Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Buddizmdə dini cərəyanlar



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə38/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   34   35   36   37   38   39   40   41   ...   175
3.1.3. Buddizmdə dini cərəyanlar
Buddizm geniş ərazilərdə yayıldıqca onun fəlsəfəsinin və təlimlərinin 
izahında müəyyən fərqliliklər yaranmış, bu da tarixi dövr ərzində bu dinin 
müxtəlif istiqamət və məktəblərinin meydana gəlməsinə səbəb olmuşdur. 
Hazırda Buddizmin üç əsas qolu mövcuddur – 
Hinayana 
(“dar yol”, yaxud 
“kiçik döyüş arabası”), 
Mahayana
(“geniş yol”, yaxud “böyük döyüş arabası”) 
və 
Vajrayana
(“almaz yol”). Qeyd olunan qollar müxtəlif ölkələrdə yerli buddist 
cərəyanlarının formalaşmasına da öz təsirini göstərmişdir.


MULTİKULTURALİZMƏ GİRİŞ
76
Hinayana
 
Buddizmin
 
cənub qolu sayılır və e.ə. IV-III əsrlərdə 
formalaşmışdır. Təqribən b.e. I əsrinədək hakim mövqedə olmuşdur. Müasir 
ədəbiyyatda “hinayana” termini əvəzinə ilk buddist məktəblərindən birinin adı 
olmuş “theravada” (qocaman böyüklərin təlimi) sözündən də istifadə olunur. 
Belə ki, Buddizmin tarixində konservativ istiqamət olan theravadanın ümumi 
mahiyyəti bu qolda səciyyəvi sayılır. Hinayananın mənsubları hesab edirlər ki, 
nirvanaya çatmaq yalnız rahiblərin icmasına (sanqha) daxil olmaqla mümkündür. 
Yəni təkcə icma üzvləri buna nail ola bilərlər. Buddizmin bu qolu qatı və sərt 
prinsiplərə əsaslanır, ona görə də mənsubları ehkamlara, bədən və ruh intizamına 
daha çox həssaslıqla yanaşırlar. Burada monastır nizam-intizamı olduqca sərtdir. 
Hətta dünyəvi buddistlər həyatlarında heç olmasa bir dəfə monastırda rahib kimi 
yaşamağa dəvət olunurlar. Digər qollardan fərqli olaraq hinayanada mistisizmə 
və mistik fərziyyələrə yer verilmir. Buddizmin bu istiqaməti əsasən cənub-şərqi 
Asiya ölkələrində – Birma, Malaziya, Tayland, Laos, Kamboca, İndoneziyada 
yayıldığı üçün “cənub məktəbi” adını almışdır.
Mahayana 
Buddizmin şimal qolu sayılır. Burada Buddanın 
moizələrinin əxlaq tərəfinə xüsusi əhəmiyyət verilir və bununla 
nirvanaya çatmağa çalışılır. Bu qolun mənsubları hesab edirlər ki, 
nirvanaya yetişmək olduqca çətin işdir. Çox nadir insanlar istisna 
olmaqla, heç kim bu “kamilliyə” nail ola bilməz. Lakin bodhisattvalar
həmişə mövcuddur və onlar kamilliyə çatmağı səmimiyyətlə arzu edənlərin 
yanındadır. Mahayana mənsubları hesab edirlər ki, bodhisattvalar mütləq 
məhəbbətə, yaxşılığa doğru bu yolda insanlara rəhbər olmaq və bütün varlıqları 
xilas etmək üçün bilərəkdən nirvanaya qovuşmağı təxirə salırlar. Yəni 
bodhissattvalar öz əxlaqi və mənəvi keyfiyyətləri ilə nirvanaya yetişib qurtuluşa 
layiq olduqları halda, insanlara bəslədikləri mərhəmət səbəbindən şüurlu şəkildə 
son addımı atmır, dünyada qalıb insanlığın aydınlanmasına xidmət edirlər.
Buddizmin bu qolunun mənsubları icmanı (sanqhanı) qapalılıqdan çıxarıb 
ətraf dünyaya daha açıq olmasına, bununla da rahiblərlə dünyəvi buddistlər 
arasındakı mövcud bölünməni yumşaltmağa çalışırlar. Mahayana Buddizmi 
əsasən Çin, Koreya, Yaponiya və Tibetdə yayıldığı üçün “şimal məktəbi” 
adını almışdır. Ondan daha sonra digər cərəyanlar törəmişdir. Bizim eranın 
V-VI əsrlərində mahayana öz hakim mövqeyini itirmiş və liderliyi hind-tibet 
Buddizminə - Vajrayanaya təhvil vermişdir.


77
DÜNYA DİNLƏRİ 
Vajrayana
tantrik, yəni ezoterik (batini) Buddizm kimi səciyyələnir. Bizim 
eranın V əsrində mahayana Buddizminin tərkibində formalaşmışdır. Ona görə 
bəzən onu mahayana Buddizminin digər növü kimi də qəbul edirlər. Vajrayana 
sisteminin praktikasında “abhişeka” adlanan və su ilə yuyunmaqla icra olunan 
ayinə xüsusi əhəmiyyət verilir. Buddizmin bu qolunda aydınlanmaya çatmaq 
üçün əsas vasitə gizli mantraların səsləndirilməsi hesab olunur. Digər metodlara 
isə yoqa meditasiyası, “mudra” adlanan əl və barmaq hərəkətləri ilə yerinə 
yetirilən xüsusi ayinlər, qurulara (mənəvi rəhbər, müəllim) ehtiram bəsləmə və 
s. daxildir. Vajrayana Buddizmi Nepalda, Tibetdə, Monqolustanda və qismən 
Yaponiyada yayılmışdır.
Qeyd etmək lazımdır ki, Buddizm geniş arealda yayıldıqca yerli 
inancların təsirinə də məruz qalmışdır. Bu, eyni zamanda, Buddizmin bu və 
ya digər ölkələrdə rahat uyğunlaşmasına şərait yaratmışdır. Məsələn, Çin və 
Yaponiyada Buddizm bu ölkələrin mədəniyyətindən, adət-ənənələrindən xeyri 
təsirlənmiş, nəticədə yerli cərəyanlar meydana gəlmişdir. Hindistandan Çinə 
Buddizmi Bodhidharma (b.e. 440-526) adlı rahib gətirmişdir. Çin dilində onun 
adı “Damo”, yapon dilində isə “Daruma” şəklində səslənir. O, Çan (yaxud Dzen) 
Buddizm təliminin qurucusu hesab olunur. “Çan” sanskrit dilində meditasiya, 
yaxud düşüncənin bir yerə toplanması mənasına gələn “dhyan” terminindən 
(çin dilində “çança”) törəmişdir. Bu heroqlif yapon dilində “dzen” şəklində 
oxunur. Bodhidharmanın təbliğatı nəticəsində Çində meditasiya (dhyan) praktik 
əhəmiyyət daşımağa başlamış və rahiblər ölkəni gəzərək onu geniş kütlələrə 
təbliğ etmişlər. Çan Buddizmin təlimi yerli daosizm dininin və hinduizmin 
dhyan təlimlərinin sintezindən yaranmışdır. Bu təlimə görə, insan eyni bədəndə 
və eyni həyatda aydınlanaraq budda ola bilər. Bunun üçün dəfələrlə ölməyə və 
dirilməyə ehtiyac yoxdur. Məhz bu yanaşma təlimin çoxlu tərəfdar qazanmasına 
səbəb olmuşdur.
Bodhidharmanın təlimi Yaponiyada 
Dzen Buddizm
adı ilə yayılmış və 
samurayların döyüşçü mentaliteti ilə uyğunlaşmağı bacarmışdır. Yaponiyada 
Dzen Buddizmə yerli din olan sintoizm də öz təsirini göstərmişdir. Dzen 
Buddizmdə insanın yalnız şəxsi təcrübəsinə istinad etməsinə diqqət daha çox 
ayrılır. Yəni, nə Buddanın, nə də ustad müəllimlərin mistik təcrübəsi özlüyündə 
insana heç bir kömək göstərə bilməz, ona görə də həqiqəti dərk etmək yalnız 
şəxsi təcrübə ilə mümkündür.


MULTİKULTURALİZMƏ GİRİŞ
78
Bu gün Yapon xalqı sintoizmə bağlı olsa da, Buddizmə də dərin hörmət 
bəsləyir. Hətta bir çox yapon sintozmlə Buddizmi bir-birini tatamlayan iki 
din kimi qəbul edir. Məsələn, bir yaponun sintoizm məbədində evlənməsi və 
buddist məbədində icra olunan mərasimlə dəfn edilməsi normal hesab olunur. 
Həmçinin qeyd etmək lazımdır ki, Yaponiyada Buddizmin təkamülü təzadlı 
xarakter daşıyır. Belə ki, ənənəvi Buddizm məktəbləri (məsələn, Dzen Buddizm) 
durğunluq dövrü yaşadığı halda, 
Niçiren Şoşu
və ya 
Soka Qakkay
kimi tanınan 
yeni buddist sektalar inkişaf etməkdədir.
Bundan başqa, Tibetdə Buddizmin 
Lamaizm
 
adlı özünəməxsus forması 
mövcuddur. Onun qurucusu Tibetin böyük filosofu və din xadimi Szonxava 
(1355-1419) hesab edilir. “Lama” sözü tibet dilindən tərcümədə “müəllim” 
mənasını verir. Buddizmin bu forması mahayana və vajrayana qollarının 
ənənəvi təlim və meditasiya texnikasına əsaslanır. Lamaizmin mənsubları hesab 
edirlər ki, Buddizm tarixində böyük rol oynamış görkəmli şəxsiyyətlər Tibetdə 
lamaların bədənində (cismində) yenidən dünyaya gəlir, öz təlimlərini, eləcə də 
ruhani və dünyəvi hakimiyyətlərini onlara ötürürlər (tulku). Bu təlimin inkişafı 
nəticəsində özündə ruhani və dünyəvi hakimiyyəti birləşdirən dalay-lama 
institutu formalaşmışdır. İndiyədək on dörd dalay-lama gəlmişdir. Sonuncu XIV 
Dalay-lama (doğulduqda adı Lhamo Dhondrub idi) Tibetdə Çin hakimiyyətinə 
qarşı baş vermiş üsyandan sonra 1959-cu ilin martında Hindistana mühacirət 
etmiş və o vaxtdan Dharamsala şəhərində yaşayır. O, bəyan etmişdir ki, Tibet 
Çin işğalında olduğuna görə növbəti zühuru burada baş verməyəcəkdir.
Qeyd etmək lazımdır ki, XII əsrdən etibarən Buddizm Hindistandan 
tamamilə sıxışdırılıb çıxarılsa da, son altmış ildə bu ölkədə yenidən kiçik buddist 
qruplar meydana gəlməyə başlamışdır. Bu gün Hindistanda 4 milyona yaxın 
buddist olduğu ehtimal edilir. Tibetdən mühacirət edən buddistlər sayəsində 
Hindistanın şimalında Buddizmin lamaizm qolunun mənsublarının sayı 100 
min nəfəri ötmüşdür. Hazırda Dharamsala şəhəri lamaizmin güclü təbliğat 
mərkəzinə çevrilmişdir. Həmçinin Buddizmin bu forması tarixi dövr ərzində 
Monqolustanda, Rusiya Federasiyasının Buryatiya, Kalmıkiya, Tıva və digər 
regionlarında yayılmışdır.
Buddizm son yarım əsrdə Avropa və Amerikada ciddi maraq cəlb 
etməyə başlamışdır. Xüsusilə Dzen Buddizmin və Tibet lamaizminin təbliğat 
fəaliyyətləri, eyni zamanda Tibetdən və Vyetnamdan bir çox buddistin 


79
DÜNYA DİNLƏRİ 
mühacirəti nəticəsində Avropada bu dinin 10 minlərcə mənsubu olan icmaları 
formalaşmışdır. Onlar arasında xeyli sayda yerli avropalılar da vardır. Avropada 
buddist meditasiyalarına maraq göstərənlərin sayı artmaqdadır. Amerikada isə 
Dzen Buddizmlə yanaşı, Tanrtik Buddizmə də xüsusi maraq göstərilir. ABŞ-ın 
beynəlxalq “PEW” Araşdırmalar Mərkəzinin 2010-ci il üçün olan məlumatına 
görə, ümumilikdə Avropada 1 milyon 330 min, Amerika qitəsində isə 4 milyon 
270 min buddist yaşayır. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə