IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
853
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
KÖŞƏ YAZILARININ DİLİNDƏ DAHA ÇOX RAST GƏLİNƏN
BƏDİİ TƏSVİR VƏ İFADƏ VASİTƏLƏRİ
Fərid İBRAHİMLİ
Qafqaz Universiteti
feridletter@gmail.com
AZƏRBAYCAN
Bədii yaradıcılıq nümunəsi olan köşə yazılarının əsas fərqləndirici xüsusiyyəti istifadə etdiyi dil
materialıdır. İstifadə olunan dil geniş mənada bədii-publisistik dildir. Bədii-publisistik dil isə həyatı
obrazlı, emosional, ekspressiv əksetdirmə vasitəsidir. Bədii-publisistik mətndə obrazlılıq, emosionallıq
yaradan əsasən bədii təsvir və ifadə vasitələridir. Bədii publisistik forma hesab olunan köşə yazılarında
da dil materialını bədii təsvir və ifadə vasitələrsiz təsəvvür etmək mümkün deyil.
Müqayisə və bənzətmələr. Köşə yazılarında müqayisə və bənzətmə yaratmaq üçün müxtəlif dil
vahidlərindən istifadə olunur. Köməkçi sözlər vasitəsilə, sanki bağlayıcısı, kimi, tək(təki), nisbətən,
əvəzinə sözləri və s. vasitələrlə mətndə müqayisə və bənzətmələr yaradılır. Müqayisə və bənzətmələr
təsvir edilən hadisə və əhvalatla bağlı təsəvvürü dərinləşdirir, emosional təsiri gücləndirir.
Metaforalar. Metafora bədii əsərlərdə xüsusilə işləkdir. Ancaq köşə yazılarında metaforalara
digər mətbuat janrlarından daha çox rast gəlinir. Metaforalar mətnin bədiilik gücünün artmasına,
ifadəliliyə şərait yaradır. Təbii ki, yerli-yersiz işlədilən metaforalar lazım olduğundan artıq pafos
yaradır. “...“Böyük dayaq” filminin qəhrəmanı Rüstəm kişini xatırladım. Ona düzgün məsləhətlər
verən partkom Şirzadı hər zaman sancır, axırda lal hüseynlərin qəzəbinə tuş gəlir. Onun dediyi bir
ifadə də var: “Sən nə əfi ilanmışsan əəə...” Zəmanəmizin Rüstəmi də günün birində bu sözü ünvanına
deyəcək, barmağını ilana zəhər verən “kərtənkələlər”ə tuşlayacaq, amma gec olacaq...” (Elşad Paşasoy
“Sən nə əfi ilanmışsan əəə...”, Yeni Müsavat, səh.6, 20.01.2014) Burada “kərtənkələlər” sözü rəmzi
mənada işlənmişdir.
Epitetlər. Epitet özündən sonra gələn sözü bədii cəhətdən təyin edir. Epitetin sintaktik təyindən
fərqi ondadır ki, birləşmə daxilində məcazilik yaradaraq, obrazlılıq yaradır. “Epitet təsvir edilən
hadisənin bu və ya digər xarakter əlamətlərinin meydana çıxmasında, onun qiymətləndirilməsində
mühüm rol oynayır, haqqında bəhs edilən əşyaya aydınlıq, obrazlılıq verir, onun haqqında canlı
təsəvvür yaradır”. (Z.İ.Budaqova. Məcazlar sistemi. “Azərbaycan bədii dilinin üslubiyyatı/oçerklər”,
səh.130.) “...Amma mənim dediyim başqa bir şeydir. Azərbaycanda yenicə varlanan hər bir kəsin
arzusu yekə, lap yekə, qocaman maşın almaqdır. Qoy kasıbın gözü çıxsın, onlara sözün həndəsi
mənasında yuxarıdan aşağı baxa bilsinlər, qaz verəndə o biri sürücülər qorxudan mayasını udsun.”
(Sevinc Telmanqızı “Dörd təkər üstündə dördayaqlı...”, Yeni Müsavat, səh.3, 16.03.2014) Bu
nümunədə “qocaman maşın”, “həndəsi məna” birləşmələri bədii təyin yaratmışdır. “Qocaman maşın”
ifadəsində qocaman sözü həm sintaktik, həm də, bədii təyin rolunda çıxış edir. “Həndəsi məna” ifadəsi
isə, “sözün həndəsi mənasında” şəklində işlənərək, üçüncü növ təyini söz birləşməsi kimi tərəfləri
arasına söz daxil olmuş və həmin sözlə birlikdə cümlənin bir üzvü kimi götürülür. Birləşmə daxilində,
həndəsi sözü məna sözünün təyinedicisi olsa da, cümlə daxilində sintaktik təyin hesab olunmur. Bədii
təyin funksiyasında olan həndəsi sözü obrazlılıq yaratmış, lakin müəllifin bədii təfəkkürünün gücü ilə
yaranmış olan bu təyin, oxucu üçün anlaşılmaz ola bilərdi, ancaq müəllif “yuxarıdan aşağı” ifadəsini
işlədərək, işlətdiyi bədii təyinin ifadə etdiyi mənaya aydınlıq gətirir.
Frazeoloji vahidlər. Köşə yazılarının dili frazeoloji vahidlərin işlədilməsi baxımından çox
zəngindir. Xalq dilinin zənginlikləri əsasında formalaşmış frazeoloji vahidlər canlı, koloritli, obrazlı
köşə dilinin formalaşmasına yardımçı olur. Frazeoloji vahidlər sırasında atalar sözü və məsəllərin də,
işlədilməsini nəzərdən keçiririk. Atalar sözü və məsəllər müəllifin üslubundan və mətnin
məzmunundan asılı olaraq, ya olduğu kimi, bir çox hallarda isə müəyyən hissəsi, bəzən müəllifin
məqsədindən asılı olaraq tamamilə dəyişdirilir, yeni məzmun və forma verilərək yeni tərzdə işlənir.
“Çox populyar Şərq pritçalarından biri gözünün qabağındakını görməyib hansısa uzaq işlərdən bəhs
edən insan haqdadır. Müxtəlif variantları var, məsələn, biri belədir ki, gopçu molla süfrə arxasında
oturduğu an qəfildən böyrü üstdə dayanır, “Ayy...” eləyir, deyirlər nə oldu, deyir əşşi, heç nə, indicə
Təbrizdə bir araba aşırdı, çiynimi verdim, saxladım. Ev yiyəsi bu misilsiz gopu ifşa eləmək üçün
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
854
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
hamıya plov gətirəndə mollaya çatası toyuq ətini düyünün altında gizlədir. Molla qəzəblənir, deyir, bu
nədir, hamıya ət verilib, mənə isə yox. Bu zaman ev yiyəsi əti düyünün altından çıxardır, deyir, bəs
sən burda toyuğu aşın altında görmürsən, necə olur Təbrizdə aşan arabanı gördün?
Bunun başqa populyar variantından isə atalar sözü yaranıb: “İsfahan uzaqdadır, yüz iynə boyu
burdadır”. Həmin variantda İsfahanda yüz iynə boyu hündürlükdən tullandığını iddia edən şəxsdən
bəhs olunurdu.” (Zamin Hacı “Qrenlandiyadan qayıtmaq”, Yeni Müsavat, səh.8, №80, 01.04.2014) Bu
nümunədə müəllif atalar sözünü və lətifəni öz bədii təfəkkürünün məhsuluna çevirərək üstalıqla
işlətmişdir. Burada işlənən atalar sözü tərkib etibarilə frazeoloji vahid xüsusiyyəti daşımır. Mətndə
işlənən feli birləşmələr sərbəst birləşmələrdir. Mətndə feli frazeoloji birləşməyə rast gəlinmir. Deməli,
müəllif öz köşəsini yazarkən, leksik vahidləri ifadə etdiyi mənaya görə seçir. Mətnin ideya və
məzmununa uyğun ifadə vasitələri seçilir. Frazeoloji vahidlərdən istifadə obrazlılıq yaradır. Ancaq
müəllif obrazlılıq yaratmaq üçün yalnız sözlərin məcazi variantlarını seçmir. Nümunədə əyani olaraq
görünür ki, müəllif məcazilik semantikasına enmədən obrazlı bir dillə fikirini çatdırmağı bacarmışdır.
Bədii parçalar. Hər hansı bədii əsərdən, özündən əvvəl yaşamış tanınmış insanların fikirlərindən
sitat gətirməklə müəllif öz düşüncələrinə haqq qazandırmağa çalışmaqla köşəsini daha inandırıcı edir.
Həmçinin bədii parçalardan keçmişdə də mövzunun aktual olduğunu nəzərə çatdırmaq üçün istifadə
edilir. Bu məqamda bədii parçalar köşə yazılarında təsvir olunan hadisələrin və fikirlərin əyaniliyini,
vizuallığını artırır. Həmçinin bədii parçalar köşələrin ümumi dil mənzərəsini zənginləşdirir. Canlı, əyani,
koloritli, inandırıcı dil və bədii-publisistik təfəkkür ortaya çıxır. “...Birinci məktubda görkəmli filoloq
alimlərimizdən biri yazır ki, əslində tuman məsələsi yüzillərdir bizim ellərdə aktualdır. Misal olaraq
güneyli şairimiz Mirzəli Möcüzün 1920-ci illərdə qələmə aldığı bir şeiri göstərir: “İngilis, həm fransız,
Hər ikisi imansız.
Sabah iynə verməsə,
Qalacağıq tumansız.”
Əgər bir millət 100 il ərzində tuman istehsalını qaydaya sala bilməyibsə, ondan daha nə gizləyəsən?
Çox acınacaqlı haldır. İndi də çinlilərdən asılı vəziyyətdəyik, onlar da imansız camaatdır.” (Zamin Hacı
“Milli şiş var imiş!”, Yeni Müsavat qəzeti, səh.8, 18.03.2014) Verilmiş bu nümunədə müəllifin istifadə
etdiyi bədii parça mövzunun tarixən aktuallığını göstərir və mətnin ümumi məzmunu ilə səsləşir.
Həmçinin bədii parçada işlənmiş “imansız” təyini müəllifin dilinə daxil olmuş, mövzunun aktuallığını
qabartmış və keçmişlə indiki vəziyyətin bədii-publisistik təfəkkürlə müqayisəsini aparmışdır.
Köşə yazılarında üslubi cəhətdən bədii parçalardan, frazeoloji vahidlərdən, xalq deyimlərindən,
sadə danışıq dilindən istifadə olunması onların vahid üslubi sistemdə birləşməsini təmin edir. Elə bir
köşə yazısı yoxdur ki, orada bu ifadə vasitələrindən ən azı bir neçəsindən istifadə edilməsin. Bədii-
publisistik forma və janrlar içərisində dil və üslub imkanlarına görə köşə yazıları daha zəngindir. Bu
baxımdan köşə yazıları mətbuat dilinin inkişafı üçün laboratoriya rolunu oynamaqla, dilin inkişafı
üçün əlverişli mühit yaradır.
AZƏRBAYCAN ANTROPONİMİKASINDA ADVERMƏ ƏNƏNƏSİ
Heyran CÜMŞÜDOVA
Sumqayıt Dövlət Universiteti
ceyhunə.huseyn@mail.ru
AZƏRBAYCAN
İ
nsanlara məxsus adlar necə yaranır?- Uşaq dünyaya göz açır və həmin uşağa valideyinləri ad
qoyur. Ata və ana belə desək ki, təzə dünyaya gələn övladına hər hansı adı qoymaq istəyir. Bu adı
valideyinlər kimlərdənsə eşitmiş ola bilərlər və ya istədikləri bir insanin adi ilə bağlı ola bilər.Uşağa ad
qoyulandan sonra ətrafındakı hər kəs uşağı bu adla çağırır. Şair Osman Sarıvəlli “Baban belə
demişdir”şeirində obrazlı şəkildə advermə ənənəsini belə təsvir etmişdir:
Məclis ahəngini bir az dəyişir
Qonaqlar söz alıb danışır ba-bir
Dünyada hər kəsdən şirindir övlad.
Bizim xalqımızın fəxridir bu ad-