Chapter 1 (Sura 1)



Yüklə 1,86 Mb.
səhifə8/28
tarix21.06.2018
ölçüsü1,86 Mb.
#50188
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

10. Yunus ('Yunus') surəsi

1; Əlif. Ləm. Ra. Bu, hikmətli Kitabın ayələridir.

2; İçərilərindən bir adama: “İnsanları qorxut və iman gətirənləri müjdələ ki, özlərinin Rəbbi yanında onların etdikləri yaxşılıqların mükafatı vardır!” – deyə vəhy etməyimiz insanlara qəribəmi göründü? Kafirlər: “Sözsüz ki, bu, açıq-aşkar bir sehrbazdır!” – dedilər.

3; Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. İşləri yoluna qoyan Odur. Yalnız Onun icazəsindən sonra kimsə şəfaətçi ola bilər. Budur, Rəbbiniz Allah. Ona ibadət edin. Məgər düşünüb ibrət almırsınız?

4; Hamınızın dönüşü Onadır. Bu, Allahın haqq olan vədidir. O, məxluqu ilk dəfə yaradır, sonra onu Qiyamət günü yenidən dirildir ki, saleh əməllər edənləri ədalətlə mükafatlandırsın. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır.

5; Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara belə izah edir.

6; Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan adamlar üçün dəlillər vardır.

7; Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların –

8; məhz onların qazandıqları günahlara görə sığınacaqları yer Oddur.

9; İman gətirib saleh əməllər işlədənləri Rəbbi imanlarına görə doğru yola yönəldər. Nəim bağlarında onların ayaqları altından çaylar axar.

10; Onların oradakı duası: “Allahım! Sən pak və müqəddəssən!”, orada bir-birlərini salamlaması: “Salam!” sözü və dualarının sonu: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” sözləri olacaq.

11; Əgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi, şəri də tez versəydi, əlbəttə, onların əcəli çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri isə azğınlıqları içində sərgərdan dolaşan vəziyyətdə tərk edərik.

12; İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi keçib gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.

13; Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda onlara inanmadıqlarına görə məhv etdik. Biz günahkar adamları belə cəzalandırırıq.

14; Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız.

15; Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxuram”.

16; De: “Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım, O da onu sizə bildirməzdi. Mən axı bundan öncə də sizin aranızda yaşamışam. Məgər bilmirsiniz?”

17; Allaha qarşı yalan uydurandan və ya Onun ayələrini yalan hesab edəndən daha zalım kim ola bilər? Doğrudan da, günahkarlar nicat tapmazlar.

18; Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!” – deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.

19; İnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər. Əgər Rəbbin tərəfindən əzəldən bir Söz verilməsəydi, ixtilafa düşdükləri şey barəsində aralarında dərhal hökm verilərdi.

20; Onlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Qeyb ancaq Allaha aiddir. Gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.

21; İnsanlara üz verən bəladan sonra onlara bir mərhəmət daddırdığımız zaman ayələrimizə qarşı hiyləgərlik etməyə çalışarlar. De: “Allah daha tez hiylə qurar”. Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar.

22; Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, gəmilər də içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha – dini məhz Ona aid edərək yalvarıb deyərlər: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq”.

23; Allah onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. Bunlar dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizə olacaq, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik.

24; Dünya həyatının məsəli göydən endirdiyimiz suyun məsəlinə bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri bir-birinə qatışır. Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol məhsulu olmamışdı. Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik.

25; Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir.

26; Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar.

27; Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar.

28; O gün onların hamısını bir yerə toplayacaq, sonra da müşriklərə: “Siz də, şərikləriniz də öz yerinizdə qalın!” – deyəcəyik. Biz onları ayıracağıq. Onların şərikləri deyəcəklər: “Siz bizə ibadət etmirdiniz.

29; Bizimlə sizin aranızda Allahın şahid olması yetər. Doğrudan da biz sizin ibadətinizdən xəbərsiz idik”.

30; Orada hər bir nəfər keçmişdə törətdiklərinin acısını çəkəcəkdir. Onlar Allaha – özlərinin həqiqi Himayədarına qaytarılacaq və uydurduqları bütlər onlardan uzaqlaşıb qeyb olacaqlar.

31; De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?”

32; O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də haqdan döndərilirsiniz!

33; Beləliklə fasiqlərin iman gətirməyəcəyinə dair Rəbbinin Sözü doğru çıxdı.

34; De: “Allaha qoşduğunuz şəriklərdən eləsi varmı ki, hər hansı bir məxluqu ilk dəfə yaratsın, öldükdən sonra onu əvvəlki halına qaytarsın?” De: “Məxluqu ilk dəfə Allah yaradır, öldükdən sonra onu əvvəlki halına qaytarır. Siz necə də haqdan döndərilirsiniz!”

35; De: “Allaha qoşduğunuz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı?” De: “Allah Öz qullarını haqqa yönəldir. Elə isə deyin görək haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə edirsiniz?”

36; Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz. Allah onların nə etdiklərini bilir.

37; Bu Quran Allahdandır, Ondan başqası tərəfindən uydurula bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkk-şübhə olmayan kitabları müfəssəl izah edəndir.

38; Yoxsa: “Muhəmməd onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!”

39; Xeyr! Onlar elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlməmiş bir şeyi (Quranı) yalan hesab etdilər. Onlardan əvvəlkilər də yalan hesab etmişdilər. Bir gör zalımların aqibəti necə oldu.

40; İçərilərində ona (Qurana) inananlar da var, ona inanmayanlar da. Rəbbin fitnə-fəsad törədənləri daha yaxşı tanıyır.

41; Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam”.

42; Onlardan səni dinləyənlər də vardır. Məgər karlara – əgər anlamırlarsa – sənmi eşitdirəcəksən?

43; Onlardan sənə baxanlar da vardır. Məgər korları – əgər görmürlərsə – sənmi doğru yola yönəldəcəksən?

44; Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər.

45; Allah onları bir yerə toplayacağı gün, sanki dünyada və yaxud qəbirdə gündüzün ancaq bir saatını qalmışlar kimi, bir-birlərini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan sayanlar mütləq ziyana uğrayacaqlar. Onlar doğru yola yönələn deyillər.

46; Onlara vəd etdiyimiz əzabın bəzisini sənə göstərsək və yaxud da göstərmədən öncə səni öldürsək, yenə də onların dönüşü Bizədir. Həm də Allah onların nə etdiklərinə Şahiddir.

47; Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.

48; Kafirlər deyirlər: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”

49; De: “Allahın istədiyindən başqa, mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qadirəm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər”.

50; Müşriklərə de: “Söyləyin görüm, əgər Onun əzabı sizə gecə yaxud gündüz gələcəksə, onda günahkarlar bunlardan hansını tələsik istəyəcəklər?

51; Əzab başınızın üstünü aldıqdan sonramı ona iman gətirəcəksiniz? Yoxsa indimi? Siz ki, onun tez gəlməsini istəyirdiniz!”

52; Sonra zalımlara deyiləcəkdir: “Dadın əbədi əzabı! Məgər siz ancaq qazandığınız günahlara görə cəzalandırılmırsınızmı?”

53; Səndən: “O əzab doğrudurmu?” – deyə xəbər alırlar. De: “Bəli, and olsun Rəbbimə! Həqiqətən də, o, doğrudur və siz də ondan yaxa qurtara bilməyəcəksiniz”.

54; Əgər zalım olan hər kəs yer üzündə olanların hamısına sahib olsaydı, mütləq onu əzabdan qurtarmaq üçün fidyə verərdi. Onlar əzabı gördükdə dərindən peşman olarlar. Onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.

55; Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Bilin ki, Allahın vədi haqdır, lakin onların çoxu bunu bilmir.

56; O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız.

57; Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət gəlmişdir.

58; De: “Bunlar Allahın lütfü və mərhəməti sayəsindədir!” Qoy onlar buna sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir.

59; De: “Allahın sizə nazil etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız”. De: “Allahmı sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?”

60; Allaha qarşı yalan uyduranların Qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükür etmir.

61; Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.

62; Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.

63; Onlar iman gətirmiş və Allahdan qorxmuşlar.

64; Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur.

65; Onların sözləri səni kədərləndirməsin. Çünki qüdrət bütünlüklə Allaha məxsusdur. O, Eşidəndir, Biləndir.

66; Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər? Onlar yalnız zənnə uyur və ancaq yalan uydururlar.

67; Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də ruzi qazanmanız üçün işıqlı edən Odur. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır.

68; Onlar: “Allah Özünə övlad götürmüşdü!” – dedilər. O, pakdır, müqəddəsdir! O, heç nəyə möhtac deyildir. Göylərdə və yerdə nə varsa, Onundur. Buna aid sizdə heç bir dəlil yoxdur. Niyə Allaha qarşı bilmədiklərinizi söyləyirsiniz?

69; De: “Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar”.

70; Onlar bir müddət dünyada faydalanar; sonra onların dönüşü Bizə olar. Sonra da küfr etdiklərinə görə onlara şiddətli əzab daddırarıq.

71; Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: “Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Allaha qoşduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət verməyin.

72; Əgər üz çevirsəniz, bilin ki, mən sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq Allahdadır. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir”.

73; Onlar onu yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik, onları yer üzünə xələflər təyin etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırdıq. Bir gör qorxudulanların aqibəti necə oldu!

74; Sonra onun arxasınca elçiləri öz ümmətlərinə göndərdik. Elçilər onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə öncə yalan hesab etdiklərinə iman gətirmədilər. Biz həddi aşanların qəlblərini beləcə möhürləyirik.

75; Sonra onların arxasınca Musanı və Harunu Firona və onun əyanlarına açıq-aydın dəlillərimizlə elçi göndərdik, lakin onlar təkəbbürlük göstərdilər. Onlar günahkar bir tayfa idilər.

76; Onlara Bizim tərəfimizdən haqq gəldikdə: “Şübhəsiz ki, bu, açıq-aydın bir sehrdir!” – dedilər.

77; Musa dedi: “Əcəba, sizə haqq gəldikdə: “Bu sehrdirmi?”- deyirsiniz? Halbuki sehrbazlar uğur qazanmazlar”.

78; Onlar dedilər: “Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik”.

79; Firon dedi: “Bütün bilikli sehrbazları yanıma gətirin!”

80; Sehrbazlar gəldikdə Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”

81; Onlar əllərindəki ipləri və dəyənəkləri atdıqda Musa dedi: “Sizin gördüyünüz iş sehrdir. Həqiqətən, Allah onu boşa çıxaracaq. Çünki Allah fitnə-fəsad törədənlərin işini düzəltməz”.

82; Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək.

83; Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi.

84; Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin!”

85; Onlar dedilər: “Biz ancaq Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım qövmün əlində sınağa çəkmə!

86; Və bizi Öz mərhəmətinlə kafir qövmün əlindən qurtar!”

87; Biz Musaya və onun qardaşına: “Camaatınız üçün Misirdə evlər hazırlayın, evlərinizi namazgah edin və namaz qılın. Möminləri müjdələ!” – deyə vəhy etdik.

88; Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar insanları Sənin yolundan sapdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və qəlbini sərtləşdir ki, ağrılı-acılı əzabı görməyincə iman gətirməsinlər”.

89; Allah dedi: “Hər ikinizin duası qəbul olundu. Dəvətinizdə möhkəm olun və nadanların yoluna uymayın!”

90; Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət Firon dənizdə batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa məbud olmadığına inandım. Mən də müsəlmanlardanam!”

91; Firona deyildi: “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun.

92; Bu gün sənin bədənini xilas edəcəyik (sahilə çıxaracağıq) ki, səndən sonra gələnlərə ibrət olasan”. Həqiqətən də, insanların çoxu ayələrimizdən xəbərsizdir.

93; Biz İsrail oğullarını gözəl bir yurda sakin etdik və onlara pak ruzilərdən verdik. Onlar özlərinə elm gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, Rəbbin, ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.

94; Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitab oxuyanlardan soruş. Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, şübhə edənlərdən olma.

95; Allahın ayələrini yalan sayanlardan da olma, yoxsa ziyana uğrayanlardan olarsan.

96; Həqiqətən, sənin Rəbbinin Sözü özlərinin əleyhinə doğru çıxmış kimsələr iman gətirməzlər.

97; Onlara ayələrin hamısı gəlsə belə, ağrılı-acılı əzabı görməyincə iman gətirməzlər.

98; Əzab gəldiyi an, Yunusun qövmündən başqa, iman gətirib imanı özünə fayda verən bir məmləkət əhli olubmu? Yunusun qövmü iman gətirəndə onlardan dünya həyatında rüsvayçılıq əzabını sovuşdurduq və onlara müəyyən vaxta qədər fani nemətlərdən faydalanmaq imkanı verdik.

99; Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən?

100; Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. Allah anlamayanları qəzəbə uğradar.

101; De: “Görün göylərdə və yerdə nələr var”. Lakin iman gətirməyən adamlara dəlillər və xəbərdarlıqlar heç bir fayda vermir.

102; Yoxsa onlar özlərindən əvvəl gəlib-gedənlərə üz vermiş əzablı günlərin bənzərinimi gözləyirlər? De: “Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.

103; Sonra elçilərimizi və möminləri xilas edərik. Möminləri xilas etmək Bizə vacibdir.

104; De: “Ey insanlar! Dinimə şəkk edirsinizsə, bilin ki, mən Allahdan başqa tapındıqlarınıza deyil, canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir”.

105; Sən hənif olaraq üzünü dinə tərəf çevir və müşriklərdən olma.

106; Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan.

107; Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir.

108; De: “Ey insanlar! Rəbbinizdən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə, xeyri onun özünə dəyər, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Mən sizi qoruyan deyiləm”.

109; Sənə nazil edilən vəhylərə tabe ol və Allah Öz hökmünü verənə qədər səbir et. O, hökmranların ən yaxşısıdır.



11. Hud ('Hud') surəsi

1; Əlif. Ləm. Ra. Bu, Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır.

2; Bu ona görədir ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən Onun tərəfindən sizi xəbərdar edən və müjdələyənəm.

3; Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər Ondan üz çevirsəniz, bilin ki, mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram.

4; Siz Allahın hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir.

5; Baxın, onlar ürəklərini qısırlar (küfrü ört-basdır edirlər) ki, Allahdan gizlənsinlər. Doğrusu, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olanları bilir.

6; Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır).

7; Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün, Ərşi su üzərində ikən, göyləri və yeri altı gündə yaradan Odur. Əgər sən: “Siz öləndən sonra diriləcəksiniz!” – desən, kafir olanlar: “Bu, açıq-aydın bir sehrdir!” – deyərlər.

8; Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək: “Onu saxlayan nədir?” – deyəcəklər. Xəbəriniz olsun ki, əzab onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri o əzab onları bürüyəcəkdir.

9; Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar.

10; Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: “Bəlalar məndən sovuşdu!” – deyər və sevinib lovğalıq edər.

11; Səbir edib yaxşı işlər görənlər istisnadır. Məhz onlar üçün bağışlanma və böyük bir mükafat vardır.

12; Onların: “Nə üçün ona bir xəzinə endirilməyib yaxud onunla bir mələk gəlməyib?” – deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq. Sən ancaq qorxudansan. Allah isə hər şeyi Qoruyandır.

13; Yoxsa onlar: “Muhəmməd onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru danışırsınızsa, Ona bənzər uydurulmuş on surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!”

14; Əgər sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur və Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Siz müsəlman olacaqsınızmı?

15; Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər.

16; Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar.

17; Məgər Rəbbindən açıq-aydın bir dəlilə istinad edən, ardınca Ondan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl rəhbər və mərhəmət olmuş Musanın Kitabını təsdiqlədiyi kimsə kafirə tay ola bilərmi? Müsəlmanlar ona (Qurana) iman gətirirlər. Onu inkar edən firqələrin vəd olunduğu yer oddur. Sənin isə ona (Qurana) heç bir şübhən olmasın. Çünki bu, sənin Rəbbindən gələn haqdır, lakin insanların çoxu buna inanmır.

18; Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər: “Bunlar Rəbbinə iftira yaxanlardır” – deyəcəklər. Allahın lənəti olsun zalımlara!

19; O kəslərə ki, insanları Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və Axirəti inkar edirlər.

20; Onlar yer üzündə Allahdan yaxa qurtara bilməyəcəklər. Onların Allahdan başqa himayədarları da yoxdur. Onların əzabı qat-qat artırılar. Çünki onlar haqqı eşidə bilmirdilər və görmürdülər.

21; Onlar özlərini ziyana uğradarlar. Uydurduqları bütlər isə onlardan qeybə çəkilib gedər.

22; Şübhə yoxdur ki, axirətdə ən çox ziyana uğrayanlar da onlardır.

23; Sözsüz ki, iman gətirib saleh əməllər edənlər və Rəbbinə boyun əyənlər Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar.

24; Bu iki zümrənin halı korla karın, görənlə eşidənin halına bənzəyir. Onların halı eyni ola bilərmi? Məgər düşünüb ibrət almırsınız?

25; Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: “Həqiqətən, mən sizin üçün açıq-aydın xəbərdar edən bir elçiyəm.

26; Allahdan başqasına ibadət etməyin! Mən sizi yaxalayacaq məşəqqət gününün əzabından qorxuram”.

27; Onun qövmünün kafir zadəganları dedilər: “Biz səni özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”.

28; Nuh dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözünüzə görünməyən bir mərhəmət (peyğəmbərlik) bəxş edibsə, onda necə olsun? Yoxsa siz onu görmək istəməyib kor qaldığınız bir halda, biz sizi ona inanmağa məcburmu edəcəyik?

29; Ey qövmüm! Mən buna görə sizdən var-dövlət istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Çünki onlar Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizin cahil adamlar olduğunuzu görürəm.

30; Ey qövmüm! Əgər onları qovsam, məni Allahdan kim qoruya bilər? Məgər düşünüb ibrət almırsınız?

31; Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən sizin xor baxdığınız kəslərə demirəm ki, Allah onlara əsla xeyir verməyəcəkdir. Onların canında nələr olduğunu Allah daha yaxşı bilir. Əks təqdirdə, sözsüz ki, mən zalımlardan olardım”.

32; Onlar dedilər: “Ey Nuh! Sən bizimlə mübahisə etdin və mübahisəmizi də çox uzatdın. Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin əzabı gətir”.

33; O dedi: “Onu istəsə, ancaq Allah sizə gətirəcək və siz də ondan yaxa qurtara bilməyəcəksiniz.

34; Əgər Allah sizi azdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm belə nəsihətim sizə fayda verməz. O sizin Rəbbinizdir və Ona da qaytarılacaqsınız”.

35; Yoxsa onlar: “Muhəmməd onu özündən uydurdu!” – deyirlər. De: “Əgər mən onu özümdən uydurmuşamsa, günahım özümə aiddir. Lakin mən sizin etdiyiniz günahlardan uzağam”.

36; Nuha belə vəhy olundu: “Qövmündən, daha əvvəl iman gətirənlər istisna olmaqla artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə.

37; Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt. Zalım olanlardan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar suda batırılacaqlar”.

38; Nuh gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq.

39; Siz rüsvayedici əzabın kimə gələcəyini və daimi əzabın kimə üz verəcəyini mütləq biləcəksiniz”.

40; Nəhayət, əmrimiz gəldiyi və təndir qaynayıb daşdığı zaman Biz Nuha dedik: “Heyvanların hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. Lakin, onunla birlikdə az adam iman gətirmişdi.

41; Nuh dedi: “Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir”.

42; Gəmi onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”

43; O dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” Nuh dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda boğulanlardan oldu.

44; Sonra deyildi: “Ey yer, suyunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi dağı üzərində qərar tutdu. Sonra deyildi: “Məhv olsun zalım adamlar!”

45; Nuh Rəbbini çağırıb dedi: “Ey Rəbbim! Axı oğlum da mənim ailəmdəndir. Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin ən hikmətlisisən!”

46; O dedi: “Ey Nuh! O, sənin ailəndən deyildir. Doğrusu, bu, pis bir işdir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən sənə cahillərdən olmamağı tövsiyə edirəm”.

47; O dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram”.

48; Sonra deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə Bizim bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlərlə gəmidən en! Özlərinə bir müddət güzəran verəcəyimiz, sonra da Öz tərəfimizdən ağrılı-acılı bir əzaba düçar edəcəyimiz ümmətlər də olacaqdır”.

49; Bunlar, sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən, nə də sənin qövmün bilirdi. Səbir et! Şübhəsiz ki, gözəl aqibət müttəqilərindir.

50; Ad qövmünə də qardaşları Hudu göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Siz ancaq iftira yaxırsınız.

51; Ey qövmüm! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradandadır. Məgər anlamırsınız?

52; Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin”.

53; Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gətirmədin, biz də sənin sözünlə məbudlarımızı tərk edən deyilik. Biz sənə inanmırıq.

54; Biz ancaq onu deyə bilərik ki, bəzi məbudlarımız səni bəlaya düçar edib”. O dedi: “Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam.

55; Ondan başqa tapındıqlarınızın hamısından uzağam. Hamılıqla mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin.

56; Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir.

57; Əgər üz çevirsəniz, bilin ki, mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir qövm gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir”.

58; Əmrimiz gəldikdə Hudu və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik və onları ağır bir əzabdan qurtardıq.

59; Bu, Ad qövmü idi! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun elçilərinə asi oldular və hər bir inadcıl təkəbbür sahibinin əmrinə uydular.

60; Onları həm bu dünyada, həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Həqiqətən, Ad qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Hudun qövmü Ad!

61; Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. O sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim Yaxındır, çağırışa cavab verəndir”.

62; Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir kimsə idin. Doğrudanmı atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin əqidə barəsində şübhə doğuran şəkk içindəyik”.

63; O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə bir mərhəmət (peyğəmbərlik) bəxş edibsə, onda necə olsun? Əgər Allaha asi olsam, məni Ondan kim qoruya bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız.

64; Ey qövmüm! Allahın qayadan çıxartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın onu Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi yaxın bir əzab yaxalayar”.

65; Onlar dəvənin diz vətərini kəsdilər. Saleh dedi: “Yurdunuzda üç gün də kef eləyin. Bu, yalan olmayan bir vəddir”.

66; Əmrimiz gəldikdə Salehi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə əzabdan və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbbin Qüvvətlidir, Qüdrətlidir.

67; Zülm edənləri isə qorxunc bir səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.

68; Sanki orada heç yaşamamışdılar. Həqiqətən, Səmud qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Səmud qövmü!

69; Elçilərimiz (mələklər) İbrahimə (İshaqın doğulacağı barədə) müjdə gətirdilər və: “Salam!” – dedilər. O da: “Salam!” – dedi və dərhal gedib qızardılmış bir buzov gətirdi.

70; İbrahim mələklərin yeməyə əl vurmadıqlarını gördükdə onlar onun xoşuna gəlmədi və onların yanında canına qorxu düşdü. Onlar dedilər: “Qorxma! Həqiqətən, biz Lut qövmünə göndərilmişik”.

71; Onun arvadı pərdə arxasında durmuşdu. O, güldü. Biz onu İshaqla, (İshaqın) ardınca da Yaqubla müjdələdik.

72; O dedi: “Vay halıma! Mən bir qoca qarı, bu ərim də bir qoca kişi olduğu halda doğa bilərəmmi? Doğrusu, bu, təəccüblü bir şeydir”.

73; Onlar dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir”.

74; İbrahimdən qorxu çəkildikdə və ona müjdə gəldikdə Lut qövmü barəsində Bizimlə mübahisə etməyə başladı.

75; Həqiqətən, İbrahim həlim, Allaha çox yalvaran və Ona üz tutan bir şəxs idi.

76; Mələklər dedilər: “Ey İbrahim! Bundan (bu mübahisədən) əl çək. Çünki Rəbbinin əmri artıq gəlmişdir və onlara qarşısıalınmaz bir əzab gələcəkdir”.

77; Elçilərimiz Lutun yanına gəldikdə, onlara görə kədərləndi, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür” – dedi.

78; Qövmü yüyürərək onun yanına gəldi. Onlar əvvəllər də yaramaz işlər görürdülər. O dedi: “Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni rüsvay etməyin! Məgər aranızda ağıllı bir kişi yoxdur?”

79; Onlar dedilər: “Bilirsən ki, sənin qızlarına heç bir ehtiyacımız yoxdur. Nə istədiyimizi də yəqin ki, bilirsən”.

80; O dedi: “Kaş ki, sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim!”

81; Mələklər dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə zərər yetirə bilməzlər. Gecənin bir vaxtında arvadından başqa bütün ailənlə yola düş. Qoy içinizdən heç kəs dönüb arxaya baxmasın. Çünki onların başına gələcək müsibət onun da başına gələcəkdir. Onların həlak olmaq vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?”

82; Əmrimiz gəldikdə oranın altını üstünə çevirdik və odda bişmiş gil daşları ardıcıl olaraq onların üstünə yağdırdıq.

83; O daşlara Rəbbinin yanında işarə qoyulmuşdur. Onlar zalımlardan da uzaq deyildir.

84; Mədyən qövmünə də qardaşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi bolluq içində görürəm və qorxuram ki, başınıza hər şeyi bürüyən günün əzabı gələ.

85; Ey qövmüm! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin, insanların mallarını əksik verməyin və yer üzündə fəsad yaymaqla pis işlər görməyin!

86; Əgər möminsinizsə, bilin ki, Allahın saxladığı nemətlər sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyiləm”.

87; Onlar dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri məbudlardan, yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”.

88; O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl bir ruzi veribsə, onda necə olsun? Sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allahın sayəsində uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam.

89; Ey qövmüm! Qoy mənimlə olan ixtilafınız, Nuh qövmünün, yaxud Hud qövmünün, yaxud Saleh qövmünün başına gələnlərin eynisini sizin də başınıza gətirməsin. Lut qövmü də sizdən uzaq deyildir”.

90; Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim Rəhmlidir, Sevəndir (həm də Seviləndir).

91; Onlar dedilər: “Ey Şueyb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif görürük. Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də böyük bir adam deyilsən”.

92; O dedi: “Ey qövmüm! Məgər mənim qəbiləm sizin üçün Allahdan da əzizdir? Siz Onu saymayıb unutdunuz. Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir.

93; Ey qövmüm! Əlinizdən gələni edin, mən də edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu tezliklə biləcəksiniz. Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyirəm”.

94; Əmrimiz gəldikdə Şueybi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik. Zülm edənləri isə qorxunc səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.

95; Sanki orada heç yaşamamışdılar. Səmud qövmü məhv olduğu kimi Mədyən qövmü də məhv olsun!

96; Biz Musanı möcüzlərimizlə və aydın bir dəlillə elçi göndərdik –

97; Firon və onun əyanlarına. Onlar isə Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri doğru yol göstərən əmr deyildi.

98; Firon Qiyamət günü öz qövmünün qabağına düşüb onları Oda aparacaq. Girəcəkləri yer nə pis yerdir!

99; Onları həm burada, həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Onlara verilən pay nə pis paydır!

100; Bu, sənə söylədiyimiz məmləkətlər haqqında hekayətlərin bəzisidir. Onlardan izi qalanı da vardır, yerlə-yeksan olanı da.

101; Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldikdə Allahdan başqa çağırdıqları bütlər onları heç nədən qurtara bilmədilər. Bütlər onların ancaq tələfatını artırdı.

102; Rəbbin, haqsızlıq edən məmləkətləri yaxaladığı zaman belə yaxalayır. Onun yaxalaması həqiqətən də, üzücüdür, şiddətlidir.

103; Həqiqətən, bunlarda axirət əzabından qorxanlar üçün bir ibrət vardır. Bu, insanların bir yerə toplanacağı bir gündür. Bu həm də hamının şahid olacağı bir gündür.

104; Biz onu sadəcə müəyyən olunmuş vaxtadək təxirə salmışıq.

105; Qiyamət gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxt olacaq.

106; Bədbəxtlərə gəlincə, onlar Od içərisində qalacaqlar. Onlar orada bağıracaq və zarıyacaqlar.

107; Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir.

108; Xoşbəxtlərə gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Bu, tükənməz bir sovqatdır.

109; Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik.

110; Biz Musaya Kitab verdik, lakin onun barəsində də ixtilaf düşdü. Əgər Rəbbin tərəfindən əzəldən bir Söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, onlar Quranın barəsində də şübhə doğuran şəkk içindədirlər.

111; Şübhəsiz ki, Rəbbin onların hər birinə əməllərinin əvəzini tam verəcəkdir. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.

112; Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də doğru yolda olun. Həddi aşmayın, çünki O, sizin nə etdiklərinizi görür.

113; Zalımlara meyl etməyin, yoxsa sizə od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Sonra sizə kömək də olunmaz.

114; Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır.

115; Səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.

116; Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismi belə idi. Zülm edənlər isə onlara verilmiş dünyanın ləzzətinə uydular və günahkar oldular.

117; Ölkə əhalisi əməlisaleh olduğu bir halda, Rəbbin o ölkəni haqsız yerə məhv etməz.

118; Əgər Rəbbin istəsəydi, insanları vahid bir ümmət edərdi. Amma onlar elə hey ixtilafdadırlar.

119; Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. Allah onları bunun üçün yaratdı. Rəbbinin: “Mən Cəhənnəmi bütün günahkar cinlər və insanlarla dolduracağam!” Sözü yerinə yetəcək.

120; Elçilərin xəbərlərindən hər birini sənə söyləyirik ki, bununla sənin ürəyini möhkəmləndirək. Bu ayələrdə sənə həqiqət, möminlərə də öyüd-nəsihət və xatırlatma vəhy edilmişdir.

121; İman gətirməyənlərə de: “Əlinizdən gələni edin, biz də edəcəyik.

122; Gözləyin! Biz də gözləyirik”.

123; Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin nə etdiklərinizdən xəbərsiz deyildir.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə