Dədə Qorqud ● 2015



Yüklə 1,39 Mb.
səhifə15/17
tarix23.10.2017
ölçüsü1,39 Mb.
#6407
1   ...   9   10   11   12   13   14   15   16   17

İnsanın dəfn olunması

Meyiti dəfn eləmirmişdər. İyi dünyüyü götürör. Baxellar, Yusifnən Nəsif dalaşellar. Qardaş qardaşı öldürör. Meyit qucağında gəzer. Deyer, İlahi, mən bunu nə təər gizdədem, atam bilməsin? Bu vaxt göydə iki qarğa dalaşer. Biri o birini öldürör, yerə düşör. O biri gəler, dırnağınnan yeri qazer. Meyiti burya salıf yenə dırnağınnan üsdün örtör. Belə baxer Yusif, deyer, sana fidah olom, ya Rə­sul Allah, deməli, mən də belə eləməliyəm. Yeri qazıf meyiti basırer. O vaxdan biliner ki, insannar öləndə basırmalıyıx. Daa qayanın divinə töhmöllər. İnsan­nara qoyulan qəral olor bu.



Söylədi: Mansurlu Sevil Novruz qızı, 1960-cı il təvəllüdlü. Orta təhsilli. Bozalqanlı kəndi
Xeyirlə şər qardaşdır

Fatimeyi-Zəhra ananın qardaşının toyu olur. Hamı çaler, oynaşellar. Ba­xellar, Fatimeyi-Zəhra ana yoxdu ortada. Çağırellar, hay vermer. Biri gəler görör ki, qardaşı can verer. Zəhra ana deyer, gözdə məni. Yönünü qivləyə çevirir, irahlıyır. Gəler toya. Soruşollar, nooluf? Deyer, heç, toyu davam eliyin. Sora yenə çıxer, geder. Yas libasında qayıder. Qapının ağzında duror. Toyu olan qardaş soruşor, bu nə livasdı geymisən? Deer, gəl. Qardaşın ölüf. Məclis dağıler – gedən geder, qalan qaler cənazənin yanında. Hamısı deyer, xeyirnən şər qardaşdı. Deer, indi qardaşımı oturuf ağlıyjam. O qardaşımın toyunda oynadım, bu qardaşımın da yasında ağlıyjam. Toyun axırın gözdəmer ha. Ortalarında çıxer gəler.



Söylədi: Mansurlu Sevil Novruz qızı, 1960-cı il təvəllüdlü. Orta təhsilli. Bozalqanlı kəndi
MİFOLOJİ MƏTNLƏR

Cin

I mətn

Eşiyə çıxmışdım, ördüm, qapının ağzında duror, tərs papaxlı bir şeydi. Gördüm, şeytandı. Çıxdı getdi. İki dəfə ördüm.



II mətn

Mən özüm eşihdə yaterdım. Bir günnəri Arif xəsdə olanda dedim, ay arvat, orya aparıf zivil töhmə. Ordan karvan geder, mən görörəm. Atamın goru, görörəm, arxın qıraannan karvan geder. Dedim, savax burya qızıl ilan gəleyjəh. Yuxuda deeflər. Qoyman uşax öldürə. Gələndə ördüm, yavıya taxıf, Vaqif öldürüf. Dedim, zivil töhmüyün. Navat apardı töhdü. Bəri ələn kimi gördüm, yıxıldı. Ağız, nooldu? Dedi, vurdular məni.




III mətn

Mal otarerdım. Uşax qucağında ağlıyır bir gəlinin. Rəhim də yanımdadı. Aana edirih, qavağımızdadı. Cin ağlader. Mən dua bilerəm, onu oxuyuram. Belə, mən cini aşgara görmüşəm.



Söylədi: Mansurlu Novruz Mürşüd oğlu, 1936-çı il təvəllüdlü. Təqaüd­çü. Təhsili 7 illik. Əsli Əlimərdannı kəndindədir. Təzəkənddə yaşayır.
Hal

I mətn

Ulu nənəm bulağa suya gedif. Orda hal görüf. Tutuf gətirif evdə işdədirmiş. Xamır yoğurtduruflar buna. Xamır aşıf, daşıf. Kündə qurtarmır. Bu da sənəyi götürüf suya gedif. Burda başqa su dolduran oluf. Buna yalvarıf, bu sancağı məəm üsdümnən aç. Sancaq açılan kimi qayb oluf geder. Gəlif aynadan deer ki, kündədən kəs, qaytar ləyənə qoy. Onda xamır qutarajax.



II mətn

Bu Vuqar məllimin – biz Xan deerih, çünki burda hamının ləqəbi var – babası İslam kişi danışardı ki, bu yolnan atnan gəlirdih. Gördüm yolun qıraanda keçi balası var. Durur yolun qıraanda. Atdan tüşdüm, bunu götürdüm. Qollarınnan birrəşdirmişəm keçini. Bir əz gəlmişdim, əlim yoruldu. Bunu belə tutanda (əli ilə göstərir – top.) qarnını incitdim. Qayıtdı dedi ki, qarnımı cırmırsanmı, niyə helə eliyirsən? Qorxdum, deer, atdım yerə.



Söylədi: İbrahimov Polad Abbasəli oğlu, 1953-cü il təvəllüdlü. Orta təhsilli. Sarı Tala kəndi
III mətn

Hamı oturuf yeyiv içir stolovoyda. Atam gələndə görür, bir oğlandı içif piyan oluf yatır. Munu götürüf gətdi evimizə. Axşamdı. Evdə mənnən yekə bacım var. Atam bizi apardı ki, nənəmgildə yataq. Yolda da cərgə tut ağaşdarı var. Gördüh, dümağ it formasında nəsə arxın qırağınnan elə geder nətəri. Cini onda görmüşəm.



Söylədi: İbrahimova Gilas Həsən qızı, 1960-cı il təvəllüdlü. Təhsilsiz. Sarı Tala kəndi
OYUNLAR

Eşşəkbeli” oyunu

Eşşəhbeli oyununda uşaxlar iki dəsdə bölünördü. O tirə ayrıydı, bu tirə ayrıydı. Bir qurup bir-birini tutuf durordu, o biri də hoppanıf minerdi belinə. 10-20 metr aparmalıydı. Bir də örördün, dala. Axıra qədər apardı, olar bir də qalırdı. Yerrərin dıyişirdilər. Aparammer, yıxıldılar, ollar bir də qalerdılar.

Söylədi: Mansurlu Novruz Mürşüd oğlu, 1936-çı il təvəllüdlü. Təqaüd­çü. Təhsili 7 illik. Əsli Əlimərdannı kəndindədir. Təzəkənddə yaşayır.

Topaldıqaç” oyunu

İki qruppa oluf. Biri o birinə xidmət eliyirdi. Ağaşnan topu atırdılar. Yuxar­dakılar qaçırdı. O dəsdən kim topu tuta bilsə, əsas oyunun səbəbkarı bullar olurdu. Bullar işdədirdi. Əgər ollar tuta bilseydi, bullara xidmət eliyə-eliyə dururdu.

Söylədi: İbrahimov Polad Abbasəli oğlu, 1953-cü il təvəllüdlü. Orta təhsilli. Sarı Tala kəndi
QAÇAQLAR VƏ TANINMIŞ ADAMLAR HAQQINDA
Qaçaq Əmirəhməd

Cavan uşağ iydim. Oturanda Qaçax Cəfərquludan söhpət elərdih. Atam, bavam danışardı ki, erməniyi belə vurordu, belə qırerdı. Bu duyğu da beyində qaler. Mənim böyüh qardaşım Əmirəhməd başdadı erməniynən tutaşmağa. Deyerdi, bullar alajax buruyu. Niqolu – erməni dərziyi döydü. Bir də örördün er­mə­ninin 30 qoyunun gətdi. Deerdi, ollar burdan xeyir görsə, bala-bala bizə yaxun­naşıf bizi burdan köçürjəh. Bir gün munun üsdə tüşdülər ki, oğrusan, qaçaxsan. Tutdular apardılar. Yolda nəçənnih dedi, bir oxu. Gözəl səsi var iydi. Oxuyanda nəçənniyin muna heyifi gəler. Deyer, qaç. Mən varıv oana edəjəm. Bu da ojağın közünü bulların üsdə dağıdır. İrəvana yazdılar. İrəvan da Gədəbəyin üsdə yazdı. Mikayıl vardı, Cəfərqululardandı, buxaltırdı. Deerdi, bizim kətdə belə hadisə çox oluv. Munun əlində mal-heyvan tutulmuyuf. Özləri munu itir­məh isdiyir. Kişi döysünüzmü? Mikayıl kağızı cırır, tullor. Ollar da kağızı orya, burya verir ki, bu qaçaxdı. Munu maşına mindirif aparanda düz erməni skladının yanında bu, Qarabağ şikəstəsi çəkdi. Bir gəlin gəldi ki, qardaş, kimdi oxuyan? Dedim, bu. Dedi, bu yaylıx mana haram olsun, nəyim var öydə, satajam sənin yolunda. Dedih, yol admıyıx, getdih. Dağa aparanda Ələs kişi var, nəçənnih kirvə tutuf. Mərə­kədeymiş. Fərhət dedi, mənim balaca xeyir işim var, gedəh orda oxu. Əmbə qaçma. Deyer, yox. Gələndə də örör, Ələs kişi burdadı. Mərəkiyi yola salannan sora Ələs kişi deyer, Fərhət, ya mən, ya Əmirəhməd. Məni tut, onu burax. Ay dayı, bu qaçaxdı. Dedi, onda məni əylə, sal munun yerinə. Bir də ördüm, gəldi.


Telli Əsəd ( Bozalqanlı)

I mətn

Bavam deer, Əlabbasnan gəlerih, qaçax Əsədin erkəh toğlusunu götürörüh. Qoyun gəlif dəriyə tökülüf. Gəldih, xoş, beş, on beş. Çovanı çağırdı ki, bu kişilərə öz heyvanınnan kəs. Oturdux, bizə heyvan kəsdirdi. Surfa açılıf, gördüm, Əsət kişi gəldi. Otdu yanımızda bir tikə aldı. Dedi, ötmör boğazımnan. Çobanı çağırdı ki, saa deməmişəmmi, öz heyvanınnan kəs - bir heylə sürünün, varın yeyəsi. Durdux getməyə. Dedi, ay kişilər, məni bağışdıyın. Öz heyva­nımnan tikə boğazımnan ötmör.



Söylədi: Mansurlu Novruz Mürşüd oğlu, 1936-çı il təvəllüdlü. Təqaüdçü. Təhsili 7 illik. Əsli Əlimərdannı kəndindədir. Təzəkənddə yaşayır.

II mətn

Mansır bavamın 10 qoyunu qarışıf Telli Əsədin sürüsünə. Çovanı da başa tüşüf. Deyer, gəldi ki, ver. Deyif, tanı apar. Dördünü tanıdı, apardı. Deyer, bir gün Kürü keçif anrı gederəm. Bavam deyer, dayandım. Gördüm, yerin altda qazma var. Telli Əsət də oturuf, tüfəngi çiynində. Əli də həməşə tüfəydə. Söhbət eliyer ki, Mansır kişinin başını əkin. Qoyunnarı apardı. Bavam deer, əlimi atdım, munun beşaçılanını çəhdim, çıxartdım yuxarı. İçərdən dedilər, ayə, Mansırdı. Deer, qaşdım qamışdığa. Bullar da ater. Deer, qaşdım ki, gəlim Zeynavı, uşaxları çıxardım. Çatıf qıreyjaxlar. Əmbə çıxıf getdilər. Əddəm – atam danışer ki, 4 atdı gəldi ki, Mansır hanı? Dedim, irayona edif. Otdular gözdəməyə ki, Telli Əsət deyer, 6 qoyunu bağışdadım ona, tüfəngi versin. Qağam soora tüfəngi vermişdi.



Söylədi: Quliyev Saleh İsrafil oğlu, 1950-ci il təvəllüdlü. Orta təhsilli. Bozalqanlı kəndi
Allahyar bəy

I mətn

Seyidov deyilən qojaman məəllim söylüyüf.

Bir də görörsən, deyellər, filənkəs elə bil lap Allahyar bəyin nəvəsidi. Həmən addı-sannı Allahyar bəy bizim bu Keş kənddəndi.

Unun bir oğlu oluf – Əlibəy. Munu bir gün meşədə ayı aparıf. Bu da gözün ağı-qarası bir oğul oluf. Ayı oğlanı basmıyıf. Neçə günnən sora tafbışdılar. Bir qız oluf – Şahbı xanım. Mülkədarrıx dağılıf kolxoz-savxoz olan vaxdı bəyi qırıllarmış. Qız deyif, ata, bizi qırajaxlar. İzn ver, elə mən buları qırım. Deyif, qızım, bulları acışdırma, qoy görəh nağarıllar.

Arvat da seyid qızı oluf – Seyit Nisə xanımın. Çox kəskin seyid oluf. Kim tələsiyəndə onu çağıranda adamı dik qaldırır. Ziyaratı duror.

Şahbı xanım da quşu gözünnən vururmuş. 5-6 nəfərini qırıf. Həmən Seyidov məəllim deyerdi ki, kasıfçılıx vaxtda bir müəssə, bir məytəf, bir balinsə yerrəşərdi orda. Əmbə od vurdular yandırdılar oryu. Di gəl ki, bəy o qədər cürrətdi bəy idi ki, gedif atı haylamağa bir çubux da qırmağ olmazmış orda. Ki, meşiyi qırmağ olmaz. Amma olları qırıf, arvadı da gətirif basdırıflar orda. İki də nəvəsini basırıflar. Sora bullardan qaçıf xaricə - Amerkaya. Həmin nəvə gəldi. Bilmerəm, oğul, yoxsa qız nəvəsi. 10 il qabax həmin nəvə bulların qavırrarın üsdün götürtdü, raşotkaya aldırdı, hamısının üsdünü yazdırdı, getdi.

Bax həmən o məhşur Allahyar bəy bu Keş kəntdən olufdu

Mətni söyləyən qadın - Sarı Tala kənd sakini Vüqar müəllimin (Xan) anası adının qeyd olunmamasını xahiş etdi.
II mətn

Allahyar bəy 2-3 atdıynan öz evinnən başqa kəndə gedirmiş. Keşiş kəntdə, bu ətrafda Xırna dərəsində 3 bəy oluf. Yanıxlıda Məmməd bəy, Alakol kəndində də bir bəy. Burda toy adətində də 10 nəfər bəy dəsi at çapırmış. Yarış keçirəllərmiş. Bir dəfə bəyin adamlarının biri toy bəylərinə deyer ki, yoldan çıxın, bəy gəler. Dəəndə toy eliyən oğlan deer ki, büyün bəy mənəm. Çıxmıram yoldan. Bu söz Allahyar bəyin xoşuna gəlir. Buna bir qızıl beşdih padarka verer.

Bu Allahyar bəy Peterburqda Xalq Təsərrüfatı instutunu qurtarmış adam oluf – meşə üzrə. Onnar Zülqədərovlar nəslinnən oluf. İrannan gəlmə. Onu da bura bəy təyin eleyillər ki, bu qara camahat qiymatdı ağaşdarı qırmasın. Bu öyrədirmiş ki, ağacı altdan yuxarı kəsin. Cökə, palıt, qoz ağaşdarını kəsməy olmaz. Allahyar bəyin Qarabağı döyüş atdarı oluf. O vaxdı hamı savadsız imiş. Bu elm adamı oluf. Fransadan qonağı gəlirmiş. Xırna dərəsi Qoylardan (Qovlar qəsə­bəsi) bəri sayılırmış. Esseri (SSRİ) qurulan vaxdı gülləliyiflər. Ailəsinin bir hissəsi qaçıf, bir hissəsini öldürüflər. Damını yandırıflar. 18 otaxlı, 2 etajdı öyü oluf.

Söylədi: Çingiz Murtuz oğlu Abdullayev, diş texniki. Sarı Tala kəndi
Oğurluq

I mətn

İki kişi olor, mal-heyvan, qoyun-keçi saxlıyan. Bunnar bir-birinnən mərcə girellər. Bulların da hərəsinin 10 iti olor. Biri deer, mənim itdərim yaxşıdı, o biri deer, məəm. Oğurruxdan mərc girillər ki, bu itdərdən qorxmuyuf kim 10 qoyun oğurrasa, o geroydu. Kişinin biri bir keçi öldürür, heyvanın peyinində basdırır. Keçinin əti bir əz iylənəndə gətirib ağaşdan asır. Açır, itdər gəlir keçi meyidinin altdan dih durollar ki, tüşürüf yəələr. İtdərin başı qarışan kimi bu da 50 qoyun ayırır aparır.


II mətn

İki kişi oluf. Səy Talıf deerdilər birinə. O biri də Tahir kişi durur indi də. Bullar Bakidə meyvə satellar. Bir arvadın evində kirədə qalıllar. Bu Xamputa deyilən Tahidən qısqnermış, pulunu oğurruyar deyə. Xamputa da arıx, quru kişi­di. Gejə bu yuxusunda görür ki, Tahir munun pulun aparır. Tez oyanır, balın­cı bə­ri çəkir, başdıyır eşələməyə. Görür pul yerində. Tahir də siqaret çəkirmiş. Deer, nooluf? Deer, yuxuda gördüm, pulumu aparıllar. Deer, ordadımı? Deer, hə. Tahir bunu döyür. Səsə xazeyka gəlir ki, sizə nooluf? Tahir deer, aanam, bu pis yuxu görüf, mən onu yozuram.



III mətn

Maharbə illərində bir kişi oluf. Gəncədə yağ satermış. Belə yumru daşı yağın içinə pükör, aparıf satermış. Sora da deermiş, Cırımın daşı Gəncədə yaman pula edər. Cırım dağın o üzüdü (əli ilə göstərir – top.). Qarın yağı – toxlunun qarnını təmizdellər. Qurudur, üfürüllər, öz formasını alır. Nənələrimiz yağı ona basıf. O yağın tayı-bərabəri yoxdu, onu düzəldən qarılar da yoxdu.



Söylədi: Çingiz Murtuz oğlu Abdullayev, diş texniki. Sarı Tala kəndi
LƏTİFƏLƏR
Baməzə Mustafa

I mətn

Kəntdə irəhmətdih Musdafa baməzə idi. Bir gün sel gəlir. Bulların zir­zə­misinə dolur. Yoldaşı qışqırır, ay Musdafa, su zirzəmiyə doldu. Dur köməy elə. Deer, qravata uzan, yat. Deer, Allahsız, batırıx. Deer, yağış kəsəjəh, o da axıf gedəjəh, sən nəyrahat olma.


II mətn

Deellər, ay Musdafa, səən telvizerin, xaladenniyin varmı? Deer, yox. Deer, niyə bə? Deer, məəm telvizorum Maraldı – yoldaşım. Xaladdenniyim mədəmdi. Vaxdındaca olanımı yeerəm. Oon xaladennihdə nə işi var?



Söylədi: İbrahimov Polad Abbasəli oğlu, 1953-cü il təvəllüdlü. Orta təhsilli. Sarı Tala kəndi
Bayram

Biri varmış, biri yoxmuş, bir kişi varmış. Munun da bir oğlu varmış, adı Bay­ram imiş. Bir gün bular taxıl əkellər, məhsulların piçellər. Yığellar, gətirellər qapı­ya. Amma yorulollar, içəri daşıya bilmellər. Oğlunnan məsləhətdəşer ki, sən içəridə yat, mən taxılın yanında. Oğlu geder içəridə - çardaxda yater. Tüfəngi də yanına qoyor. Atası da taxılın yanındaca yater. Gejənin bir vaxdı hənirtiyə ayıler, görör, kimsə munun taxılın oğurruyur. Bir əlinnən dəyənək tutor, o biri əlinnən də yavaş-yavaş meşoya dolduror. Kişi fikirrəşer, başımı qaldırsam, bu məəm başıma vu­rojax. İndi mən nətəhər eleyem ki, oğru başa tüşməsin, mən oğlumu köməyə çağı­rem. Gözüyumulu fikirrəşer. Hə, yaxşısı budu ku, mən güya səyaxlıyıram. Başdı­yem, yuxuda danışem, oğrunu ələ alem. Oğru görör, bu xorulduyur. Səyaxlıyer: bir oğlum oloydu, adını Bayram qoyoydum. Yavaş-yavaş yekələneydi, qolumnan tu­toy­du, bir gün taxıl əkeydik, piçeydik, taxılı qapıda qoyardıx. Bu vaxdı “ay Bay­ram, oğru taxılı apardı” – deyer, qışqırer. Bayram eşider, güllüyü göyə ater. Oğru da görör, bullar iki oldu. Qaçer, ağacın dalında gizdəner. Atası da Bayrama deyer, taxılı oğurruyurdular, səni çağırdım. Oğlu da deyer, lap yaxşı, meşoya doldurufdu, biz rahat daşıyarıx. Oğru da deyer, mən niyə qoyordum ki, səən oğlun olordu, adını Bayram qoyordun, indi də köməyə çağırerdın. Kor-peşman çıxer geder.



Söylədi: Mahizər İsrafil qızı Məstanova, 1955-ci il təvəllüdlü, təqaüdçü. Abulbəyli kəndi
Novruz

Bir kişi olor, bir də arvadı. Kişidən arvadın ağlı daha yüngül olor. Kişi qoz-fındığını hərəsini bir meşoy yığer, dolduror. Deyer, arvada nə təhər başa salem ki, arvat bunu it-bat eləməsin. Deyer, arvat, bular amanatdı. Novruz bayramınatan saxla, Nooruz bayramında işdədərik. Arvadın beynində qaler ki, Nooruznan Bayram gələndə işdədərik. Orda-burda soruşor ku, Bayramı, Nooruzu gördüzmü? Hamı da deyer ki, filənkəsin arvadı Nooruznan Bayramı axdarer. İki nəfər fikirrəşer ki, Nooruznan Bayramın adınnan gedəh, görəh, neyner. Bir birini o adnan çağıra-çağıra gedellər. Arvadın da qulağı aler. Deyer, a bala, yerimiz də dardı, gəlin amanatdarınızı aparın. Kişi ha vaxdıdı qoyuf, heləcə də saxlamışıx. Bullar meşoyu götürör, aradan çıxellar.

Kişi də öyə gələndə deyer, a kişi, əmanət yeyələri gəldi, verdim, apardılar meşoyları. Kişi deyer, kimə verdin? Deyer, Nooruznan Bayrama. Kişi hirsdəner ki, mən adam demerdim, Nooruz bayramı deyerdim. Bə ollar ha tərəfə getdi? Arvat səmti gösdərer, kişi geder. Quldurrardan biri tez-tez arxaya baxer ki, gələn yoxdu ku. O biri də deyer, gələn olsa da inammeram, ağıllı adam ola. Elə arvadı saxlıyanın ağlı yoxdu. Mən saa sübut eliyərəm. Baxellar, bir atdı gəler. Deyer, sən meşoyları gizdə, mən qavaana çıxeyjam. Bu yolda duror. Kişi çatanda soruşor, burdan meşoylu iki adam keşdimi? Deyer, xeyli vaxdı keşdi. Səmti də gösdərer. Deyer, amma sən ollara çatammazsan. Deyer, niyə? Deyer, ollar iki əyaxnan gederdilər: bir, iki; bir, iki. Amma sən dörd əyağın üsdəsən: atın əyağı – bir, iki, üş, dört. Nə vaxda gedif ollara çatjaxsan? Kişi deyer, bə mən atı nağayrem? Deyer, ver mən saxlıyım, sən get. Qayıdıf gələndə verərəm. Kişi geder: bir, iki. Bu da yoldaşın çağırer ki, mən saa dedimmi, elə arvadı saxlıyanın ağlı onnan da betər oljax. Qərəz, meşoyları ata yühlüyüf ayrı səmtə gedellər. Kişi də qaçer, qaçer, yoruluf həyhdən tüşör. Deyer, mən nə ağılsız adam oldum, oon sözünə inandım. Atın belində yorulmadım, indi birəz qaşdım, yoruldum. Məni allatdılar, elə diyən olarımış. Görör, at nəəzer? Hava qaralana öyə çater. Arvat deyer, a kişi, nağardın? Tafdınmı? Deyer, yaxşı elədim. Sən meşoyları vermişdin, atı verməmişdin. Mən də atı verdim, gəldim.

Söylədi: Mahizər İsrafil qızı Məstanova, 1955-ci il təvəllüdlü, təqaüdçü. Abulbəyli kəndi
Qazan

Kişi mağazaya gedipbiş. Görör, yaxca iri qazannar satellar, camahat da bəh-bəhnən aler. Soruşor, bu qazan nə üçündü? Deyellər, xəngəl bişimək üçün. Birini də bu aler, götürör söyüncək öyünə gəler. Arvadına deyer, sana bir qazan almışam, xəngəl bişirmək üçün. Arvat da təmbəl olor, deyer, mən nətəər kişiyi azdırem, xəngəli bişirtdirməsin maa. Arvat deyer, bişirem, amma soruşdunmu, duzunu nə qədər töküjəm? Deyer, yox, ağlıma gəlmədi. Deyer, onda soruş gör, duzu nə qədər töküjəm. Kişi yolu əlinə aler, geder. Xeylax da məsafə var. Çater. Satıcıdan soruşor ki, arvadım deyer, xəngələ nə qədər duz töküm? Satıcı arif olor, göydə vuror-tutor ku, munun arvadı çoxbilmişdi. Tənbəlliyinnən xəngəli bişirmer. Deyer ki, az bişirəndə bir ovuc, çox bişirəndə iki ovuc duz töksün. Kişi deyer, çatanatan yadım­nan çıxjax. Satıcı deyer, başda deyə-deyə get. Bu da geder. Bir də görör, bir kəntçi taxıl əker, yeri şumluyuf, ovcunnan taxıl toxumu səper. Bu da deyer, az tökəndə bir ovuc, çox tökəndə iki ovuc. Kəndçi elə biler, buna deyer. Kişiyi saxlıyır ki, bir da­yan. Sən mənim rastıma çıxmısan, xeyir-dua verməlisən. Amma bu nədi, deyirsən? De ki, məhsulun bol olsun, bunnan çox olsun. Bu da deyə-deyə gəlif bir yas yerinə çıxer. Deyer ki, bol olsun, hamıda olsun. Bunu saxlıyıllar ki, adam helə söz deməz. Sən hər evə yas arzuluyursan? Qoy ölü keşsin, dalınnan da daş atginən. De ki, heş kəsdə olmasın. Bu da yol gedə-gedə fikirrəşir ki, mən daş atmalıyam də. Bunu kimə atım? Birdən görör, bir atdı gəler. Yerdən daşı götürör, ater. Atın əyağına dəyən kimi at hoppaner, kişiyi yıxer. Kişi ajıxlı-ajıxlı duror, munu bir-beş çaler. Munu yumruxluyur ki, görörsən bu heyvandı, sürətnən gederəm. Kənara çəkil. Ya “tüşə-tüşə” elə, ya da bir çəngə ot yol ver. Deyer, ot verməliyəm? Deyer, gördün hey­van gəler, ot ver. Bu da bir çəngə otu əlinə alıf geder. Görör, bir nəfər kürə­yin­də odun şələsi yoruluf yerdə oturuf. Nəfəsini dərer, amma odun şələsi də kürəyin­dədi. Gəler, muna “tüşə-tüşə” eleyir. Otu verməy isdiyəndə adam şələni yerə qoyur, munu çaler. Deyer, sən mənim arxamdaca şələmi qaldırmalısan, mana köməy eləməlisən, mən ayağa durmalıyam. Bu da deyer, səhvimi başa tüşdüm. Gələ-gələ yola baxer, adam axdarer. Çayın qırağında da arvatdar qazan asıflar: kimi çimizdirer, kimi paltar yuyor. Bir arvat da yekə vannanı qoyuf qavağına paltar öykəliyir. Bu da gəlif arvadı arxadan qaldıranda arvat tüşör vannaya. O birilər başıdıyır munu döyəjdiyillər. Kişi deyir, nədi mənim günahım? Maa nə deyillər, onu eliyirəm. Bullar da deyer, görörsən burda arvatdardı. Başını salla düz öyünə get. Nə sola bax, nə sağa. Deyer, yaxşı. Gəler, öyünün arxa tərəfinə tüşör. Deyer, bə maa dedilər düz get. Mən öyü yarıf içinə girəmmərəm.



Bu kişi də hər yerdə döyülə-söyülə gəldihcə üş gün keçif. Öyün dalında zarıya-zarıya arvadı çağırer. Deyer, arvad, bir bel, bir külünk gətir. Arvat gətirer, gəler. Görör, kişi döyülməhdən üzündə şennih qalmıyıf. Deyer, a kişi, niyə bu haldasan? Kişi qayıder ki, mənnən heş nə soruşma. Öyün dalın yarıf, keçif öyümdəjə oturajam. Arvat deyer, bə qazannan nə dedilər? Deyer, heş nə.

Söylədi: Mahizər İsrafil qızı Məstanova, 1955-ci il təvəllüdlü, təqaüdçü. Abulbəyli kəndi
QARAVƏLLİ
Hətəmiydi, Hütəmiydi, Koroğluydu, Kosaçıydı, zurnaçıydı, əmimoğlu Hə­sə­niydi, mən iydim. Bir gün yığılıf söhbət eliyerdih. Dedih, hər yeri gəzerih, do­lanerıx, bir dəfə də gəlin ova çıxax. Məslahat elədih ki, bazar günü bazarın qavaan­da yığılax. Hərə öz silahını götürör, ova gederih. Bazar günü savağ ertə getdih. Gör­düm, Hətəm də gəlif, Hütəm də gəlif, Koroğlu da gəlif, Kosaçı da gəlif, zurnaçı da gəlif, əmimoğlu Həsən də gəlif, mən də gəldim. Kiminin çaxmağı var, kiminin toxmağı var, kiminin lüləsi var, kiminin pıçağı var, kimi­nin tətiyi var. Hərınin bir şeyi var – yaraxlanıf-yasaxlmmışıx. Dedih, yola çıxax. Getdih düzəngah bir yerə. Bir də gördüh, bitməmiş yoşanın divində bir dənə yaranmamış dooşan var. Dooşanı görən kimi hərə bir tərəfdən pusquya durdu ki, gəlin bu dooşanı vurax. Hətəm atdı, dəymədi, Hütəm atdı, dəymədi, Koroğlu atdı, dəymədi, Kosaçı atdı, dəymədi. Zur­na­çı atdı, dəymədi. Əmimoğlu Həsən atemmi dəəndə mən vurdum. Vuran kimi doo­şan yaralandı. Qanı axa-axa qaçer. Hətəm qaşdı, tutammadı, Hütəm qaşdı, tu­tam­madı, Koroğlu qaşdı, tutammadı, Ko­saçı qaşdı, tutammadı, əmimoğlu Həsən əli­ni atdı, “tutommu” – dəəndə mən onnan tez dooşanı tutdum. Dooşan nə boyda! Dooşanı götürdüh, pıçaxnan başını kəsdih ki, piy-palan dooşan yağ. Nağayrax, ney­liyəh? Dərisini soydux, ətinnən dorğadıx. Mən də əyaqqabılarımı götürdüm, doo­şanın yağınnan yağladım. Günün altına qoydum ki, ayaqqabılarım qurusun. Getdih bir uçux karvansarada altı yox qazan tafdıx, əti dorğadıx içinə töhdüh asdıx. Yiməh burda pişdi. Yedih, işdih, dağıldıx hərə öz öyümüzə. Mən də gəldim, qa­pımızın ağzına çatanda isdədim əyağımı soyunam, yadıma tüşdü ki, əyaqqabılarımı orda qoymuşam. Heç əyağımı geyməmişəm. Dedim, bu nə işdi, mən tüşdüm? Mən gedem, əyaq­qabımı qaytarem, gətirem. Getdim, ov elədiyimiz yerə çatanda gör­düm, biri mə­nim əyaqqabılarımı götürüf kotana qoşuf, cütnən, əyaqabılarımnan yer əker. Ayə, nə təər əkersən? Bu mənim əyaqqabımdı. Dedi, əvəzində mən sana darı ve­rərəm. Razılaşarıx. Mana para, yarım darı verdi. Mən bu darıyı nə təər gətirem? Birdən bir atdı qarışqa çıxdı qavaama. Dedim, bu atdı qarışqanın belinə yühlüyüm, gətirem. Nolujax, darıyı yühlüyərəm, özüm də üsdünə çıxaram gəl­mə­yə. Gələndə gördüm bir qarı nənə keçer. Qışqırdım ki, ay qarı nənə, qaç, at xamdı. Qarı nənə qaçmadı. Sən demə, qarı nənə karıymış. Qarışqa qarı nənənin yanına çatanda hürk­mədimi? Hürkən kimi darı yerə tökülüf, oruynan bir oldu. Mən nağayrem, ney­li­yem. Mən darıyı nə təər yığışdırem? Dedim, elə yaxşısı budu, burda əkem, sulu­yum, darı burda çıxsın. Əhdim, suladım. Yolu əlimə alıv evə əldim. Yenicə rahat­da­şırdım ki, dedilər, bə deməzsənmi, padşahın donuzdarı darıya tüşüfdü. Darıyı yiyif dağıder. Dəli oldum ki, nə təər yiyif dağıder? Eşiyə çıxdım ki, əlimə bir şey götürüm, əlimə bir orax keşdi. Orağı götürüf qaça-qaça gəlif darıya çatanda baxdım ki, donuzdar darıyı elə xorthaxort yeyer ki. Dedim, yox, belə şey olmaz. Orağı atdım. Orax donuza dəymədi, başdadı darıyı piçməyə. Darıyı piçdi töhdü. Axırda darıyı yığdı. Bağladım, dərz bağladım, taya elədim ki, qurusun burda. Mən də havaxsa gəlif daşıyar apararam. Dərzi bağla­dım, yenicə sakitdəşmişdim ki, bir də dedilər, öyün yıxılsın, padşahın atdarı dərzdəri dağıder. Etmə, eləmə təmbəllih, çıxdım əlimə bir daş götürdüm ata yaxınnaşanda nə təər atdımsa, daş getdi atın nalına dəydi. Ordan qığılcım tüşdü atın dərzinə. Başdadı taya alışıf yanmağa. Yandı, yandı. İrəli durdum üzüm yandı, geri durdum canım yandı. Dərzi qutara bilmədim, yandı kül oldu. O, yanıf kül olannan sora canım isdiləndi. Əlimə bir ağac aldım, bunun külünü eşələdim. Bir palan gördüm. Baxdım ki, palanın içində bir kitaf var. Açıf oxuyanda gördüm ki, məəm danışdıxlarımın hamısı yalan imiş.

Söylədi: Mahizər İsrafil qızı Məstanova, 1955-ci il təvəllüdlü, təqaüdçü. Abulbəyli kəndi

ATALAR SÖZLƏRİ

Mana bax nə gündəyəm, yara bax, nə sallaner.

Atdıynan piyada görüşməy isdəsələr, biri başını birəz aşağı endirər, biri də başını uxarı qaldırar.

Bu xamır hələ çox su aparajax.

Qızsız ana, duzsuz ana.

Gələn gedənin atasına rəhmət oxutduror.


ALQIŞLAR

Ağ günnü olasan.

Üzünə qapılar açılsın.

Yarıyannardan olasan.

Nə arzun, murazın var, ona çatasan.

Bir oğlun min oba olsun.

Neynim, nejeliyim deməyəsən.

Balalarının barın yiyəsən.

Üsdünnən ağ yel, qara yel əsməsin.
QARĞIŞLAR

Allahın yerə ensin.

Allahın tökülsün.

Allahın qara əlsin.

Sağ suratın soyulsun.

Üzün yerdə qalsın.

Gözün işıx görməsin.

Qırx qapı sana, görüf-görəcəyin dədən öyü olsun.

Günün göy əysiyə dönsün.

Günün günbatannan doğsun, suyun zəhrimardan gəlsin.

Ağzın ilan kötüyü dadsın.

Yiyən ölsün.

Ağ günün qarannığ olsun.

Ağ gün dəəndə burnuun uju göynəsin.

Ağzında dilin yansın.

Günün kösöyə dönsün.

Dilin ağzında yansın.

Dilin lailəllaha dömməsin.

Qara baxt, qara yığval ol.

Əlin toy xınası tutmasın.

Gərdəh dalı görmüyəsən.

Qarnın dolu, yanın boş olsun.

Əməyin itgin, dizin sıyrığ olsun.

Qulağın Quran səsi eşitməsin.



Qardaş türk folkorundan



Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə