllərinizə görə nuşcanlıqla yeyin-için!

44; Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”

45; Qiyaməti yalan sayanların o gün vay halına!

46; Kafirlərə deyiləcək: “Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız!

47; O gün Qiyaməti yalan sayanların vay halına!

48; Onlara: “Rüku edin!” – deyildiyi zaman rüku etməzlər.

49; O gün haqqı yalan sayanların vay halına!

50; Onlar bu Qurandan sonra hansı sözə inanacaqlar?


Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə