77
simpoziumların keçirilməsi də diqqəti cəlb etmir. Multikulturalizmin reallıqdan
uzaqlaşmış şəkildə təbliğ edilməsi, bəlağətli söz tufanına çevrilməsi elə bir ciddi
fayda vermir. Necə ki, başqa dinə aid məbədlərin tikilməsi də o dinə sitayiş
edənlərin sayını artırmır, dini münaqişələr davam etdiyi bir şəraitdə belə
təşəbbüslər öz məqsədlərinə nail ola bilmir. Dini tolerantlıq bilavasitə cəmiyyətin
özünə sirayət etməlidir, cəmiyyət üzvlərinin gündəlik həyatında özünü büruzə
verməlidir.
Parisdə heç kəs ateistlərə qarşı da səlib yürüşü aparmaq çağırışı ilə çıxış
etmir, çünki vicdan azadlığı adamın özünün dini inanca bəslədiyi münasibətdən
asılıdır, başqa sözlə, onun özünün şəxsi işidir. Qədim Romada isə bütpərəstlərin
allahlarının sayı çox olduğundan, adamlar özləri öz allahını seçib, ona da inanc
gətirirdi.
Allahla insan arasında, Martin Lyuterin dediyi kimi, vasitəçilərə ehtiyac
yoxdur. Əslində, keşişlər, mollalar, ravvinlər iyerarxiyası da elə bir təsiri olmayan
təbliğat maşınına çevrilirlər. Əlbəttə, din xadimləri yaxşı təbliğat apardıqda,
müsbət iş görmüş olurlar, lakin onların danışığında cəhalətə yol verildikdə,
mövhumatçılıq bayrağı qaldırıldıqda, onlar nə könülə, nə də şüura faydalı bir təsir
göstərə bilmirlər. Mövhumat isə hökmən dinin dayaqlarını zəiflətməyə, dağıtmağa
kömək edir.
Fransızların əksəriyyəti katolikdir, lakin həmin dinə hücum edənlərə də,
onların potensialı nəzərə alınmaqla hörmətlə yanaşılır. Böyük filosof və maarifçi
Volter katolitsizmə qarşı çıxır, hətta Allahın varlığına da şübhə ilə yanaşırdı. O
deyirdi: «Əgər Allah olmasaydı, onu icad etmək lazım gələrdi». Və yaxud istehza
qaydasında Bibliyanın məşhur kəlamını dəyişərək, deyirdi ki, Allah insanı öz
obrazında və özünə bənzər yaratmışdır, deməli, insanın malik olduğu qüsurların da
hansısa bir mənbəyi vardır. Belə yeretikliyinə görə katolik kilsəsi Volteri məhkum
edirdi. Axı Rusiyadakı pravoslav kilsəsi də Lev Tolstoyu dinin sıralarından kənar
etmişdi. Paris isə böyük mütəfəkkirin ateist olmasını nəzərə almadan, ona ehtiram
bəsləməkdə davam etmişdir. O, öldükdən 13 il sonra Sena çayının şəhərin mərkəzi
hissəsindəki son sahili Volter sahili adlandırılmışdı.
Volterin böyük nəzəri irsi qalmışdır. O, fransız dilinin təmizliyinə də
qayğı göstərirdi. Kardinal Rişelye dövründə təsis edilən Fransa Akademiyası da bu
məsələ ilə məşğul olurdu. Onun institutları paytaxtın Volter sahilində yerləşir.
Katolik dininin Volteri məhv etməyə, sıradan çıxarmağa gücü çatmadı. Onu da
qeyd etmək lazım gəlir ki, Volter islam dininin yaradıcısına, Allahın rəsuluna da,
yumşaq desək, tənqidi yanaşmış, özünün «Məhəmməd» adlı pyesində Allahın
rəsulunu şəhərdə iğtişaş törədən, qiyamçı kimi göstərmiş, onun qatı düşməni olan
Əbu Sufyanı isə şəhərin uğurlu meri kimi qələmə vermişdir.
Bütün bunlara baxmayaraq, Volter XVIII əsrin ən güclü filosoflarından
və maarifçilərindən biridir. 1715-ci ildə XIV Luinin ölümü ilə taxt-tacda onu əvəz
edəcək nəticəsi XV Luinin 5 yaşı olduğundan, ona Orlean hersoqu, II Filipp regent
təyin edilmişdi. II Filipp özünü xalqın gözündə qənaətcil, bədxərcliyə yol
verməyən bir hökmdar kimi göstərmək üçün kral sarayının tövləsindəki atların
sayını iki dəfə azaltmaq göstərişini verdi. Axı kral və əyanları ova at belində
78
gedirdilər. Bunu eşidən 20 yaşlı Volter sarkazm şəklində yazmışdı ki, Filipp atların
sayını iki dəfə azaltmaqdansa, saraydakı eşşəklərin sayını ikiqat azaltsaydı, daha
yaxşı olardı.
Parisin cənubi-şərq hissəsi Latın kvartalı adlanır. Burada Sorbonna
Universiteti, Fransa kolleci yerləşir. Orta əsrlərdə tələbələr latın dilində dərs
keçdiklərinə görə həmin dildə də danışırdılar. Bundan da məhəllə Latın kvartalı
adını götürmüşdür. Sorbonna dünyanın Oksford, Kembric, Harvard, Yel kimi ən
məşhur universitetləri sırasına daxildir.
Parisdə ölkənin görkəmli şəxslərinin adı küçələrə və meydanlara
verilmişdir. Filosof Didro, Amerika İstiqlaliyyət müharibəsinin fəal iştirakçısı
Lafayet, yazıçı Emil Zolya, II Dünya müharibəsinin qəhrəmanı general Leklerk
küçələri, Viktor Hüqo meydanı vardır. Şəhərin meydanlarından biri II Dünya
müharibəsində Stalinqrad qələbəsi şərəfinə, Stalinqrad meydanı adlanır. Rusiyada
1961-ci ildə qəhrəman şəhərin Stalinqrad adı ləğv edilsə də, Parisdə bu ad
saxlanılmaqda davam edir.
Parisdə doğulan, baş qaldıran Böyük Fransa inqilabına dünyada
münasibət heç də bir mənalı deyildir. Inqilab monarxiyanı ləğv etməyə nail olmuş,
qədim Roma respublikasının və ABŞ-ın nümunəsində Fransada ilk respublika
yaratmışdı. Lakin onun meydana gətirdiyi Terror adından irəli gələn dəhşətlər
mənzərəsi meydana gətirilmişdi. İnqilab həmişə faciəvi bir şey olmuşdur. İnqilab
sosial quruluşu radikal qaydada dəyişə bilmir. İnsanları dəyişmək isə daha
mürəkkəb məsələdir, çünki antropoloji inqilablar baş vermir, insanlar əvvəldə
olduqları kimi qalırlar. Həm də yaddan şıxarmayaq ki, inqilabı romantiklər
başlayır, onun qələbəsindən isə əclaflar istifadə edir. Lakin inqilaba təkcə bir
cəhətinə görə qiymət vermək düzgün deyildir, onun müsbət və mənfi əməlləri
obyektivcəsinə qiymətləndirilməlidir. Çin Kommunist Partiyasının rəhbərlərindən
biri, görkəmli dövlət xadimi Çjou Enlaydan həmin inqilaba necə qiymət verməsini
soruşduqda, Fransanı yaxşı tanıyan, gəncliyində orada təhsil almış bu müdrik insan
cavab verib demişdi ki, axı hələ az vaxt keçmişdir. Bu cavabı söyləyərkən Böyük
Fransa inqilabının baş verməsindən 180 ilə yaxın vaxt ötüb keçmişdi. Onun
sözlərindən göründüyü kimi, yalnız uzun tarixi müddətin arxasından inqilaba
qiymət vermək mümkündür.
İnqilablar da xalqların həyatının, taleyinin, tarixinin bir hissəsidir. Onları
inkar etmək də mümkün deyildir. Axı heç kəs qədim dünyanın və ya orta əsrlərin
tarixində hansısa bir düzəliş etmək fikrinə düşmür. Hansısa bir dövrün mədəniyyət
plastını silib yoxa çıxarmaq da mümkün deyildir.
Böyük hind yazıçısı Rabindranat Taqor Aqradakı Tac Mahalı tarixin
yanağında donmuş göz yaşı adlandırmışdı. Parisin bir sıra abidələrini bəşəriyyətin
sərvəti kimi müvafiq təşbehlərlə adlandırmaq olar. Təkcə Notr-Dam de Pari Tac
Mahaldan dörd əsr əvvələ gedib çıxır. Şah Cahan sevimli arvadı Mümtaz Mahal
öləndə ona bu mavzoleyi tikdirmişdi. Qədim Halikarnasda Kariya hökmdarı
Mavsola belə sərdabə tikilməyə başlanmış, onun inşasını arvadı Artemisiya bizim
eradan əvvəl V əsrdə başa çatdırmışdı. Mavsolun adından da sonrakı sərdabələr
mavzoley adlanmağa başlamışdı. XX əsrdə mavzoley ənənəsi daha eybəcər şəkildə
Dostları ilə paylaş: |