______________Milli Kitabxana_____________
109
vergi toplayanlardan təmizlədi. Əvvəllər kahinlər dini
mərasimlərin həyata keçirilməsi üçün əhalidən cürbəcür vergi
toplayırdılar: mərhumu dəfn etmək üçün onun ailəsindən 7 bardaq
pivə, 420 kökə, bir paltar, bir çəpiş və s. vergi alırdılar.
Uruinimgina dini mərasim vergisini qaydaya saldı və verginin
miqdarını xeyli azaltdı. O, məmurların, kahinlərin, varlıların
əhaliyə və yoxsullara qarşı özbaşına hərəkətlərini məhdudlaşdırdı.
Hökmdar «yoxsul ananın» bağına girib məhsulu vergi əvəzinə
özbaşına götürməyi qadağan etdi. İslahatda yoxsul və kimsəsizləri
müdafiə edən ifadə işlədilmişdi: «Güclü, qul və yetimləri qoy
incitməsin». Bu ifadə sonrakı qanun külliyyatlarında da təkrar
olunurdu.
Umma şəhər-dövlətinin yüksəlişi. Tədricən Umma şəhər-
dövləti güclənirdi. Umma sərhəd torpaqları üstündə Laqaş ilə
uzun müddət ədavət aparmışdı. Umma hökmdarı Luqalzaqqesinin
hakimiyyəti illərində (25 il hakimiyyətdə olmuşdur) Şumeri siyasi
cəhətdən birləşdirmək cəhdi göstərildi. Luqalzaqqesi ilk növbədə
Uruk şəhərini özünə tabe etdi. Bundan sonra o, Laqaşı tutdu və
Uruinimginanı hakimiyyətdən saldı, məbədləri qarət etdi.
Mənbələr məlumat verirlər ki, Laqaşın süqut etməsində
«Hökmdar Uruinimginanın heç bir təqsiri yoxdur». Sənədi tərtib
edən şəxs bununla Uruinimginanın islahatlarına bəraət
qazandırırdı. Laqaş dövlətinin məhv olması Luqaizaqqesinin
günahı kimi qələmə verilirdi. Mənbə qeyd edirdi ki, ölkənin məhv
olmasında «Luqalzaqqesi, Umma hökmdarı təqsirkardır. Qoy
onun himayədarı ilahə Nidaba onu öz günahını daşımağa düçar
etsin».
Luqalzaqqesi Uruk şəhərini paytaxta çevirdi. O öz
hakimiyyətini digər Şumer şəhərlərinə yaydı. Ur, Larsa, Nippur,
Kiş tutuldu. Artıq bütün Şumer Luqalzaqqesinin hakimiyyəti
altına keçdi. Cənubda o, «Aşağı dənizə» (Fars körfəzi) kimi gəlib
çatdı. Şimalda «Gün çıxandan gün batana» qədər olan ərazini
(yəqin ki, şimalda Zaqroş dağları zonasından Aralıq dənizinə kimi
uzanan ərazi nəzərdə tutulur) zəbt etdi. Bununla da Dəclə və Fərat
çayları vasitəsilə «Yuxarı dənizə» yol açıldı.
Akkad dövləti
______________Milli Kitabxana_____________
110
Akkad dövlətinin banisi Sarqon (e.ə. 2316-2261-ci illər)
dövrünün görkəmli dövlət xadimi və sərkərdəsi olmuşdur. Sarqon
(akkadca Şarrumken) tərcümədə «həqiqi, qanuni hökmdar»
deməkdir. Ehtimal edirlər ki, o, hakimiyyəti zorla ələ keçirmişdi.
Sarqon mənşəyi etibarilə aşağı sosial təbəqələrə mənsub
olmuşdur. Hələ qədimdə onun adı ilə bağlı əfsanələr yaranmışdı.
Əfsanəyə görə o, Kiş hökmdarının sarayında nökər kimi
işləmişdir. Nisbətən dəqiq məlumat Sarqonun öz yazısında əks
olunmuşdur: həmin mənbə qeyd edir ki, Sarqonun anası rəiyyət
təbəqəsindən idi. Sarqon atasını görməmiş, əmisi isə dağ sakini
olmuşdur. Anası onu gizli doğmuş, qamışdan hörülmüş səbətə
qoyub çaya atmışdır. Səbət suçu Akkinin bağına axmış, o, uşağı
götürüb öz övladı kimi saxlamış və ona bağban peşəsini
öyrətmişdi. İlahə İştar nəvaziş göstərərək hakimiyyəti ona
tapşırmışdı. Öz mənşəyi və hakimiyyətə gəlməsi barədə Sarqon
belə məlumat vermişdir.
Akkadlı Sarqonun fəaliyyəti. Hakimiyyətə gəldikdən sonra Sarqon
Akkad şəhərini (Dəclə və Fərat çayları arasında) saldırdı və onu
paytaxt etdi. Akkad dövlətinin adı bu şəhərin adından
götürülmüşdür. Sarqon dövləti möhkəmləndirmək üçün bir sıra
tədbirlər həyata keçirmişdi. Mərkəzləşmiş vahid Şumer və Akkad
dövləti bərqərar olduqdan sonra o, yeni kanallar çəkdirdi,
Şumerdə ümumi suvarma sistemi yaratdı. Bütün dövlət üçün
vahid ölçü və çəki sistemi müəyyənləşdirdi. Bunun nəticəsində su
və quru ticarəti genişləndi, ölkədə əmtəə-pul münasibətləri inkişaf
etdi. Ölkənin hərbi qüdrətini qaldırmaq üçün o, daimi ordu
yaratdı. Ordunun yenidən təşkili bir sıra uğurlu müharibələrin
aparılmasına imkan verdi.
Akkadlı Sarqon nəinki bütün İkiçayarasını vahid dövlət
şəklində birləşdirdi, eyni zamanda Ön Asiyanın yeganə
hegemonuna çevrildi.
Sarqonun nəvəsi Naram-Suenin (e.ə. 2236-2200-cü illər)
hakimiyyəti illərində Akkad dövləti yenidən əvvəlki qüdrətə sahib
oldu. Naram-Suen özünü «Akkadın allahı» adlandıran ilk
hökmdar idi. O, işğalçılıq siyasətini davam etdirməyə başladı.
Naram-Suen Akkad siyasi təsir dairəsindən çıxmış bir sıra ölkələri
______________Milli Kitabxana_____________
111
özünə tabe etdi... O, Subartunu və qərbdə «Sidr meşələrinə» qədər
ərazini zəbt etdi və onlardan xərac aldı. Naram-Suen Dəclə
çayının şərqində yerləşən Arman vilayətini, Fərat çayının
qərbindəki Ebla və Aman (şimali Suriya) ölkələrini Akkad siyasi
təsir dairəsinə saldı. «Yuxarı dənizə» (Urmiyyə gölü) kimi ərazi
tutuldu.
Qudeanın (e.ə. 2133-2117) canişinliyi dövründə Laqaş daha
da inkişaf tapır və bütün Şumeri idarə edirdi. Qudea Ur-Babanın
yeznəsi kimi hakimiyyətə sahib olmuşdu. Şumer canişinləri Ur
şəhərindən tutmuş Nippura qədər onun hakimiyyətinə tabe idi.
Qudea öz növbəsində kutilərin canişini hesab edilirdi. Kutilərin
canişini olmasına baxmayaraq Qudea müstəqil siyasət yürütmək
səlahiyyətinə malik idi. Mənbələr Qudeanı «xeyirxah və ədalətli
çoban», yaxud ensi adlandırırdı. O, luqal rütbəsini işlətmirdi.
Qudea işğalçılıq müharibələri aparmırdı, ölkənin daxilində əmin-
amanlığı və dini həyatı təmin etməyə çalışırdı. Mənbələrin
məlumatına görə, Qudeanın sayəsində «həlləm-qəlləm danışan
təhlükəli qadın cadugərləri şəhərdən çıxarıldı, heç kəs qayışla
döyülmürdü, heç kəsi qamçılamırdılar, ana öz oğlunu döymürdü...
Laqaş daxilində mülki iddiası olan adam heç kəsi and içməyə
gətirmirdi, sələmçi azad adamın evinə girmirdi... Yeddi gün
(məbədin açılmasına həsr edilmiş günlər) arpa üyüdülmədi, kəniz
xanımla bərabərləşirdi, qul ağası ilə yanaşı addımladı... O,
məbəddən rəqabəti uzaqlaşdırdı... varlı yetimi incitmədi, güclü dul
qadını incitmədi...», «ağa döyüləsi qulun başına qapaz vurmadı,
xanım günah işlətmiş kənizə sillə vurmadı...» Bu mətndə
Qudeanın siyasi tədbirləri əks olunmamışdır. Belə mətnlər təbliğat
naminə tərtib olunurdu. Ola bilsin ki, məbəd açılışı zamanı yeddi
gün ərzində müvafiq ayinə uyğun olaraq qul və ağalar məbəddə
sosial baxımdan «bərabərləşirdilər». Qədim sənədlər göstərir ki,
qullar istismar olunurdular, ağaları ilə eyni hüquqa malik
deyildilər. Digər tərəfdən, Qudeanın canişinliyi dövründə Laqaşda
və ümumiyyətlə, Şumerdə müəyyən əmin-amanlıq yaradılmışdı.
Bunu təkcə Qudeanın adı ilə bağlamaq düzgün deyildir. Yəqin ki,
məhz kutilərin hakimiyyəti Şumerdə əmin-amanlıq və dinc
yaşayış şəraitini təmin etmişdi.
Dostları ilə paylaş: |