Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə7/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   2   3   4   5   6   7   8   9   10   ...   36

8

olan şəhərlər isə keçmişdə əhəmiyyətsizmişlər. Lakin insan xoşbəxtliyinin dəyişkən olduğunu bildiyimə görə, mən

keçmiş şöhrətli şəhərlərin də, indi ucalan şəhərlərin də taleyindən eyni dərəcədə söz açacağam.

6. Aliattın oğlu, əslən lidiyalı8 Krez Qalis çayının bu tərəfindəki xalqların hökmdarı olmuşdur (Qalis suriyalılarla

paflaqonların torpağının arasında cənubdan şimala doğru axır və Evksin Pontu adlanan dənizə tökülür). Mənə məlum

olanı budur ki, barbarlardan həmin bu Krez ellinlərin bir qismini ilk dəfə tabe edib onları vergi ödəmək

məcburiyyətində qoymuş, ellinlərin qalan qismi ilə ittifaq müqavilələri bağlamışdır. İonları, soliləri və Asiya dorilərini

tabe etmiş, lakedemonlularla isə ittifaqa girmişdir.9 Halbuki, Krezin hökmranlığına qədər bütün ellinlər azad idilər.

Axı, hələ Krezə qədər kimmerilərin yürüşü İoniyayadək gedib çatsa da, bu uzunmüddətli işğalçılıq deyil, daha çox

qənimət əldə etmək üçün adi basqın olmuşdur.

7. Əvvəllər Heraklidlər evinə məxsus hakimiyyət Krezin nəslinə keçmişdir (bu nəsl Mermnadlar adlanır).

Hakimiyyətin əldən-ələ keçməsi belə olmuşdur: ellinlərin Mirsil adlandırdıqları Kandavl Sardanın tiranı olmuşdur. O,

Heraklın oğlu Alkeyin nəslindən imiş. Heraklidlər evindən Sardanın ilk hakimi Ninin oğlu, Belin nəvəsi, Alkeyin

nəticəsi Ağron olmuşdur. Mirsin oğlu Kandavl isə onların son hakimi imiş. Ağrona qədər bu ölkəni idarə edən hakimlər

Atis oğlu Lidin nəslindən çıxmışlar, həmin o lidiyalının ki, (keçmişdə meonlar adlanan) bütün indiki xalq onun adı ilə

lidiyalılar adı almışlar. Hatifin qeybdən verdiyi xəbərə görə hakimiyyəti onlardan Heraklidlər almışlar. Bu axırıncıların

nəsli Herakldan və kölə İardandan başlayır. Onlar 22 insan nəsli ərzində10 505 il hakimiyyət sürmüşlər, özü də Mirsin

oğlu Kandavla qədər hakimiyyət onlarda atadan oğula irsən keçmişdir.

8. Bu Kandavl öz arvadına çox məftunmuş və məftun adam kimi elə bilirmiş ki, dünyanın ən gözəl qadını

onunkudur. Onun mühafizəçiləri içərisində xüsusi qiymətləndirdiyi Daskil oğlu Qiges11 deyilən birisi də varmış.

Kandavl özünün ən vacib işini həmin bu Qigesə etibar edirmiş, hətta arvadının gözəlliyini də ona tərifləyibmiş. Bundan

azca sonra (axı, Kandavlın aqibətinin pis olacağı qeybdən xəbər verilmişdi) o, Qigesə bu sözlərlə üz tutur: "Qiges,

arvadımın gözəlliyi haqqında sənə dediklərimə yəqin ki, inanmırsan (axı, insanlar gördüklərinə eşitdiklərindən daha

çox inanırlar), ona görə də çalış ki, arvadımı çılpaq görəsən". Təəccübdən bərk qışqıran Qiges cavab verir: "Hökmdar,

sən nə ağılsız sözlər deyirsən! Sən çılpaq xanıma baxmağı mənə əmr edirsən? Axı, qadınlar soyunanda paltarla bərabər

arını da atırlar! İnsanlar ədəb qaydalarını çoxdan öyrənmişlər və onları mənimsəmək lazımdır. Bu qaydalardan biri

daha vacib sayılır: hər kəs qoy ancaq öz arvadına baxsın. Mən xanımınızın bütün qadınlardan gözəl olduğuna inanıram,

amma hər halda xahiş edirəm ki, məndən adətlərə zidd heç bir şey tələb etməyəsən".

9. Bu təklifdən bəlaya düşə biləcəyindən qorxaraq hökmdarın sözünü rədd etməyə çalışan Qiges ona belə cavab

veribmiş. Kandavl da ona belə etiraz edibmiş: "Qiges, rahat ol, qorxma, mən bu sözü səni sınamaq üçün deməmişəm,

arvadımdan da sənə heç bir ziyan dəyməz. Mən hər şeyi əvvəlcədən elə düzəldərəm ki, arvadım sənin onu gördüyünü

duymaz. Səni bizim yataq otağında örtülən qapının dalında gizlədərəm. Arvadım yatağa girmək üçün arxamca bu otağa

gələcəkdir. Girəcəyə yaxın bir kürsü qoyulmuşdur, arvadım soyunanda paltarlarını bir-bir onun üstünə yığır. O vaxt sən

sakitcə ona baxıb həzz ala bilərsən. Əgər o, kürsüdən yatağa doğru gedib kürəyini sənə tərəf çevirsə, onda qapıdan elə

çıxmağa çalışarsan ki, səni görməsin".

10. Onda Qiges artıq belə bir təklifdən boyun qaçıra bilmədi və buna hazır olduğunu bildirdi. Kandavl yatmaq

vaxtının çatdığını kəsdirəndə Qigesi yataq otağına apardı, sonra arvadı da dərhal oraya gəldi. Onun otağa daxil olması

və paltarını soyunması Qigesə ləzzət verdi. Qadın arxasını Qigesə çevirən kimi o, gözə görünmədən yataq otağından

çıxmağa çalışdı. Amma qadın onun otaqdan necə çıxdığını görmüşdü. O, bunu öz ərinin qurduğunu başa düşsə də, həya

edib qışqırmamış, əksinə, özünü elə aparmışdı ki, guya heç nə görməmişdir, ürəyində isə Kandavldan intiqam almaq

qərarına gəlmişdir. Axı, lidiyalılarda, eləcə də bütün başqa barbarlarda nəinki qadını, hətta kişini də çılpaq görmək

böyük rüsvayçılıq sayılır.

11. Qadın, heç nə olmamış kimi, gecə dinməmişdir. Elə ki, səhər açılmış, onda özünün ən sadiq nökərlərinə hazır

olmağı və Qigesi hüzuruna çağırmağı buyurmuşdur. Qiges də xanımın baş vermiş hadisədən xəbərsiz olduğuna

inanaraq çağırılan anda dərhal gəlmişdir, axı əvvəllər də xanım onu hər dəfə hüzuruna çağıran kimi gələrdi. Qiges

hüzura gələndə qadın ona belə sözlərlə üz tutub: "Qiges, indi qarşında iki yol var: onların hansı ilə getmək istədiyini

sənin ixtiyarına qoyuram. Ya gərək Kandavlı öldürüb, mənə evlənərək lidiyalıların hökmdarı olasan, ya da Kandavlın

sadiq dostu kimi, layiq olmadığın bir şeyi başqa bir vaxtda da görməmək üçün elə indicə ölməlisən. Beləliklə, ikinizdən

biriniz ölməlidir: ya səni bu hərəkətə şirnikdirən ərim, ya da məni çılpağ görüb nəzakətsizlik etdiyin üçün sən".

Xanımın sözlərindən sarsılmış Qiges əvvəlcə nə cavab verəcəyini bilməyib, onu belə bir qorxunc yol seçməyə məcbur

etməməsi üçün hökmdar arvadına yalvarmağa başlamışdır. Qiges onu öz hökmündən döndərə bilməyib, iki yoldan

birini-ya öz ağasını öldürməyi, ya da cəllad əlində məhv olmasını seçməkdən boyun qaçıra bilməyəcəyini görüb öz

həyatını qorumaq yolunu seçmiş və xanıma belə bir sualla müraciət etmişdir: "İndi ki, sən iradəmə rəğmən məni öz

ağamı öldürməyə məcbur edirsən, onda de görüm, biz onu ortadan necə götürək?". Hökmdar arvadı buna belə cavab

vermişdir: "Məni sənə çılpaq halda göstərdiyi yerdəncə ona hücum edərik, sən onu yuxuda ikən öldürərsən".

12. Bu məkrli planı onlar birlikdə ölçüb-biçəndən sonra Qiges gecə düşən kimi qadının arxasınca yataq otağına

girmişdir (axı, qadın Qigesi saraydan buraxmamışdı, onun çıxış yolunu kəsmişdi. Ya Qigesin özünün ölümü

çatmalıydı, ya da o, Kandavlı öldürməliydi). Hökmdar arvadı ona xəncər verib, həmin qapının dalındaca gizlədir.

Kandavl yuxuya gedəndə Qiges oğrun-oğrun yanaşıb onu öldürür; bu minvalla da arvadına və səltənətinə sahib olur. O

vaxtlar yaşamış paroslu Arxilox da yambik trimetrində bundan danışmışdır.

13. Qiges hakimiyyətə beləcə sahib olur və Delf öz bəyanında onun taxta çıxmaq hüququnu təsdiq edir. Lidiyalılar

isə Kandavlın öldürülməsindən hiddətlənərək silaha sarılırlar, lakin Qigesin tərəfdarları belə şərt kəsirlər: əgər kahin

Qigesi tanıyarsa, lidiyalılar onun hökmdarlıqda qalmasına razılıq versinlər. Beləliklə, Qiges hökmdar olur. Pifiya hətta



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə