80
Telman Orucov
İtaliyaya səfər: keçmişin əks-sədası
və gerçəklik
İtaliyaya səfər etmək, onun zəngin tarixi və müasir həyat tərzi ilə böyük
fasilədən sonra yenidən tanış olmaq imkanı təklif edildikdə, bu ehtiram nümayişini
qəbul etməyə bilməzdim. Səfərə beş nəfərdən ibarət qrupla yollanmalı idik, təəssüf
ki, planlaşdırmanın, təşkilat işinin bütün əziyyətini çəkən, zəngin təcrübəsinə
əsaslanaraq səyahətin xırda detallarına və marşrutuna qədər layihəsini cızan
dostumuz məşğulluğunun çoxluğundan bizə qoşula bilmədi. Ancaq onun xidməti
mübaliğəsiz olaraq mərdlik altruizmi nümunəsi sayıla bilərdi. Onsuz da istənilən
səyahət problemsiz ötüşmür və mən dəfələrlə bunun şahidi olmuşam.
Dörd nəfər təyyarə ilə Milana uçduq, oradan da vaxtı itirmədən şəhərin
Sentrale vağzalına gəlib, qatarla Romaya yola düşdük. İyulun son ongünlüyünün
xeyli hissəsini ölkənin paytaxtında qaldıqdan sonra, yenidən Milana qayıtdıq.
Səhərisi isə qatarla Venetsiyaya getdik. Proqram çox ustalıqla tərtib edilmişdi və
biz səfərin bəzi nyüanslarına
baxmayaraq, çox razı qaldıq.
Üç onillik bundan əvvəl də
mən həmin ölkədə olmuş, onun mərkəzindəki
və şimalındakı şəhərlərə getmiş, Neapolda, Avellinoda, Kapri adasında,
Sorrentoda, Florensiyada olmuş, Fransa sərhədinə qədər getmişdim. Səfər vaxtı
bizi əcnəbi konsernin nümayəndələri və tərcüməçi rahat avtomobildə müşayiət
edirdi. O vaxt İtaliyanın gözəl təbiəti və şəhərləri ilə geniş tanış olmaq imkanına
malik olmuşdum.
Bu dəfəki qrupun üzvlərinin hamısı ingilisdilli idi, səfər yoldaşlarımın
üçü də bu dildə sürətlə danışır və yaxşı təmasa girə bilirdilər. Onlardan biri isə
italyanca danışır, deyilənləri yaxşı başa düşürdü. Bu isə heç də kiçik məsələ
deyildi, çünki italyanlara ingiliscə sual verdikdə belə, adətən, öz ana dillərində
cavab verirlər, bəziləri isə, ümumiyyətlə, bu dilə bələd deyildir. İtalyanca danışan
dostumuz bizi çətinliyə düşməkdən uzaqlaşdırmağı bacarırdı. Romanın Termini
dəmiryol vağzalı bizi daha böyük qələbəliyi və səs-küyü ilə təəccübləndirdi.
Otelimiz məşhur Via Veneto – Veneto küçəsinin və İspaniya meydanının
yaxınlığında idi. Əvvəlki səfərimdə də mən həmin məşhur küçədəki oteldə
qalmışdım. Azacıq istirahətdən sonra şəhəri gəzməyə çıxdıq. Qrupun bir üzvü son
illərdə dəfələrlə burada olduğundan və yaxşı müşahidə qabiliyyətinə, həm də iti
yaddaşa malik olduğundan, bizə ixtisaslı bələdçilik edirdi. Hətta sadə gəzinti
qaydasında biz bir çox görməli yerlərlə tanış olmaq imkanı qazanırdıq.