76
Fransa bir ölkə kimi milli mənşəyindən asılı olaraq yalnız öz vətəndaşlarının
yaşadığı bağlı diyara çevrilsə, artıq Fransa olmayacaqdır.
Fransa televiziya kanalları əsas diqqətlərini daxili siyasətə yönəldirlər,
beynəlxalq hadisələrə o qədər də əhəmiyyət verilmir. Sağlar arasında praymeriz
seçkilərində keçmiş prezident Nikolya Sarkozinin biabırçı məğlubiyyəti günlərlə
müzakirə mövzusu oldu. Həm də kanallar ikinci tura çıxmış Fransua Fiyonun və
Alen Jupenin mübarizəsinə çox vaxt ayırırdılar, özü də Fiyonun əvvəllər autsayder
hesab edildiyini vurğulamaqla, Jupeni təbliğ etməyə çalışırdılar. Lakin bu
canfəşanlıq fayda vermədi və Fransua Fiyon qalib gəlməklə, 2017-ci il seçkilərində
prezidentliyə sağların yeganə namizədi olacaqdır. Otel otağındakı televizorda
demək olar ki, idman proqramları, futbol oyunları göstərilmirdi, matçlara yalnız
bəzi kafelərdə və pablarda baxmaq olardı. Səfər yoldaşlarımızdan biri isə həris
futbol azarkeşi idi, “Barselona”nın bir oyununa baxmasa bu onun üçün əsl fəlakət
təsiri bağışlayardı. Tərslikdən bir gün eyni vaxtda “Barselona” və “Paris-Sen-
Jermen” İngiltərədə yerli klublarla oynamalı idi. Nəhayət bir irland pabı tapdıq,
orada hər iki oyun göstəriləcəkdi. Ukraynalı ofitsiant bizə yaxşı yerdən bir stol
tutdu. Oyuna bir qədər qalmış biz artıq pabda üzərində çoxlu çərəz və iri pivə
qədəhləri qoyulmuş stolun ətrafında oturmuşduq. Dostumuz hər iki matça, əsaəsən
“Barselona”nın oyununa baxırdı. Mənə isə nə pabdakı azarkeşlərin hay-küyü,
orada azarkeş olmayan yox idi, nə acı irland qara pivəsi, nə də oyunların gedişi
nəinki ləzzət vermirdi, əksinə çox darıxdırırdı. Ona görə də bir qədər sonra pabı
tərk etməli oldum.
Bir cəhət də nəzərə çarpırdı ki,ABŞ-ın prezidenti seçilən Donald Tramp
da burada ciddi maraq obyektinə çevrilməmişdi. Rusiya televiziya kanallarından
fərqli olaraq, Paris kanalları ona çox vaxt ayırmırdılar. Lakin küçələrdə Trampa
həsr olunmuş reklam lövhələrinə rast gəlinirdi. 2008-ci ildə Avropadakı
“Obamamaniyadan” fərqli olaraq qitədə Trampa qarşı xoş olmayan bir münasibət
var idi. Böyük Britaniyanın Breksitindən sonra Trampın prezident seçilməsi
Avropa üçün yeni bir ağır xəbər təsiri bağışlamışdı.
Parisdə bütün irqlərdən və millətlərdən olanlar arasında
diqqəti cəlb edən
bir tolerantlıq mövcuddur. Hansısa bir fransızın başqa ölkələrdən gəlib, paytaxtda
yaşayan və işləyən əcnəbilərə yuxarıdan-aşağı baxması ağıla belə gəlmir. Parislilər
irqindən, dinindən, millətindən asılı olmayaraq, bir-birilərinə qaynayıb-qarışmışlar.
Ağdərili fransız gəncin qara afrikalı qızla çox mehriban, bir-birinə vurğun şəkildə
gəzdiklərini görürsən və ya qaradərili oğlan fransız qızı ilə yaxın dostluq edir və
buna heç kəs normal qaydanı pozan bir hal kimi baxmır. Xalqlar arasındakı fərqlər
məişət çərçivəsində yox olmağa başlayır. Fransızlar heç bir qəbahət hissi
duymadan, zənci qızlarına evlənir, qara afrikalı fransız qızı ilə ailə qurur. Mülki
nikahlar isə bu münasibətlərin daha da asanlaşmasına şərait yaratmışdır.
Avropalılarla afrikalıların və asiyalıların belə yaxınlaşması heç də dövlət
siyasətinin, bu məsələ barədə xüsusi təbliğatın nəticəsi deyildir, millətlərarası
münasibətdə fransızların, həmçinin ingilislərin və niderlandlıların özlərinin
yaxşılığa doğru xeyli irəlilədiklərini göstərir. Yəqin ki, adi fransızı
multikulturalizm o qədər də maraqlandırmır, ölkədə bu mövzuda konqresslərin,