______________Milli Kitabxana_____________
203
digəri onu dağıdırmış. Onların arasında "nə fikir, nə təlim, nə
arzu, nə əqidə, nə söz, nə əməl, nə inam, nə ruh uyğun gəlmirdi".
Təlimə görə, son məqamda yalançılar, şər qüvvələr zülmət
padşahlığına, həqiqət tərəfdarları, xeyirxah qüvvələr işıqlı
padşahlığa düşəcəkdilər. Qatlarda sinfi cəmiyyətdə mülki
bərabərsizliyin, haqsızlığın törətdiyi ziddiyyətlər dini boyalarla və
fəlsəfi mühakimələrlə öz əksini tapmışdır.
Zərdüşt bu ziddiyyətlərdən özü üçün çıxış yolu tapır. O,
özünü Ahuramazdanın pərəstişkarı elan edir, bu məsləkə sahib
olan kəndlərin talanmasını, mal-qaranın oğurlanmasını və
aparılmasını pisləyir. Yasnada deyilir: "Mən bu torpaqda mal-qara
saxlayan hər bir sahibkara sərbəst hərəkət və azad həyat təmin
edirəm... Mal-qaranı tutub aparmaqdan, Mazda məsləkli kəndlərə
ziyan vurub talamaqdan imtina edirəm... Mən alçaq, ziyankar,
yalançı, bədxah divlərlə birgə olmaqdan imtina edirəm, divlərdən
və onların tərəfdarlarından, cadugərlərdən və onların
tərəfdarlarından, canlı məxluqa zorakılıq işlədənlərdən imtina
edirəm". Nəhayət, Zərdüşt öz təliminə uyğun olaraq yeni
əməllərinə sadiq qalacağına and içməli olur: "Mən Mazda inamına
sadiq olmağa and içirəm, çünki o, hərbi basqınlara son qoymağa,
silahı yerə qoymağa, özününkülər ilə nikah bağlamağa çağırır".
Çox güman ki, Zərdüşt təlimi Midiya irandilli tayfalarının
siyasi yüksəlişi zamanı, e.ə. VII əsrdə meydana gəlmiş və
formalaşmışdı. Bu təlim yerli (div, dayva) dini dünyagörüşü
saxlayan etnoslara qarşı yönəldilmişdi, onlar dinsiz qələmə
verilirdi, bütün bəd əməllər onların adına çıxılırdı. Zərdüştün
təlimini qəbul etməyənlər, yalançı və şər qüvvə tərəfdarı elan
edilirdi. Ahuramazdaya sitayiş edənə axirət dünyasında işıqlı
həyat vədi verilirdi. Zərdüşt qədim dini dünyagörüşündən imtina
edərək yeni siyasi şəraitə uyğun olaraq Ahuramazdaya inamı və
ibadəti seçmişdi.
Avestanın digər bölməsi "Yaşt" adlanır. Burada ayrı-ayrı
ilahələrə həsr olunmuş himn və mahnılar toplanmışdı. Biri Mitra
allahıdır. Qədim hind-Avropa tayfaları Mitraya sitayiş edirdilər.
Lakin yaştlar Mitranın yaradılmasını Ahuramazdanın əməli kimi
qələmə verirlər. Mitra çoxlu otlaqlara malik olan ilahi adlandırılır.
______________Milli Kitabxana_____________
204
Mitra insanları qələbəyə aparan, onları dinc və yaxşı həyatla təmin
edən qüvvə kimi təsvir edilir. Ahuramazda peyğəmbər Zərdüştə
Mitraya sitayiş etməyi tövsiyə edir: "Ey Spitama, Mitraya ibadət
eylə. Şagirdlərinə (onun barəsində) danış. (Ey Mitra) sənə Mazda
tərəfdarları xırda və iri heyvanları, qanad vuran lələkli quşları ilə
birlikdə ehtiram göstərəcəklər".
Yaştlar eyni zamanda, Qayamarta (Qaya-Martan) sitayiş
etməyi tövsiyə edir. Qayamart Ahuramazdanın yaratdığı ilk insan
olmuşdur. Qaynaq qeyd edir ki, Qayamart "Ahuramazdanın fikrini
və təlimini birinci eşitmişdi". Qayamart Əhriman (Anqru-manyu)
ilə döyüşdə yaralanır, can verəndə "toxumu" tökülür, torpağa
çökür. Qırx ildən sonra torpaqdan Martiya və Martyanaq göyərmiş
və insan görkəmi almışlar. Onlardan da Ahuramazda, guya ari
torpaqlarını və etnoslarını törətmişdi.
Yaştlarda Zərdüştün şərəfinə mədh söylənilmişdi. Zərdüşt
ilk xeyirxah fikir sahibi, ilk kahin, döyüşçü və maldar, divlərdən
(köhnə dinlərdən) birinci üz döndərən, Ahuramazdaya birinci
sitayiş edən kimi qələmə verilmişdir. Zərdüşt köhnə dinlər
mövcud olan şəraitdə yeni dinin yaradıcısı kimi çıxış edir. İlk
zamanlar onun təliminin əsasını maldarlığı inkişaf etdirmək və
bununla əlaqədar şər qüvvələrə qarşı mübarizə aparmaq müddəası
təşkil edirdi.
Avestanın üçüncü bölməsi Videvdat (Vendidad) adlanır. Bu
hissə nisbətən sonrakı dövrlərdə meydana gəlmişdir. Burada
zərdüştlük dininin ehkamları, ayin və mərasimləri əks
olunmuşdur. Eyni zamanda, bu hissədə qədim əsatirlər, rəvayətlər,
hüquq qaydaları özünə yer tapmışdır. Zərdüşt dindarlarının
gündəlik mərasimlərdə istifadəsi üçün "Xırda Avesta" tərtib
edilmişdi. Qeyd etmək lazımdır ki, Videvdat artıq oturaq həyatı,
əkinçilik təsərrüfat sahəsini, bolluq yaratmağı təbliğ edirdi. Mətn
Zərdüştün suallarına Ahuramazdanın cavabı şəklində tərtib
olunmuşdur. Sualların birinə ki, harada yaxşıdır, Ahuramazda
cavab verir: "Həqiqətən orada ki, ey Spitama Zaratuştra, nə zaman
ki, dindar ər əlində odun, ağac budaqları, süd, həvəng, dinə inam
barədə müqəddəs söz deyə-deyə, geniş otlaqlı Mitraya və xoş
otarma bəxş edən Ramana müraciət edə-edə hərəkət edir... Orada
______________Milli Kitabxana_____________
205
yaxşıdır ki, mömin ər ev tikmişdir, onu odla, südlə, arvad-uşaqla,
(ev heyvanları) sürüsü ilə təmin etmişdir. Orada yaxşıdır ki, nə
zaman ki, xeyli əkirlər, taxıl, ot, barlı bitkilər becərirlər, susuz
yerə su çəkirlər, bataqlığı qurudurlar... çoxlu buynuzlu xırda və iri
heyvan saxlayırlar... xırda və iri buynuzlu heyvanlar çoxlu peyin
verirlər". Zərdüşt təlimi dinə sitayiş etməyə, əkinçiliklə məşğul
olmağa, ailə qurmağa, bir sözlə, zəhmət çəkməyə dəvət edir,
torpağa qulluq eləməyə çağırır. Qaynaq yazır: "Uzun müddət
əkilməyən və əkinçidən becərilməni gözləyən, bunun üçün
kəndlidən yaxşılıq arzulayan torpaq qane deyildir, necə ki, uzun
müddət övladsız qalmış qəddi-qamətli cavan qadın bunun üçün
ərindən yaxşılıq arzulayır... Kim bu torpağı becərmirsə, o,
yaşamaq üçün çarə axtaranlar arasında başqasının qapısına
söykənir, lakin ağız suyu axıdan (yəni dadlı) hər bir xörəyi onun
yanından aparıb, onsuz da hər şeyi kifayət qədər olana
verəcəklər... Kim əkir, taxıl becərirsə, o, həqiqət əkir (yaradır),
Mazda inamını aşılayır, Mazda inamına çörək verir... Qoy evdə
həmişə un xörəyi olsun ki, divləri lərzəyə salsın".
Sonra Zərdüşt hansı ölkələrin yaşayış üçün yaxşı olduğunu
Ahuramazdadan soruşur. Ahuramazda belə ölkələr cərgəsində
Ariyanam vayca (Orta Asiyada), Qava-soqdalar diyarı, Margiana,
Baktriya, Nisaya (Baktriya və Margiana arasında), Areya,
Araxoziya, Raqa, Varna, Yeddi hind vilayəti, Ranhi ölkəsi və
başqalarının adını çəkmişdir. Bu siyahıda əsasən irandilli
tayfaların, qismən də türk etnoslarının yayıldığı, yaxud
məskunlaşdığı ərazilər və ölkələr təmsil olunmuşdur. Midiya
(Raqa şəhərindən başqa), Azərbaycan burada öz əksini
tapmamışdır. Deməli, bu zaman Zərdüşt təlimi nə Midiyada, nə də
Azərbaycanda geniş yayılmamışdı. Lakin İranın başqa ölkələrində
olduğu kimi, burada da, dini ayin və mərasimləri kahinlər yerinə
yetirirdilər. Haxamanişlərin hakimiyyəti illərində kahinlər maq
adını daşıyırdılar.
Çox güman ki, maqlar dini mərasimləri keçirən, ayinləri
qoruyan kahinlər idilər. Qaynaqların məlumatına görə, Midiya
tayfalarının birini maqlar təşkil edirdi. Lakin maqlar din xadimləri
kimi müəyyən ictimai təbəqəyə daxil idilər. İlk maqlar nə
Dostları ilə paylaş: |