Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə29/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   25   26   27   28   29   30   31   32   ...   51

məhsulunun qıt olmasını, özünə isə müflislik arzulayır. Qonşusu tamam əldən düşdükdən sonra ona 
kömək eləməyə tələsir.  
Hadisələrin ən pis yozumu isə bu ola bilər ki, o üç kişini Petras tutub, onlara Lüsiyə yaxşı dərs verməyi 
tapşırıb və işlərinin haqqını oğurladıqları ilə ödəyib. Amma Devid buna inana bilmir, bu həddən artıq 
sadə bir izah olardı. Əsl həqiqət isə onun fikrincə, daha antropoloji səciyyə daşıyır. Bu həqiqətə çatmaq 
üçün onlarla insanla, tərcüməçinin köməyi ilə tələsmədən səbirlə söhbət eləmək lazımdır.   
Digər tərəfdən o, Petrasın basqının hazırlandığından xəbərdar olduğundan və Lüsiyə bu haqda heç nə 
demədiyindən əmindir. Buna görə də Petrasdan şübhələnməyə bilmir.   
Petras beton hovuzun suyunu boşaldıb, yosunları təmizləməyə başlayıb. Xoşagələn iş olmasa da, Devid 
kömək eləməyi təklif edir, Lüsinin rezin çəkmələrini geyinib hovuza enir, sürüşkən zəmində ehtiyatla 
addımlayır. Bir müddət səylə işləyir, betondan çirki qazıyıb kürəklə hovuzdan kənara atırlar. Sonra Devid 
işinə fasilə verir. 
- Bilirsiniz, Petras – o deyir. – Bura gələn insanların yad olduğuna inanmaq mənim üçün çətindir. İnana 
bilmirəm ki, onlar göydən enib öz işlərini gördülər, sonra isə ruh kimi yoxa çıxdılar. İnanmaq çətindir ki, 
biz sadəcə həmin gün onların rastlarına çıxan ilk ağ dərililər olduğumuz üçün hədəf seçilmişik. Sizcə, haqlı 
deyiləm?     
Petras həmişə əyriuclu köhnə dəbli qəlyan çəkir. İndi də o, belini dikəldir, cibindən qəlyanını çıxarır, 
qapağını açıb, tənbəki doldurur və yandırılmamış qəlyanı sümürməyə başlayır, ifadəsiz baxışlarla, 
hovuzun, təpələrin üstündən uzaqlara baxır. Üzünün ifadəsi tamamilə sakitdir.   
Onları polis tapmalıdır, – Petras nəhayət, dillənir. - Polis onları tapıb həbs eləməlidir. Polisin işi budur.  
Hə, amma kənardan kömək eləyən olmasa, polis onları tapa bilməz. Bu adamlar meşəbəyliyini yaxşı 
tanıyırdılar. Heç şübhəsiz, Lüsi haqqında da çox şey bilirdilər. Elə isə sual meydana gəlir. Bu yerlərə yad 
idilərsə, bütün bunları haradan bilirdilər?  
Petras sualı qulaqardına vurub, qəlyanı cibinə qoyur, beli bir kənara atıb, süpürgəni götürür. 
- Petras axı bu adi soyğun deyildi. – Devid təkid edir. – O, üç nəfər bura yalnız soyğun məqsədi ilə 
gəlməmişdi. Heç məni bu hala salmaq üçün də gəlməmişdilər.- Devid gözünə, başındakı sarğıya toxunur. 
– Onların başqa məqsədi də var idi. Nə demək istədiyimi bilirsiniz. Bilməsəniz də, başa düşmək çətin 
deyil. Başına gətirilənlərdən sonra Lüsinin sakitcə əvvəlki həyatına davam edəcəyini gözləmək olmaz. 
Mən Lüsinin atasıyam. Mən istəyirəm ki, o adamları tapıb, cəzalandırsınlar. Haqlı deyiləm? Ədalət 
istədiyim üçün haqsızam? – Devid artıq hansı yolla olur-olsun, Petrasdan bir neçə söz qoparmaqda 
israrlıdır.  
Yox, siz haqlısınız.    
Gözlənilmədən ruhuna hakim kəsilən qəzəb Devidin özünü də təəccübləndirir. O, kürəyi yerdən götürüb 
hovuzun dibindəki çirk və ot topalarına sancır. – özün özünü qızışdırırsan, Devid özünə deyir. Dayan! Bu 


məqamda o, böyük məmnuniyyətlə Petrasın boğazından yapışardı. – Bu mənim qızımın yox, sizin 
arvadınızın başına gəlsəydi – o demək istəyir – belə rahatlıqla qəlyan çəkməz, sözlərinizi bu qədər ölçüb-
biçməzdiniz! “Zorlama” o, Petrasdan bu sözü qoparmağa çalışır. “Bəli bu zorlama olub, bəli zorakılıqdır”. 
O bu sözləri eşitmək istəyirdi.  
Petras və Devid yan-yana dinməz-söyləməz işi görüb qurtarırlar. 
İndi Devidin fermadakı günləri belə keçir. O, Petrasa suvarma sistemini təmizləməyə kömək edir, 
bostanda eşələnib məhsulun tamam məhv olmasının qarşısını almağa çalışır, məhsulları bazarda satışa 
çıxara bilmək üçün bağlamalara yığır, klinikada Bev Şouya kömək edir, döşəmələri silir, xörək bişirir- 
Lüsinin daha həvəs göstərmədiyi bütün işləri görür. 
Devidin gözü təəccüblü dərəcədə tez sağalır, cəmi bir həftədən sonra. Yanıqlar isə sağalmaq bilmir. Başı 
hələ də sarğılıdır, yanmış qulağı çəhrayı molyusku xatırladır. Ona elə gəlir ki, qulağını başqalarına 
nümayiş etdirməyə heç vaxt cürəti çatmayacaq. Devid başını günəşin şüalarından qorumaq və az da olsa, 
yad baxışlardan gizlənə bilmək üçün özünə şlyapa alıb. O, öz qəribə, qəribədən də betər küçələrdə 
uşaqların gözlərini bərəldib baxdığı iyrənc görkəminə öyrəşməyə çalışır. “Bu əmi niyə belə gülməlidir?” – 
onlar analarından soruşurlar. Devid Seylemdəki mağazalara bacardıqca gec-gec, Qrehemstauna isə 
həftədə bir dəfə şənbə günləri gedir. O, birdən – birə zahidə- kənd zahidinə çevrilib. Bu da sərgərdan 
həyatın sonu. “Halbuki, ürək hələ də sevir, ay həmişəki kimi parlaqdır. Kim bilə bilərdi ki, hər şey belə tez, 
belə qəfildən bitəcək.  
Qızı haqqında şayiələrin Keyptauna yayıldığını güman etmək üçün Devidin heç bir əsası yoxdur, lakin o 
istəmir ki, Rozalinda bu söhbəti kimdənsə təhrif olunmuş şəkildə eşitsin. Devid iki dəfə keçmiş arvadına 
zəng eləsə də, onu evdə tapa bilmir. Üçüncü dəfə isə o, Rozalindanın iş telefonuna, səyahət bürosuna 
zəng vurur. Telefondakı səs Rozalindanın Madaqaskarda olduğunu xəbər verir. Devid Antananarivodakı 
mehmanxananın faks nömrəsini öyrənib, məktub hazırlayır: Lüsi ilə başımıza xoşagəlməz hadisələr gəlib. 
Maşınım oğurlanıb. Bir az dava-dalaş oldu, məni bir az əzişdirdilər. Ciddi bir şey yoxdur. İkimiz də bir az 
sarsılsaq da, yaxşıyıq. Dedi-qodular qulağına çatmamış sənə xəbərdarlıq etmək istədim. Yaxşı istirahət 
arzu edirəm”  
Devid məktubu Lüsiyə göstərib razılığını aldıqdan sonra Bev Şouya verib Rozalindaya faks göndərməyi 
xahiş edir.  
Lüsinin vəziyyəti yaxşılaşmır. O, yuxusuzluqdan şikayət edir, bütün gecəni ayaq üstə keçirir, günortadan 
sonra isə körpə uşaq kimi barmağını ağzına salıb divanda yuxuya gedir. Lüsi yeməyə qarşı da marağını 
itirib. Ətdən tamamilə imtina etdiyi üçün Devid qızının iştahını açmaq üçün qeyri-adi yeməklər 
hazırlamağa çalışır.  
Halbuki, o, bura bu ucqar yerdə ilişib qalmaq, qızına dayəlik etmək, Lüsinin başı üzərindəki qara qüvvələri 
qovmaq, uçulub-dağılan fermaya baxmaq üçün yox, özünü toplamaq, güc-qüvvəsini bərpa etmək üçün 
gəlmişdi. O burda günbəgün özünü itirir.     


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə