100
bədii-satirik bir dil ilə mübarizə aparır. M.Ə.Sabir kiçik yaşlı qızların yaşlı, qoca
kişilərə ərə verilməsini
qamçılayır:
Ol gün ki, adaxladız, utandım,
Oğlandı dediz, ərin, inandım,
Ər böylə olurmuş?! İndi qandım,
Xandostu, amandı, qoyma gəldi!
Kirdarı yamandı, qoyma gəldi!
Qadının maarifdən, təhsildən məhrum qalmasını isə qadının öz dilində belə ifadə edir:
… Evimizdə var idi hər nə desən:
Qatıq, ayran ilə qaymaq, nə yesən!
Nə bilirdik nə zəhirmardı kitab?
Biz olan evdə haçan vardı kitab?
Hüseyn Cavidin yaradıcılığında qadın azadlığı probleminin işlənməsi mərkəzdə durur. Böyük sənətkar
bəşəriyyətin yüksəlişini, gerilikdən qurtuluşunu qadının cəmiyyətdə durumu ilə bağlayırdı:
Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
H.Cavid yaradıcılığında cinslərarası münasibətlərin,
gender sisteminin romantik şərhi verilir. Şairin ilham
pərisi kimi baxdığı müsəlman Şərq qadınının cəmiyyətdə durumu heç də ürək açan deyil. Bu qadın eyni adlı
şeirdə belə təqdim edilir:
Mən nə idim? Şərqin əzilmiş qadını!
(Bir az sükut…)
Mən nə idim? Uf, onu heç sormayınız!
Varlığım bir quru heç.
«Varlığı heç olan» bu qadın gözəldir. Cəmiyyət həyatında yeri məhdud olsa da, seksual obyekt olaraq
diqqət mərkəzində durur: «Vardı bir çox tapınanlar da mana // Çünki pək dilbər idim» - deyir. Artıq o qaranlıq
günlər arxada qalır, şərq qadını azadlığına nail olur və «Şərqin azadə, gülər bir qızıyam» deyir. Deməli,
cəmiyyət həyatında baş verən sosial-siyasi dəyişmələr gender sisteminin məzmununda əksini tapmışdır.
Bu muhitin qadını ərinin haqsızlığını duysa belə, yenə ona boyun əyir və sevgidə səmimidir, vəfalıdır.
N.Nərimanovun «Nadir şah» dramındakı Gülcahan, İ.Şıxlının «Dəli Kür» romanındakı Zərnigar buna
örnəkdirlər. «Dəli Kür»də Cahandar ağa – Şahnigar xanım xətti cəmiyyətdəki cinslərarası münasibətləri daha
qabarıq açıb
göstərir, mənalandırır. Ənənələr ilə yoğrulmuş Cahandar ağa dedi-qodu, iftira qarşısında dözmə-
yərək bacısını qətlə yetirir. Onun cəmiyyətindəki «əsil kişi» və «əsil qadın» təsəvvürləri onu belə bir hərəkətə
məcbur edir.
İ.Şıxlının «Ölən dünyam» romanı müasir Azərbaycan ədəbiyyatının ən böyük nailiyyətlərindən biridir.
Roman XIX sonu – XX yüzilin əvvəllərində Azərbaycan sosiomədəni həyatının bədii təcəssümü olub, cinslərarası
münasibətlərin müxtəlif çalar və təzahürü ilə müxtəlif səviyyəli və məzmunlu gender stereotipləri şəbəkəsi ilə
zəngindir. «Ölən dünyam»dakı cəmiyyətdə qadın hüquqsuz deyil, hətta o, öz ağıl və bacarığı ilə bir nəslin başında
durur. Əlbəttə, bu cəmiyyətdə gender bərabərsizliyi müəyyən səviyyədə özünü göstərir. Ancaq cinslərarası
münasibətlərdə kəskin ziddiyyət və qarşıdurma yoxdur. Bu cəmiyyətdə əxlaqi dəyərlər öz sağlamlığını qorusa da,
artıq bir təhlükə, yeni təsirlərin hücumu qarşısında olduğu da görünməkdədir.
Sosializm dövründə araşdırmanın əvvəlki qismində deyildiyi kimi, kişi və qadın
münasibətlərinin
məzmununda qadın obrazında yenilik baş verdi. Azərbaycan qadını ilk öncə hüquqi, sonra isə real hüquqi imkan
və azadlıqlar qazandı. Qadın hüququnun genişlənməsində, hüquq baxımından kişi ilə bərabər olmasında partiya
və hökumətin himayədarlığı, təşviqi mühüm rol oynadı. Məhz bu himayə sayəsində qadın tezliklə cəmiyyət
həyatının fəal iştirakçısına çevrildi. Ancaq ictimai və xüsusi həyat sahəsinin ideologiyalaşdırılması, qadının
istehsalata geniş ölçüdə cəlb olunması, əlavə yüklə yüklənməsi və s. yeni ayrıseçkiliyə gətirib çıxarır, gender
bərabərsizliyinin bir qaynağını yaradırdı.
Sosializm dövründə cinslərarası münasibətlərdə, qadının sosial statusunun yüksəlişi bədii ədəbiyyatda da
öz əksini tapdı. Bu baxımdan C.Cabbarlı və İ.Əfəndiyev yaradıcılıqlarının gender baxımından
müqayisəli təhlili
sosializm dövrü gender münasibətlərinə dair real təsəvvür yaratmağa imkan verir. C.Cabbarlı qadın adlarını
daşıyan bir sıra hekayə («Dilarə», «Gülzar», «Dilbər», «Firuzə» və s.) və pyeslər («Sevil», «Almaz», Dönüş»)
yazmış, dövrün cinslərarası münasibətləri bu obrazların bədii ifadəsində əksini tapmışdır.
C.Cabbarlının «Sevil», «Almaz», «Dönüş» və s. kimi pyesləri qadın azadlığının reallaşmasını, XX yüzilin
20 – 30-cu illərində Azərbaycanda qadın hərəkatının gedişini əks etdirir. Bu baxımdan Sevil obrazı maraq
doğurur. Öz hüququnu ilk öncə anlamayan, ərindən böyük insan tanımayan və küçəyə çadrasız çıxmayan Sevil
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
101
çevrəsində baş verən hadisələrin, ictimai dəyişmələrin təsirilə çadrasını çıxarıb ictimai həyata atılır. Partiya və
hökumətin qayğısı və müdaxiləsi Sevillərin hərəkətini, mübarizəsini təşviq edir, onları qoruyur. Almaz artıq
mübarizədə bərkimiş, ictimai həyatda daha inamla iştirak edən qadın obrazıdır.
İ.Əfəndiyevin «Körpüsalanlar» romanı 1960-cı ildə yazılıb.
Bu elə bir dövr idi ki, Qərbdə qadın
hərəkatının – feminizmin yeni yüksəlişi başlamaqda, sovetlər ölkəsində, o cümlədən, Azərbaycanda onun
təsirləri duyulmaqda idi. Romanda Səriyyə – Adil xətti Azərbaycanın sosiomədəni həyatında mövcud olan
gender münasibətlərini əks etdirir. Adil hər baxımdan cəmiyyətdə kökləşmiş kişi təsəvvürlərinə cavab verən bir
obrazdır. Yazıçı Adili Səriyyənin dili ilə belə təqdim edir: «Ortaboylu, yaraşıqlı bir oğlan idi. Olduqca təmiz-
tarix, səliqəli geyinərdi.
Məclislərdə, cəmiyyət içində özünü ləyaqətlə aparardı, artıq-əskik danışmazdı. Hamı
onun çox ağıllı, hər şeyin yerini bilən bir Adam olduğunu, çox irəlilərə gedəcəyini söyləyirdi». Səriyyə də
cəmiyyətin «əsil qadın» təsəvvürlərinə uyğun gənc bir qadın idi. Bir qadın olaraq dərin mühakimələrə dalmaq
onun işi deyildi. Onun bu durumu mövcud gender stereotipini əks etdirirdi. O, Adilin «xoşbəxtlik» haqqında
mühakimələrini dinləyərkən özü haqqında deyir: «Onun … sözlərini unutmadım. Lakin o sözlərin mahiyyətini
dərk etmək, əsl xoşbəxtliyin nədən ibarət olduğunu anlamaq mənim gücüm çatan iş deyildi. Məni isə
mühakimədən artıq duyğular cəlb edirdi».
Adilə görə qadın kişidən hər baxımdan, təhsil səviyyəsində, xarici görkəmdə bir pillə aşağı olmalı idi.
Belə olduqda, ailə həyatında nizam mövcud olardı.
Onlar bir-birini sevərək evlənmişlər, rahat ailə həyatını pozacaq bir şey yoxdu. Ancaq Adil yol idarəsinə
rəis
təyin edildikdən, Səriyyənin də yol-körpü tikintisində fəal iştirakından sonra vəziyyət getdikcə dəyişməyə
başlayır. Səriyyə ictimai həyatda öz yerini, ləyaqətini dərk etməyə başladıqca Adilin standart «qadın» və «kişi»
təsəvvürləri ilə qarşılaşır, onların arasında gərginlik artaraq sonda ayrılırlar.
Əgər C.Cabbarlının Sevili, Almazı ictimai həyata partiya və hökumətin dəstəyi ilə atılırsa, İ.Əfəndiyevin
Səriyyəsi cəmiyyətdə özünütəsdiqinə öz mübarizəsi ilə nail olur. Səriyyə tədricən irəliləyərək zamanı, cəmiyyəti
və cəmiyyətdəki yerini dərk edə bilən qadın səviyyəsinə yüksəlir.
İkinci dünya müharibəsi illərində arxa cəbhədə gecə-gündüz həm qadın, həm də ənənəvi «kişi sahəsi»ndə
kişi məşğuliyyətində çalışan qadınlarımızın bədii obrazı, qadının «kişi dözümü»nün, cəsurluğunun, ağrılı
günlərdə keçirdiyi mənəvi-psixoloji və fiziki yaşantılarının bədii ifadəsi İ.Hüseynovun yaradıcılığında mühüm
yer tutur. Yazıçı cəmiyyət həyatında qadınların kişilərlə bərabər sosial statusda iştiraka tamamilə haqlı
olduqlarını təsirli, inandırıcı bədii boyalarla təqdim edir.
Bəhs olunan dövrdə Azərbaycanın Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Xanımana Əlibəyli, Xalidə
Hasilova, Əzizə Cəfərzadə və s. kimi istedadlı qadın şair və yazıçıları yetişdi. Onların əsərlərində müxtəlif
mövzular ilə bərabər «qadın məsələsi» də işlənmiş, qadın
düşüncəsinin, qadın təfəkkür üslubunun məhsulu olan
qadın obrazları yaradılmışdır.
Bəhs olunan dövrdə Azərbaycanın musiqi incəsənəti də inkişaf mərhələsini keçirmişdir. Üzeyir
Hacıbəyov, Müslüm Maqomayev, Fikrət Əmirov, Niyazi, Qara Qarayev, Arif Məlikov və b. görkəmli
bəstəkarların yaradıcılığında «qadın azadlığı», «qadın məsələsi» mühüm yer tutur. Onların yaratdığı «Leyli və
Məcnun», «Əsli və Kərəm», «Koroğlu», «Arşın mal alan», «O olmasın bu olsun» (Ü.Hacıbəyov), «Sevil»
(F.Əmirov), «Şah İsmayıl», «Nərgiz» (M.Maqomayev), «Yeddi gözəl», «İldırımlı yollarla» (Q.Qarayev),
«Məhəbbət əfsanəsi» (A.Məlikov) və s. kimi opera, operetta və balet əsərlərində qadın azadlığı, qadının
yüksəlişi uğrunda mübarizə, qadının cəmiyyətdə və ailədəki durumu musiqi dili ilə yüksək səviyyədə ifadə
olunmuşdur.
Bəhs olunan dövrün problemlərini, zövq və ideallarını əks etdirən bədii ədəbiyyat
və musiqi əsərlərinin gender
təhlili «məhdud hüquqlu qadın» obrazından «öz mübarizliyi ilə özünü təsdiqləyən qadın» obrazına doğru bir
yüksəlişi izləməyə imkan verir.
XX yüzilin ikinci yarısında Qərbdə dil və ədəbiyyatın gender aspektinin öyrənilməsində əldə edilən elmi-
praktiki nailiyyətlər, dilin feminist tənqidi və feminist ədəbi tənqid kimi yeni istiqamətlərin müəyyənləşməsi
ölkəmizdə də dil və ədəbiyyatın gender aspektini ətraflı şəkildə ortaya qoymaq üçün metodoloji-nəzəri imkanlar
yaratdı. Bu baxımdan dilin feminist tənqidi və feminist ədəbi tənqid istiqamətlərinin təşəkkül və mahiyyətinə
burada toxunmaq məqsədəuyğun xarakter daşıyır.
Mədəniyyətin inkişaf səviyyəsi insanın ləyaqət və azadlığına münasibətlə, insana bir şəxsiyyət olaraq
özünüreallaşdırma imkanı verilməsi ilə sıx bağlıdır. Bu ləyaqət və azadlığın, özünüreallaşdırma imkanının
təminat səviyyəsini
isə etnik, irqi ayrıseçkilik, o cümlədən cins ayrıseçkiliyi yüksəlməyə qoymur. Qərbdəki
feminizm və müxtəlif ölkələrdəki qadın hərəkatları da cins ayrıseçkiliyinin cəmiyyət həyatının müxtəlif
sferalarında təzahürləri nəticəsində meydana gəlmişdi. XX yüzilin 60-cı illərindən başlayaraq Qərbdə
feminizmin yeni yüksəlişi, elmi-fəlsəfi fikirdə yeni meyillərin ortaya çıxması nəticəsində dilin feminist tənqidi
(feminist linqvistika və ya gender linqvistikası) və feminist ədəbi tənqid kimi yeni elmi istiqamətlər meydana
gəldi.
Qərbdə XX yüzilin 60-70-ci illərində formalaşan dilin feminist tənqidinin meydana gəlməsi elmi
ədəbiyyatda ekstralinqvistik (dilxarici) və intralinqvistik (dildaxili) xarakterli səbəblərlə əlaqələndirilir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir