Dədə Qorqud ● 2015



Yüklə 1,39 Mb.
səhifə13/17
tarix23.10.2017
ölçüsü1,39 Mb.
#6407
1   ...   9   10   11   12   13   14   15   16   17

Mifoloji lay: İlk əcdadın sözlə adlandırma yolu ilə dünyanı yaratması;

Dini lay: Allahın varlıq aləmini sözlə xəlq etməsi;

Təsəvvüfi-irfani lay: sözün yaradılış aləminin mahiyyətində durması;

Bədii-poetik lay: şeirin nurdan yaranması metaforası.

Göründüyü kimi, M.Hadinin yaratdığı “Şeirin nurdən məstur olması” meta­forası varlıq aləminin yaranmasının Azərbaycanlı düşüncəsindəki bütün epoxal-ideoloji qatlarını özündə qovuşdurmaqla birbaşa mifoloji düşüncə layına bağlanır.

XX əsrin əvvəllərində A.Səhhət , M.Hadi yaradılıcılığında izlənilən “nur”, “işıq“ mifologemi ənənəsi əsrin sonunda R.Behrudi yaradıcılığında daha mü­kəm­məl tərzdə təzahür edir . O, “işıq”, “nur “ mifologemini obrazlı şəkildə poeziyaya gətirərək türk mifologiyasında insanın ilkin yaradılışı haqda mövcud olan miflərə yeni həyat verir . Müstəqillik dövrünün keşməkeşlərindən baş acmağa can atan şair ücün “işıq” ilk yaradılış mənbəyi, inanc və and, günahsızlıq nöqtəsi olduğu kimi eyni zamanda insanların öz əməllərinə görə hesabat verəcəkləri son dayaq yeridir .

Şairin fikrincə, işıq türk xalqlarının ilkin körpəlik dövrünün mifik düşüncə tərzinin əsas ünsürlərindən biridir. O, ilk insanlara analıq edən qadının mavi işıq­dan doğulmasına yaradılış məsəllərimizdə Tanrının özünün göyün yeddinci qa­tında özü ücün yaratdığı aləmin bir nur, bir işıq aləmi olmasına, oğuz dastan­la­rının qəhrəmanı Oğuzun üzünün mavi, bədəninin işıqlı və nurlu olmasına, onun oğullarını qəhrəmanlığa aparan Boz qurdun da günlərin bir günündə Oğuz xanın çadırına doğan mavi işıqdan doğulmasına inanaraq xalqımızın dilində işığın müqəddəsliyini göstərən “işıq haqqı” andına xüsusi ehtiramla yanaşır.

İşıq onun lirik qəhrəmanının “can”ı, “ürəyinin yağı”, “gözünün qarası”, “anasının üzünün nuru”, “ bacılarının sevgilisi”, “qardaşlarının yarası”dir:

Canım işıq, gözüm işıq!

Gözüm – işıq , üzüm işıq.

Necə vaxtdır nur içində -

sözüm işıq .

Ürəyimin yağı,

Gözlərimin qarası işıq!

Anamın üzünün nuru,

Bacılarımın sevgilisi,

Qardaşlarımın yarası,

Yurdumun birər-birər

Parası işıq! (15, 44).

Şair hesab edir ki, işığın nuruna boyanmayan insan qəhrəmanlıq göstər­məyə qabil deyil :

Canım işıq, gözüm işıq!

Öz nurunla boyamadın hər igidi (15, 44).

Dövrünün ictimai-siyasi hadisələri ilə əlaqədar olaraq onun şair ruhunun yeganə tapındığı , giley və and yeri işıqdır.

Mavi işıq,

Dünya bizə düşmən olub,

Bəxtimizdən üz cevirib.

Təkcə sənə

Tapınmışıq

işıq,


şıq!../ (15, 44).

Eyni zamanda işıq şairin təfəkküründə Tanrının, xalqı naminə qan tökmüş qəhrəmanların ruhunun, Vətən torpağının ümumiləşdirilmiş və nə vaxtsa borcu­nu yerinə yetirmədiyinə görə qarşısında hesabat verməyə utandığı müqəddəs anlayışdır:

Canım işiq, gözüm işıq,

Bu gün səndən utanıram

İşıq haqqı, işıq, işıq !

Qorxuram ki , bir gün gələ,

Göydən enib soruşasan,

Səni necə yarıtmışıq? !

Canım işıq, gözüm işıq,

İşıq... İşıq... (15, 45)

Şairin lirik qəhrəmanının ən böyük təsəllisi həyatda “nur”u görüb, “nur”u sevənlərdir. Cünki onun fikrincə, “nur” dünyanı , bəşəriyyəti pislikdən, rəzillik­dən xilas edən yeganə paklıqdır:

Təkcə sən bilirsən

O nur da, Gürşad da sənə bəllidir.

Mənimtək o nuru görüb sevməyin,

Ruhuma ən böyük bir təsəllidir (15, 180).
İşin elmi nəticəsi və yeniliyi: Aparılan araşdırmaya əsasən, dunya mifo­logi­yasında işlədilən “nur”, “işıq” anlayışları Azərbaycan xalqının yazılı və şifa­hi ədəbiyyatında olduğu kimi poeziya nümunələrində də məna kəsb edən mifo­logem kimi istifadə olunmuşdur.

Araşdırmanın elmi-nəzəri əhmiyyəti: Məqalədən Azərbaycan poeziyası­nın mifopoetik strukturunun tədqiqi zamanı nəzəri qaynaq kimi istifadə etmək tövsiyə olunur.
ƏDƏBİYYAT
1. Мифы и мифология / Всемирная энциклопедия: мифология. Минск, «Современный литератор», 2004, с. 5-21

2. Токарев С.А, Мелетинский Е.М. Мифология / Мифы народов мира. В 2-х томах. Том 1. Москва, «Советская энциклопедия», 1980, с. 11-20

3. Неклюдов С.Ю. Структура и функция мифа // http // www.ruthenia.ru

4. Rzasoy S. Şüurun inkişaf mərhələləri: mifoloji və tarixi şüur / Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, XLI kitab. Bakı: “Elm və təhsil”, 2013, s. 168-201

5. Байбурин А.К. Мифологема / Свод этнографических понятий и терминов, вып. 4. Москва: Наука, 1991, с. 78

6. Tağıoğlu Ə. Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi. Bakı: Elm, 1991, s.17

7. Эрлих Р. Иблис – Музыкант / Записки коллегии востоковедов. Tом V. Ленинград: Издательство АН СССР, 1930, с. 393

8. Seyidov M. Qorqud sözünün etimoloji təhlili və obrazın kökü haqqında qeydlər // “Azərbaycan “ jurnalı, №1,1989, s. 179

9. Хрестоматия по истории Древнего мира. Москва: Наука, 1950, с. 277

10. Abdulla K. Mifdən yazıya və yaxud gizli Dədə Qorqud.Bakı: Mütərcim, 2009, s. 52-54

11. Göyüşov N. Füzuli: düşüncə və ruhun poetikası. Bakı: Elm və təhsil, 2012, s. 57-58

12. Vəliyev İ. Mif: kecmişdən gələcəyə. Bakı: Nurlan, 2013, s. 17

13. Səhhət A. Seçilmiş əsərləri. Bakı: Lider nəşriyyatı, 2005, s. 60

14. Hadi M. Secilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2005, s.7

15. Behrudi R. Turan - ruhu sözlərimdə çırpınan ölkə. Bakı: Azərnəşr, 2010, s. 44

Çapa tövsiyə edən: fil.ü.f.d. Ağaverdi Xəlil

Azərbaycan folklorundan yeni nümunələr

TOVUZ FOLKLORU
Tovuz rayonu Azərbaycanın qərbində, Qazax-Gəncə düzənliyində yerləşir. Ərazisi 1903 kv km, əhalisi 160 000 nəfərdir. Mənbəyini Axınca çayından götürən Tovuzçay şəhərin kənarından axır. Tovuz­çay hidronimi Azərbaycan ərazilərinin qədim dövrlərini əks etdirən xəritələrdə qeyd olunmuşdur. Tovuzda 1 şəhər, 1 qəsəbə və 102 kənd, eləcə də başqa kiçik yaşayış mən­tə­qələri vardır.

Tarixən folklor ocağı hesab edilən Tovuz ərazisində oğuz qrupu türk dillə­ri­­nin dil xüsusiyyətləri bugünədək qorunub saxlanmışdır. Bu fakt Tovuz bölgə­sin­dən – Keşkənd, Təzəkənd, Sarı Tala kəndlərindən toplanmış folklor örnəkləri­nin dilində öz təsdiqini tapır. Diktofon vasitəsilə qeydə aldığımız mətnləri yazıya kö­çü­rərkən dil-üslub, dialekt-şivə xüsusiyyətlərinin qorunmasına diqqət yetir­mişik. Qədim yaşayış məs­kəni olan Tovuz ərazisində yerli sakinlərlə görüşə­rək zəngin fol­klor ehtiyatına malik olan yaşlı insanlardan topladığımız mətnlər içəri­sində atalar sözləri və məsəllər, nağıl, lətifə və rəvayətlər, etnoqrafik mate­rial­lar, mifolo­ji mətnlər üstünlük təş­kil edir. Söylənilən mətnlər əhalinin adət-ənənə­sini, məişə­tini, məşğuliyyətini aydın şəkildə əks etdirir.

Bəllidir ki, folklor materialları tariximizi əks etdirən dəyərli faktlarla zən­gin­dir. Bölgədən qeydə aldığımız nəsil, tayfa, yer-yurd adları haqqındakı mətn­lər və əfsanələr dediklərimizin sübutudur. Oğuz tayfalarından biri olan “sal”la bağlı dağ adı Salsal haqqında xalqın mifik təfəkkürünü əks etdirən rəvayət, Haça Qaya, Aldədə, Seyid Səlmi ziyarət­gahları ilə bağlı söylənilənlər də olduq­ca maraq­lıdır. Adı Alı Dədə olduğu deyilən Seyid Ağa­mirəli – Aldədə XIX əsrin əvvəl­lərin­də yaşamışdır. Bu gün Tovuz əhlinin ziyarət etmə­yə həsrət qaldığı bu sınaqlı ocaq da erməni əsirliyindədir. İnsanlar Axınca çayının gün­batan istiqa­mə­tində yerləşən bu ziyarətgahı dolana bilməyib qəbul olunmuş qurbanları kör­pü­nün üstündə kəs­mə­yə məcbur qaldıqlarını ürək yanğısı ilə söyləyirdilər.



Nigar Həsənova

filologiya üzrə fəlsəfə doktoru


ETNOQRAFİK MƏTNLƏR
Yer, yurd adları və nəsillər

I mətn

O vaxdı bu Touz çayında gəmi işdiyif. Sonra başdıyıf su çəkilməyə. Mən can­nı şahidi oldum, neçə yerdən barxana tafdılar, qazan, səhənk tafdılar – qa­ya­ların içinnən. Aparıf basırıflar yerə. Soora su çəkilif. Nəticədə millət qırılıf.



Söylədi: Mansurlu Novruz Mürşüd oğlu, 1936-çı il təvəllüdlü. Təqaüdçü. Təhsili 7 illik. Əsli Əlimərdannı kəndindədir. Təzəkənddə yaşayır.
II mətn

Qasımyatan yal. Tovuzda belə bir kişi olub – Qasım adında. Bunun yolda­şına bəylər, xanlar dövründə bəy sataşıb. O da bəyi öldürüf qaçıf. Gəlif bu Qasım­yatan yalı deyilən yerdə yatıf. Kənd əhalisi səhər heyvan haylıyanda, mal örüşə aparanda görüflər, orda bir nəfər yater. Kişi bir müddət orda qaçax kimi qalannan sora gedif. O vaxtdan həmin yerə Qasımyatan yal deyellər.

Çopurun çardağı deellər. Şəmkirdən Çopur adında bir kişi gəlif orda mal-hey­van saxlıyırmış. Qış da olanda çardağı sökmürmüş. Ona görə də qalıf Çopu­run çardağı.

İmarət yeri – Bu Slavyankada rusdar yaşıyırdılar. Orda meşə çoxuymuş. Gəlillərmiş ağaşdarı qırıllarmış. Orda qurullarmış onu. Birinci evin əsasını qurullarmış ki, bir-birinə nə təər calamaq olar. Buun adı qalıv İmarət yeri.

Maral dağı – Ora qorunsa da, qorunmasa da daim maral var.

Sarı Tala – yalnız çiçəhlər oluf. Birinci bura gələn deellər, Göycə Ələhbə­rov addı kişi oluf. O kişi bu talanın ortasında bir imarət tikif. Deellər, Göycə Ələh­bərov Sarı Talanı pozdu.

Göyəbaxan kəndi – Meşənin, dağların arasında olan kəntdi. Baxırsan heş yer görümmür. Eləcə ay, ulduz, gün görünür. Ona görə Göyəbaxan adlanır.

Mətni söyləyən qadın - Sarı Tala kənd sakini Vüqar müəllimin (Xan) anası adının qeyd olunmamasını xahiş etdi.

III mətn

Bizim kətdə bir axunt dərs keçermiş. Sovet dövründə Alakolda, Qırıxlıda təhsil alıllarmış. Bu ərazilər boş tala oluf. Sarı çiçəhlər bitermiş. Ona görə Sarı Tala kəndidi.



Çovan sığınacağı oluf. Sora Köçün başı deyilən yer var. Ora güney yer oluf. Yaza yaxın vaxtda qar tez əriyirmiş. Ot tez gəlermiş. Bizim nəsil Qala boyunnan gəlif. Daniyarrı deellər, Alakoldan gəlif. A bala, söz bilən kişilərimiz hamısı gedifdi. Abbasəli kişi ölüf.

Söylədi: Çingiz Murtuz oğlu Abdullayev, diş texniki. Sarı Tala kəndi
IV mətn

Kolxoz vaxdarında mohumat işdərinnən qorxuflar. Molla qorxusunnan gəliv ölü götürə bilmirdi. Molla dua oxuya bilmirmiş hökümətin qorxusunnan. Mə­nim anam seyit qızı oluf – Seyit İbrahimin. İrannan gəlif. İmannı kişi oluf. Biz Allahı tanımışıx, amma ürəyimizdə. Bizim bir Ağaşqala kəndi var. Ollar indi də Allahdan ası düşüflər: Allahın belə-belə olsun.

Bizim qavamızdakı kənd var, ollar bizdən qavax gəliflər – Dondar kəndi. Bizim babalar da məsləhət eliyiflər ki, qonşu olaq. Ollar da deeflər, o sarı çiçəhli talada da siz yerrəşin. Yenə qonşuyuq. İşığımız bir-birinə tüşsün. Qonşularımız da Dondar Quşçu kəndinnən köçüf gəliflər. Kəndimizin tarixi iki yüz ildən çoxdu. Bizim dördüncü bavamız gəlif bu kəndə. Kəndimizə Ala Koldan, Xırna dərəsinnənYanıxlı kəndinnən də köçüf gələnnər oluf.

Söylədi: İbrahimov Polad Abbasəli oğlu, 1953-cü il təvəllüdlü. Orta təhsilli. Sarı Tala kəndi
Toy adətləri

Qardaşdıx – Bir-birinin sözün tutan adamlar toyda bir-birini qardaşdıx tutur. Qudalıx da çox hörmətdi olur. Bu qohumluğun da yolun gözdüyüllər.

O vaxları mən filankəsi isdiyirəm, mən filankəsə getmirəm yoxuydu. Ata-analar bu işə tam qarışırdı. Ollar razı olmasa, kimisə almax mümkün döyüldü. Elçi gedilər, “hə” alardılar. Bir üzük, baş şalı aparardılar. Onnan sora nişan, sora toy olardı. Əvvəllər bizdə qavaxca oğlan toyu, sora qız toyu olardı. Qızı qız toyunnan sora aparardılar. Ayrıca paltarbiçdi olurdu - toydan bir-iki gün əvvəl. Coraf, ayaqqabıdan savayı çox geyimlər paltarbiçdidə olurdu. Paltar tikilir, toya hazırrıx görülür. Onnan sora olurdu xınayaxdı. Oğlan öyü toy çala-çala – zurnaynan xına aparırdı. Gəlini də atnan aparırdılar. Oğlan bəyləri – özünəbəylər atdarı minərdilər on-on beş dənə, yarışa-yarışa gedərdilər. Görəh bəyi kim keçəjəh? İki-üç ağsaqqal da yannarında olardı. Güləş, qurşaxtutma da o biri kənddərdə olurdu.



Kirvə görərgəsi – Ürəyinə yaxın bir adamı, uyğun bir adamı deersən ki, məəm uşağımın kirvəsi bu olajax. Əvvəl gediv özünnən razılığ alırsan. Kirvəlik bir xoş niyətdi. Ona görə narazı olan olmur. Çox adam razılıx verir. Toyun içinə kirvələr dəs gəler. Kirvəlik uzun müddət davam eliyir.

Söylədi: İbrahimov Polad Abbasəli oğlu, 1953-cü il təvəllüdlü. Orta təhsilli. Sarı Tala kəndi
Yas adətlərindən

I mətn

Molla Qayıf deyerdi, cənazəni aparanda qaydasında olmalıdı. Səmti düzgün olmalıdı. Bir dəfə cənazəni aparıf qavıra sallıyanda göröllər tərsinədi. Eləcə də qavra qoyollar. Orda deyellər, səhv eləmişih, çıxardın, fırrıyın. Amma bu ölüdən soora yeddi ölü gəleyjəh. İki ayın içində yeddi ölü getdi. Bir küçədən. Hər gün də camahat qorxordu ku, indi kim gedjəh. Kiminin ajal vaxdı çaterdı, kimi də durduğu yerdə. Onda dedilər, tərs gedən ölü arxasınca 7 nəfər aparer.



Söylədi: Mahizər İsrafil qızı Məstanova, 1955-ci il təvəllüdlü, təqaüdçü. Abulbəyli kəndi
II mətn

Gorunda çırax yandıreyjam. İstər oğul olsun, istər gəlin, istər nəvə. Adətdi, yüyət yerində 40 gün yaner çıra. Sora ölünün üsdə ki, daş qoyollar, cənazə gedəndə götürüf atellar. Özü də şamın yanında duz, çörəh, pişka qoyulor. 40 gün durmalıdır. Şəm da yaner. Elə bil onun şirinniyi öyə xeyirxuannıx gətirer. Daş ağırrığı aparer. Dalınnan eldən cinaza isdəməsin. Bir də köş getməsin. Meyitə əli dəymiş adam qüsullaner. Tovuzun elə dağ kətdəri var, mən görmüşəm, çıra yüyət yerində yox, öyün pəncərəsində alçax xodda yaner. 7-də mərəkiyə köməy eliyəndə görmüşdüm. Bozalqannıda helə döy. Cinazə öydən çıxanda baş qavaxda, ayax dalda çıxarılmalıdı. Bir dəfə olmuşdu, hamamda yumuşdular. Fırrıya bilməmişdilər, baş-əyax çıxartmışdılar. Oon dalınca küçədən 7 ölü çıxdı.



Söylədi: Mansurlu Sevil Novruz qızı, 1960-cı il təvəllüdlü. Orta təhsilli. Bozalqanlı kəndi
Vergi

Narın divində paltar yuyurdum. Bir də gördüm, kimsə qavaamda duruf ki, sən bərk qışqır, qoy həm gün çıxsın, həm yağış yağsın. Əlimi sudan çıxartdım. Həqqi­dən də mənə bir çığırmax gəldi. Elə çığırdım nətəri. İrəhmətdih qaynatam yuxudan qalxdı ki, ay bala, niyə çığırersan? Dedim, gözümə görüküllər. Bir gün gördüm, qaynatam yatdığı yerdən bir plaşdı kişi məni çağırer, Sevil, ay Sevil, getmersənmi? Dalımnan gəl. Gejədi ha. Arxasınca düşdüm, düz Bozalqannının arxınacan gəldim – qavırsannıx baravarı. Suya batanda dedim, bismillah. Dedi, sağ ol, getdi. Qaça-qaça öyə qayıtdım. Hamını oyatdım, danışdım. Qaynatam de­di, a günün qara əlməsin, mən yerimdəcə yatmşam. Bu nə işdi? Xəsdələndim. Gö­­zü­mə görükən də danışmağa qoymordu. Qollarım bağlanerdı, ağzım əyilerdi. Yuxumda gördüm, ziyaratgaha gederəm, oğlum da yanımda. Göyün üzünə “Al­lahu Əkbər” yazıler. Çaya çateram. Camahat burda çimer, geder ziyarata. Kimin əməl-salahı düzdüsə, yaxşıdısa, burya namaz qılmağa keçer. Qalanı da göyün 7-ci qatına qalxer. Ojaxdan sümühləri çıxer. Bir əmmaməli kişi göründü, dedi, gəl, bura Bibi-Heybətdi. Dedim, heş gəlməmişəm. “Quran”ı göstərdi ki, niyə qəbul eləmiyifsən. Dedim, savadım yoxdu. Dedi, elə əzbər bilejehsən ki. Sən qəbul eylə bunu. Dedim, mənim qaynatam, qaynənəm elə kürdü ki. Dedi, sə­nin böyüh oğlunun adını Həzrət Abbasın adını qoymalıydın. Elçin qoyufsan. Sol əlini aley­jam. Onda bu Quranı qəbul elijəhsən. Sora bir gejə də gördüm gəlifdi. Dedi, sübh tezdən qalxarsan, oğlun çay qaynadeyjax. Dəmi olmuyjaxdı. Qalxanda işər­sən. Qapıya da iki göyərçin düşüjəhdi. Olara dən tökər, lal-kar öydən çıxar ge­dər­­sən. Arxana çönəndə eşidəjəhsən ki, oğlunun əli yoxdu – Haça Qayadadı. Bar­maxların Haça Qayadan tapeyjaxsan. Birdən oğlum çağırdı ki, çay qaynat­mı­şam. Durux­dum ki, mən bunu yuxudamı görürəm. Qalxdım, gedif iş­dim. Tez­dən­­nəndi.

Eşihdəcə iki gözəl quş qavağımaca tüşdü. Xeylax dən töhdüm. Quşa yalvardım ki, bircə Elçin ölməsin. Yola çıxdım. Damın böyründəciyəz xavar gəldi ki, əlində nə partdıyıf, Elçinin əli üzülüf. Üç uşağın heş birinə heş zad olmamışdı, qəlpə Elçinin əlini aparmışdı.

Anamnan getdih Haça Qayaya. Uxarı çıxmağ isdiyirdih. Əlimi atanda gördüm, sümühlər əlimə gəldi. Aşgarca. Yuxumda nə təhər görmüşdümsə.

Gəldim öydə Dilqama – yoldaşıma dedim, mana nə deersən, de. Yuxumda stola Quran qoyulur. Mən götürjəm. Dalaşdı ki, ola bilməz. 6 ay sərbəsər Dilqam ölüm əyəğında yatdı. Ona da deeflər, Sevilə razılıx versən, əyağa qalxaşsan. Dedi, öyün yıxılsın, Sevil, mən halallıx vererəm. Gejə gördüm ki, 12 imamımız gəlifdi. Öydə də heşnə yoxdu bişirməyə, yeməyə. Dedilər ki, incir ağacının al­tın­da iki yerə çörəh bişirif yığıflar. Get gəti, savax uşax aj qalmasın. Savax açılanda bir arvat maşınnan bir ələm çörəh gətirdi. Sora cöyüz ağacının altda yatmışam. Gördüm, deellər, qəbul eliyersənmi Quranı? Oğlun bu dəfə kalyaskada gəzeyjəh. Dedim, yox, Quranı ver.

Söylədi: Mansurlu Sevil Novruz qızı, 1960-cı il təvəllüdlü. Orta təhsilli. Bozalqanlı kəndi

Xaşıl

Deer, qaynənə gəlinə yeməh vermirmiş. Qaynənə harasa gedəndə gəlinnər deer, eşşəyin belində un, yağ gətirəh, xaşıl bişirəh. Bişirillər. Yaddan çıxır oxloy qalır xaşıllı. Qaynənə gəlir ki, nə pişirif yeyifsiz? Deellər, heş nə. Oxloyu tapıf göstərir ki, bu nədi, xaşıl pişirifsiniz? Özü də eşşəhnən gətirifsiz.



Söylədi: İbrahimova Gilas Həsən qızı, 1960-cı il təvəllüdlü. Təhsilsiz. Sarı Tala kəndi
NAĞILLAR

Şah Abbas

Biri varmış, biri yoxmuş, bir Şah Abbas varmış. Onun cavan vaxdıymış. Elə biler ki, dövləti ədalətnən idarə eliyer. Bir gün vəzirə deyer, vəzir, mən ölkəmi gəzməh isdiyerəm. Amma məni tanımasınnar. Göröm camahat nətəər yaşıyer, nədən şikatdarı var. Vəzirnən ikisi də dərviş paltarı geyiner, tüşöllər ölkəni dolammağa. Pütün günü dolaner, axşam olduxları yerin yaxınnığında bir öyün yanınnan keçəndə görör işıx yaner. Vəzir deyer, şah sağ olsun, öyə qayıtmalıyıx. Şah deyer, yox, hələ qayıtmıyax, bir nəfərin də gejəni nə təər keçirməyinnən maraxlanax. Həmən işıx gələn qapını döyöllər. Soruşollar, kimdi? Deyellər, Allah qonağı. Deyer, gəlin, amma axşam gəldiyinə qonax öz çuxasınnan yeyəjəh. Öy yiyəsi bulları qəbul eliyif içəri keçirer. Oturor, görör, öy səliqəlidi. Vəzirnən şah bir-birinə baxellar ki, bu öydə heç nə gəzən, nə dolanan yox. Bircə öy yiyəsi kişidi. Bir az keçənnən sora bir qız uşağı gətirif bullara süfrə açer, yiməh qoyor. Şah baxer ki, öy yiyəsinin qızının gözü çəpdi. Bilmer vəzirə nə təər desin, qayıder ki, vəzir, baxersammı, bulların bacası əyridi. Vəzir baxer ki, baca düzdü. Şah niyə belə dedi. Qız deyer ki, ay qonax, bacamız əyri olduğuna baxma, tüsdü düz çıxer. Daa söhbət getmer.

Səhər açılanda şah deyer ki, vəzir, dur qayıdajıx taxtı-tacımıza. Bullar danışmadan gəlellər taxtı-tacına. Şah libasını geyer. Vəziri çağırer ki, gedif o qızı aler, mana gətirersən. Vəzir deyer, şah sağ olsun, dünən bir cümlə sən dedin, bir cümlə qız. Mən heş nə başa düşmədim. Şah deyer, qız başa tüşdü. Onnan mana yaxşı kəniz olar. Get atasına de, qızı mana versin. Vəzir söyüncək geder ki, kasıv adamdı, mən deyən deyən kimi atası vereyjək.

Vəzir gəler ki, bəs məni Şah Abbas göndərif. Deyer, qızını özümə hərəmi eləməh isdeerəm, versin mana. Atası deyer ki, yəni axşam mənim qonağım Şah Abbas imiş? Deyer, hə. Kişi gəler, qızına deyer ki, Şah Abbas sana elçi göndərifdi. Qız deyer, gedin Şah Abbasa deyin ki, desin o nə işin sahibidi, sora elçi göndərsin.

Vəzir qayıdıf gəler saraya. Şah Abbasa danışer ki, qız soruşor ku, nəçidi, nə işin sahibidi. Şah deyer, vəzir, mən bu qızın ağlına heyran qaldım. Ona de ki, mən əyaləti idarə eliyən şaham. Amma qız razı olmor ki, onun əlində bir sənəti ol­masa, mən ona getmijəm. Atası deyer, ay qızım, sən şahın sözünü yerə sa­ler­san. O bu boyda əyaləti idarə eliyer. Qız deyer, yox, o məni hansı sənə­tin­nən sax­lıya bilər. Vəzir gəler şahın yanına ki, qız deyer, hamı şah ola bilər. Mana onun sənəti lazımdı. Şah soruşor, vəzir, mən ona hansı işi deyə bilərəm ki, mə­nim əlimnnən bu iş gəler. Sən get sənətkarrara de ki, kim mənə sənəti öyrə­dər. Və­zir carçıları göndərer. Hər tərəfə car çəkiler ki, Şah Abbas sənətkarları çağırer. Bulların biri deyer, mən hörgünü öyrədərəm, biri deyer, dəmirçiliyi öy­rə­dərəm. Vaxt da şahı qane eləmer. Elə bir sənət isdiyer ki, tez öyrənsin. Xalça to­xuyan deyer, şah sağ olsun, ilmələri tez vursan, tez öyrə­nər­sən, gej vursan, gej. Şah “gejə-günüz işdiyərəm” - deyer. Xalçaçı deyer, onda üş günə xana toxumağı öy­rədəjəm.

Şah öyrəner. Vəziri göndərer ki, denən mən xalça toxuya bilerəm. Mana gələrmi? Qız deyer, sözünü xalçada yazsın göndərsin. Şah görör, çətinə tüşüf. Amma düşünör ki, nə təhər olsa, mən gərəh qızı yola gətirəm. Bir kasıvın qızı mən boyda şahı bu vəzyətə salıf. O qız özünü nə qədər ağıllı göstərsə də, mən onnan ağıllı çıxmalıyam. Duror, naxışdarnan eşqini bildirer. Ona sevgi məytuvu yazer. Xalçanı qıza göndərer. Qız xalçanın üsdündə Şah Abbasın yazılarını oxuyur. Deyer ki, mən inandım, razıyam.

Şah toy tədarükü görör. Qırx gün toy eliyer, qızı gətirellər. Şad yaşıyıllar, ömür süröllər. Bir gün yenə şah deyer, vəzir, çıxax yenə bir əyalətimizi dolanax. Görəh millətimiz nə təhərdi. Şah Abbasnan vəzir getdihləri yerdə, özü də qızıl götürüf, anrı-bəri götürüf – yühləri var, amma dərviş paltarındadılar, tanıyan yox­du ku, bullar kimdi. Quldurrara rast gəlellər. Bilmellər ki, bullar şahdı, vəzirdi, amma göröllər yühləri var. Bulları allader tutollar, aparer bir daldey yerdə quyuya salellar. Deyellər, nə qızılın, pulun varsa, ver. Bullar deyer, nə isdiyirsiz, vererih, amma bizi öldürmüyün. Quldurrar deyer, öldürmərih. Əliniz­dən hası iş gəler? De­yer, mən gəvə toxuyoram. Aparar sarayda şahın arvadına satar, çoxlu pul qaza­nar­san. Quldur deyer, sən nə təər gəvə toxuyassan ki, mən şaha satam. Tutulan deyer, şaha yox, şahın arvadının yanına get, o sənin istə­di­yin qiyməti verəsidi.

İplər gətirellər, şah toxuyor, yazer da ki, bullara çoxlu pul ver, mən darda­yam. İlmələr də qız oxuyası formadadı. Quldurrar gəvəyi gətirellər saraya. Qapı­çı­lar buraxmaq isdəmiyəndə bullar deyer, xalça gətirmişih, ancaq şahın arvadına sa­ta bilərih. Şahın da arvadı gözdüyör neçə gündü, şahdan xavar çıxmer. Gəvə gə­lif dəəndə fikirrəşer ki, Şah Abbasın yeganə bildiyi sənətdi. Buna xavar göndə­rə­cəyi ancaq gəvə ola bilər. Ona görə də deyer, gətirin baxem. Baxanda görör, Şah Abbas yazıf, bizi tutuflar, dardayıx. Deyer ki, bu gəvəni kim toxu­yufsa, yenə toxu­sun, mən alıjam. Bullara çoxlu pul verer, yola saler. Şah ikinci gəviyi toxuyor, har­da nə vəzyətdə olduxlarını yazer. Belə-belə güzəran­narın çatdırer. Arvadı qoşun gön­də­rer, Şah Abbası xilas eliyer, götürör, gəlellər.

Şah Abbas deyer, mən şah da olsam, sənət vacib imiş. Məni şahlığım xilas eli­yə bilməzdi. Sənət məni xilas elədi. Əmr verer ki, ölkədə hər kəsin sənəti olmalıdı.

Söylədi: Mahizər İsrafil qızı Məstanova, 1955-ci il təvəllüdlü, təqaüdçü. Abulbəyli kəndi
Kefli İskəndər

Biri varmış, biri yoxmuş, bir padşah varımış. Bunun üç qızı varmış. Bir gün padşaha üç yemişi hədiyyə gətirellər. Padşah deyer, vəzir, yemişi kəsginən. Birini kəser, ilənmiş çıxer. İkincisini kəser, yarı ilənmiş, yarı babat formada olor. Üçüncüsünü kəsəndə görör, dəyəsi vaxtdı. Padşah deyer, vəzir, sən bu ye­mişdərdə bir məna görörsənmi? Mən şübhələndim. Sən bir bilici gətir, görüm bu yemişdər belə çıxdı. Vəzir bilici gətirer. Bilici deyer, padşah sağ olsun, mən belə yozoram ki, sizin üç qızınız var. Böyüh qızınızın ərə getməh vaxdı keçif. Or­tancıl qızınızın vaxdı ortadı. Amma kiçih qızınızın əsil ərə getməh vaxdıdı. Pad­şah deyer, vəzir, car çək ki, mən qızdarımı yuxarı çıxardıjam, hərəsinin də əlin­də alma. Hansı qızım hansı oğlanı bəyənsə, ona almanı atsın, qızımı həmin oğ­lana da verjəm.



Hər tərəfə car çəkellər, yaraşıxlı, igid oğlannar gəlsin. Padşah kürəkən axdarer. Oğlannar yığılır gəler, bir-bir bu qızdarın qavaannan keçellər. Böyüh qız almanı vəzirin oğluna, ortancıl da vəkilin oğluna ater. Pütün oğlannar gəler, keçer, kiçih qız almanı atmer. Padşah deyer, kim gəlmədi ki, mənim qızım almanı atmadı. Deyellər, ola bilsin kimsə qalıfdı. Padşah əmr verer ki, öyləri axdarın ki, kimin öyündə subay oğlan qalıfdı. Mənim qızımın gözdədiyi oğlan gəlmədi. Axdarıf göröllər ki, kasıf bir komada Fatma qarının oğlu İsgəndər qalıfdı. Bu yaraşıxlıdı, amma o qədər qorxaxdı, o qədər də təmbəldi kin, yerinnən qalxıf yiməh yemer. Buna deyellər vəzyəti. İsgəndər deyer, şah məsləhət bilersə, qızını mənim yanıma göndərsin. Mən gedə bilmərəm. Şahın da adamları munu çığırda-çığırda aparellar. Qızın qavaannan keçəndə qız almanı muna ater. Padşah dəli olor. Bir muna bax, seçdiyi oğlana bax. Padşah deyer, qızım, bir də fikirrəş. Yenə pütün oğlannarı keçirder. Qız almanı yenə qorxax İsgəndərə ater. Padşah hirsdəner. Deyer, get qorxax İsgəndər səni dolandırsın. Böyüh qıznan ortancıl qıza toy eliyer, birini vəzirin, o birini vəkilin öyünə köçürör. Kiçih qızı da İsgəndərin öyünə yola saler. Qız baxer, öy bir komadı. Bir qoca qarı var. İsgəndər də yerinnən qalxmer. Qız fikirrəşir, mən bunu yavaş-yavaş adam eləməliyəm. Başdıyer şirin dilə. Qarı bir gün baxer ki, gəlin İsgəndəri yerinnən qaldırıf hərəkət elətdirer. Get-gedə bunu ələ aler. Deyer, ay İsgəndər, olarmı, bir çıxasan küçəyə baxasan, kimlər var. Bu çıxer küçəyə, tez də qayıdıf gəler ki, orda adam çoxdu, getmerəm. Gəlin deyer, yox, onnarın yanına getmə, amma sayını hər gün gəl, mana de. Belə-belə bu admlara öyrəner, say öyrəner. Bir gün də deyer ki, barmağımda üzüyü, qulağımda sırğanı satdım, alıb yedih. Bə indi nəynən dolanax? Mən yumaxnan ip əyirem, sən apar sat bazarda. Bazarrıx da gəti, belə dolanax. Qaynanasınnan ikisi də ip əyirellər, bu aparer, sater. Yolda görör, bir pişiyi döyöllər. İpin də pulu əlindədi. Buna deyellər, qəssavın satdığı əti yeyifdi, qəssaf döyör. Pulu verer, pişiyi də götürör. Evə gələndə anası soruşor, nə aldın? Deyer, heş nə. Anası pişiyi görör, ajıxlaner. Gəlin deyer, bu da bir işdi. Savağı gün yenə ip verellər, aparer sater. Görör, bir nəfər işci axdarer. Deyer, üç ayın pulunu da qavaxcadan vererəm. Mənnən yarımillih, birillih səyahətə çıxsın. Mal aparıf-gətirməyə köməhci olsun. İsgəndər razı olor. Deyer, gedəh bizə. Yoldaşım da razı olsa, mən gedərəm. Gəler, öydə vəzyəti danışer. Arvadı da deyer, get, İsgəndər. Mən sana inareram. Nə iş tutsan, diqqətdi ol. İsgəndər pişiyi də özüynən götürör. Anasınnan, arvadınnan görüşör, çıxır yola. Yolda pişih balalıyır. İsgəndər yol boyu gah pişiyi, gah balalarını sığallıyer, tumarrıyer. Pişihlərə qulluğ eliyə-eliyə geder. Axşam bir öydə qonax qalası olollar. Deyellər, yiməyimiz var, birlikdə yeyərih. Yatacağımız yer yoxdu. Gejəni yatax sizdə. Öy yiyəsi razılaşer. Bullar süfrə açanda evdəkilər hərəsi əlinə bir ağac aler, əyağ üsdə bulların başının üsdünü kəsdirer. Bullar deyer, siz icazə verdiiz, biz gəldih. Yeməh də özümüzdən. Bizi niyə döyməy isdiyirsiz? Deyellər, yox. Bu saatca biz aralanan kimi gör siçannar sizə nə təhər hücum eliyəjəh. Elə yiməyin iyisi çıxan kimi siçannar nə tökülör. Öy yiyəsi dəyənəhnən o üzə-bu üzə vuror. İsgəndər deyer, dəyanın. Gətirer pişihlərini açer, buraxer. Pişihlər burda bu siçanı, orda o siçanı boğor, buraxıllar. Öy yiyəsi deyer, bu pişihləri sat bizə. Qonşular da biz günnüdü. Qərəz İsgəndər pişihəri sater, gedellər. Yolda pula parça aler. Gedellər. Yolda bir düzəngaha çatellar. İstidən yanellar. Bir quyu da var. Üsdündə yazılıf, gedər gəlməz yoldu. Kim girsə, sağ çıxmıjax. Karvanbaşı deyer, mən bura kimi salem? İsgəndəri salem. Yiyəsinə də deyərəm, qorxağıydı, öldü.

Götürör İsgəndərin belinə kəndir bağlıyıf sallıyıllar. İsgəndər suları doldu­ror, bullaar da çəker, heyvannarı da suluyullar. Birdən quyunun divində bir insan peyda olor. Əlində bir qızılgül, üsdündə də qurbağa. Soruşor, İsgəndər, nağay­rersan, sən burda? Fikirrəşir, bu hardan tanıyır məni? Cavaf verer ki, heyvannar su­sunnan yanerdı, ağam da məni göndərdi. Deyir, ölümə göndərdi? İsgəndər de­yer, yox, suya göndərdi. İnsan deyer, yox, o biler ki, bu quyuya tüşən sağ çıxmı­jaxdı. İsgəndər deyer, nə fərqi, kimsə tüşməliydi. Heyvannar susuz iydi. İndicə çıxıjam. Adam deyer, mənim suallarıma cavaf versən, çıxjaxsan. Cavabın xoşuma gəlməsə, başını kəsjəm. Bunu deyer, aparer İsgəndəri, quyunun bir tərəfində qa­lax­lanmış kəllələri göstərer. Deyer ki, bullar mənim suallarıma cavaf vermiyən­nərdi. Sualıma cavaf vermiyənnərin axırı belə oluf. İsgəndər özünü itirmer, deyer, yaxşı. Adam geder, Bir qızılgül, üsdündə bir qurbağa gətirer. Deyer, bu nədi? İsgəndərin yadına tüşör ki, arvadı demişdi, fikirrəş, təmkinnən ağıllı sözdər işdət. İsgəndər deyer, bu ki qızılgülün üsdündədi, dünya gözəli. Adam deyer, yaxşı fi­kirrəş ha, verdiyin cavava görə, ölümə çathaçatsan. İsgəndər deyer, sözümnən dön­müjəm. Adam deyer, sən ki qorxmadın, sözünü dəyişmədin, düz deyersən. Bu, dünya gözəlidi. Mənim həyat yoldaşımdı. Mən onu çox sevmişəm. O mənə xə­yanət elədiyi üçün tilsimə salıf qurvağa eləmişəm. Bu gülün üsdündə yatırderam. Gələnnərdən də soruşoram, kim pis deyersə, hayıfımı da o insannan çıxeram. Yeganə adamsan, tərif dedin. Dilə mənnən, nə deyersən. İsgəndər bir şey isdəmer. Adam deyer, mən sana üş dənə nar vereyjəm. Narrarı heş kəsə gösdərmə, heş kəsin yanında bölmə. Göndər öyünüzə. Birdən tamah güj gələr, dişdiyərsən ha. Bütöv göndər. Nəbadə kimsə xavar tutsun. Gətirer üç narı verer. İsgəndər civində gizdəder. Soora kəndiri silkəliyir. Tacir görör, kəndir silkələndi. Soruşor, çıxer­sanmı? Deyer, hə. Tacir soruşor, quyunun divində nə gördün? Deyer, ancax su. Bir neçə gün sora bullar geriyə çaparrardan pul göndərerlər. İsgəndər də bağla­mı­ya anasına, arvadına aldığı anrı-bərini, bir də bu üç narı qoyor. Bullar yolu davam eliyer. Bu yannan da çapar gətirer bağlamıyı verer anasına. Deyer, munu İsgəndər göndərif. Arvat pula, paltara söyünür. Narı görəndə deyer, can oğlum, burda nar­dan çox nar var, nenerdin üç narı göndərif. Arvadı gəler, qarıdan soruşor, İsgəndər nə göndərif? Narrarı görəndə götürör, birini dişinə çəker. Baxer ki, dənələr birliyantdı. Padşah qızı başa tüşör ki, bulların hər birinin nə boyda qiyməti var. Heş bir zərgər munu xırdalıya bilməz. Sınamağ üçün daşın birini qarıya verer ki, ana, apar munu zərgərə. De ki, xırdalasın. Arvat gəler zərgərin yanına, deyer, munu xırdala. Zərgər baxer, bu necə qıymatdı daşdı. Nə qədər pul, qızıl versə, ödüyəmmijəh. Deyer, məndə o qədər pul hanı, ay ana. Apar munu padşahın xə­zinəsinə. Orda xırdalasınnar. Arvat qulağına inanmer. Geder padşahın xəzinəsinə. Xəzinədar soruşor ki, təhmi gəlifsən? Deyer, hə. Xəzinədar deyer, sən o boyda pulu nə təər apararsan? Deyer aparjam. Gətirif iki meşoy qoyollar. Arvat aparer birini gəlinə. Gəlin soruşor, elə bumu elədi? Qarı deyer, yox, yarısı ordadı. Geder gətirer. Gəlin də deyer, mən indi iş görüjəm. Amma sən heş nə soruşma. Get pad­şahın yanına. De ki, icazə ver, bizim öydən anırkı çayın üsdündə körpü saldırem. Orda qırıx körpü var, camahat ayağını soyunur, sora kecer. Padşah da nə desə, gə­lər mana deyərsən. Qarı gəler saraya. Padşaha xavar verellər ki, qorxax İsgəndərin anası gəlif səni görməyə. Padşah deyer, ona nə istəyirsə, verin. Yəqin pula gəlif. Gətirif arvada pul, anrı-bəri verellər ki, padşah deyer, aparsın, bir də qapıma gəlməsin. Arvat utandığınnan heş nə demer. Veriləni götürör, gəlir öyə. Olannarı danışer. Gəlin deyer, gedər yaxşı usdalar tapar, mənim yanıma gətirərsən. Arvat deyer, bizim öy tihdirməh qədər pulumuzmu var? Gəlin deyer, bircə sən yaxşı usdalar tap. Arvat yığer yaxşı usdaları, gətirer. Gəlin qonşuların da pulunu verer, öyləri aler. Usdalara bir imarət tikməyi tapşırer. Narın qalan dənələrini də xırdalader. Bir axşam padşah baxer, hər yer qarannıxdı, amma sarayına hardansa işıx tüşör. Aynadan baxer, nəsə par-par yaner. Soruşor, vəzir, bu nə işdi? Vəzir deyer, kimsə öy tihdirif, ayın işığı onun öyünün üsdünə tüşör, ordan da bura tüşör.

Kiçih qız da qapısına qul-qaravaş yığer, çayın üsdünə körpü saldırer. Qaraullar qoyduror. Deyer, bu körpüdən birinci İsgəndər keçməlidi.

Bu tərəfdən də çapar gəler ki, İsgəndər gəler. Qaraullar hazır duror. Körpüdən birinci İsgəndər keçer. Gəler çatanda görör, bulların öyünün yerində imarət qalxer. Fikirrəşer, yəqin, padşah tikdirif. Deyer, görən anam, arvadım hardadı? Gəlin də küləfirəngidən baxermış. Qaravaşdarı göndərer ki, gedin İsgəndərə deyin, öyünü qoyuf harya eder? Deyer, bu imarətə şah qoyarmı, mən gələm? Deyillər, xanım deyər.

Gətirellər İsgəndəri hamama. Onnan da libas geydirellər. Xanımın hüzu­runa gətirellər. İsgəndər baxer, arvadı xanım kimi oturuf. İsgəndəri görəndə baş əyer. İsgəndər deyer, bu varı hardan aldın? Deyer, sən qazandın göndərdin. İs­gəndər deyer, məni ələ salersan? Bu var-dööləti atannan alıfsan. Mənə anamın köhnə daxması bəsdi. Arvadı deyer, bu sənin göndərdiyin üç nardandı. O nar­rarın dəyəri dünyanın yarısı qədərdi. Olları kim vermişdi? İsgəndər olanı da­nışer. Qız deyer, bu sənin ağlının sayəsindədi. Atamı öyə qonax çağırjıx. Qoy bəyəmmədiyi kürəkəni görsün.

Bu yannan da padşahı marax bürüyüf ki, o imarət kimindi? Xavar gətirən də yox.

Bir gün kiçik qız adam göndərer ki, padşaha deyin, kiçik qızın səni öyünə qonax çağırer. Padşah da fikirrəşer ki, o da qızımdı. Bu qədər vəzirin, vəkilin ailəsinə kömək eliyerəm, amma kiçih qızımı gözdən salmışam. Yazıxdı, gedem könlün alem. Deyer, vəzir, hazırraş. Ərzaq da götüröllər, gəlillər. Padşah baxer, dərya, dəniz imarət tikilif. Körpülər, yollar. Deyer, vəzir, girəh, görəh kimindi? Qapıda deyellər, şah sağ olsun, sarayımızın qaydasıdı, gərəh birinci hamama girəsiniz. Bullar girəndə göröllər, hamamın içində əşyalar qızıldandı. Padşah deyer, vəzir, buranın sahibinə baxanda mənim var-döölətim yoxuymuş. Axı bura kimindi? Vəzir deyer, səbr eliyəh, indi öyrənəjih.

Hamamnan çıxanda bullara daş-qaşdarnan bəzənmiş libasdar gəler. Sora bullara süfrə açıler. Süfrədəki qav-qaşıxlar qızıldan. Yiyənnən sora bulları aparellar pərdə çəkilmiş otağa. Pərdənin arxasınnan bullara “xoş gəlmisiz” deyilir. Padşah deyer, üzünü göstər, biləh kimin öyündəyih? Deyillər, siz qorxax İsgəndərin öyünə gəlifsiz. Padşah inammer. Deyellər, bəli, o qorxax İsgəndərin öyüdü. Pərdiyi çəkellər, kiçih qız qorxax İsgəndərnən oturuf. Padşah deyer, sənin öyündəki var-döölət mənim saraymda yoxdu. Sən bunu nə təhər əldə etdin? Qız deyer, padşah sağ olsun, ər seçimində sən mana sərbəsdih verdin. Mən də fikirrəşdim, mən onu öyrədif pul qazandırjam, sənin var-döölətində gözü olmasın. Padşah deyer, sən munu bu var-döölətə çatdırıfsan, mən razı. Amma onun bir şeyi çatmer. Qız soruşor, nəyi? Padşah deyer, başının tacı. Çünki mən bu vaxtda vəzirin, vəkilin oğlunnan bir söz eşitdim: Havax mənim şahlığıma keçəjəhlər. Sənin imarətin şahlığ imarətidi. İsgəndəri yerimə varis qoyoram.

40 gün şadyanalığ eliyif İsgəndəri taxda çıxardellar.



Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə